Return   Facebook   Zip File

Obligatory

İyirmi dörd saatda bir dəfə qılmali

Bu namazı qılmaq istəyən şəxs ayaq üstə dursun və üzünü Allaha tərəf tutaraq durduğu yerdə Mərhəmətli və Şəfqətli Allahın rəhmətini gözləyirmiş kimi, sağına və soluna baxsın. Sonra söyləsin:

Ey bütün adların Allahı və göylərin Yaradanı! Səni and verirəm Sənin Gözəgörünməz, Ən Uca, Ən Nurlu Zatının Məşriqləri olan Kəslərə - mənim bu namazımı atəşə çevir ki, Sənin Camalını görməkdən məni məhrum edən pərdələri yandırsın və nura çevir ki, Sənin vüsal dənizinə gedən yolu mənə göstərsin.

Sonra əllərini yalvarışla Uca və Mübarək Allaha tərəf qaldırsın və söyləsin:

Sən Ey Aləmlərin Məqsudu və ümmətlərin Məhbubu! Görürsən, üzümü Sənə tərəf çevirmişəm, Səndən başqa hamı ilə əlaqəmi kəsmişəm və Sənin bütün xilqəti hərəkətə gətirən ipindən yapışmışam. Mən Sənin bəndənəm, Ey mənim Rəbbim və bəndənin oğluyam. Mənə nəzər sal, Sənin iradəni və Sənin istəyini yerinə yetirmək üçün hazır durmuşam və Sənin razılığından başqa heç nə arzulamıram. Sənin Rəhmət Dənizinə və Fəzl Günəşinə and olsun! Sən hər nə zahir etmisən, o mənim qəlbimin məqsədi və ürəyimi diləyidir. Ey Allah, mənim Allahım! Mənim arzu və əməllərimə baxma, xeyr, Özünün göyləri və yeri bürüyən iradənə bax. Sənin Ən Böyük Adına and olsun, Ey ümmətlərin Maliki! Mən yalnız onu istəyirəm ki, Sən istəmisən və yalnız onu sevirəm ki, Sən sevirsən.

Sonra o dizi üstə çöküb alnını yerə qoyaraq (səсdə) söyləsin:

Sən, Özündən başqa hər kəsin vəsfindən və Səndən özgə hər şeyin dərkindən Ucasan.

Sonra ayaq üstə durub söyləsin:

Mənim namazımı, Ey mənim Rəbbim, dirilik kövsəri eylə ki, mən onunla Sənin səltənətin durduqca yaşayım və Sənin bütün aləmlərində Səni zikr eyləyim.

O əllərini yenə yalvarışla qaldırsın (qnut) və söyləsin:

Sən Ey hicranından qəlblər və könüllər əriyən və məhəbbətinin atəşindən bütün dünyanın alovlandığı Kəs! And verirəm Sənin o Adına ki, Onunla bütün xilqəti tabe etmisən, məni Öz yanında olanlardan məhrum etmə, Ey bütün insanların Hakimi! Görürsən, Ey mənim Rəbbim, bu qərib Sənin əzəmət Çadırının altında və Sənin rəhmət sarayının yanında olan uca yurduna gəlməyə tələsir, bu günahkar Sənin əfv dənizini, bu zəlil Sənin izzət sarayını və bu fəqir Sənin zənginlik üfüqünü axtarır. Nə cür Sən istəsən, əmr etmək ixtiyarı Sənindir. Şəhadət verirəm ki, Sən əməlində Bəyənilən, hökmündə itaət Olunan və əmrində ixtiyar Sahibisən.

Sonra o, əllərini qaldırsın və Allahın Ən Uca Adını (Allahu-Əbha) üc dəfə təkrar etsin. Sonra əllərini dizinə qoymaqla (ruku) mübarək və uca Allahın qarşısında əyilərək söyləsin:

Görürsən, Ey mənim Allahım, mənim ruhum əzalarım və vücudum daxilində Sənə ibadət etmək, Səni zikr və tərif etmək arzusundan necə də təşvişə gəlib və Sənin Hökm Dilinin Sənin bəyan mələkutunda və elm cəbərutunda şəhadət verdiyinə necə şəhadət verir, Ya Rəbb! Mən bu halda öz fəqirliyimi isbat edib, Sənin kəramətini və zənginliyini ucalda bilmək, öz acizliyimi göstərib, Sənin qüdrət və qüvvətini aşkara çıxara bilmək üçün Sənin yanında olan bütün şeyləri diləyirəm.

Sonra o ayaq üstə dayanaraq əllərini iki dəfə yalvarışla qaldırsın (qnut) və söyləsin:

Səndən başqa Allah yoxdur, Ən Qüdrətli və Ən Kəramətli. Səndən başqa Allah yoxdur, əzəli və əbədi Hökm Edən. Ey Allah, mənim Allahım! Sənin əfvin mənə cəsarət vermiş, mərhəmətin məni qüvvətləndirmiş, nidan məni oyatmış, fəzlin məni qaldırmış və Sənə yönəltmişdir. Əks halda mən kiməm ki, Sənə yaxınlıq şəhərinin qapısında dayanmağa cürət edim, yaxud Sənin iradə Səmandan parlayan nura üz tutum? Sən görürsən, Ey mənim Rəbbim, bu miskin Sənin fəzl qapını döyür və bu fani Sənin səxavət əllərindən əbədi həyat suyu istəyir. Hökm etmək ixtiyarı hər zaman Sənindir, Sən Ey adların Mövlası; mənimki isə razı qalmaq və Sənin iradənə təslim olmaqdır, Ey göyləri Yaradan!

Sonra o əllərini üc dəfə qaldırsın və söyləsin:

Allah bütün ululardan Uludur!

Sonra səcdə etsin və söyləsin:

Sən, Sənə yaxın olanların tərifinin Sənin yaxınlıq göyünə ucalmasından və Sənə sadiq olanların könül quşlarının Sənin dərgahının qapısına yetişməsindən çox yüksəksən. Şəhadət verirəm ki, Sən bütün sifətlərdən pak və bütün adlardan müqəddəssən. Səndən başqa Allah yoxdur. Sən Ən Uca və Ən Nurlusan.

Sonra əyləşsin və söyləsin:

Bütün yaranmışların, Mələyi-Əlanın, ən uca Cənnətin sakinlərinin, onlardan da yüksək Əzəmət Dilinin Özünün ən uca Üfüqdən şəhadət verdiyinə mən də şəhadət veririəm ki, Sən Allahsan, Səndən başqa Allah yoxdur, O Kəs ki, zühur etmişdi, O gizli bir Sirr, pünhan bir Rəmz idi; Onun vasitəsilə “O” və “L” hərfləri birləşmişdir. Şəhadət verirəm, bu O Kəsdir ki, Onun Adı Uca Qələmlə nazil olmuşdur və O, göydə və yerdə olan Taxtın Sahibi olan Allahın Kitablarında xatırlanmışdır.

Sonra o ayağa qalxsın və söyləsin:

Ey bütün varlıqların Rəbbi, görünən və görünməyən bütün şeylərin Maliki! Sən mənim göz yaşlarımı və ah-naləmi görürsən; mənim sızıltımı, fəryadımı və qəlbimin iniltisini eşidirsən. And olsun Sənin İzzətinə! Xətalarım Sənə yaxınlaşmaqdan məni geri qoyub; günahlarım isə Sənin Müqəddəs Dərgahından məni uzaq saxlayıb. Sənin məhəbbətin, İlahi, məni dərdə salıb , hicranın isə həlak edib və Səndən uzaqlıq məni yandırıb-yaxıb. And verirəm Sənin bu çöllərdə atdığın qədəmlərinə və Seçilmişlərinin bu sonsuz fəzada söylədikləri “Ləbbeyk,” “Ləbbeyk” kəlmələrinə və Vəhyinin nəsimlərinə və Zühur Səhərinin xəfif küləklərinə - Sənin Camalını görməyi və Sənin Kitabında olanlara əməl etməyi mənə qismət eylə.

Sonra Ən Uca Adı (Allahu-Əbha) üc dəfə təkrar etsin və əyilərək əllərini dizinə qoyub (ruku) söyləsin:

Sənə şükrlər olsun ki, Ey mənim Allahım, Səni zikr etməkdə və Səni tərif etməkdə mənə kömək etdin, Sənin nişanələrinin məşriqi Olan Kəsi mənə tanıtdırdın, məni Sənin Rəbliyin qarşısında təzim etməyə, Allahlığın qarşısında baş əməyə və Sənin əzəmət Dilinin buyurduqlarını etiraf etməyə qabil etdin.

Sonra ayaq üstə dursun və söyləsin:

Ey Allah, mənim Allahım! Günahlarımın ağırlığından belim bükülüb və qəflətim məni həlak edib. Nə zaman ki, öz pis əməllərimi və Sənin lütfkarlığını düşünərəm, onda ürəyim içimdə əriyir və damarımda qanım qaynayır. And olsun Sənin Camalına, Ey Aləmin Məqsudu! Utanıram üzümü Sənə tərəf qaldırım və ümid əllərim Sənin səxavət göyünə qalxmağa xəcalət çəkir. Görürsən, Ey mənim Allahım, göz yaşlarım Səni zikr etməyimə və Sənin sifətlərini tərif etməyimə necə mane olur, Sən Ey göydə və yerdə olan Taxtın Rəbbi! Səni and verirəm Mələkutunun nişanələri və Cəbərutunun sirlərinə, dostlarınla Sənin kərəminə yaraşan və Sənin fəzlinə layiq olan tərzdə rəftar eylə, Sən ey varlığın Maliki, görünən və görünməyənlərin Sultanı.

Sonra o Ən Uca Adı (Allahu-Əbha) üç dəfə təkrar etsin və sonra səcdə edib söyləsin:

Ey bizim Allahımız, bizi Sənə yaxınlaşdıran, Kitab və Səhifələrində yazdığın bütün xeyirləri bizə verən şeyləri nazil etdiyin üçün Sənə şükrlər olsun. Yalvarırıq Sənə, ey mənim Rəbbim, bizləri şəkk və şübhə qoşunlarından qoru. Sən həqıqətən, Qüdrətli və hər şey Bilənsən.

Sonra o səcdədən başını qaldırsın və əyləşərək söyləsin:

Ey mənim Allahım, Sənin seçilmişlərinin şəhadət verdiklərinə şəhadət verirəm və ən uca Cənnətin sakinlərinin və Sənin qüdrətli Taxtının ətrafında təvaf edənlərin etiraf etdiklərini etiraf edirəm. Mülk və Mələkut Sənindir, Ey aləmlərin Rəbbi!

#4689
- Bəhaullah

 

Gündə səhər, günorta, və axşam bir dəfə qılmali

Namaz qılmaq istəyən kəs əllərini yusun və yuyarkən söyləsin:

Mənim əlimi qüvvətləndir, Ey mənim Allahım, o Sənin kitabını elə mətinliklə saxlasın ki, dünyanın qoşunları onu sarsıda bilməsin. Sonra, onun olmayan hər şeyə toxunmadan onu qoru. Sən, həqiqətən, Qüdrətli və Qüvvətlisən.

Üzünü yuyarkən söyləsin:

Üzümü sənə tərəf çevirmişəm, Ey mənim Rəbbim! Onu Öz camalının nuru ilə nurlandır. Sonra onu Səndən başqasına dönməkdən qoru.

Sonra üzü qibləyə tərəf (Bəhci, Əkka) ayaq üstə duraraq bu ayəni oxusun:

Allah şəhadət verir ki, Ondan başqa Allah yoxdur. Əmr və xilqət Onundur. O, həqiqətən, Zühurun Məşriqini, Turda Danışanı zahir etdi ki, Onunla ən uca Üfüq nurlandı, Sidrətül-Müntəha dilə gəldi, yerdə və göydə olanlara nida ucaldı: “Baxın, hər şeyin Maliki gəldi. Yer və göy, izzət və hökmranlıq bəşərin Mövlası, ərşin və yerin Maliki Allahındır.”

Sonra əyilib əllərini dizinə qoysun (ruku) və söyləsin:

Sən mənim tərifimdən və məndən başqa hər kəsin tərifindən, mənim vəsfimdən və göydə və yerdə olanların vəsfindən ucasan.

Sonra əllərini qoşalaşdırıb göyə qaldısın (qnut) və söyləsin:

Ey mənim Allahım, yalvaran barmaqlarla Sənin rəhmət və fəzl ətəyindən yapışan kəsi məyus etmə, Sən Ey rəhmlilərin Rəhmlisi!

Sonra dizi üstə otursun və söyləsin:

Sənin birliyinə və təkliyinə, Sənin Allah olduğuna və Səndən başqa Allah olmadığına şəhadət verirəm. Sən həqıqətən, Öz Əmrini aşkar etdin, Əhdinə vəfa etdin və fəzl qapını göydə və yerdə onların üzünə açdın. Xeyir-dua və əmin-amanlıq, salam və Bəha Sənin dostlarının üzərinə olsun ki, dünyanın dəyişiklikləri və hadisələri onların Sənə tərəf yönəlmələrinə mane ola bilmədi və onlar Sənin yanında olanları əldə etmək ümidi ilə bütün malik olduqlarından keçdilər. Sən, həqiqətən, Bağışlayan və Səxavətlisən.

(Əgər kimsə uzun ayənin əvəzinə “Allah şəhadət verir ki, Ondan başqa Allah yoxdur, O, Əzəmətli və Qəyyumdur” söyləsə, bu kifayət edər. Eynilə də bu kifayət olardı ki, əyləşdiyi zaman bu ayəni oxusun: “Sənin birliyinə və təkliyinə və ona səhadət verirəm ki, sən Allahsan, Səndən başqa Allah yoxdur.”)

#4688
- Bəhaullah

 

Gündə bir dəfə gün ortasında qılmali

Gündəlik namazların sayı üçdur...Mömin bu üç namazdan birini seçməkdə tamamilə azaddır, lakin onlardan hər hansı birini qılmağa borcludur və bu namazları onları müşayiət edən səciyyəvi hərəkətlərə uyğun qılmalıdır.

Namazla əlaqədar işlədilən “səhər”, “günorta” və “axşam” ifadələrinin mənası müvafiq olaraq, günçıxandan saat on ikiyədək, saat on ikidən gün batanədək və gün batandan iki saat keçənədək olan vaxtı bildirir.

Ey mənim Allahim, Səni tanımaq və Sənə ibadət etmək üçün məni yaratdığına şəhadət verirəm. Bu anda öz acizliyimə və Sənin qüdrətinə, öz zəifliyimə və Sənin qüvvətinə, öz fəqirliyimə və Sənin zənginliyinə şəhadət verirəm. Səndən başqa Allah yoxdur. Sən Əzəmətli və Qəyyumsan.

#4687
- Bəhaullah

 

General

Ailələr

Alqış Sənə, Ey Rəbbim

Alqış Sənə, Ey Rəbbim, mənim Allahım! Yalvarıram Sənə, məni və Sənin Əmrinə kömək edənləri bağışla. Həqiqətən, Sən hökmran Allahsan, Bağışlayan və Ən Səxavətlisən. Ey mənim Allahım! Bixəbər qalmış bəndələrini Öz Əmrinə daxil olmağa qabil eylə; çünki onlar Sənin haqqında bilən kimi, Qiyamət Gününün doğruluğuna şəhadət verər və Sənin fəzlinin təzahürləri ilə mübahisə etməzlər. Onlara Sənin fəzlinin nişanələrini nazil eylə və Sənin bəndələrin arasında ən möminlərinə müəyyən etdiyindən onlara, harada yaşasalar da, bol pay əta eylə. Sən, həqiqətən, Ali Hökmran, Ən Kəramətli və Ən Comərdsən.

Ey mənim Allahım! Qoy Sənin yanından nemətlərin və xeyr-bərəkətin, Sənin mərhəmətinin bir nişanəsi və inayətinin bir əlaməti kimi, sakinləri Sənin Əmrini qəbul etmiş evlərin üzərinə yağsın. Həqiqətən, bağışlamaqda Səndən ucası yoxdur. Sənin mərhəmətin bir kimsədən kəsilsə, Sənin Günündə o Sənin Dininin ardıcılları arasında necə sayıla bilər?

Mənə, Ey mənim Allahım, təyin olunmuş Gündə Sənin əlamətlərinə iman gətirəcək kəslərə və ürəklərində mənim məhəbbətimi bəsləyənlərə xeyir-dua ver – o məhəbbət ki, Sən onların ürəyinə salmısan. Həqiqətən, Sənsən adil Sultan və Ən Uca.

#4690
- Bab

 

Alqış Sənə, Ey Rəbbim, mənim Allahım! Yalvarıram Sənə, məni və Sənin Əmrinə kömək edənləri bağışla. Həqiqətən, Sən hökmran Allahsan, Bağışlayan və Ən Səxavətlisən. Ey mənim Allahım! Bixəbər qalmış bəndələrini Öz Əmrinə daxil olmağa qabil eylə; çünki onlar Sənin haqqında bilən kimi, Qiyamət Gününün doğruluğuna şəhadət verər və Sənin fəzlinin təzahürləri ilə mübahisə etməzlər. Onlara Sənin fəzlinin nişanələrini nazil eylə və Sənin bəndələrin arasında ən möminlərinə müəyyən etdiyindən onlara, harada yaşasalar da, bol pay əta eylə. Sən, həqiqətən, Ali Hökmran, Ən Kəramətli və Ən Comərdsən.

Ey mənim Allahım! Qoy Sənin yanından nemətlərin və xeyr-bərəkətin, Sənin mərhəmətinin bir nişanəsi və inayətinin bir əlaməti kimi, sakinləri Sənin Əmrini qəbul etmiş evlərin üzərinə yağsın. Həqiqətən, bağışlamaqda Səndən ucası yoxdur. Sənin mərhəmətin bir kimsədən kəsilsə, Sənin Günündə o Sənin Dininin ardıcılları arasında necə sayıla bilər?

Mənə, Ey mənim Allahım, təyin olunmuş Gündə Sənin əlamətlərinə iman gətirəcək kəslərə və ürəklərində mənim məhəbbətimi bəsləyənlərə xeyir-dua ver – o məhəbbət ki, Sən onların ürəyinə salmısan. Həqiqətən, Sənsən adil Sultan və Ən Uca.

#4692
- Bab

 

Yalvarıram, bağışla məni, Ey mənim Allahım və Özün bəndələrinin Sənə necə üz tutmalarını istədiyin kimi, Sənin əfvini rica edirəm. Yalvarıram Sənə, Rəbliyinə layıq olan tərzdə bizim günahlarımızı sil və Öz əzəmətinin şərəfinə layiq və qüdrətinin cəlalına yaraşan şəkildə məni, valideynlərimi və Sənin məhəbbət məkanına daxil olmuş saydığın kəsləri bağışla.

Ey mənim Allahım! Sənə üz tutub yalvarmaq üçün ruhumu Sən ilhamlandırdın, Sən olmasaydın, mən Sənə dua etməzdim. Həmd olsun Sənə! Sənə şükr edirəm ki, Özünü mənə göstərdin; yalvarıram Sənə, bağışla məni, ona görə ki, Səni tanımaq borcumu yerinə yetirə bilmədim və Sənin məhəbbətin yolunda addımlamaqda müvəffəq ola bilmədim.

#4706
- Bab

 

Ya Rəbb! Bu Ən Əzəmətli Zühurda Sən uşaqların öz valideyinləri üçün şəfaətini qəbul edirsən. Bu zühurun xüsusi və sonsuz bəxşişlərindən biri budur. Ona görə də, Ey mehriban Rəbbim, bu bəndənin Sənin təklik astananda xahişini qəbul eylə və onun atasını Sənin fəzl dəryanda qərq eylə, çünki bu oğul Sənə xidmət üçün ayağa qalxıb və Sənin məhəbbətin yolunda daim səy göstərməkdədir. Həqiqətən, Sən Verici, Bağışlayan və Mehribansan.

#4707
- Əbdül-Bəha Abbas

 

Ey Allah, Mənim Allahım! Sənin bu kənizin Səni çağırır, Sənə inanır, üzünü Sənə tutub yalvarır ki, Öz səmavi lütflərini onun üzərinə yağdırasan, ruhani sirlərini ona açasan və Sənin İlahilik işıqlarını onun üzərinə saçasan.

İlahi! Mənim həyat yoldaşımın gözlərini görən eylə. Səni tanımağın nuru ilə onun ürəyini şad eylə, onun ağlını Öz parlaq camalına cəzb eylə və aşkar cəlalını ona açmaqla ruhunu sevindir.

İlahi! Onun gözü önündəki pərdəni qaldır. Onun üzərinə bol bəxşişlərini yağdır, Sənə məhəbbətin şərabından onu məst eylə, onu ayağı yerdə gəzən, ruhu göylərdə uçan mələklərindən eylə. Onu parlaq bir çıraq eylə ki, insanların arasında Sənin hikmətinin nuru ilə işıq saçsın.

Həqiqətən, Sən Əziz, Həmişə Əta Edən və əli açıq Olansan.

#4708
- Əbdül-Bəha Abbas

 

Allaha yaxınlıq üçün dualar

Alqış olsun Sənə, Ey mənim Allahım! Hərarətli aşıqlərinin Sənin hicranından ötrü fəryadını və Səni tanıyanların Sənin hüzürundan uzaq düşdükləri üçün naləsini eşidirsən. Onların üzünə, Ey mənim Allahım, Öz fəzl qapılarını aç ki, onlar Sənin izninlə və Sənin iradənə uyğun olaraq bu qapılardan daxil olsunlar, Sənin əzəmət taxtının qarşısında dursunlar, Sənin səsinin ahəngini tutsunlar və Sənin üzünün nuru ilə işıqlansınlar.

Sən istədiyi etməyə qadirsən. Heç kəs Sənin hökmranlıq qüdrətinə qarşı çıxa bilməz. Əzəldən Sən tək olmusan, Sənin bərabərin olmayıb və əbədiyyətə qədər də bütün düşüncə və təsvirlərdən uca olaraq qalacaqsan. Elə isə, bəndələrinə Öz fəzlin və səxavətinlə rəhm eylə, imkan vermə ki, Sənə yaxınlıq dəryasının sahillərdən kənar qalsınlar. Əgər Sən onları tərk etsən, kim onların dostu olar; əgər Sən onları Özündən uzaqlaşdırsan, onlara kim lütf göstərər. Onların Səndən özgə Rəbbi, Səndən başqa Məbudları yoxdur. Öz bol fəzlinlə onlara səxavətlə yanaş.

Sən, həqiqətən, həmişə Bağışlayan, Ən Şəfqətlisən.

#4693
- Bəhaullah

 

Həqiqətən, mən Sənin bəndənəm, Ey mənim Allahım, Sənin fəqir, yalvaran, həqir bir məxluqunam. Mən Sənin qapına gəlmişəm, Sənin sığınacağını axtarıram. Mənim razılığım ancaq Sənin məhəbbətində, coşğunluğum Sənin zikrində, şövqüm Sənə itaətdə, sevincim Sənə yaxınlıqda, sakitliyim Sənin vüsalındadır, bununla belə, mən bilirəm ki, bütün yaranmış şeylərin Sənin uca Zatına yolu bağlıdlr və bütün xilqət Sənin batini Varlığına yol tapmaqdan məhrum edilmişdir. Nə zaman mən Sənə yaxınlaşmağa cəhd edirəm, özümdə Sənin fəzlinin nişanələrindən başqa heç nə tapmıram və öz varlığımda Sənin inayətinin aşkar olmasını görürəm. Sadəcə Sənin bir məxluqun olan bir kimsə Səninlə qovuşmağa və Sənin hüzuruna yetişməyə necə can ata bilər, baxmayaraq ki, yaradılmış heç nə, əsla, nə Sənə şərik qoşula bilər, nə də bir şey Səni dərk edə bilər. Bu necə mümkün ola bilər ki, müti bəndə Səni tanısın və Sənin tərifini söyləsin, baxmayaraq ki, Sən Öz səltənətinin ələmətlərini və Öz hökmranlığının ecazkar dəlillərini onun üçün təyin etmisən? Beləliklə, hər bir yaranmış sey şəhadət verir ki, onun Sənin dərgahına yolu onun batini mahiyyətində qoyulmuş məhdudiyyətlərlə bağlanmışdır. Bununla belə, bu şübhəsizdir ki, Sənin cazibən həmişə Sənin yaratdıqlarının zatına xas olmuşdur, hərçənd ki, Sənin inayətinin müqəddəs dərgahına yaraşan şeylər bütün məxluqatın yetişməsindən çox ucadır. Bu, Ey mənim Allahım, Səni tərif etməklə mənim təmamilə acız olduğumu göstərir və Sənə şükr etməkdə mənim hədsiz gücsüzlüyümə dəlalət edir. Və bundan daha çox, Sənin ilahi birliyini dərk etməyə nail olmaqda və Sənin tərifinin, paklığının və cəlalının aydın əlamətlərinə yetişməkdə acizliyimi və gücsüzlüyümü göstərir. Xeyr, Sənin qüdrətinə and olsun, mən Sənin Özündən başqa heç nəyin həsrətində deyiləm, nə də Səndən qeyri bir kimsəni axtarıram.

#4711
- Bab

 

Ey mənim Allahım! Səndən başqa bir kimsə yoxdur ki, mənim qəlbimin möhnətini azaltsın. Sən mənim ən yüksək arzumsan, Ey mənim Allahım. Səndən və Sənin sevdiklərindən başqa mənim ürəyim heç kimə bağlanmayıb. Mən təntənə ilə bəyan edirəm ki, mənim həyatım da, ölümüm də Sənin üçündür. Həqiqətən, Sən Bənzərsiz və Şəriksizsən.

İlahi, yalvarıram, özümü Səndən kənar saldığım üçün məni bağışla. Sənin cəlalına və əzəmətinə and olsun, mən Səni Sənə yaraşan tərzdə tanıya və ibadət edə bilmədim, halbuki Sən Özünü mənə tanıdırsan və Sənin məqamına layiq olan kimi zikr etməyə çağırırsan. Vay mənim halıma, İlahi, mənim xətalarıma və günahlarıma görə məni tutasan. Səndən başqa pənah gətirəcək bir sığınacağım yoxdur. Sənin yaratdıqların arasında Sənin iznin olmasa, heç kəs Sənin Özünlə vasitəçi olmağa cürət edə bilməz. Sənin taxtın qarşısında Sənin məhəbbətindən möhkəm yapışmışam və Sənin əmrinə uyğun olaraq, Sənin cəlalına yaraşan tərzdə inadla sənə dua edirəm. Yalvarıram Sənə, çağırşıma diqqət ver, necə ki Özün mənə söz vermisən. Həqiqətən, Sən Allahsan; Səndən başqa Allah yoxdur. Tək və yardım olmadan, Sən bütün yaranmış şeylərdən asılı deyilsən. Nə sənin sevimlilərinin möminliyinin Sənə faydası var, nə də imansızların şər əməlləri Sənə zərər vurar. Həqiqətən, Sən mənim Allahımsan, Öz vədini heç zaman pozmayan Alahım.

Ey mənim Allahım! Sənin lütfünün əlamətlərinə and verirəm, mənə izn ver, Sənin müqəddəs hüzurunun ən yüksək zirvəsinə cəzb olunum və məni Səndən başqa hər şeyin sezilməyən cazibəsinə düşməkdən hifz eylə. Mənim addımlarımı, ey mənim Allahım, Sənin qəbul etdiyin və razı qaldığın şeylərə yönəlt. Sənin qəzəbinin şiddətindən və Sənin cəzandan Öz qüdrətinlə məni qoru və Sənin arzu etmədiyin yerlərə daxil olmaqdan məni saxla.

#4712
- Bab

 

Ey Allah, mənim Allahım, mənim Məhbubum, mənim ürəyimin Arzusu.

#4713
- Bab

 

Odur Şəfqətli, Ən Səxavətli! Ey Allah, mənim Allahım! Sən görürsən məni, Sən tanıyırsan məni; Sənsən mənim Pənahım və Sığınacağım. Heç kəsi axtarmadım Səndən başqa, nə də bir kəsi axtaracağam Səndən qeyri; Sənin məhəbbətinin yolundan başqa bir yolda addımlamadım, nə də ayrı bir yola qədəm qoyacağam. Ümidsizliyin zülmət gecələrində mənim intizar və ümid dolu gözlərim, Sənin hüdudsuz fəzlinin səhərinə dönür, sübh çağı isə üzülmüş qəlbim Sənin gözəlliyin və kamilliyinin zikri ilə təravətlənır və güclənir. Sənin mərhəmət fəzlinin kömək etdiyi kəs, hətta o bir damla da olsa, sahilsiz bir ümmana çevrilər, Sənin inayət yağışlarının yardım etdiyi kiçicik bir zərrə, parlaq ulduz kimi şölə saçar.

Öz hifzin altında, Sən Ey paklıq Ruhu, sən Ey Səxavətli Pərvərdigar, bu məftun, bu alovlanmış bəndənə pənah ver. Bu varlıq dünyasında ona kömək eylə ki, Sənin məhəbbətində sabit və möhkəm qalsın və izn ver ki, qanadı sınmış bu quş səmavi ağacın üzərində, Sənin cənnət yuvanda pənah və sığınacaq tapsın.

#4714
- Əbdül-Bəha Abbas

 

Axşam duası

Ey mənim Allahım, mənim Mövlam, mənim Məqsudum! Sənin bu bəndən Sənin qayğı və hifzini diləməklə Sənin Rəhmətinin sıgınacağında və Sənin fəzl çadırının kölgəsində dincəlmək istəyir.

Ya Rəbb, yalvarıram, Sənin yatmayan gözün hörmətinə, Səndən başqa hər şeyə baxmaqdan mənim gözlərimi qoru. Sonra onların nurunu artır ki, Sənin nışanələrini görsünlər və Sənin Vəhy Üfüqünə baxsınlar. Sən O Allahsan ki, qüdrəti özünü göstərincə qüvvətin zatı titrədi.

Səndən başqa Allah yoxdur. Sən Qüdrətli, Qalib və İxtiyar Sahibisən.

#4691
- Bəhaullah

 

Mən necə yata bilərəm, Ey Allah, mənim Allahım, Sənin həsrətini çəkənlərin gözləri Sənin hicranından oyaq ikən; və mən necə uzanıb dincələ bilərəm, Sənin aşiqlərinin qəlbləri Səndən uzaqlıqdan pərişan ikən?

Mən ruhumu və bütün varlığımı, İlahi, Sənin qüdrət və hifzinin sağ əlinə təslim etdim və başımı Sənin qüvvətinlə yastığa qoyur və Sənin iradən və razılığınla qaldırıram. Sən, həqiqətən, Qoruyan, Saxlayan, Qüdrətli və Ən Qüvvətlisən.

And olsun Sənin Qüdrətinə! İstər yatarkən, istər oyaqkən, Sənin arzuladığından başqa heç nə arzulamıram. Mən Sənin bəndənəm və Sənin ixtiyarındayam. Mənə mərhəmətlə kömək eylə ki, Sənin razılığının ətrını saçan işləri görüm. Bu, həqiqətən, mənim və sənə yaxın olanların diləyidir. Şükr olsun sənə, Ey aləmlərin Rəbbi!

#4709
- Bəhaullah

 

Ey həqiqət axtaran! Əgər Allahın sənin gözünü açmasını istəyirsənsə, Sən gecəyarası Allaha yalvarmalı, Ona dua etməli və Onunla ünsiyyət edərək söyləməlisən:

Ya Rəbb! Mən üzümü Sənin vahidlik səltənətinə çevirmiş və Sənin inayət dəryanda qərq olmuşam. İlahi, bu qaranlıq gecədə Sənin işığını görməyimlə gözlərimi işıqlandır və bu ecazkar əsrdə Sənin məhəbbət şərabınla məni xoşhal eylə. İlahi, Sənin çağırşını eşıtməyə məni qadir eylə və Sənin səma qapılarını mənim üzümə aç ki, Sənin cəlalının nurunu görə bilim və Sənin camalına cəzb olunum.

Həqiqətən, Sən Vericisən, Səxavətli, Mərhəmətli və Bağışlayansan.

#4710
- Əbdül-Bəha Abbas

 

Bağışlanma duası

Həmd-səna olsun Sənə, Ya Rəbb, mənim Allahım! Səni and verirəm Öz Seçilmişlərinə, Sənin Əmanətini Daşıyanlara və Öz Peyğəmbərlərinin və Elçilərinin Möhürü etdiyin Kəsə - izn ver ki, Sənin zikrin mənim munisim olsun, məhəbbətin məqsədim, Üzün mətləbim, Adın çırağım olsun, istədiyin muradım və Razılığın mənim fərəhim olsun.

Mən günahkaram, İlahi, Sənsə Uca Bağışlayansan. Mən Səni tanıyan kimi, Sənin İnayətinin uca Sarayına çatmağa tələsdim. İlahi, mənim o günahlarımı əfv et ki, Sənin razılığını qazanmaq yolu ilə getməyimə və Sənin vahidlik dənizinin sahilinə çatmağıma mane oldu.

Bir kəs yoxdur ki, İlahi, mənimlə comərd davransın, o kəs ki, üzümü ona tuta bilərəm. Nə də mənə şəfqətli olacaq bir kəs var ki, onun mərhəmətini diləyim. Yalvarıram Sənə, məni Öz fəzlinin qapısından qovma və məni Öz səxavət və kəramət yağışlarından məhrum etmə. İlahi, mənə Səni sevənlərə nəsib etdiklərini nəsib eylə və Öz seçilmişlərinə yazdıqlarını mənə də yaz. Baxışlarım hər zaman Sənin İnayətinin üfüqünə dikilib və gözlərim Sənin lütflərinin sarayına baxır. Sənə layiq olan tərzdə mənimlə rəftar eylə. Səndən başqa Allah yoxdur, Qüvvətli Allah, Cəlallı Allah ki, bütün insanlar Onun köməyini diləyirlər.

#4694
- Bəhaullah

 

Ey mənim Allahım, Məhbubum, məni hərəkətə Gətirən, Qütb Ulduzum, qəlbimdə car Çəkən, Ey mənim Sirdaşım! Həmd olsun Sənə ki, üzümü Sənə tutmağıma, Sənin zikrinlə alovlanmağıma, Sənin adını ucaltmağıma və tərifini söyləməyimə kömək etdin.

Ya Rəbb! Ya Rəbb! Əgər qəflət olmasaydı, Sənin mərhəmət sancağın sancılardımı və səxavət bayrağın ucalardımı? Əgər xəta olmasaydı, Sənin eyibləri Örtən, günahları Bağışlayan, hər şeyi Bilən və hikmət Sahibi olmağın necə bilinərdi? Mənim canım Səndən qafil olanların qəflətinə fəda olsun, çünki onun ardınca Sənin “Rəhman” və “Rəhim” adının mərhəmət nəsimləri əsər. Mənim həyatım Sənə qarşı günah işlədənlərin günahına fəda olsun, çünki onun sayəsində Sənin fəzlinin ətri duyular və Sənin lütflərinin müşkü ətrafa səpilər. Mənim zatım Sənə asi olanların asiliyinə fəda olsun, çünki onun vasitəsilə Sənin əta üfüqündən inayət Günəşin parlayar və Sənin səxavət yağışların bütün məxluqatın üstünə tökülər.

Ya Rəbb, mən bütün günahlarımı boynuma aldım və heç bir insanın etiraf etmədiyi şeyləri etiraf etdim. Mən Sənin əfv dənizinin sahilinə tələsdim və Sənin kəramət çadırının kölgəsində məskən saldım. Ey Əzəl Sultanı və aləmi Qoruyan Kəs, Səndən rica edirəm, mənə elə bir keyfiyyət bəxş et ki, onun aşkara çıxması ilə ruhlar Sənə məhəbbətin səmasında və könüllər Sənin Ruhunla ünsiyyətin fəzasında uçsunlar. Mənə Öz qüdrətindən elə bir güc ver ki, onunla bütün məxluqatı Sənin Zühurunun Şəfəqinə və Sənin Vəhyinin Məşriqinə doğru döndərim.

Ya Rəbb! Mənim bütünlüklə Sənin İradənə təslim olmağıma və xidmətində durmağıma kömək eylə, çünki mən bu həyatı yalnız ondan ötrü sevirəm ki, Sənin Vəhy Çadırının və Cəlal Taxtının ətrafına dolanım. İlahi, görürsən ki, mən Səndən ötrü hər şeydən əlimi üzmüşəm və Sənin qarşında boyun əymişəm. Mənimlə istədiyin kimi, Sənin cəlalına yaraşan və Həzrətinə layiq olan tərzdə rəftar eylə!

#4715
- Bəhaullah

 

Mən o kəsəm ki, İlahi, üzünü Sənə tutub, ümidini Sənin fəzlinin möcüzələrinə və kəramətinin təzəhürlərinə bağlayıb. Səndən diləyim budur ki, məni mərhəmət qapından peşiman qaytarmayasan və Əmrini inkar edənlərin ixtiyarına buraxmayasan.

Mən Sənin bəndənəm, Ey mənim Allahım və bəndənin oğluyam. Sənin günlərində Sənin həqqaniyətinini tanımışam və Sənin təkliyini etiraf edərək, Sənin birliyini qəbul edərək və Sənin əfv və bağışlamana ümid edərək addımlarımı Sənin təkliyinin sahilinə yönəltmişəm. Sən istədiyini etməyə qadirsən. Səndən başqa Allah yoxdur, Sən nurluların Nurlusu, Həmişə Bağışlayansan.

#4716
- Bəhaullah

 

Sən görürsən məni, İlahi, Səndən başqa hər şeydən uzaqlaşaraq üzümü Sənin səxavət və əta dəryana tutmuşam. Rica edirəm, Sənin Turdakı Zühur Nurunun parıltıları və Həmişə Bağışlayan Adının üfüqündən doğan fəzl Günəşinin şuaları xatirinə, Öz əfvini mənə qismət et və mənə onu yaz ki, Sənin Adınla məni xilqət aləmində ucaltsın. Yardım et mənə, İlahi, üzümü Sənə tutum və Sənin övliyalarının nidasını eşidim, o kəslər ki, dünyanın gücləri onları zəiflədə bilmədi, ümmətlərin hökmranlığı onları Səndən uzaq saxlamaqda aciz qaldı, o kəslər ki, Sənə tərəf gələrək söyləmişlər: “Allah bizim Rəbbimizdir, göydə və yerdə olanların Rəbbidir.”

#4717
- Bəhaullah

 

Alqış olsun Sənə, Ey Allah, mənim Allahım! Hər dəfə mən Səni zikr etməyə cəsarət edəndə Sənə qarşı işlətdiyim böyük günahlarım və ağır xətalarım mənə mane olur və mən özümün Səndən məhrum olduğumu və Səni zikr etməkdə acız olduğumu görürəm. Lakin Sənin kəramətınə mənim böyük inamım mənim ümidimi yenidən canlandırır və mənimlə iltifatla davranacağına yəqinliyim məni cürətləndirir ki, Səni tərif edim və Sənin malik olduqlarını Səndən rica edim.

Səni and verirəm, Ey mənim Allahım, Sənin o mərhəmətinə ki, bütün şeyləri bürüyüb və Sənin adlarının dəryasına qərq olanlar ona şəhadət verir – məni öz nəfsimə buraxma, çünki mənim nəfsim xətaya meyllidir. Sonra isə məni Öz himayənin qalasında və ismətinin sığınacağında hifz eylə. Mənim yeganə arzum odur ki, İlahi, onu Sən Öz qüdrət və qüvvətinlə müəyyən etmisən. Özüm üçün seçdiyim yalnız odur ki, Sənin səxavətli qismət payından və iradənin hidayətindən kömək alım və Sənin fərman və mühakimənin nişanələrindən yardım alım.

Yalvarıram sənə, Ey müştaq qəlblərin Məhbubu! Sənin Əmrinin Məzhərləri, İlhamının Məşriqləri, Qüdrətinin Təzahürləri və Elminin Xəzinələri xatirinə, məni Sənin Mübarək Sarayından, Sənin Məbəd və Məqamından məhrum qoyma. Kömək eylə mənə, İlahi, Onun müqəddəs sarayına daxil olum və Onun camalının ətrafında təvaf edim və Onun qapısında itaətkarlıqla dayanım.

Sən o Kəssən ki, qüdrəti əzəldən ədəbiyyətə qədərdir. Heç bir şey Sənin elmindən gizli qala bilməz. Sən həqiqətən, qüdrət Allahı, cəlal və hikmət Allahısan.

Şükrlər olsun Allaha – aləmlərin Rəbbinə!

#4718
- Bəhaullah

 

Ucalsın Sənin adın, Ey mənim Allahım və bütün şeylərin Allahı, mənim Şərəfim və bütün şeylərin Şərəfi, mənim Məqsudum və bütün şeylərin Məqsudu, mənim Qüvvətim və bütün şeyləri Qüvvəti, mənim Sultanım və bütün şeylərin Sultanı, mənim Sahibim və bütün şeylərin Sahibi, mənim Mətləbim və bütün şeylərin Mətləbi, mənim Hərəkətə Gətirənim və bütün şeylərin Hərəkətə Gətirəni! Diləyirəm səndən, Öz mərhəmət dəryandan məni mərhum etmə və Sənə yaxınlıq sahilindən məni uzaq salma.

Səndən başqası, İlahi, mənə fayda verməz və Səndən özgəsinə yaxın olmağın mənə köməyi yoxdur. Səndən rica edirəm, Sənin o sərvətinin zənginliyi xatirinə ki, onunla Sən Özündən savayı hər kəsdən ehtiyacsız oldun – məni üzünü Sənə tutanların və Sənin xidmətinə qalxanların cərgəsinə daxil eylə.

Sonra, İlahi, Öz bəndələrini və kənizlərini bağışla. Sən, həqiqətən, Həmişə Bağışlayan və Ən Şəfqətlisən.

#4719
- Bəhaullah

 

Sən, Ey Bağışlayan Rəbb! Sənsən bütün bu bəndələrin sığınacağı. Sən bütün sirlərdən agahsan və hər şeydən xəbərdarsan. Biz hamımız acizik, Sən isə Qüdrətli və Qüvvətlisən. Biz hamımız günahkarıq, Sən isə günahları Bağışlayan, Mərhəmətli və Şəfqətlisən. İlahi! Bizim qüsurlarımıza baxma. Öz fəzl və bəxşişinlə bizimlə rəftar eylə. Bizim qüsurlarımız çoxdur, amma Sənin əfv dənizin tükənməzdir. Bizim acizliyimiz böyükdür, lakin Sənin kömək və yardımın bəllidir. Ona görə də yardımınla bizi müvəffəq eylə və qüvvətləndir. Bizi Sənin Müqəddəs Astanana layiq olan əməllər etməyə qadir eylə. Ürəklərimizi nurlandır, bizə bəsirət gözləri bağışla və eşidən qulaqlar əta eylə. Ölülərə həyat ver və xəstələrə şəfa bağışla. Yoxsullara zənginlik və qorxaqlara əmin-amanlıq ver. Bizi Öz Mələkutuna qəbul eylə və hidayət nuru ilə işıqlandır. Sən Qüdrətli və Qüvvətlisən. Sən Səxavətlisən. Sən Rəhmlisən. Sən Mehribansan.

#4725
- Bəhaullah

 

Ey bizim Rəbbimiz Allah! Sənin razı qalmadığın hər şeydən Öz fəzlinlə bizi qoru və bizə sənə layiq olanı bəxş eylə. Öz kərəmindən bizə bol pay ver və bizi bəxtiyar eylə. Törətdiklərimizə görə bizi əfv et, günahlarımızı sil və bağışlayıcılığınla günahımızdan keç. Həqiqətən Sən Ən Uca və Qəyyumsan.

Sənin inayətin göydə və yerdə olan bütün yaranmışları əhatə edib və Sənin əfvin bütün yaradılışı bürüyüb. Hökmranlıq Sənə məxsusdur; əmr və xilqət aləmləri Sənin əlindədir; bütün yaradılışı Sən sağ əlində saxlayırsan və əfvin təyin olunmuş mizanı Sənin ovcundadır. Bəndələrin arasından kimi istəsən, Sən bağışlayırsan. Həqiqətən, Sən həmişə Bağışlayan və Mehribansan. Hec bir şey Sənin elmindən qaça bilməz və heç nə yoxdur ki, Səndən gizli olsun.

Ey bizim Rəbbimiz Allah! Öz qüdrətinin gücü ilə bizi qoru, bizi Sənin ecazkar, təlatümlü dənizinə daxil olmağa qadir eylə və Sənə yaraşanı bizə əta eylə.

Sənsən Hökmran Hakim, Qüdrətli Xaliq, Uca və Ən Sevimli.

#4720
- Bab

 

Şükrlər olsun Sənə, Ya Rəbb! Bizim günahlarımızı əfv et, bizə rəhm eylə və Sənə qayıtmağa qadir eylə. İzn vermə ki, Səndən başqasına bel bağlayaq və Öz kəramətinlə bizə bəyəndiyin, razı qaldığın şeyləri və Sənə yaraşanları qismət eylə. Sənə həqiqətən inananların məqamını ucalt və Öz bağışlayıcılıq fəzlinlə onları əfv eylə. Həqiqətən, Sən Əzəmətli və Qəyyumsan.

#4721
- Bab

 

Yalvarıram Sənə, İlahi, bağışla məni, Sənin zikrindən başqa hər bir zikr üçün, Sənin tərifindən başqa hər bir tərif üçün, Sənə yaxınlıq həzzindən başqa hər bir həzz üçün, Səninlə ünsiyyət zövqündən başqa hər bir zövq üçün, Sənin məhəbbət və razılığının sevincindən başqa hər bir sevinc üçün və mənə aid olan, lakin Səninlə əlaqəsi olmayan hər bir şey üçün, Sən Ey rəblərin Rəbbi, Ruzi Verən və Qapıları Açan.

#4722
- Bab

 

Şükrlər olsun sənə, Ey Allah! Sən bütün aləm əhlinin zikrindən uca ikən, mən səni necə zikr edə bilərəm. Alqış Sənin Adına, İlahi, Sən Sultansan, Əbədi Həqiqətsən; göylərdə və yerdə olanlar Sənə agahdır və hamı Sənə qayıdacaqdır. Sən Öz İlahi Əmrini müəyyən və aydın bir ölçü ilə nazil etmisən. Alqış Sənə, Ya Rəbb! Sən istədiyin kəsi Öz əmrinlə, göyün bə yerin qoşunları və onların arasındakı hər şeylə qalib edirsən. Sən Hökmran, Əbədi Həqiqət və yenilməz qüdrət Rəbbisən.

Təriflər olsun Sənə, İlahi! Sən Öz bəndələrin arasından Səni əfvin üçün yalvaranların günahından həmişə keçirsən. Mənim və sübh çağı Sənin əfvini diləyənlərin, gecə-gündüz dua edənlərin, Allahdan başqa heç nəyin şövqündə olmayanların, Allahın Öz fəzli ilə onlara ehsan etdiyini ianə edənlərin, gecə-gündüz Sənin tərifini ucaldanların və öz borclarına laqeyd qalmayanların günahlarını sil.

#4723
- Bab

 

Anlayiram mən, Ya Rəbb, xətalarım Sənin hüzurunda üzümü xəcalətlə qaraldıb, Sənin qarşında belimi əyib, mənimlə Sənin camalın arasında pərdəyə çevrilib, hər yandan məni əhatə edərək və hər tərəfdən məni bürüyərək, Sənin qüdrətinin təzahürlərinə yetişməyimə mane olub.

İlahi! Əgər Sən məni bağışlamasan, onda kim məni əfv edər və əgər Sən mənə rəhm etməsən, onda kim mənə şəfqət göstərər? Alqış Sənə, Sən məni yox ikən yaratdın, heş nə analamadığım vaxt məni bəslədin. Təriflər olsun sənə, kəramətin hər bir təzahürü Sənin tərəfindən gəlir və hər bir fəzilət rəmzi Sənin fərman xəzinələrindən qaynaqlanır.

#4724
- Bab

 

Bəşəriyyət üçün dualar

Mənim Allahım, Qibləgahım və Səcdəgahım! Sənin birliyinə və təkliyinə şəhadət verirəm, Sənin həm keçmişdəki, həm də indiki bəxşişlərini etiraf edirəm. Sən elə Kəramətli Allahsan ki, Sənin mərhəmətinin yağışları həm yüksək və həm də adsız-sansız adamların üzərinə yağıb və Sənin fəzlinin şuaları həm itaətkarların, həm də asilərin üstünə saçıb.

Ey mərhəmət Allahı, mərhəmət cövhərinin özü Sənin qapında səcdə edir və inayətin özü bütün batini ruhu ilə Sənin Əmrinin məbədi ətrafında təvaf edir – Sənə yalvarırıq, Sənin qədim fəzlini diləyir, indiki lütfünü axtarırıq ki, varlıq aləminin təzahürləri olanlara rəhm edəsən və Öz günlərində onları Sənin fəzlindən binəsib qoymayasan.

Hamımız fəqir və möhtacıq, Sən isə həqiqətən, Hər Şeyə Malik, Hər Şeyə Qalib və Ən Qüdrətlisən.

#4695
- Bəhaullah

 

Sən Ey Şəfqətli Allah, Sən Ey Səxavətli və Qadir! Biz Sənin İlahi qüvvətinin altında pənah tapmış bəndələrik. Öz lütfünlə bizə bir nəzər sal. Gözlərimizə işıq ver, qulaqlarimizı eşıdən et, qəlblərımızə anlayış və məhəbbət sal. Müjdələrinlə ruhlarimizı şad və xoşhal eylə. Ya Rəbb! Sənin mələkutuna gedən yolu bizə göstər, Müqəddəs Ruhun nəfəsilə bizim hamımızı dirilt. Bizə əbədi həyat əta eylə və tükənməz şərəf bəxş et. Bəşəriyyəti birləşdir və insan aləmini işqlandır. Qoy hamımız Sənin yolunla gedək, Sənin razılığını arzu edək və Sənin mələkutunun sirlərini axtaraq. İlahi! Bizi birləşdir, Sənin qırılmaz tellərinlə ürəklərimizi bir-birinə bağla. Həqiqətən, Sən Bəxşedən, Mehriban və Qüdrətlisən.

#4726
- Əbdül-Bəha Abbas

 

Sən Ey Mehriban Allah! Sən Ey Səxavətli və Mərhəmətli! Biz Sənin astananın bəndələriyik və Sənin İlahi birliyinin kölgəsinə sığınmışıq. Sənin mərhəmət işığın hamının üstünə saçır və Sənin inayət buludlarının yağışları hamının üzərinə yağır. Sənin bəxşişlərin hamını bürüyüb və Sənin fəzlin hamını saxlayır, Sənin himayən hamıya kölgə salır, Sənin lütf nəzərin hamının üzərindədir. İlahi! Sonsuz lütfünü bəxş et və qoy hidayət çırağı şölə sacsın. Gözləri nurlandır və daimi sevinclə ürəkləri sevindir. Bütün xalqlara yeni ruh əta eylə və əbədi həyat baxş eylə. İrfan qapılarını aç və iman nurunu parlat. Bütün xalqları kəramətinin kölgəsinə topla və onları barış içində birləşdir, ta ki, bir günəşin şuaları, bir dənizin dalğaları və bir ağacın meyvələri olsunlar. Qoy onalr eyni bir çeşmədən su içsinlər. Qoy onlar eyni bir nəsimlə təravətlənsinlər. Qoy onlar eyni bir nur mənbəyindən işıq alsınlar. Sənsən Ətaedən, Sənsən Mərhəmətli və Qüdrətli.

#4727
- Əbdül-Bəha Abbas

 

Sən Ey Mehriban Allah! Sən bütün bəşəri bir kökdən yaratmısan. Sən hökm vermisən ki, hamı bir ailəyə mənsub olsun. Sənin Müqəddəs Hüzurunda onların hamısı Sənin bəndələrindir və bütün bəşər Sənin Çadırının altında pənah tapıb; hamı Sənin Kəramət Süfrənin ətrafında toplaşıb; hamı Sənin inayətinin işığı ilə nurlanıb.

Ey Allah! Sən hamıya mehribansan, Sən hamıya ruzi verirsən, hamıya sığınacaq verirsən, hamıya həyat bəxş edirsən. Sən hər kəsə və hamıya istedad və qabiliyyət vermisən və hamı Sənin mərhəmət Dəryana qərq olub.

Sən Ey Mehriban Allah! Bütün insanları birləşdir. Qoy dinlər razılığa nail olsunlar, millətləri bir millət eylə, ta ki, onlar bir-birinə bir ailə kimi baxsınlar və bütün yer üzünü bir vətən saysınlar. Qoy onların hamısı ən mükəmməl uyğunluq içərisində birgə yaşasınlar.

Ey Allah! Bəşərin birlik bayrağını ucalt.

Ey Allah! Ən Böyük Sülhü bərqərar elə.

Ey Allah, ürəkləri bir-birinə möhkəm bağla.

Sən Ey Mehriban Ata, Allah! Öz məhəbbətinin rayihələrilə bizim ürəklərimizi sevindir. Sənin Hidayət Nurunla gözlərimizi işıqlandır. Bizim qulaqlarımızı Sənin Kəlmənin təranəsilə oxşa və bizim hamımıza Özünün İnayət Qalanda pənah ver.

Sən Qüdrətli və Qüvvətlisən, Sən Bağışlayansan və Sən O Kəssən ki, bütün bəşərin qüsurlarına göz yumur.

#4728
- Əbdül-Bəha Abbas

 

Ey Allah, Sən O Allahsan ki, bilik və hidayətin parlaq şüalarını insanların üzərinə saçaraq, Öz şəfəqlərini onların parlaq zatının üzərinə səpdi və onları bütün yaranmışların arasında bu yüksək fəzl üçün seçdi və onları qeyb aləmindən görünən aləmə gətirməklə hər şeyi əhatə etməyə, onların batini mahiyyətini dərk etməyə, onların sirlərini açmağa qabil etdi! “O Öz nemətini istədiyi şəxsə bəxş edər.” 1 (Quran, 3:73)

Ya Rəbb, Öz sevimlilərinə kömək et ki, bilik, elm və sənət əldə etsinlər və bütün yaradılmış şeylərin zatında gizlənmiş sirləri açsınlar. Qoy onlar mövcüd olan hər şeyin məğzində yazılmış və həkk olunmuş gizli həqiqətlərdən vaqif olsunlar. Onları bütün yaranmışlar arasında hidayət bayraqları və əqlin nüfuzedici şüaları eylə ki, özlərinin nuruna bunda, “ilk yaradılışda” 2 (Quran, 56:62) saçırlar. Onları Sənə aparan rəhbər, Sənin yoluna bələdəçi, insanları Sənin Mələkutuna can atmağa ruhlandıran carçılar eylə.

Sən, həqiqətən, Qüdrətli, Hifzedən, Qadir, Qoruyan, Əzəmətli və Ən Kəramətlisən.

#4729
- Əbdül-Bəha Abbas

 

Birlik duaları

Ey mənim Allahım, Ey mənim Allahım! Sənə xıdmət edənlərin qəlblərini birləşdir və Öz ali məqsədini onlara aşkar eylə. Qoy onlar Sənin hökmlərinə riayət etsinlər və Sənin qanununu yerinə yetirsinlər. Ey Allah, cəhdlərində onlara kömək eylə və Sənə xidmət etmək üçün onlara qüvvət bağışla. Ey Allah! Onları özbaşına buraxma, onların qədəmlərini Öz hikmət nurunla istiqamətləndir və qəlblərini Sənin məhəbbətinlə sevindir. Həqiqətən, Sənsən onların Köməyi, Sənsən onların Mövlası.

#4696
- Bəhaullah

 

Ey mənim Allahım! Ey mənim Allahım! Doğurdan da, Səni çağırıram və Sənə iltimas edirəm, Sənin astananda diləyirəm ki, Sənin bütün mərhəmətin bu ruhların üzərinə yağsın. Onları Öz lütf və həqiqətin üçün hazırla.

Ya Rəbb! Ürəkləri birləşdir, onları bir-birinə bağla, bütün qəlbləri uyğunluq içində birləşdir və ruhları öz paklıq və təkliyinin rəmzləri ilə canlandır. Ya Rəbb! Sənin vahidliyinin nuru ilə bu üzləri işıqlı eylə. Sənin bəndələrinin qurşaqlarını Sənin səltənətinə xidmətdə bərkit.

Ya Rəbb, Ey nəhayətsiz mərhəmət Sahibi! Ey bağışlama və əfv Mövlası! Günahlarımızı bağışla, xətalarımızı əfv eylə, bizi Sənin qüdrət və qüvvət səltənətinə yalvaran halda, Sənin məbədində təvazökar və Sənin dəlillərinin əzəməti qarşısında müti vəziyyətdə Sənin rəhm səltənətinə döndər.

Ya Rəbb Allah! Bizi bir dənizin dalğaları, bir bağçanın gülləri kimi Öz məhəbbətinin bəxşişləri ilə birləşdir, bizi yekdil eylə. İlahi! Sənin təkliyinin nişanələri ilə qəlbləri aç, bütün bəşəri eyni bir cəlal yüksəkliyində parlayan ulduzlar və Sənin həyat ağacında yetişən gözəl mevələr eylə.

Həqiqətən, Sən Qüdrətli, Qəyyum, Əta Edən, Bağışlayan, Əfvedən, Hər Şeyi Bilən və Tək Yaradansan.

#4730
- Əbdül-Bəha Abbas

 

Dünyaya Bağlanmamaq Duaları

İzn ver mənə, Ey mənim Allahım, Sənə yaxınlaşım və Sənin dərgahının yanında sakin olum; çünki, Səndən uzaqlıq məni yandırıb yaxdı. Məni Öz fəzlinin kölgəsində rahatlandır, çünki Səndən ayrılığın atəşi ürəyimi əritdi. Məni dirilik suyunun çeşməsinə yaxınlaşdır, çünki Səni durmadan axtararkən susuzluqdan qəlbim od tutub yanır. Mənim ahım, İlahi, mənim qəm-qüssəmin acılığını göstərir, göz yaşlarım Sənə məhəbbətimə şəhadət verir.

Səni and verirəm o tərifə ki, Sən Özün Özünü tərif edirsən və o alqışa ki, Özün Öz Zatını alqışlayırsan – bizi Səni tanıyanların və Sənin günlərində Sənin hökmranlığını etiraf edənlərin sırasına daxil eylə. Sonra kömək eylə, İlahi, mərhəmət barmaqlarından inayət suyunu içək ki, Səndən başqa hər şeyi unudaq, yalnız Səninlə məşğul olaq. Sən istədiyini etməyə qadirsən. Səndən başqa Allah yoxdur, Sən Qüdrətli, Əzəmətli və Qəyyumsan.

Alqış Sənin adına, Ey Sultanlar Sultanı.

#4755
- Bəhaullah

 

Sübhansan Sən, Ey mənim Allahım! Sənə şükr edirəm ki, mənə Zühurunun Məşriqi, Mərhəmətinin Məzhəri, Əmrinin Xəzinəsi olan Kəsi tanıtdırdın. Yalvarıram Sənə, o Adınla ki, onunla yaxınların üzləri ağ oldu və sadiqlərin könulləri Sənə tərəf qanad açdı- mənə qismət eylə ki, mən hər zaman və hər bir halda Sənin ipindən yapışım, Səndən başqa hər kəsdən əlimi üzüm, gözlərimi Sənin Vəhy üfüqünə dikim, Lövhlərində mənə əmr etdiklərini yerinə yetirim.

Öz lütf və inayətinin libası ilə, İlahi, mənim zahirimi və batinimi zinətləndir. Sonra Sənin bəyənmədiyin hər bir şeydən məni hifz eylə, mənə və yaxınlarıma Sənə itaət etməkdə və məni şeytani nəfs və ehtirasa təhrik edən hər şeydən uzaq olmaqda mərhəmətlə yardım eylə.

Sən, həqiqətən, bütün bəşərin Rəbbisən, bu dünyanın və o biri dünyanın Sahibisən. Səndən başqa Allah yoxdur, Sən hər şeyi Bilən və Ən Hikmətlisən!

#4756
- Bəhaullah

 

Ucalsın Sənin Adın, Ey mənim Allahım! Səni and verirəm fəzl köynəyinin rayihələrinə ki, Sənin hökmün və istəyinlə bütün kainata yayıldı və Sənin iradə Günəşinə ki, Sənin qüdrətinin və hökmranlığın gücü ilə Sənin mərhəmət üfüqündən parladı – mənim ürəyimi bütün bihüdə xəyal və şəkk-şübhələrdən azad eylə ki, mən bütün sevgimlə üzümü Sənə tutum, Sən Ey bütün bəşərin Rəbbi!

Mən Sənin bəndən və bəndənin oğluyam, Ey mənim Allahım! Sənin fəzl dəstəyindən və inayət ipindən yapışmışam. Sənin yanında olan xeyirli şeyləri mənə nəsib eylə və məni Sənin səxavət buludundan və kərəm göyündən endirdiyin Süfrədən qidalandır.

Sən, həqiqətən, aləmlərin Rəbbi, göydə və yerdə olanların Allahısan.

#4757
- Bəhaullah

 

Neçə-neçə buz bağlamış ürək, Ey mənim Allahım, Sənin Əmrinin atəşindən oda qalandı və necə-necə qafil Sənin nidanın şirinliyindən oyandı. Sənin günlərində necə-necə qərib Sənin vahidlik ağacının kölgəsinə sığındı və necə-necə təşnə dirilik suyunun çeşməsinə can atdı.

Xoş o kəsin halına ki, Sənə tərəf yönəldi, Sənin üzünün Məşriqinə çatmağa tələsdi. Xoş o kəsin halına ki, bütün sevgisi ilə üzünü Sənin Vəhy Məşriqinə və ilham Mənbəyinə tutdu. Xoş o kəsin halına ki, Öz Səxavət və lütfünlə ona bəxş etdiklərini Sənin yolunda sərf etdi. Xoş o kəsin halına ki, Sənin həsrətindən yanarkən, Səndən başqa hər şeyi atdı. Xoş o kəsin halına ki, Səninlə munis oldu və Səndən başqa hər şeydən əlini üzdü.

Səni and verirəm, İlahi, Sənin adın olan Kəsə, o Kəs ki, Sənin hökmranlığının gücü və qüdrəti ilə Öz məhbəsinin üfüqündən ucaldı – hər bir kəsə Sənə yaraşanı və Məqamına layıq olanı nəsib eylə. Sənin qüdrətin, həqiqətən, hər şeyə qadirdir.

#4758
- Bəhaullah

 

Bilmirəm, Ey mənim Allahim, o nə Oddur ki, Sən Öz ölkəndə qalamısan. Nə torpaq onun şöləsini gizlədə bilər, nə də su onun alovunu söndürə bilər. Bütün yer üzünün insanları onun gücü qarşısında acizdirlər. Bəxtiyardır o kəs ki, bu atəşə yaxınlaşdı və onun uğultusunu eşitdi.

Bəzilərini, İlahi, Sən qüvvətləndirici fəzlinlə ona yaxınlaşmağa qabil etdin, digərlərini isə Sənin günlərində törətdiklərinə görə ondan məhrum qoydun. Və o kəslər ki, ona doğru tələsib kama çatdılar, onlar Sənin Camalının şövqü ilə canlarını fəda etdilər və Səndən başqa hər şeydən ayrılıb Sənə doğru ucaldılar.

Səni and verirəm, İlahi, yanıb şölələnən bu Oda ki, xilqət dünyasında yanır və tüğyan edir, Sənin əzəmət taxtının önünə yetişməyimə və Sənin qapında dayanmağıma mane olan pərdələri yandır. Ey Allahım, Öz kitabında nazil etdiyin bütün xeyirləri mənə nəsib eylə və məni Öz mərhəmət çadırından uzaq düşməyə qoyma.

Sən istədiyini etməyə Qadirsən. Həqiqətən, Sən Qüdrətli və Ən Səxavətlisən.

#4759
- Bəhaullah

 

Alqış Sənə, Ey mənim Allahım! Mən Sənə və Sənin əlamətlərinə iman gətirmiş bir bəndənəm. Görürsən, Sənin mərhəmət qapına yönəlmiş və üzümü Sənin inayət sahilinə tutmuşam. Səni and verirəm ən gözəl adlarına və ən uca sifətlərinə - nemətlərinin qapısını mənim üzümə aç. Sonra isə yaxşı əməllərə müvəffəq eylə, Sən Ey bütün adlar və sifətlərin Sahibi!

Mən fəqirəm, İlahi, Sənsə Zənginsən. Üzümü Sənə tərəf tutmuşam və Səndən başqa hər şeydən inqita etmişəm. Yalvarıram Sənə, inayətinin nəsimlərindən məni məhrum etmə və bəndələrin arasında seçilmişlərin üçün müəyyən etdiyindən məni binəsib qoyma.

Ey mənim Allahım, mənim gözlərimdən pərdəni qaldır ki, Sənin yaratdıqların üçün istədiklərini görüm və Sənin əsərlərinin bütün təzahürlərində Sənin yenilməz qüdrətinin əlamətlərini aşkar edim. Mənim ruhumu, ya Rəbb, Özünün ən qüdrətli əlamətlərinlə məftun eylə və məni nəfs və ehtirasın dərinliyindən qurtar. Sonra mənə bu dünyanın və axirətin xeyir-bərəkətini yaz. Sən istədiyini etməyə Qadırsən. Səndən başqa Allah yoxdur, Ən Cəlallı, hamının yardım Axtardığı Allah.

Mən Sənə şükrlər edirəm, Ey mənim Rəbbim, Sən məni qəflətdən oyatdın, ayıltdın və bəndələrinin əksəriyyətinin qafil olduqlarını anlamağa istək yaratdın. İndi isə Sənin məhəbbətin və razılığın xatirinə, istədiklərinin həqiqətini görməyə məni qadir eylə. Sən O Kəssən ki, hər şey Onun qüdrət və hökmranlığına şəhadət verir.

Səndən başqa Allah yoxdur, Ən Qüdrətli və Ehsan Edən Allah.

#4760
- Bəhaullah

 

Ya Rəbb! Sənə pənah gətirirəm və könlümü büsbütün Sənin nişanələrinə verirəm.

İlahi! İstər səfərdə, istərsə evdə, məşğuliyyətimdə, ya işimdə ikən - mən bütünlüklə Sənə təvəkkül edirəm.

Sənin kifayətedici yardımını mənə bəxş eylə ki, heç nədən asılı olmayım, Sən Ey mərhəmətində misilsiz Allah.

Öz istədiyin kimi mənə ruzi nəsib eylə, İlahi və mənə qismət etdiklərinlə məni qane eylə.

Mütləq hökm etmək ixtiyarı Səndədir.

#4761
- Bab

 

Söylə: Allah hər üstün şeydən üstün Kifayətedicidir, yerdə və göydə olanlardan heç nə yox, yalnız Allah kifayətedicidir. Həqiqətən, O, Zatında Bilici, Yardımçı və Qüdrətlidir.

#4762
- Bab

 

Ey Allah, mənim Allahım! Sən mənim Ümidim və Məhbubumsan. Mənim Məqsudum və Arzumsan! Böyük itaətkarlıq və tam təslimiyyətlə Sənə dua edirəm, məni Öz diyarında məhəbbətinin minarəsi, məxluqatın arasında elminin çırağı, səltənətində ilahi bəxşiş bayrağı eylə.

Məni o kəslərin sırasına yaz ki, Səndən başqa hər şeydən inqita ediblər, bu dünyanın fani şeylərindən özlərini pak ediblər və şəkk-şübhə əhlinin təhrikindən özlərini azad ediblər.

Qoy ürəyim Sənin mələkutundan yetişən təyid ruhu ilə genişlənsin, gözlərim Cəbərutundan ardıcıl olaraq üstümə enən İlahi yardım qoşunlarını müşahidə etməklə işıqlansın.

Sən, həqiqətdə, Qüdrətli, Ən Cəlallı və Ən Qüvvətlisən.

#4763
- Əbdül-Bəha Abbas

 

Ey Allah, mənim Allahım! Mənim üçün inqita piyaləsini doldur və Sənin cəlal və ehsan məclisində Öz məhəbbətinin şərabı ilə məni xoşhal eylə. Məni ehtiras və həvəsin hücumlarından qoru, bu rəzil dünyanın qandallarından məni azad et, məni heyranlıqla Öz uca səltənətinə cəzb eylə və mələklər arasında Sənin müqəddəslik nəfəsinlə məni təravətləndir.

İlahi, Öz bəxşişlərinin işığı ilə mənim üzümü parlat, Sənin hər şeyi tabe edən qüdrətinin nişanələri ilə gözlərimi işıqlandır; hər şeyi saran elminin nuru ilə mənim ürəyimi xohşal eylə, qəlbimi təravətləndirən böyük şadlıq müjdələrilə sevindir, Ey bu dünyanın və Mələkutun Sultanı, Ey səltənət və qüdrət Hökmdarı, ta ki, mən Sənin əlamət və nişanələrini yaya bilim, Əmrini bəyan edim və Təlimlərini ucaldım, Qanununa xidmət edim, Kəlamını yüksəldim.

Sən, həqiqətən, Qüvvətli, Həmişə Bəxşedən, Qadir və Güclüsən.

#4764
- Əbdül-Bəha Abbas

 

Əhddə möhkəmlik duaları

Alqış Sənə, Ey əbədiyyət Sultanı, ümmətlərin Xaliqi və hər bir çürümüş sümüyə şəkil Verən! Sənin O Adına and verirəm ki, Onunla bütün insanları Öz əzəmət və cəlal üfüqünə çağırdın və bəndələrini fəzl və lütfünün sarayına hidayət etdin – məni o kəslərlə bir sıraya yaz ki, Səndən başqa hər şeydən özlərini ayırdılar, üzlərini Sənə tutdular və qəzavü-qədərin müsibətləri onların Sənin bəxşişlərinə can atmalarına mane olmadı.

Mən Sənin kəramət dəstəyindən yapışmışam, İlahi, Sənin lütfünün libasının ətəyindən tutmuşam. Elə isə, Sənin kəramət buludundan onu yağdır ki, məni Səndən başqasının zikrindən pak etsin və məni qadir eylə ki, bütün bəşəriyyətin Qibləsi olan Kəsə yönəlim, O Kəs ki, Sənin əhdini pozan, Sənə və Sənin əlamətlərinə inanmayan nifaq əhli Onun əleyhinə qalxmışlar.

Sənin günlərində Öz libasının şirin rayihələrindən məni binəsib qoyma, İlahi və Camalının nurunun aşkara çıxdığı Zühurunun nəfəsindən məni məhrum etmə. Sən istədiyini etməyə Qadirsən. Heç nə Sənin iradənə qarşı çıxa və Sənin Öz qüdrətinlə istədiyinə mane ola bilməz.

Səndən başqa Allah yoxdur, Sən Qüdrət və Hikmət Sahibisən.

#4731
- Bəhaullah

 

O, Qüdrətli, Əfv Edən və Şəfqətlidir! Ey Allah, mənim Allahım! Sən bəndələrinin azğınlıq və xəta çölündə sərgərdan qaldığını görürsən; haradadır Sənin hidayətinin nuru, Sən, Ey aləmin Məqsudu? Sən onların acız və köməksiz olduğunu görürsən; haradadır Sənin qüdrətin, Sən Ey göyün və yerin qüvvələrini ovcunda Saxlayan?

Səni and verirəm, Ya Rəbb, mənim Allahım, Sənin inayət günəşinin şəfəqlərinə, elm və hikmət dəryanın dalğalarına və Sənin o Kəlamına ki, onunla səltənətinin əhlinə hakimlik etdin – mənə izn ver, o kəslərin arasında olum ki, Kıtabında əmr etdiklərini yerinə yetirməyə nail oldular. Və Öz əminlərinə nəsib etdiklərini mənə də nəsib eylə, o kəslər ki, Sənin Kəramət piyaləndən İlahi ilham şərabını içdilər, Sənin razılığını qazanmağa tələsdilər və Sənin Əhdinə və Peymanına vəfa etdilər. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Ən Alim, Ən Hikmətli Allah.

İlahi, mənə Öz kəramətinlə onu qərar ver ki, bu dünyada və ondan sonra mənim ruhani rifahıma səbəb olar və məni Sənə yaxınlaşdırar, Sən Ey bütün insanların Rəbbi. Səndən başqa Allah yoxdur, Sən Vahid, Qüdrətli və Ən Nurlusan.

#4732
- Bəhaullah

 

İlahi! Sənin yolunda bizi sabit-qədəm eylə və ürəklərimizi Sənə itaətdə qüvvətləndir. Üzlərimizi Öz təklik camalına yönəlt və qəlblərimizi vahidliyinin nişanələri il ə fərəhləndir. Bədənlərimizi Öz kəramət libasınla bəzə, gözlərimizdən günahkarlıq pərdəsini qaldır və bizə vəfa piyaləsini içir ki, bütün varlıqların zatı Sənin əzəmətinin hüzurunda Sənin tərifini söyləsin. Sonra, Ya Rəbb, Öz mərhəmətli bəyanınla və İlahi varlığının sirri ilə Özünü aşkar eylə ki, duanın ruhani ləzzəti bizim gəlblərimizi doldursun – o dua ki, sözlərin və hərflərin fövqündə durur, heca və səslərin ahəngindən ucadır – ta ki, hər şey Sənin şəfəqlərinin zühuru qarşısında heçliyə uğrasın.

İlahi! Bunlar o bəndələrdir ki, Sənin Əhdində və Peymanında möhkəm və sabit qaldılar, Sənin Əmrində dəyanət ipindən tutdular və Sənin Əzəmət ətəyindən yapışdılar. Onlara kömək və yardım et, İlahi, Öz lütfünlə onları müvəffəq eylə və Sənə itaətdə onların qurşağını qüdrətinlə bərkit.

Sən Bağışlayan və Mərhəmətlisən.

#4733
- Əbdül-Bəha Abbas

 

Ey Şəfqətli Allah! Şükürlər Sənə, məni ayıltdın və huşyar etdin. Görən göz verdin və eşidən qulaq əta etdin, səltənətinə istiqamətləndirin və Öz yoluna hidayət etdin. Doğru yolu göstərdin və nicat gəmisinə daxil eylədin. Ey Allah! Məni mətanətli saxla, səbatlı və sədaqətli eylə. Ağır sınaqlardan məni qoru, Əhdi-Peymanının möhkəm qalasında sığınacaq ver və məni hifz eylə. Sən Qüvvətlisən. Sən Görənsən. Sən Eşidənsən.

Sən Ey Mərhəmətli Allah! Mənə elə bir ürək bağışla ki, güzgü təkin Sənin məhəbbətinin işığı ilə nurlansın və mənə elə bir düşüncə bəxş et ki, səmavi iltifat yağışları ilə dünyanı gülşənə çevirsin.

Sən Şəfqətlisən, Mərhəmətlisən. Sən Böyük Lütf Sahibisən.

#4734
- Əbdül-Bəha Abbas

 

Ey mənim Rəbbim və mənim Ümidim! Öz sevimlilərinə kömək eylə ki, Sənin əzəmətli Əhdində möhkəm olsunlar, Sənin aşkar Əmrində sadiq qalsınlar və Nurlu Kitabında onlara hökm etdiklərini yerinə yetirsinlər, ta ki, onlar hidayət bayraqlarına çevrilsinlər, Yaxınlıq Əhlinin çıraqları, Sənin sonsuz hikmətinin çeşmələri olsunlar və ilahi üfüqdə doğru yol göstərən ulduzlar kimi, yeri işıqlandırsınlar.

Həqiqətən, Sən Yenilməz, Qudrətli və Qüvvət Sahibisən.

#4735
- Əbdül-Bəha Abbas

 

Əyyami-Ha, Orucluq, Novruz üçün dualar

Əlavə Günlər, Fevralın 26-dan Martın 1-dək, hər iki tarix daxil olmaqla, Orucluğa hazırlaşmaq gunləri, qonaqpərvərlik günləri, xeyriyyə və hədiyyələr bağışlamaq günləridir

Mənim Allahım, mənim Atəşim və mənim Çırağım! Öz Kitabında Əyyam-i-Ha adlandırdığın günlər başlayıb, Sən Ey adların Sultanı və Sənin ən uca Qələminin Sənin xilqətinin səltənətində, hamıya vacib buyurduğun Oruc yaxınlaşır. Səni and verirəm, İlahi, bu günlərə və bu müddətdə Sənin hökmlərinin ipindən və Sənin əmrlərinin dəstəyindən yapışanların hamısına, hər bir ruha Sənin sarayının yanında bir yer və Sənin üzünün şəfəqinin məşriqində bir məkan qismət eylə.

Bunlar, İlahi, Sənin o bəndələrindir ki, nəfsi-həva onları Sənin Kitabında nazil etdiklərindən uzaq sala bilmədi. Onlar Sənin Əmrin qarşısında baş əyiblər, Sənin Kitabını Səndən gələn qətiyyətlə qəbul ediblər və Sənin onlara hökm etdiklərinə riayət ediblər, Sənin nazil etdiklərinə əməl etmək üçün seçiliblər.

Sən görürsən, İlahi, onlar Sənin Lövhlərində zahir etdiklərini necə iqrar və etiraf ediblər. İlahi, Öz əta əllərindən Sənin əbədiliyinin suyundan onlara içir. Sonra onlara Sənin dəryanda üzənlərin və Səninlə vüsalın nəfis şərabından dadanların mükafatını yaz.

Rica edirəm Səndən, Ey sultanların Sultanı və əzilənlərə Rəhmi gələn, onlara bu dünyanın və o dünyanın xeyrini qismət eylə. Onlara Sənin yaratdıqlarından hələ heç kəsin bilmədiyini tanıtdır və onları o kimsələrin cərgəsinə yaz ki, Sənin ətrafına toplaşıblar və Sənin bütün aləmlərində Sənin taxtının ətrafında dolanırlar.

Sən, həqiqətən, Ən Qüdrətli, Hər Şeyi Bilən və Hər şeydən Xəbərdarsan.

#4880
- Bəhaullah

 

Kitabi-Əqdəsdə buyrulur: "Biz sizə hökm etmişik ki, kamala çatandan (15 yaş) namaz qılıb oruc tutasınız; Bu Allah tərəfindən, Sizin Rəbbiniz və babalarınızın Rəbbi tərəfindən hökm olunmuşdur.... Səfərdə olana, xəstəyə, uşaqlı və ya süd verən analara Oruc tutmaq hökmü şamil edilmir... Yeməkdən və içməkdən günçıxandan günbatana qədər pəhriz edin və məbada Kitabda təyin olunmuş bu nemətdən özünüzü məhrum edəsiniz" Orucluq müddəti Martın 2-dən 20-sinə qədərdir. Xahış olunur Bəhai təqviminə müraciə edəsiniz.

Bu, Ey mənim Allahım, günlərdən birincisidir ki, Sən Öz sevimlilərinə Oruc tutmağı əmr etmisən. Səni and verirəm Sənin Özünə, özü xatirinə və ya öz arzusu üçün, ya da Sənin qəzəbindən qorxduğu üçün deyil, Sənin məhəbbətin və Sənin razılığın naminə oruc tutan kəsə və Sənin ən ali adlarına və yüksək sifətlərinə - Sənin bəndələrini Səndən başqa hər şeyə məhəbbət bağlılığından pak eylə və onları Sənin üzünün nurunun Məşriqinə və Sənin vahidlik Taxtına cəzb eylə. Onların ürəyini Sənin irfanının işığı ilə nurlandır, Ey mənim Allahım və onların üzlərini Sənin iradə üfüqündə parlayan Günəşin şüaları ilə parlat. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, ən cəlallı, bütün insanların kömək dilədiyi Allah.

Yardım eylə onlara, Ey mənim Allahım, Sənin uğrunda qələbə qazansınlar və Sənin Kəlamını ucaltsınlar. Sonra onlara izn ver ki, Sənin bəndələrin arasında Əmrinin əlləri və Sənin dinini və bəşərin arasında Sənin nişanələrini zahir edənlər olsunlar, belə ki, bütün dünya Sənin zikrin və tərifinlə, Sənin dəlil və sübutlarınla dolsun. Sən, həqiqətən, Ən Kəramətli, Ən Uca, Qüvvətli, Əzəmətli və Mərhəmətlisən.

#4881
- Bəhaullah

 

Gənclər üçün dualar

Sən Ey Mehriban Rəbbim! İnqita üfüqündən Sən elə ruhlar zahir etmisən ki, onlar nur saçan bir ay tək ürək və könül dünyasını işıqlandırıb nura boyadılar, özlərini bütünlüklə varlıq dünyasının nişanələrinindən azad edib, ölümsüzlük səltənətinə tələsdilər. Öz inayət dənizinin şəbnəmləri ilə Sən hər an onların könül gülşəninə bir təravət əta etdin, ta o vaxtadək ki, onlar misilsiz lətafət və gözəllik əldə etdilər. Öz xoş ətirlərini bütün dünyanın üzərinə səpməklə, yer üzününün bütün diyarlarının ənbər saçmasına səbəb olaraq, Sənin ilahi birliyinin rahiyələri hər yana yayıldı.

Ey Paklıq Ruhu, indi elə şəxslər yetir ki, o müqqədəs varlıqlar kimi, azad və pak olsunlar, yaradılış aləmini yeni geyim və ecazkar libas ilə bəzəsinlər, Səndən başqa heç kəsi axtarmasınlar, Sənin razılıq yolundan başqa bir yolla getməsinlər, Sənin Əmrinin sirrindən başqa bir şey danışmasınlar.

Sən Ey Mehriban Allah! İzn ver, bu gənc, o pak övliyaların can atdığı ən yüksək arzulara çatsın. Öz gücləndirici fəzlinlə ona inqita və İlahi yardım qanadları əta eylə ki, onlarla o, Sənin rəhmaniyyət fəzanda pərvaz etsin, Sənin səmavi nemətlərindən dadsın, İlahi hidayət nişanəsi və Səma Sakinlərinin nümunəsi olsun. Sən Qüvvətlisən, Qüdrətlisən, Görən və Eşidənsən.

#4736
- Əbdül-Bəha Abbas

 

Sən Ey Mehriban Allah! Mərhəmətlə bu körpə quşların hər birinə bir cüt səmavi qanad əta eylə və onlara ruhani qüvvə ver ki, bu sonsuz fəzada pərvaz etsinlər və Əbha Mələkutunun zirvəsinə yetişsinlər.

İlahi! Bu kövrək fidanları qüvvətləndir ki, hər biri hədsiz təravət və lətavət içində olan barlı-bəhrəli ağaca çevrilsin. Öz ilahi qoşunlarının köməyilə onlara qələbə və zəfər bəxş eylə ki, cəhalət və azğınlıq ordusunu darmadağın etsinlər, insanlar arasında yoldaşlıq və hidayət bayrağını ucaltsınlar, bahar nəsimi tək insanların ruh ağaclarına təravət bəxş etsinlər, onları canlandırsınlar və yaz yağışı kimi, o diyarın çəmənliyini yaşıl və bərəkətli etsinlər.

Sən Qüvvətli və Qüdrətlisən; Sən Ətaedən və Sevənsən.

#4737
- Əbdül-Bəha Abbas

 

Sən Ey mehriban Allah! Bu mələkut qızına Öz səmavi təyidini bəxş eylə və mərhəmətlə ona kömək eylə ki, Sənin Əmrində möhkəm və səbatlı qalsın, əsrarəngiz gülşənin bülbülü kimi Əbha Mələkutunda ecazkar avazla oxusun və bununla hamıya şadlıq və sevinc gətirsin.

Onu mələkut qızlarının arasında ucalt və əbədi həyata çatmağa qadir eylə.

Sən Ətaedən və Sevənsən.

#4738
- Əbdül-Bəha Abbas

 

Alqış və şükrlər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Bu seçilmiş bir fidandır ki, Sənin məhəbbət çəmənliyində Özün əkmisən və Rəbbanilik əlləri ilə bəsləmisən. Sən Öz vahidlik bağçandan axan əbədi həyat çeşməsindən onu suvarmısan və onun üzərinə Öz buludlarından nemət yağışları yağdırmısan. O indi Sənin İlahi Zühur Məşriqindən doğan lütflərinin kölgəsində böyüyüb, boy atıb. Sənin səxavət və kəramətinin ecazkar bəxşişləri sayəsində yarpaqlayıb, çiçək açıb, bar verib və Sənin inayətinin yelləri ilə əsməkdədir.

Ya Rəbb! Öz xüsusi mərhəmət və nemət buludunun damlaları ilə bu cavan ağacı yaşıl, təravətli və çıçəklənən eylə - o nemət və mərhəmət ki, əbədiyyət səltənətində müqəddəslik mücəssəmələrini və vüsal səhnəsində Allahın birlik cöhvərlərini ona layiq görmüsən.

Ya Rəbb! Sənin qeyb Səltənətindən olan gücləndirici fəzlinlə ona yardım eylə, bəndələrinin gözlərindən gizli qalan səmavi qoşunlarla ona kömək et və Sənin hüzurunda ona yəqinlik ayağı əta eylə. Onun dilini aç ki, Sənin zikrini söyləsin və könlünü fərəhləndir ki, Sənin tərifini ucaltsın. Onun üzünü Sənin Mələkutunda nurlandır, onu Öz Cəbərutunda müvəffəq eylə və Sənin Əmrinə xidmət etməkdə səxavətlə ona yardım eylə.

Həqiqətən, Sən Ən Qüdrətli, Ən Cəllallı və Qadirsən.

#4739
- Əbdül-Bəha Abbas

 

Ya Rəbb! Bu gənci işıq saçan eylə və Öz nemətini bu fəqir varlığın üzərinə yağdır. Ona həqiqi bilik əta eylə, hər dan yeri açılanda ona yeni güc bəxş eylə və onu Öz mühafizə çadırında qoru, ta ki, o, səhvlərdən azad olsun, özünü Sənin Əmrinə xidmətə həsr etsin, yolunu azmışlara yol göstərsin, biçarələri yönəltsin, əsirləri azad etsin, qafilləri oyatsın ki, hamı Sənin zikrin və tərifinlə xeyr-dua alsın. Sən Qüdrətli və Qüvvətlisən.

#4740
- Əbdül-Bəha Abbas

 

Hifz duaları

Təriflər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Sən görürsən və bilirsən, mən Sənin bəndələrini dəvət etdim ki, Sənin bəxşişlərindən başqa heç bir tərəfə üz tutmasınlar və onlara əmr etdim ki, Sənin dərkolunmaz hökmünə və qəti məqsədinə uyğun olaraq nazil olmuş aydın Kitabında yazdıqlarından başqa bir şeyə riayət etməsinlər.

Ey mənim Allahım, Sənin iznin olmasa, bircə söz söyləyə bilməz, icazən olmasa, tək bir addım ata bilmərəm. Sən O Kəssən ki, Ey mənim Allahım, qüdrətinin gücü ilə mənə həyat vermisən və fəzlinlə inayət etmisən ki, Əmrini zahir edim. O üzdən elə bəlalara düçar olmuşam ki, dilim Səni tərif etmək və şərəfini ucaltmaqdan dayandırılıb.

Ey mənim Allahım, Öz hökmünlə və hökmranlığının gücü ilə mənə qismət etdiklərin üçün, bütün təriflər Sənə olsun. Yalvarıram Sənə, məni və məni sevənləri məhəbbətində möhkəmləndir və bizi Sənin Əmrində dönməz saxla. Sənin qüdrətinə and içirəm! Ey mənim Allahım! Sənin bəndənin xəcilliyi Səndən pərdələnməsindədir, izzəti isə Səni tanımaqdadır. Sənin adının qüvvəsi ilə silahlanmışkən, heç nə əsla mənə ziyan vura bilməz və ürəyimdə Sənin məhəbbətin varkən, bütün dünyanın bəlaları heç vəchlə məni qorxuda bilməz.

Ona görə də, Ey mənim Allahım, mənə və mənim sevimlilərimə o şeyləri nazil eylə ki, bizi Sənin həqiqətini inkar edənlərin və Sənin əlamətlərinə inanmayanların şərindən qorusun.

Sənsən, həqiqətən, Ən Cəlallı, Ən Kəramətli.

#4741
- Bəhaullah

 

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Bu Sənin bəndəndir ki, Sənin fəzlinin əllərindən mərhəmət şərabını içdi və Sənin günlərində Sənin məhəbbətinin dadını bildi. Səni and verirəm, Sənin adlarının mücəssəmələrinə, o kəslər ki, Sənin sevgində sevinclərinə və nəzərlərini Sənin üzünə dikmələrinə kədər mane ola bilməz və o kəslər ki, qafillərin qoşunları Sənin razılıq yolundan onları döndərməkdə acizdir - ona Sənin malik olduğun xeyirləri nəsib eylə və onu elə zirvələrə qaldır ki, bu dünyaya o, bir göz qırpımından da tez yox olan bir kölgə kimi baxsın.

Daha sonra, Ey mənim Allahım, sonsuz əzəmətinin gücü ilə onu Sənin bəyənmədiyin bütün şeylərdən hifz eylə. Sən, həqiqətən, onun Rəbbi və bütün aləmlərin Rəbbisən.

#4742
- Bəhaullah

 

Ucalsın Sənin Adın, Ya Rəbb, mənim Allahım! Səni and verirəm O Adına ki, onunla Məşhər gəldi, Qiyamət qopdu, göydə və yerdə olanları qorxu və dəhşət bürüdü – Sənin mərhəmət səmandan və şəfqət buludlarından Sənə üz tutan və Əmrinə kömək edən bəndələrinin könüllərini sevindirən şeyləri nazil eylə.

Öz bəndələrini və kənizlərini, İlahi, şəkk-şübhə oxlarından hifz eylə və onlara fəzl əllərinlə həzin axan irfan suları içir.

Sən, həqiqətən, Qüdrətli, Ən Uca, Həmişə Bağışlayan, Ən Səxavətlisən.

#4743
- Bəhaullah

 

Ey Allah, mənim Allahım! Mən öz evimdən Sənin məhəbbət ipindən tutaraq çıxdım və özümü tamamilə Sənin hifz və himayənə tapşırdım. Səni and verirəm o qüvvətinə ki, onunla Sən sevimlilərini hər azğın və sapqından, itaətsiz zalımdan və Səndən uzaqlaşmış hər bir şər adamdan qorudun - Öz kərəm və fəzlinlə məni mühafizə eylə. Sonra qadir eylə ki, qüvvət və qüdrətinlə evimə dönüm. Sən, həqiqətən, Qüdrətli, Əzəmətli və Qəyyumsan.

#4744
- Bəhaullah

 

Onun Adı ilə, Ən Uca, Ən Ali, Ən Əzəmətli! Şanlısan Sən, Ya Rəbb, mənim Allahım! Sən Ey mənim Allahım, mənim Mövlam, mənim Rəbbim, mənim Dayağım, mənim Ümidim, mənim Pənahım, mənim İşığım. Rica edirəm Səndən, Sənin O Pünhan və Gizli Adınla ki, Özündən savayı heç kəs bilməz - bu Lövhü daşıyanı bütün bəla və bədbəxtliklərdən, hər bir pis niyyətli kişi və qadından, bədxahların şərindən və imansızların məkrindən hifz elə. Daha sonra, Ey mənim Allahım, hər bir iztirab və peşmançılıqdan onu qoru, Sən Ey bütün şeylərin səltənətini əlində Saxlayan Allah. Sən, həqiqətən, hər şeyin üzərində Hakimsən. Sən istədiyini edir və istədiyinə hökm verirsən.

Sən Ey Sultanlar Sultanı! Sən Ey mehriban Rəbb! Sən Ey əzəli bəxşiş, səxavət, fəzl və nemətin Mənbəyi! Sən Ey xəstəliklərə Şəfaverən! Sən Ey ehtiyaclara Kifayətedən! Sən Ey Nurların Nuru! Sən Ey işıqların fövqündəki İşıq! Sən Ey hər bir Zühuru Aşkar Edən! Sən Ey Şəfqətli! Sən Ey Mərhəmətli! Özünün ən böyük rəhminlə və bol fəzlinlə bu Lövhü daşıyana rəhm eylə, Sən Ey Fəzl Sahibi, Sən Ey Kəramətli. Sonra onu, Öz hifzinlə, onun könlünün və ağlının bəyənmədiyi hər şeydən qoru. Qüdrət sahiblərindən, Sən, həqiqətən Ən Qüdrətlisən. Allahın cəlalı Sənin üstünə olsun, Sən Ey qalxan günəş! Sən ona şəhadət verirsən ki, Allah Özü Özünə şəhadət verib - Ondan başqa Allah yoxdur, Qüdrətli, Sevgili Məhbub.

#4745
- Bəhaullah

 

Ey mənim Rəbbim, mənə və Sənə inananlara, Ana Kitabda müəyyən olunduğu kimi, Sənin nəzərində bizim üçün xeyirli olanları qismət eylə, çünki bütün şeylərin ölçüsünü Sən Öz ovcunda tutursan.

Sənin gözəl nemətlərin daim Səni sevənlərə nazil olub, Sənin səmavi bəxşişlərinin ecazkar nişanələri Sənin birliyini tanıyanlara bolluqla əta edilib. Bizə verdiyin tale qismətimizi Sənə əmanət edirik və Sənə yalvarırıq ki, bizə Sənin elminin əhatə etdiyi bütün xeyirləri nəsib edəsən.

Ey mənim Rəbbim, Sənin xəbərdar olduğun bütün bəlalardan məni hifz eylə, çünki qüvvət və qüdrət ancaq Səndədir, zəfər yalnız Sənin hüzurundan gəlir və hökm etmək yalnız Sənə məxsusdur. Allah nəyi iradə etmişdi, olub, nəyi iradə etməyib, olmayacaq.

Qüvvət və qüdrət yalnız Allaha məxsusdur, Uca və Ulu Allaha.

#4746
- Bab

 

Alqış Sənə, Ey Allah! Sən O Allahsan ki, hər şeydən öncə var olmuş, sonra da var olacaq, varlığı hər şeyin fövqündə daim qalacaq. Sən O Allahsan ki, hər şeyi bilir və hər şeydən yüksəkdir. Sən O Allahsan ki, hər şeyə mərhəmətlə yanaşır, hər şeyi mühakimə edir və Onun baxışı hər şeyi əhatə edir. Sənsən mənim Rəbbim Allah, Sən mənim halımı bilirsən, batini və zahiri varlığıma şahidsən.

Məni və Çağırışına cavab verənləri bağışla. Mənə ziyan vurmaq istəyən və ya mənə dərd-bəla istəyənlərin şərindən qoruyan yetərli Yardımçı ol. Həqiqətən, Sən bütün yaradılmışların Rəbbisən. Sən hamıya yetirsən, amma heç kim Sənsiz özünə yetməz.

#4747
- Bab

 

Ulular Ulusu, Qalibiyyətli Allahın Adı ilə! Hökmranlıq mənbəyi əlində olan Rəbb Ulu və Müqəddəsdir! O istədiyini Özünün "Ol" Fərmanı ilə yaradır və o olur. Bundan əvvəl hökm ixtiyarı Onun idi və bundan sonra da Onun olacaq. Öz əmrinin qüdrəti ilə kimi istəsə, O qalib edir. Odur həqiqətdə, Qüdrətli, Qüvvətli. Zühur və Xilqət və onların arasında olanların səltənətlərində bütün cəlal və əzəmət Ona məxsusdur. Həqiqətən, O Qadirdir, ən Cəlallıdır, əzəldən O, dəfedilməz güc Mənbəyi olmuş və əbədiyyətədək də belə qalacaqdır. O, doğrudan qüdrət və qüvvət Rəbbidir. Göyün və yerin bütün səltənətləri və onların arasında olan hər şey Allahındır və Onun qüdrəti hər şeydən üstündür. Yerin və göyün bütün xəzinələri və onların arasında olan hər şey Onundur və hər şey Onun mühafizəsi altındadır. Odur yaradan göyləri və yeri və onların arasındakı hər şeyi və O, həqiqətən, hər şeyə şahiddir. Göyün və yerin sakinləri və onların arasında olanlar üçün Haqq-hesab gününün Sahibi Odur və həqiqətən haqq-hesab çəkməkdə Allah cəlddir. Göydə və yerdə və onların arasında olanlar üçün ölçünü O müəyyən edir. Həqiqətən O Ali Hifz Edəndir. Göyün və yerin və onların arasında olan hər şeyin açarlarını O öz ovcunda tutur. Hökmünün gücü ilə, Öz istəyilə O, bəxşişlər əta edir. Onun fəzli, həqiqətən, hamını bürüyür və Odur hər şeyi Bilən.

Söylə: Allah mənə yetər! Bütün şeylərin səltənətini ovcunda tutan Odur. Göydə və yerdə və onların arasında olanların qoşunlarının gücü ilə O, istədiyi kəsi hifz edir. Allahın gözü, həqiqətən, hər şeyin üzərindədir.

Nəhayətsiz ucasan Sən, Ya Rəbb! Qarşımızda və arxamızda, başımızın üstündə, sağımızda və solumuzda, ayağımızın altında və mühafizəsiz qalmış hər yerimizdə olanlardan bizi hifz eylə. Həqiqətən, hər şeyin mütləq qoruyucusu Sənsən.

1(Bu duanın əsli Həzrət Babın Öz əli ilə beş guşəli ulduz şəklində yazılmışdır)

#4748
- Bab

 

Ey Allah, mənim Allahım! Nəfs və ehtirasın şərinə qarşı Öz mömin bəndələrinə sipər ol, Sənin inayətinin ayıq gözlərilə bütün kin, nifrət və həsəddən onları mühafizə eylə, Sənin qayğının alınmaz qalasında onlara sığınacaq ver, şübhə oxlarından onları qoru, onları Sənin şanlı əlamətlərinin məzhərləri eylə, Sənin ilahi birlik Günəşinin parlaq şüaları ilə onların çöhrəsini nurlandır, Sənin müqəddəs mələkutundan nazil olan ayələrlə onların könüllərini sevindir, Sənin şərəf səmandan gələn hər şeyi hərəkətə gətirən qüvvətinlə onların qurşaqlarını bərkit. Sən ən Kəramətli, Hifzedən, Qüdrətli, Fəzl Sahibisən.

#4749
- Əbdül-Bəha Abbas

 

Ey mənim Rəbbim! Sən bilirsən ki, insanlar dərd-bəla və fəlakətlərlə əhatə olunub, iztirab və çətinlik içindədirlər. Hər cür sınaq insana hücum edir və cürbəcür şiddətli bəlalar əjdaha kimi onun üstünə gəlir. Onun üçün Sənin himayədar, hifzedici, qoruyucu və qayğı qanadının altından başqa bir sığınacaq və pənah yoxdur.

Sən Ey Mərhəmətli Allah! Ey mənim Rəbbim! Sənin mühafizəni mənim zirehim eylə, hifzini mənim qalxanım, təvazökarlığı Sənin təklik qapın önündə keşikçim, Sənin qayğı və müdafiəni mənim qalam və məkanım eylə. Nəfs və ehtirasımın hiyləsindən məni qoru, hər cür xəstəlik, sınaq, çətinlik və ağır imtahandan məni hifz eylə.

Həqiqətən, Sən Himayədar, Hifzedən, Qoruyan, Kifayətedənsən və həqiqətən, Sən rəhmlilərin Rəhmlisisən.

#4750
- Əbdül-Bəha Abbas

 

Ey mehriban və sevgili Allah! Şərq həyəcandadır, qərb isə dənizin daimi dalğaları kimi təlatümdədir. Müqəddəsliyin nəvazişli nəsimləri yayılır və Qeyb Səltənətindən Həqiqət Günəşinin şüaları parlaq şəfəq saçır. İlahi birlik himni oxunur və səmavi qüdrət bayraqları dalğalanır. Mələk Nidası ucalıb və nəhəng nərəsi kimi, fədakarlıq və faniliyə çağırır. Qalibiyyətli "Sən ey Nurluların Nurlusu" sədası hər tərəfdən ucalır və "Ya Əli-ül-Əla"1(Sən Ey Ulular Ulusu) çağırışı bütün diyarlarda səslənir. Və dünyada nə yeganə Dilbərin Cəlalından doğan iğtişaşdan başqa bir həyəcan, nə də Onun, misilsiz Məhbubun məhəbbətinin çoşqunluğundan doğan özgə bir təlatüm var.

Allahın sevimliləri hər bir məmləkətdə müşk ətirli nəfəslərilə parlaq çıraq kimi yanırlar və Mərhəmətlinin dostlarına, açılmış güllər kimi, bütün diyarlarda rast gəlmək olar. Onlar bir an belə dincəlmirlər; Sənin zikrin olmadan nəfəs belə çəkmirlər və Sənin əmrinə xidmətdən başqa bir arzuları yoxdur. Həqiqət çəmənzarında onlar şirin-şirin ötən bülbül və hidayət gülşənində al-əlvan çiçəkdirlər. Onlar Həqiqət Bağının cığırlarını məna çiçəklərilə bəzəyirlər; yellənən sərv ağacları kimi ilahi iradə arxının kənarlarına düzülüblər. Parlaq ulduzlar kimi xilqət üfüqündən şölə saçırlar; işıqlı səyyarələr tək bu dünyanın səmasında işıq verirlər. Onlar İlahi fəzl məzhərləri və İlahi yardım işığının məşriqidirlər.

Ey Mehriban Allah! İnayət eylə, qoy onların hamısı möhkəm və səbatlı olsunlar, daimi parlaqlıqla elə işıq saçsınlar ki, hər nəfəs çəkərkən xəfif nəsimlər əssin Sənin inayət çardağından, şeh düşsün Sənin fəzl dəryandan, Sənin məhəbbətinin bol yağmurları təravət bəxş etsin və həzin meh öz ətrini İlahi birlik Gülşənindən əsdirsin.

Ey Aləmin Məqsudu, Öz şəfəqindən bir şüa sal. Ey bəşərin Sevgilisi, bizim üzərimizə Üzünün nurunu saç.

Ey Qadir Allah! Bizə sipər ol və pənahımız ol, Ey varlığın Rəbbi, qüdrət və hökmranlığını zahir eylə.

Ey Mehriban Allah, nifaq təhrikçiləri bəzi diyarlarda meydan sulayır, gecə və gündüz ağır ziyanlar vururlar.

Zalımlar canavar kimi, pusquda durublar, məzlum və məsum qoyunların isə nə köməyi var, nə də himayəsi. Köpəklər, İlahi birlik düzünün ceyranını qovurlar, quzğunlar isə İlahi hidayət dağının kəkliklərini təqib edirlər.

Sən Ey İlahi Təqdir Sahibi, bizi saxla və hifz eylə! Sən Ey bizim Qalxanımız, bizi qoru və bizi müdafiə eylə! Öz pənahında saxla və Öz köməyinlə bizi bütün xəstəliklərdən qoru. Doğrudan da, Sənsən Həqiqi Mühafiz, Görünməz Himayəçi, Səmavi Xilaskar və Göylərin Mehriban Rəbbi.

#4751
- Əbdül-Bəha Abbas

 

Hüququllah-Allahın Hüququ

Hüququllah, həqiqətən böyük qanundur. Bu hər kəsə vacibdir ki, bu payı versin, çünki bu fəzl, bərəkət və bütün xeyirlərin mənbəyidir. Bu elə bir nemətdir ki, Hər şeyə Malik, ən Kəramətli Allahın bütün aləmlərində hər bir ruhla bərabər qalacaq.

Təriflər Sənə, Ey bütün xilqətin Rəbbi, Ey bütün şeylərin qayıdacağı Kəs. Mən batini və zahiri dilimlə şəhadət verirəm ki, Sən Özünü aşkar və zahir etdin, Öz əlamətlərini göstərdin və sübutlarını bəyan etdin. Mən Sənin Özündən başqa hər şeydən ehtiyacsız olmağına və Sənin bütün yer üzü şeylərindən pak olmağına şəhadət verirəm. Səni and verirəm Sənin Əmrinin ali cəlalına və Sənin Sözünün uca qüdrətinə, Sənin Öz Kitabında buyurduğunu yerinə yetirmək və Sənin qəbulunun ətrini yayan şeylərə əməl etmək istəyənə təyid bəxş eylə. Həqiqətən, Sən ən Qüdrətli, Ən Cəlallı, Ən Bağışlayan, Ən Səxavətlisən.

#4887
- Bəhaullah

 

Alqış Sənə, Ey mənim Şəfqətli Rəbbim! Səni and verirəm Sənin müqəddəs bəyan dəryanın təlatümünə və Sənin ali hökmranlığının saysız nişanələrinə, Sənin Allahlığının qəti dəlillərinə və Sənin elmində gizli qalan sirlərinə - mənə Sənə və Sənin seçilmişlərinə xidmət etmək fəzli əta eylə və məni qadir et ki, Kitabında hökm etdiyin Hüququnu lazımınca ödəyim.

Mən o kəsəm ki, İlahi, öz məhəbbətini Sənin cəlal səltənətinə bağlayıb və Sənin səxavətinin ətəyindən bərk yapışıb. Sən Ey bütün varlıqların Rəbbi və adlar səltənətinin Hakimi, yalvarıram Sənə, malik olduğun şeylərdən məni məhrum etmə və seçilmişlərin üçün müəyyən etdiklərini məndən əsirgəmə.

Rica edirəm Səndən, Ey bütün adların Rəbbi və göylərin Yaradanı, gücləndirici fəzlinlə mənə kömək et, Sənin əmrində elə möhkəm olum ki, dünyanın faniliyi məni pərdə kimi ayırmasın və Sənin günlərində Sənin insanlarını yoldan azdırmaq istəyən şər əhlinin şiddətli çaxnaşmaları mənə mane olmasın. Sonra, Ey mənim ürəyimin Arzusu, bu dünyanın və axirətin xeyrini mənə nəsib eylə. Həqiqərtən Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah Yoxdur, Həmişə Bağışlayan, Ən Səxavətli Аllаh.

#4888
- Bəhaullah

 

İanə haqqında dua

Allahın bütün dostları..., onların verdiyi ianə nə qədər cuzi olsa da, mümkün olan qədər ianə verməlidirlər. Allah hər hansı bir ruha onun gücündən artıq yük qoymaz. Belə ianələr bütün mərkəzlərdən və bütün möminlərdən gəlməlidir...

Ey Allahın Dostları! Əmin olun, bu ianələrin əvəzində sizin kənd təsərrüfatınız, sənayeniz və ticarətiniz qat-qat xeyir-bərakət alacaqdır. Kimsə Allahın yolunda bir savab iş görərsə, on qat mükafat alacaqdır. Hec şübhə yoxdur ki, əbədi olan Allah öz var-dövlətini Onun yolunda sərf edənlərə bərəkət verər.

Ey Allah, mənim Allahım! Öz həqiqi aşiqlərinin alınlarını nurlandır və zəfər mələklərinin qoşunu ilə onlara yardım eylə. Onların qədəmlərini Sənin düz yolunda möhkəmləndir və Öz qədim Kəramətindən onların üzünə nemət qapılarını aç; çünki onlar Sənin onlara bəxş etdiklərini Sənin yolunda sərf edirlər, Sənin Əmrini mühafizə edirlər, Sənin zikrinə təvəkkül edirlər, öz könüllərini Sənin məhəbbətin ücün fəda edirlər və Sənin camalına sitayiş etməkdə və Sənin razılıq yollarını aramaqda malik olduqlarını əsirgəmirlər.

İlahi! Onlara bol pay, qismət və layiqli mükafat qismət eylə. Həqiqətən, Sən Saxlayan, Yardımçı, Səxavətli, Kəramətli və Bəxş Edənsən.

#4754
- Əbdül-Bəha Abbas

 

İlahi təyid duaları

Ey Allah, Ey bütün Zühurları Yaradan, bütün Mənbələrin Mənbəyi, bütün Vəhylərin Qaynağı, bütün Nurların Çeşməsi! Mən şəhadət verirəm ki, Sənin Adınla irfan səması zinətləndi, bəyan dəryası təlatümə gəldi və Sənin Əmrin bütün dinlərin ardıcılarına bəyan oldu.

Yalvarıram Sənə, məni elə zəngin eylə ki, Səndən başqa heç kəsə möhtac olmayım və Səndən özgə heç kəsdən asılı olmayım. Sonra Öz kəramət buludlarından Sənin bütün aləmlərində mənə fayda verən şeyləri üstümə yağdır. Daha sonra Öz gücləndirici fəzlinlə mənə yardim eylə, Əmrinə bəndələrin arasında elə xidmət edim ki, səltənətin durduqca və mələkutun davam etdikcə məni xatırladacaq şeyləri nümayiş etdirim.

Bu Sənin bəndəndir, İlahi, bütün varlığı ilə Sənin kəramət üfüqünə, lütf dəryana və Sənin bəxşiş səmana dönüb. Sənin əzəmətinə və şanına, Sənin kərəminə və fəzlinə yaraşan tərzdə mənimlə rəftar eylə.

Sən, həqiqətən, qüvvət və qüdrət Allahısan, Sənə dua edənlərə cavab verməyə hazırsan. Səndən başqa Allah yoxdur, Hər Şeyi Bilən, Ən Hikmətli.

#4834
- Bəhaullah

 

Söylə: Ucalsın Sənin Adın, Ya Rəbb, mənim Allahım. Səni and verirəm o Adına ki, onunla müdriklik işığının şüaları parladı, o zaman ki, İlahi bəyan göyləri bəşərin arasında hərəkətə gətirildi – Öz səmavi təyidinlə mənə kömək eylə və bəndələrin arasında Sənin Adını ucaltmağa məni qadir eylə.

Ya Rəbb! Üzümü Sənə tərəf tutmuşam, Səndən başqa hər şeydən inqita etmişəm və Sənin saysız-hesabsız nemətlərinin libasının ətəyindən bərk yapışmışam. Ona görə də mənim dilimi aç, onları söyləyim ki, insanların ağlını məftun etsin, onların qəlbini və ruhunu şadlandırsın. Sənin Əmrində məni gücləndir ki, nə Sənin xilqətin arasında zalımların iqtidarı mənə mane olsun, nə də Sənin səltənətində sakin olanlar arasında imansızların hücumları məni saxlasın. Məni Sənin diyarlarında şölə saçan bir çıraq eylə ki, ürəklərində Sənin tanımağın işığı yanan və Sənin məhəbbətinin həsrəti qalan kəslər onun şöləsi ilə hidayət olunsunlar.

Həqiqətən, Sən hər nə iradə etsən, onu yerinə yetirməyə Qadirsən, Sən bütün xilqət aləmini Öz ovcunda tutursan. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Hikmətli.

#4835
- Bəhaullah

 

Ucalsın Sənin Adın, Ey mənim Allahım, çünki Sən o günü aşkar etdin ki, Günlərin Sultanıdır, O Gün ki, Onu Sən Öz seçilmişlərinə və Peyğəmbərlərinə Sənin ən uca Lövhələrində müjdəsini verdin, O Gün ki, onda Sən bütün adlarının cəlalının nurlarını yaradılmış şeylərin üzərinə səpdin. Xoş o kəsin halına ki, Sənə doğru yönəldi, Sənin hüzuruna nail oldu və Sənin nidanın şirinliyini eşitdi.

Səni and verirəm, Ey mənim Allahım, O Kəsin adına ki, Onun ətrafında bütün adların səltənəti təvaf edir - Sənə əziz olanlara kömək et ki, Sənin kəlamını Sənin bəndələrin arasında ucaltsınlar, yaratdıqların arasında Sənin tərifini yaysınlar, ta ki, vəhyinin şövqü Sənin yerinin sakinlərinin qəlblərini doldursun.

İndi ki Sən onları, İlahi, fəzlinin dirilik suyuna hidayət etmisən, kəramətinlə əta et ki, onlar Səndən aralı qalmasınlar; indi ki Sən onları Taxtının həndəvərinə səsləmisən, Öz hüzurundan inayətinlə onları qovma. O şeyləri nazil eylə ki, onları Səndən başqa hər şeydən tamamilə ayırsın və onları Sənə yaxınlıq fəzasında uçmağa qabil etsin, elə ki, nə zalımların iqtidarı, nə də Sənin ən uca və ən əzəmətli Varlığına inanmayanların eyhamı onları Səndən uzaqlaşdıra bilməsin.

#4836
- Bəhaullah

 

Təriflər olsun Sənə, Ya Rəbb mənim Allahım! And verirəm Sənin o adına ki, Onu heç kəs layiqincə tanıya bilməyib, mahiyyətini heç kim dərk edə bilməyib; Səni and verirəm, Vəhyinin Çeşməsi və əlamətlərinin Günəşi olan Kəsə - mənim ürəyimi Sənin məhəbbətinin və Sənin zikrinin xəzinəsi eylə. Sonra onu Sənin ən böyük Dəryana qovuşdur, ta ki, ondan Sənin hikmətinin dirilik suları və Sənin tərifinin və alqışının saf fəvvarələri çağlasın.

Mənim bədənimin əzaları Sənin birliyinə şəhadət verir və başımın tükləri Sənin hökmranlıq və əzəmətinin gücünü bəyan edir. Sənin fəzl qapında mən müti və tam itaətkarlıqla durmuşam və Sənin kəramətinin ətəyindən yapışmışam, baxışlarımı Sənin bəxşişlərinin üfüqünə dikmişəm.

Ey mənim Allahım, əzəmətinin böyüklüyünə yaraşan şeyləri mənə qismət eylə, gücləndirici fəzlinlə mənə kömək et, Sənin Əmrini elə təşviq edim ki, ölülər qəbirdən qalxsın və Sənə tərəf yürüsünlər, tamamilə Sənə təvəkkül etsinlər və nəzərlərini Sənin Əmrinin üfüqünə və Vəhyinin məşriqinə diksinlər.

Sən, həqiqətən, Qüdrət Sahibi, Ən Uca, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

#4837
- Bəhaullah

 

Alqış Sənə, Ey aləmin Rəbbi və millətlərin Məqsudu, Sən Ey Ən Böyük Adla zühur edən, o Ad ki, Onunla hikmət və bəyan gövhərləri Sənin irfan dənizinin sədəflərindən aşkara çıxdı və Sənin ilahi vəhy səmaların Sənin üzünün günəşinin şəfəqlərilə zinətləndi.

Səni and verirəm o Sözə ki, onunla Sənin dəlilin məxluqatın arasında tamamlandı və Sənin sübutun bəndələrin arasında yerinə yetdi – Sənin Əmrinin üzünü səltənətində parladacaq, Sənin iqtidar bayraqlarını bəndələrin arasında sancacaq, Sənin hidayət rəmzlərini səltənətlərin boyunca qaldıracaq şeylərdə dostlarını möhkəmləndir.

Ey mənim Rəbbim! Sən onları görürsən, Sənin fəzlinin ipindən tutublar və kərəminin əbasının ətəyindən yapışıblar. Onları Sənin yaxınlığına cəzb edən, Səndən başqa hər şeydən uzaqlaşdıran şeyləri onların nəsibi eylə.

Yalvarıram Sənə, Sən Ey mövcudatın Hökmdarı, görünən və görünməyənlərin Qoruyucusu, Sənin Əmrinə xidmətə qalxan hər kəsi Sənin istəyinlə hərəkətə gələn dənizə çevir, Müqəddəs Ağacının Sənin iradə üfüqündən parlayan odu ilə alovlandır.

Sən, həqiqətən Qüdrətlisən, O Kəssən ki, Onu nə bütün dünyanın qüvvəsi, nə də millətlərin gücü zəiflədə bilər. Səndən başqa Allah yoxdur, Tək Misilsiz, Qoruyan və Qəyyum.

#4838
- Bəhaullah

 

Sən bilirsən, ey Allah və şahidsən ki, mənim ürəyimdə Sənin razılığını qazanmaqdan, Sənə bəndəlikdə müvəffəq olmaqdan, özümü Sənin xidmətinə həsr etməkdən, Sənin böyük üzümlüyündə zəhmət çəkməkdən və hər şeyi Sənin yolunda qurban verməkdən başqa bir arzum yoxdur. Sən hər şeyi Bilən və hər şeyi Görənsən. Mənim Sənə olan məhəbbətimdən, yalnız Sənin səltənətinin gəlişini bəyan etmək və bütün insanlar arasında Sənin çağrışını ucaltmaq üçün qədəmlərimi dağlara və düzlərə yönəltməkdən başqa heç bir istəyim yoxdur. Ey Allah! Bu köməksizin yolunu aç, bu xəstəyə Öz ilacını əta eylə və bu dərdliyə Öz şəfanı bəxş eylə. Yanar ürəklə və gözləri yaşlı Sənin Astananda Sənə yalvarıram.

Ey Allah! Sənin yolunda istənilən bəlanı çəkmək üçün hazıram və bütün ürəyim və qəlbimlə istənilən çətinliklə qarşılaşmağı arzu edirəm.

Ey Allah! Məni sınaqlardan qoru. Sən yaxşı bilirsən ki, mən hər şeydən üz döndərmişəm və özümü bütün fikirlərdən azad etmişəm. Mənim Səni zikr etməkdən başqa məşğuliyyətim və Sənə xidmətdən başqa arzum yoxdur.

#4839
- Əbdül-Bəha Abbas

 

Ey mənim Allahım, Öz bəndənə kömək et ki, Sənin Sözünü ucaltsın, bihudə və uydurma olanı rədd etsin, haqqı bərqərar etsin, müqəddəs ayələri yaysın, təcəlliləri zahir etsin, səhər şəfəqlərinin möminlərin ürəyində doğmasına səbəb olsun.

Sən, həqiqətən, Səxavətlisən, Bağışlayansan.

#4840
- Əbdül-Bəha Abbas

 

Ey Allah, mənim Allahım! Öz etibarlı bəndələrinə kömək eylə ki, mehriban və incə ürək sahibi olsunlar. Onlara kömək eylə ki, səma Sakinlərindən gələn hidayət nurunu yer üzünün bütün millətləri arasında yaysınlar. Həqiqətən, Sən Güclü, Qüdrətli, Qüvvətli, Qalibiyyətli, Həmişə Bəxşedənsən. Həqiqətən, Sən Səxavətlisən, Rəhmlisən, Şəfqətlisən, Kərimsən.

#4841
- Əbdül-Bəha Abbas

 

Görürsən məni, Ey mənim Allahım, mütiliklə təzim etmiş, hökmlərin qarşısında boyun əymiş, hökmranlığına təslim olmuşam, səltənətinin qüdrətindən titrəyir, qəzəbindən qaçıram, fəzlini diləyir, əfvinə təvəkkül edir, qeyzindən əsirəm. Döyünən ürəyimlə, sel kimi axan göz yaşlarımla, həsrət dolu qəlbimlə və bütün şeylərdən tam inqita etməklə Sənə yalvarıram - aşiqlərini Özünün bütün səltənətlərin boyunca yayılan işıq şüaları eylə və seçilmiş bəndələrinə Sənin Kəlamını ucaltmaqda yardım eylə ki, üzləri gözəlləşsin və parlaq işıq saçsın, qəlbləri sirlərlə dolsun və çiyinləri günah yükündən azad olsun. Sonra zülmkardan, şər əməl törətmiş utanmazlardan və kafirlərdən onları qoru.

Həqiqətən, Sənin aşiqlərin susuzdur, Ey mənim Allahım; onları fəzl və kəramət çeşməsinə yönəlt; acdırlar, onlara Sənin səmavi süfrəni nazil eylə; üryandırlar, onları irfan və bilik libasına bürü.

Qəhrəmandırlar, İlahi, onları döyüş meydanına götür. Yol göstərəndirlər, qoy dəlil və sübutla danışsınlar. Saqidirlər, qoy iqan şərabı ilə dolu piyaləni əldən ələ ötürsünlər. Ey mənim Allahım, onları gözəl bağçada ötən nəğməkar quş eylə, cəngəllikdə pusan aslan və dərinlərə dalan nəhəng balıq eylə.

Həqiqətən, Sən bol fəzl Sahibsən. Səndən başqa Allah yoxdur. Qüdrətli, Qüvvətli, Daima Ətaedən.

#4842
- Əbdül-Bəha Abbas

 

Sən Ey Bənzərsiz Allah! Sən Ey Mələkutun Rəbbi! Bu ruhlar Sənin səmavi qoşunundur. Onlara kömək eylə, Uca Səma Sakinlərinin dəstəsi ilə onlara zəfər bəxş eylə, ta ki, onlardan hər biri bir alay olsun və Allahın məhəbbəti və ilahi təlimlərin nuru ilə bu ölkələri fəth etsin.

Ey Allah! Onlara Sən dəstək ol, düzdə, dağda, vadidə, meşədə, çöldə və dənizdə, Sən ol onların köməyi, Sən ol onların dostu – ta ki, onlar Sənin səltənətinin qüdrəti və Müqəddəs Ruhun nəfəsi ilə səslərini ucaltsınlar.

Həqiqətən, Sən Qüdrətlisən, Əzəmətli və Qadirsən və Sən Hikmətli, Eşidən və Görənsən.

#4843
- Əbdül-Bəha Abbas

 

Ey Allah, mənim Allahım! Sən məni görürsən, Sənin Əbha Mələkutuna məftun halda ona cəzb olunmuşam. Bəşərin arasında Sənin məhəbbətinin atəşindən alovlanmışam, Sənin mələkutunun bu geniş və ucsuz-bucaqsız torpaqlarda carçısıyam, Səndən başqa hər şeydən ayrılmışam, Sənə təvəkkül etmişəm, rahatlıq və dincliyimi tərk etmişəm, doğma evimdən uzaqlarda, bu diyarlarda dolaşıram, üzü üstə torpağa düşən bir qəribəm, Sənin uca Astananda itaətkaram, Sənin qüdrətli cəlalının səmasına təslim olmuşam, gecələrin səssizliyində və dan yeri söküləndə Sənə dua edir, səhərlər və axşamlar Səni çağırır və yalvarıram, Sənin Əmrinə xidmət etmək, Sənin təlimlərini yaymaq, Şərq və Qərb boyunca Sənin Sözünü ucaltmaq üçün mənə kömək eylə.

Ya Rəbb! Mənim belimi gücləndir, mənə kömək eylə ki, Sənə ən güclü səylə xidmət edim, yalqız və köməksiz halda bu diyarlarda məni təkbaşıma buraxma.

Ya Rəbb! Yalnızlığımda Səninlə ünsiyyətə mənə izn ver və bu qərib ellərdə mənim munisim ol.

Həqiqətən, Sən arzu etdiyin hər bir şeydə istədiyin kəsə təyid əta Edənsən və həqiqətən, Sən Qüvvət və Qüdrət Sahibisən.

#4844
- Əbdül-Bəha Abbas

 

İlahi! İlahi! Sənin yaratdıqların qarşısında mənim zəifliyimi, təvazökarlığımı və mütiliyimi görürsən, bununla belə, Sənə etibar etmişəm. Sənin qüvvət və qüdrətinə təvəkkül edərək, Sənin təlimlərini Sənin güclü bəndələrin arasında yaymaq üçün ayağa qalxmışam.

Ya Rəbb! Mən qanadı sınmış bir quşam və Sənin sonsuz fəzanda uçmaq istəyirəm. Sənin inayət və fəzlin, Sənin təyid və yardımın olmasa, mən bunu necə edə bilərəm.

Ya Rəbb! Mənim zəifliyimə acı, Öz qüvvətinlə məni gücləndir. Ya Rəbb! Mənim acizliyimə yazığın gəlsin, Özünün qüdrət və əzəmətinlə mənə yardım eylə.

Ya Rəbb! Müqəddəs Ruhun nəfəsi ən zəif varlığa kömək etsə, o can atdığı hər şeyə çatar və arzu etdiyi hər şeyi əldə edər. Həqiqətən, Sən Öz bəndələrinə keçmişdə kömək etmisən, onlar Sənin məxluqlarının ən zəifi, bəndələrinin ən fəqiri və yer üzündə nə vaxtsa yaşayanlardan ən önəmsizləri olsa belə, Sənin iznin və qüdrətinlə Sənin insanlarının ən şərəflisindən və bəşərin ən nəcibindən də üstün olmuşlar. Əvvəllər onlar kəpənək idilərsə, indi Sənin bəxşiş və mərhəmətinlə sultan şahini oldular, əvvəllər kiçik çay idilərsə, indi dənizlər oldular. Sənin ən böyük lütfünlə, onlar hidayət üfüqündən parlayan ulduzlar, əbədiyyət gülşənində oxuyan quşlar, elm və hikmət meşələrində nərə çəkən aslan və həyat dəryasında üzən balıqlar oldular.

Həqiqətən, Sən Şəfqətli, Qüdrətli, Əzəmətli və Rəhmlilərin Rəhmlisisən.

#4845
- Əbdül-Bəha Abbas

 

Ey Allah, mənim Allahım! Sən görürsən, qara zülmət bütün diyarları necə bürüyür. Bütün ölkələr ixtilaf atəşində necə yanırlar, müharibə və qətliyam Şərq və Qərbi necə oda qalayıb. Qanlar tökülür, bədənlər torpağa sərilib, üzülümüş başlar savaş meydanında toz-torpağa düşüb.

Ya Rəbb! Bu nadanlara yazığın gəlsin, onlara əfv və bağış gözlərilə bax. Bu atəşi söndür ki, üfüqləri tutan bu qara buludlar dağılsın, Həqiqət Günəşi barış şualarını saçsın, bu qaranlıq qovulsun və sülhün parlaq nuru öz şəfəqlərini bütün ölkələrin üzərinə yaysın.

Ya Rəbb! Xalqları nifrət və ədavət dəryasının burulğanından çıxar, onları bu qatı zülmətdən qurtar. Ürəklərini birləşdir, sülh və barış nuru ilə gözlərini işıqlandır. Onları savaş və qırğın uçurumundan qurtar, azğınlıq qaranlığından xilas eylə. Onların gözlərindən pərdəni qaldır və ürəklərini hidayət işığı ilə nurlandır. Onlarla inayət və mərhəmətinlə davran, qüdrətliləri titrədən ədalətin və qəzəbinlə onlarla rəftar etmə.

Ya Rəbb! Müharibələr uzanır. Bədbəxtlik və həyəcanlar çoxalıb və hər bir çiçəklənən diyar viran qalıb.

Ya Rəbb! Ürəklər sıxıntıda, qəlblər iztirabdadır. Bu bədbəxtlərə rəhm eylə, onları öz ifrat ehtiraslarına buraxma.

Ya Rəbb! Öz ölkələrində təvazökar və itaətkar ruhlar meydana çıxar, o ruhlar ki, üzləri hidayət şüaları ilə nurlanıb, bu dünyadan əllərini üzüblər, Sənin Adını ucaldır, tərifini söyləyirlər və bəşərin arasında Sənin müqəddəslik ətirlərini yayırlar.

Ya Rəbb! Onların belini gücləndir, kəmərlərini qurşa və ürəklərini Sənin məhəbbətinin ən böyük əlamətləri ilə heyran eylə.

Ya Rəbb! Həqiqətən, onlar zəifdirlər, Sən isə Qüvvətli və Qüdrətlisən; onlar acizdirlər, Sən isə Köməkedən və Mərhəmətlisən.

Ya Rəbb! Asilik dəryaları dalğalanır və bu təlatümlər ancaq Sənin bütün diyarları əhatə edən hüdudsuz fəzlinlə sakitləşə bilər.

Ya Rəbb! Həqiqətən, insanlar ehtiras uçurumuna yuvarlanıblar və Sənin sonsuz kəramətindən başqa heç nə onları xilas edə bilməz.

Ya Rəbb! Bu azmış nəfs qaranlığını qov və Sənin məhəbbətinin tezliklə bütün ölkələri nurlandıracaq çırağıyla ürəkləri nurlandır. Sənin rahiyələrini yaymaq və Sənin Təlimlərini bəyan etmək üçün vətənlərini, ailələrini və uşaqlarını tərk edərək Sənin Camalına məhəbbətləri xatirinə qürbət diyarlara yayılmış dostlarını müvəffəq eylə. Yalqızlıqlarında onların həmdəmi, yad torpaqlarda onların köməyi və kədərlərini dağıdan ol, bəla zamanı isə onların təsəlli verəni ol. Susuzluqlarında sərinləşdirici içkisi, xəstəliklərində şəfaverici dərmanı və ürəklərinin həsrət atəşinə məlhəm ol.

Həqiqətən, Sən Ən Səxavətli, bol fəzl Sahibisən, həqiqətən, Sən Şəfqətli və Mərhəmətlisən.

#4846
- Əbdül-Bəha Abbas

 

Sən Ey Mehriban Allah! Təriflər olsun Sənə ki, hidayət yollarını bizə göstərdin, mələkut qapılarını açdın və Həqiqət Günəşi vasitəsilə Özünü aşkar etdin. Korlara Sən işıq verdin; karlara Sən eşitmə əta etdin; Sən ölüləri diriltdin; kasıbları varlı etdin; yolunu azanlara Sən yol göstərdin; dodaqları susuzluqdan quruyanları hidayət çeşməsinə yönəltdin; Sən izn verdin ki, yanan balıq həqiqət dəryasına yetsin; sərgərdan quşları fəzl gülşəninə Sən dəvət etdin.

Sən Ey Ən Qüdrətli! Biz Sənin bəndələrinik və Sənin fəqirlərinik; biz uzaq düşmüşük, Sənin hüzurunun həsrətindəyik; Sənin çeşmənin suları üçün susamışıq. Xəstəyik, şəfanı diləyirik. Biz Sənin yolunda gedirik, Sənin ətirlərini yaymaqdan başqa bir məqsədimiz ya bir ümidimiz yoxdur, ta ki, bütün ruhlar qalxıb: “Ey Allah, bizi doğru yola yönəlt” deyə səslənsinlər. Qoy onların gözləri açılsın ki, nuru görsünlər, cahillik zülmətindən azad olsunlar. Qoy onlar hidayət çırağınıın ətrafında toplaşsınlar. Qoy binəsib qalan kəs pay alsın. Qoy məhrum qalanlar Sənin sirlərinə vaqif olsunlar.

Ey Ən Qüdrətli! Bizə mərhəmət nəzərilə bax. Səmavi təyid əta eylə. Bizə Müqəddəs Ruhun nəfəsini bəxş eylə ki, Sənə xidmətdə biz kömək alaq və bu diyarlarda parlaq ulduzlar kimi, Sənin hidayət nurunla şölə saçaq.

Həqiqətən, Sən Qüvvətlisən, Qüdrətlisən, Hikmətli və Görənsən.

#4847
- Əbdül-Bəha Abbas

 

Ey mənim Allahım! Ey mənim Allahım! Heçliyim və zəifiyimlə Sən məni görürsən, böyük bir məsuliyyət altına girmişəm, kütlələr arasında Sənin sözünü ucaltmaq və Sənin təlimlərini insanlar arasında yaymaq üçün ayağa qalxmaq əzmindəyəm. Əgər Sən Müqəddəs Ruhun nəfəsilə mənə kömək etməsən, mən necə müvəffəq ola bilərəm. Mənə kömək eylə, Sənin cəlal səltənətinin qoşunları ilə qələbə çalım və mənə təyidini nazil eylə ki, o, təkbaşına kiçik bir cücünü qartala, bir damlanı çaylara və dənizlərə, zərrəni isə səyyarə və günəşlərə çevirər!

İlahi! Mənə Sənin müzəffər və güclü qüdrətinlə kömək et ki, dilim Sənin tərifini və əlamətlərini bütün insanlar arasında söyləsin və mənim ruhum Sənin məhəbbət və irfan şərabınla dolub daşsın. Sən Qadir və İstədiyini Edənsən.

#4848
- Əbdül-Bəha Abbas

 

Ya Rəbb, mənim Allahım! Sənə tərif və şükrlər olsun ki, məni mələkutun geniş yoluna yönəltdin, izn verdin ki, bu dorğu və geniş yolda addımlayım, Sənin nurunun şəfəqlərinə baxmaqla gözümü nurlandırdın, sirlər səltənətindən müqəddəslik quşlarının nəğmələrini mənə eşitdirdin və möminlər arasında Sənin məhəbbətinlə ürəyimi cəzb etdin.

Ya Rəbb! Müqəddəs Ruhla mənə təyid ver ki, Sənin Adınla mən millətlər arasında səsimi ucaldım və bəşərin arasında Sənin səltənətinin aşkar olması müjdəsini verim.

Ya Rəbb! Mən zəifəm, Öz gücün və qüdrətinlə məni qüvvətləndir. Dilim dolaşır, izn ver Səni xatırlayım və tərifini söyləyim. Mən zəliləm, Sənin mələkutuna daxil olmağa izn verməklə məni şərəfləndir. Mən uzağam, qoy Sənin mərhəmət astanana yaxınlaşım.

Ya Rəbb! Məni şölə saçan bir çıraq eylə, parlayan bir ulduz, budaqları bütün diyarlara kölgə salan və meyvələrlə bəzənmiş mübarək bir ağac eylə. Həqiqətən, Sən Qüdrətli, Qüvvətli və İxtiyar Sahibisən.

#4849
- Əbdül-Bəha Abbas

 

Ey Allah! Ey Allah! Bu qanadı sınıq bir quşdur və onun uçuşu çox zəifdir, ona elə kömək et ki, firavanlıq və xilas zirvəsinə uça bilsin, sonsuz fəza boyunca onun yolunu ən yüksək sevinc və şadlıqla qanadlandır, Sənin Ən Uca Adınla onun nəğmələrini bütün diyarlarda yüksəlt, qulaqları onun səsilə sevindir, gözləri hidayət nişanələrini görməklə işıqlandır.

Ya Rəbb! Mən yalnızam, tək və kimsəsizəm. Səndən başqa mənim dayağım yoxdur, Səndən qeyri mənim köməyim yoxdur, Səndən savayı mənim yardımım yoxdur. Sənə xidmətimdə mənə təyid ver, məlakələrinin qoşunu ilə mənə yardım et, Sözünü Ucaltmaqda məni qalib et və izn ver ki, yaratdıqların arasında Sənin hikmətini söyləyim. Həqiqətən, Sən zəiflərə kömək edən, gücsüzləri himayə edənsən və həqiqətən, Sən Qüvvətli, Qüdrətli və İxtiyar Sahibisən.

#4850
- Əbdül-Bəha Abbas

 

Təriflər olsun Sənə, Ey mənim Allahım! Bunlar Sənin o bəndələrindir ki, Sənin rəhmani rahiyələrinə cəzb olunublar, Sənin təkliyinin ağacında yanan atəşlə alovlanıblar, o kəslərdir ki, Sənin vahidlik Turunda şölə saçan nurun şəfəqlərinə baxmaqla gözləri işıqlanıb.

Ya Rəbb! Onların dillərini azad et ki, Sənin insanların arasında Səni zikr etsinlər, fəzlin və inayətinlə onlara imkan ver ki, Səni tərif etsinlər, Öz mələklərinin qoşunu ilə onlara yardım et, Sənə xidmətdə onların qurşağını bərkit, Sənin xilqətin arasında onları hidayət nişanələri eylə.

Həqiqətən, Sən Ən Qüvvətlisən, Ən Ucasan, Həmişə Bağışlayan, Ən Mərhəmətlisən.

#4851
- Əbdül-Bəha Abbas

 

Ey Allah, mənim Allahım! Sən bu zəif kimsəni görürsən ki, səmavi qüvvə üçün yalvarır, bu fəqir varlığı görürsən ki, əbədi həyat çeşməsi diləyir, bu xəstəni görürsən ki, Sənin sonsuz mərhəmətindən vəd etdiyin şəfanı diləyir, o mərhəmət ki, Sən onu Özünün göydəki məlakutunda seçilmiş bəndələrərinə qismət etmisən.

Ya Rəbb! Mənim Səndən başqa köməyim, Səndən özgə pənahım, Səndən qeyri dayağım yoxdur. Öz mələklərinlə mənə kömək eylə ki, Sənin müqəddəs rahiyələrini saçım və Sənin insanlarından seçilmişlər arasında Sənin təlimlərini yayım.

İlahi! İzn ver, Səndən başqa hər şeydən inqita edim, Sənin kəramət ətəyindən möhkəm yapışım, büsbütün Sənin Dininə bağlanım, Sənin məhəbbətində möhkəm və səbatlı qalım və Kitabında yazdıqlarına əməl edim.

Həqiqətən, Sən Qüvvətli, Qüdrətli və Qadirsən.

#4852
- Əbdül-Bəha Abbas

 

İlahi xidmət duaları

Ey Allah, bütün Adların Allahı və göyləri Yaradan! Səni and verirəm o Adına ki, onun vasitəsilə Sənin Qüvvətinin Məzhəri və Qüdrətinin Məşriqi olan Kəs zühur etdi, Onun vasitəsilə hər bir bərk şey əridi və hər bir ölü bədən dirildi və hər bir ruh möhkəmləndi – yalvarıram Sənə, məni qadir eylə ki, özümü Səndən başqa hər kəsə bağlılıqdan qurtarım, Sənin Əmrinə xidmət edim və Sənin Öz hökmranlığının gücü ilə istədiyini istəyim və Sənin iradənin razı qaldıqlarına əməl edim.

Yenə yalvarıram Sənə, Ey mənim Allahım, mənə onları qismət eylə ki, məni kifayət qədər zəngin etsin və Səndən başqa heç kəsdən asılı olmayım. Sən məni görürsən, Ey mənim Allahım, üzümü Sənə tutmuşam, fəzlinin ipindən yapışmışam. Mənə Öz mərhəmətini nazil eylə və mənə seçilmişlərinə yazdıqlarını yaz. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, həmişə Bağışlayan, Ən Kəramətli.

#4752
- Bəhaullah

 

Alqış söyləyirəm Sənə, Ey mənim Allahım, Sənin inayətinin rayihələri məni bihuş etdi və mərhəmətinin nəvazişli nəsimləri məni bol lütflərinə yönəltdi. Səxavət barmaqlarınla, İlahi, mənə o dirilik çeşməsindən içir ki, ondan dadan hər kəsi Səndən başqa bütün bağlılıqlardan azad olmağa, Sənin inqita fəzana uçmağa və nəzərlərini Sənin inаyətinə və bol bəxşişlərinə dikməyə qabil etdi.

Məni hazır eylə, İlahi, hər bir şəraitdə Sənə xidmət edim, Sənin Əmr və Camalının məbədinə üz tutum. Əgər istəsən, məni Öz fəzl çəmənliyinin zərif bir bitkisi eylə ki, Sənin iradənin nəvazişli nəsimləri məni hərəkətə gətirsin və məni Sənin istəyinə uyğun olaraq elə əsdirsin, ki, mənim hərəkətim və sükunətim tamamilə Sənin ixtiyarında olsun.

Sən O Kəssən ki, Onun adı ilə Gizli Sirr açıldı, möhkəm Qorunan Ad aşkar oldu, möhürlənmiş piyalənin möhürü açıldı və istər keçmişdə, istərsə də gələcəkdə olan bütün varlıqların üzərinə onun ətri səpildi. Susuz olan kəs, İlahi, Sənin fəzlinin dirilik suyuna tələsdi, biçarə olan kəs isə Sənin sərvət dənizində qərq olmaq istədi.

And olsun Sənin cəlalına, Ya Rəbb, Ey aləmin Məhbubu və Səni tanıyanların Məqsudu! Sənin Vüsal Günəşin parıltısını Sənin ümmətinin üstünə saldığı bu günlərdə, Səndən ayrılığın qəm-qüssəsi məni dərdə salıb. Elə isə, nəzərlərini Sənin üzünə dikən, izninlə Sənin dərgahına daxil olan və hökmünlə Səninlə üzbəüz dayanan kəslərin mükafatını mənə yaz.

Səni and verirəm, Ey mənim Allahım, işığı yeri və göyü əhatə edən adına - mənim iradəmi Sənin Lövhlərində müəyyən etdiklərinə təslim olmağa qabil eylə ki, özümdə Sənin Öz hökmranlığınla istədiyindən başqa bir istək və Sənin Öz iradənlə mənə hökm etdiyindən özgə bir iradə tapmayım.

Mən kimə üz tutum, İlahi, Sənin Seçilmişlərinə göstərdiyin yoldan başqa bir yol tapmaqda belə aciz ikən? Yer üzünün bütün zərrələri bəyan edir ki, Sən Allahsan və şəhadət verir ki, Səndən başqa Allah yoxdur. Sən əzəldən Öz istədiyini etməyə Qadir olmusan və istədiyini hökm etmisən.

Mənə elə bir qismət yaz ki, Ey mənim Allahım, hər zaman üzümü Sənə tutum, daima Sənin fəzlinin ipindən yapışım, Sənin adını elan edim, Sənin qələmindən süzülənləri arayım. Mən fəqir və kimsəsizəm, İlahi, Sən isə hər şeyə Malik və Ən Ucasan. Elə isə, mərhəmət möcüzələrinlə mənə rəhm eylə və həyatımın hər bir anında mənə o şeyləri nazil eylə ki, onunla Sən Sənin birliyini tanıyanların və Sənə vəfalı qalanların ürəklərini yenidən yaratmısan.

Sən, həqiqətən, Qüdrətli, Ən Uca, Hər şeyi Bilən və Hikmət Sahibisən.

#4753
- Bəhaullah

 

Kömək və yardım duaları

Ey üzü qibləm, camalı Məbədim, dərgahı məqsədim, tərifi ümidim, istəyi munisim, eşqi varlıq səbəbim, zikri təsəllim, yaxınlığı amalım, vüsalı son arzum, uca diləyim Allah! Yalvarıram Sənə, bəndələrindən seçilmişlərin üçün yazdıqlarından məni məhrum etmə. Sonra mənə bu dünyanın və o dünyanın xeyrini nəsib eylə.

Sən, həqiqətən, bütün insanların Sultanısan! Səndən başqa Allah yoxdur, Sən Həmişə Bağışlayan və Ən Səxavətlisən.

#4765
- Bəhaullah

 

Mənim Allahım, Məbudum, Sultanım, Məqsudum! Sənə şükrlərimi hansı dil bəyan edə bilər? Qafil idim, ayıltdın, Səndən üz çevirmişdim, Sənə tərəf dönməyimə mərhəmətlə kömək etdin. Ölü idim, dirilik suyu ilə mənə həyat verdin. Solmuşdum, Ən Mərhəmətlinin Qələmindən axan bəyan Kövsərindən mənə təravət bağışladın.

Ey Pərvərdigar! Bütün mövcudat Sənin kəramətindən yaranmışdır; Öz səxavət sularından onu məhrum etmə və mərhəmət dənizindən onu kənar tutma. Hər zaman və hər bir şəraitdə Sənin kömək və yardımın üçün yalvarır və Sənin fəzl göyündən qədimi bəxşişini diləyirəm. Sən, həqiqətən, Kəramət Sahibi və əbədi Mələkut Sultanısan.

#4766
- Bəhaullah

 

Ucalsın Sənin Adın, ya Rəbb, bizim Allahımız! Sən həqiqətən, görünməyən şeyləri Bilənsən. Bizə o xeyiri nəsib eylə ki, Sənin hər şeyi əhatə edən elmin ölçə bilər. Sənsən hökmran Allah, Qüdrətli və sevgili Məhbub.

Bütün alqış Sənə olsun, Ya Rəbb! Təyin olunmuş gündə biz Sənin mərhəmətini axtarar və bütünlüklə, Ey bizim Rəbbımız, Sənə təvəkkül edərik. Sən Cəlal Sahibisən, İlahi! Bizə xeyirli və layiqli olanı bəxş eylə ki, Səndən başqa hər şeydən azad olaq. Həqiqətən, Sənsən aləmlərin Rəbbi.

İlahi! Sənin günlərində səbrli olanları mükafatlandır və onların qəlblərini möhkəmləndir ki, Haqqın yolundan yayınmasınlar. Sonra, Ya Rəbb, elə xeyir-bərəkətləri bəxş eylə ki, onları Sənin tam xoşbəxtlik Cənnətinə daxil olmağa qabil etsin. Ucasan Sən, Ya Rəbb, İlahi! Öz səma nemətlərini Sənə inananların evlərinin üzərinə yağdır. Həqiqətən, İlahi, nemətlər nazil etməkdə Sənin bərabərin yoxdur. Ey Allah, Sənin vəfalı bəndələrinə zəfər qazanmaqda kömək edən qoşunlar göndər. Sən yaradılmış hər şeyi Öz əmrinlə istədiyin şəklə salırsan. Sən həqiqətdə Hökmran, Yaradan və Hikmət Sahibisən.

Söylə: Həqiqətən, Allah bütün şeylərin Xaliqidir! O bol ruzini istədiyi kəsə bəxş edir. O Yaradıcı, bütün varlıqların Mənbəyi, Qurucu, Qüdrətli, Həyatverici, Ən Hikmətlidir. Göylərdə, yerdə və onların arasında olan ən gözəl adlar Ona məxsusdur. Hər şey Onun əmrinə tabedir, yerin və göyün sakinləri Onun tərifini ucaldır və hamı Ona gayıdacaqdır.

#4767
- Bab

 

Ey mənim Allahım, mənim Rəbbim və mənim Mövlam! Mən yaxınlarımdan ayrılmışam, Sənin vasitənlə dünya əhlindən asılılıqdan qurtulmağa çalışmış və Sənin nəzərində layiqli olanları əldə etməyə tam hazır olmuşam. Mənə o nemətləri bəxş eylə ki, onunla Səndən başqa hər şeydən azad olum və mənə sonsuz bərəkətlərindən bol pay əta eylə. Həqiqətən, Sən böyük fəzl Sahibisən.

#4768
- Bab

 

İlahi! Çarəsizik, lütf eylə; fəqirik, sərvət dəryandan pay ver; möhtacıq, qane eylə; zəlilik, izzətini əta eylə. Göydəki quşlar və yerdəki heyvanlar öz yemini hər gün Səndən alır, bütün varlıqlar Sənin inayət feyzindən bəhrələnir.

Bu acizi ecazkar fəzlindən binəsib qoyma və qüdrətinlə bu çarəsizi bəxşişinə layiq gör.

Gündəlik ruzimizi ver və bərəkətini ehsan et, ta ki, Səndən başqa heç kəsə möhtac olmayaq, ancaq Səninlə ünsiyyətdə olaq, Sənin yollarınla gedək və Sənin sirlərini açıqlayaq. Sənsən Qüdrətli, Mehriban, bəşərə Ruzi Verən.

#4769
- Əbdül-Bəha Abbas

 

Sən Ey mehriban Allah! Biz Sənin astananın bəndələriyik, Sənin müqəddəs Qapına sığınmışıq. Biz bu möhkəm sütundan başqa sığınacaq axtarmırıq, Sənin himayə pənahından başqa heç yerə üz tutmuruq. Bizi hifz eylə, inayət eylə, himayə göstər, bizi qabil eylə ki, ancaq Sənin razılığını sevək, təkcə Sənin tərifini söyləyək, yalnız həqiqət yolunda addımlayaq, ta ki, kifayət qədər zəngin olaq, Səndən başqa heç kimə möhtac olmayaq və Sənin səxavət dənizindən öz bəxşişlərimizi alaq; ta ki, hər zaman Sənin Əmrini ucaltmağa və Sənin şirin rahiyələrini yaymağa çalışaq; ta ki, özümüzü unudaq, yalnız Səninlə məşğul olaq və hamıdan əl üzək, Sənə bağlanaq.

Sən Ey Ruzi verən, Sən Ey Bağışlayan! Öz fəzlini, inayətini, feyzlərini və nemətlərini bəxş eylə, bizi bəslə və yetişdir ki, öz məqsədimizə çataq. Sən Qüvvətlisən, Qadirsən, Bilən və Görənsən; və həqiqətən, Sən Səxavətlisən, həqiqətən, Sən Mərhəmətlisən, həqiqətən, Sən peşimançılığı qəbul edən, ağır günahları əfv Edən, həmişə Bağışlayansan.

#4770
- Əbdül-Bəha Abbas

 

Yığma, İlahi, Sənin adınla açılmış bayram süfrəsini və Sənin sönməz atəşinlə alovlandırılmış yanar odu söndürmə. Sənin cəlalın və zikrinin nəğməsi ilə şırıldayan o dirilik suyunu çağlamaqdan saxlama və Öz bəndələrini Sənin məhəbbətinin ətirlərini saçan o şirin rayihələrindən məhrum etmə.

İlahi! Öz övliyalarının dərdlərini yüngülləşdir, onların çətinliklərini rahatlığa, zillətini izzətə və qəmlərini sevincə çevir, Sən Ey bəşərin cilovunu ovcunda Tutan!

Sən, həqiqətən, Təksən, Vahidsən, Qüdrətli, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

#4771
- Əbdül-Bəha Abbas

 

Nigah duaları

Bəhai nigahı iki tərəfin ittifaqı və səmimi sevgi bağlılığıdır. Onlar, bununla belə, bir-birinin xasiyyətləri ilə tam tanış olmaları üçün çox ciddi diqqət göstərməlidirlər. Bu əbədi bağın etibarlılığı sarsılmaz əhdlə möhkəmləndirilməlidir və məqsəd ahəng, yoldaşlıq və birlik yaratmaq və əbədi həyata yetişmək olmalıdır.

Evlilik əhdi-peymanı ayəsi Kitabi-əqdəsdə şərtləndirildiyi kimi, ayrıca bəy və gəlin tərəfindən Ruhani Məhfilin qəbul etdiyi ən azı iki şahidin hüzurunda söylənməlidir:

"Biz hamımız, həqiqətən, Allahın iradəsinə tabe olacağıq."

Odur Əta Edən və Kəramətli! Qədim, Daimi, Dəyişməz və Əbədi Allaha həmd olsun! Özü Öz Varlığına şəhadət vermiş Allah ki, O, həqiqətən, Tək, Vahid, Qeyri-Məhdud və Ucadır. Biz isə Onun vəhdaniyyətini qəbul edərək və Onun təkliyini etiraf edərək şəhadət veririk ki, həqiqətən, ondan başqa Allah yoxdur. O, əzəldən Özünün əlçatmaz yüksəkliyində, ucalığının zirvəsində, Özündən başqalarının zikrindən müqəddəs, Özündən özgələrin vəsfindən pakdır.

Və o zaman ki, O, bəşərə öz fəzl və ehsanını zahir etməyi və dünyanı nizama salmağı iradə etdi, O hökmlər nazil eylədi və qanunlar yaratdı; onların arasında O, nigah hökmünü müəyyən etdi, onu rifah və nicat qalası kimi təsis etdi və bizə Onun Ən Müqəddəs Kitabında müqəddəslik səmasından nazil etdiklərini əmr etdi. Cəlalı ulu olan Allah buyurur: "İzdivaca girin, ey insanlar, ta ki, Mənim bəndələrim arasında Məni zikr edənlər dünyaya gəlsin. Bu Mənim sizlərə hökmümdür; özünüzə yardımçı kimi ondan möhkəm yapışın."

#4780
- Bəhaullah

 

Odur Allah! Ey misilsiz Rəbb! Öz qüdrətli hikmətinlə Sən ümmətlərə nigah bağlamağı əmr etdin ki, bu dünyada insanların nəsilləri bir-birini əvəz etsin və həmişəlik, dünya durduqca onlar Sənin vahidlik Astananda özlərini bəndəlik və ibadət, alqış, pərəstiş və şükrlə məşğul etsinlər. "Mən ruhları və insanları ancaq mənə ibadət etmək üçün yaratdım!" 1(Quran, 3:67) Ona görə də öz Rəhmaniyyət səmandan, Sənin məhəbbət yuvanın bu iki quşunun nigahını kəs və onları daimi fəzli cəzb edən vasitə eylə; ta ki, bu iki məhəbbət dənizindən zərif bir dalğa qalxsın və inci kimi nəcib nəsillərin mirvariləri həyat dənizi sahilinə tökülsün. " O, bu iki dənizi açıb buraxdı ki, onlar bir-biri ilə govuşsunlar: Onların arasında keçilməyən bir sərhəd vardır. Onda Rəbbinizin hansı bəxşişlərini inkar edə bilərsiniz. Hər birindən O, iri və kiçik incilər çıxarır."2 (Quran, 56:62)

Sən Ey Mehriban Allah! Bu nigahı mərcan və incilər yetirməyə nail eylə. Sən, həqiqətən, Ən Qüvətli, Ən Ulu, Həmişə Bağışlayansan.

#4781
- Əbdül-Bəha Abbas

 

Alqış Sənə, Ey mənim Allahım! Həqiqətən, Sənin bu bəndən və bu kənizin Sənin mərhəmətinin kölgəsinə daxil olub və Sənin lütf və səxavətinlə qovuşublar. Ya Rəbb! Sənin bu dünyanda və mələkutunda onlara yardım eylə və Öz kəramət və fəzlinlə onlara hər cür xeyir-bərəkət qismət eylə. Ya Rəbb! Onları Sənə bəndəlikdə müvəffəq eylə və Sənə xidmətdə onlara yardım et. Onlara izn ver ki, Sənin Adının bu dünyada nişanələri olsunlar. Bu dünyada və axirətdə tükənməz bəxşişlərinlə onları hifz eylə. Ya Rəbb! Onlar Sənin mərhəmət səltənətinə yalvarır və Sənin təklik hökmranlığını diləyirlər. Həqiqətən, onlar Sənin hökmünə itaət etməklə evləniblər. Onları sonadək ahəng və birlik nişanələri eylə. Həqiqətən, Sən Qadirsən, Hər Yerdə Var Olan və Qüvvətlisən!

#4782
- Əbdül-Bəha Abbas

 

Ey mənim Allahim, Ey mənim Allahim! Bu iki gözəl ay tək nurlanmiş bəndələrin, Sənin Müqəddəs Astananda bəndəlikdə qovuşmaqla və Sənin Əmrinə xidmətdə birləşməklə, Sənin məhəbbətində nigah bağlayıblar. Bu izdivacı Öz xeyir-bərəkətlərinin sönməz işıqları eylə, Ey mənim Mərhəmətli Rəbbim, və Sənin bəxşişlərinin parlaq şüaları et, Sən Ey Kəramətli və Həmişə Bəxşedən Allah, ta ki, bu gözəl ağac elə pöhrələr versin ki, onlar Sənin feyz buludundan yağan lütflərinlə yaşıllaşıb böyüsün və çiçək açsınlar.

Həqiqətən, Sən Səxavətlisən. Həqiqətən, Sən Ən Qüdrətlisən, Həqiqətən, Sən Şəfqətli və Ən Mərhəmətlisən.

#4783
- Əbdül-Bəha Abbas

 

On doqquz gün ziyafəti

Ey Allah! İxtilafa səbəb olan bütün ünsürləri dağıt, bizə birlik və razılığa səbəb olan şeyləri yetişdir! Ey Allah! Səmavi Rayihələrini bizim üstümüzə saç və bu məclisi bir Cənnət məclisinə çevir! Bizə hər cür bərəkət ehsan eylə və yedizdir. Eşq Süfrəni bizim üçün hazırla! İrfan Süfrəni bizlərə aç. Səmavi Ziyalanma Süfrəni bizim üzərimizə saç.

#4784
- Əbdül-Bəha Abbas

 

Qadınlar üçün dualar

Alqış Sənə, Ey mənin Allahım! Sənə və Sənin əlamətlərinə iman gətirmiş kənizlərindən biri, Sənin birlik ağacının kölgəsində daxil olub. Ey mənim Allahım, Sənin Aşkar və Gizli adınla, Sənin nəfis, möhürlü şərabından ona icir ki, bu onu özündən alsın, bütünlüklə Sənin zikrinlə məşğul etsin və onu Səndən başqa hər kəsdən tamamilə ayırsın.

İndi ki Sən Özünü ona tanıtdırmısan, İlahi, Öz səxavətinlə onu Sənin fəzlindən rədd etmə; indi ki Sən onu Özünə çağırmısan, lütfünlə, onu Özündən uzaqlaşdırma. Sonra, Sənin yerinin üzərində olan hər şeydən üstün olanları ona nəsib eylə. Sən, həqiqətən, Ən Kəramətlisən, tükənməz Fəzl Sahibisən.

Əgər Sən bəndələrindən birinə yerin və göyün səltənətinə bərabər olanı əta etsəydin, o, yenə də Sənin bu səltənətinin sonsuzluğunu zərrə qədər də kiçiltməzdi. Sən insanların, adətən, Səni Böyük Olan deyə adlandırdıqlarından da böyüksən, çünki belə bir ad ancaq Sənin isimlərindən biridir, o isimlər ki, Sənin iradənin sadəcə bir əmri ilə yaranmışdir. Səndən başqa Allah yoxdur, qüdrət Allahı, şərəf Allahı, bilik və hikmət Allahı.

#4772
- Bəhaullah

 

Sən görürsən, Ey mənim Allahım, Sənə arxa çevirmiş məxluqatının törətdiyi şər əməllər, Sənin Allahlığının zahir oldugu Kəslə Sənin bəndələrin arasına necə girmişdir. Onlara, Ey mənim Allhım, o şeyləri göndər ki, onları bir-birinin qayğıları ilə məşğul etsin. Sonra isə qoy onların zorakılığı öz aralarında qalsın ki, torpaq və onun üstündə yaşayanlar sakitlik tapa bilsinlər.

Sənin kənizlərindən biri, İlahi, Sənin üzünü axtardı və Sənin razılıq fəzana pərvaz etdi. İlahi, Sənin kənizlərin arasında seçilmişlərin üçün müəyyən etdiklərindən onu məhrum etmə. Sonra qadir eylə onu, Sənin bəyanınla elə cəzb olunsun ki, onların arasında Sənin tərifini yüksəltsin.

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Qüdrətli Allah ki, hamı Onun köməyini diləyir.

#4773
- Bəhaullah

 

Sən Ey üzü Sənin həsrətini çəkənlərin sitayiş yeri, liqası Sənin iradənə büsbütün tabe olanların ümidi, yaxınlığı Sənin sarayına yaxın olanların arzusu, siması Sənin həqiqətini etiraf edənlərin munisi, adı Sənin üzünü görmək üçün yananların qəlblərini titrədən, nidası Sənin aşiqlərinin həqiqi həyatı, sözü yerdə və göydə olanlar üçün həyat suyu olan Kəs!

Səni and verirəm Sənin çəkdiyin zülmə və zalımların qoşunlarının Sənə vurduqları ziyanlara – Sənin mərhəmət buludlarından onu nazil et ki, məni Səndən olmayan bütün şeylərdən təmizləsin, ta ki, mən Səni tərif etməyə layiq olum və Səni sevməyə qabil olum.

İlahi, Sənin ətrafında olan kənizlərin və üzərlərinə Sənin gözəlliyinin işığının və Sənin üzünün şualarının davamlı düşdüyü kəslər üçün müəyyən etdiyin şeyləri məndən əsirgəmə. Sən O Kəssən ki, əzəldən Səni axtaranlara yardım etmisən və səndən istəyənlərə kəramətlə lütf etmisən.

Səndən başqa Allah yoxdur, Qüdrətli, Dəyişməz, Kəramət Sahibi, Ən Səxavətli Allah.

#4774
- Bəhaullah

 

Alqış Sənə, ey mənim Allahım! Mənim üzüm Sənin üzünə yönəlmişdir və mənim üzüm, həqiqətən, Sənin üzündür, mənim nidam Sənin nidan, Mənim zühurum Sənin Zühürün və mənim özüm Sənin Özün, mənim Əmrim Sənin Əmrin, mənim hökmüm Sənin hökmün, mənim Varlığım Sənin Varlığın, mənim hökmranlığım, Sənin hökmranlığın, mənim şərəfim Sənin şərəfin, mənim qüdrətim Sənin qüdrətindir.

Yalvarıram Sənə, Sən Ey millətlərin Yaradıcısı və əbədiyyət Sultanı – kənizlərini Özünün ismət məbədində qoru və onların Sənin günlərində layiqli olmayan əməllərini sil. Sonra, Ey mənim Allahım, bütün şəkk-şübhələri və bihudə xəyalları onlardan kənar et və Səninlə əlaqəsi olmayan hər şeydən onları pak eylə, Sən Ey adların Maliki və bəyan Mənbəyi. Sən ey bütün xilqətin cilovunu ovcunda tutan Kəs.

Səndən başqa Allh yoxdur, Qüdrətli, Ən Uca, Ən Nurlu, Qəyyum.

#4775
- Bəhaullah

 

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Sən O Kəssən ki, məhəbbətinin atəşi Sənin birliyini tanıyanların ürəyinə od saldı, üzünün nurları Sənin dərgahina yaxın olanların üzünü işıqlandirdi. Necə boldur, Ey mənim Allahım, Sənin irfan suların! Necə şirindir, Ey mənim Məhbubum, mənim Sənə məhəbbətim naminə və Sənin razılığın xatırınə zalımların atdığı öxlardan aldığım zədələr! Necə xoşdur Sənin yolunda və Sənin Dinini bəyan etmək üçün imansızların qılınclarından aldığım yaralar!

Səni and verirəm o adına ki, onunla Sən narahatlığı sakitliyə, qorxunu inama, zəyifliyi gücə, zilləti izzətə çevirirsən – Öz fəzlinlə mənə və Sənin bəndələrinə kömək et ki, Sənin adını elə ucaltsinlar, Sənin Müraciətini elə çatdırsınlar, Sənin Əmrini elə izhar etsinlər ki, biz nə günahkarların hücumları, nə də imansizların qəzəbi qarşısında sarsılmayaq, Sən Ey mənim Məhbubum!

Mən, İlahi, Sənin o kənizinəm ki, Sənin nidanı eşidib, özündən qaçaraq və qəlbini Sənə verərək Sənə doğru tələsib. Səni and verirəm, İlahi, Sənin o adına ki, onun vasitəsilə yerin bütün xəzinələri üzə çıxıb, məni o kəslərin eyhamından hifz et ki, Sənə inanmadılar və Sənin həqiqətini inkar etdilər. Sən, həqiqətən, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

#4776
- Bəhaullah

 

Sən Ey əzəmətli qüdrətindən bütün şeyləri lərzəyə salan Kəs, bütün insanların işlərini ovcunda saxlayan Kəs, bütün məxluqatın üzünün fəzlinə və mərhəmətinə üz tutduğu Kəs! Səni and verirəm O Adına ki, Sən Onu adlar səltənətində olan bütün adların ruhu etmisən – Səndən üz döndərənlərin, Sənin adlarının səltənətini titrədən bu Zühürda ən yüksək və ən uca olan Zatının həqiqətini inkar edənlərin təhriklərindən bizi qoru.

Mən Sənin kənizlərindən biriyəm, İlahi! Üzümü Sənin fəzlinin məkanına və Sənin cəlalının sitayiş yerinə tutmuşam. Səndən olmayan bütün şeylərdən məni pak eylə və məni gücləndir ki, Səni sevim, Sənin razılığına çalışım, ta ki, Sənin camalını seyr etməkdən həzz alım, Sənin yaratdıqlarına olan bağlılıqlardan qurtulum və hər ən bəyan edim: “Həmd olsun Allaha, aləmlərin Rəbbinə”

Qoy, Sənin gözəlliyin, İlahi, mənim qidam, liqanın işığı içkim, razılığın ümidim, vəsfin işim olsun, Sənin zikrin munisim, hökmranlığın köməyim, məkanın yurdum, evim isə o yer olsun ki, Sən onu Səndən pərdə ilə ayrılanların məhdudiyyətlərinin fövqünə qaldırmısan.

Sən həqiqətən, qüdrət, güc və cəlal Allahısan.

#4777
- Bəhaullah

 

Ey mənim Rəbbim, mənim Məhbubum, mənim Məqsudum! Tənhalığımda mənim dostum və sürgünümdə munisim ol. Mənim kədərimi dağıt. Məni gözəlliyinə heyran et. Məni özündən başqa hamıdan ayır. Məni müqəddəslik rayihələrinlə cəzb eylə. Qoy Sənin Mələkutunda onlarla ünsiyyət edim ki, Səndən başqa hamıdan ayrılıblar, Sənin müqəddəs astananda xidmət etməyi arzulayırlar, Sənin Əmrində çalışmaq üçün qalxıblar. Məni Sənin razılığına nail olmuş kənizlərindən biri olmağa qabil eylə. Həqiqətən, Sən Fəzl Sahibi və Səxavətlisən.

#4778
- Əbdül-Bəha Abbas

 

İlahi! İlahi! Səni tərif edir və Sənə şükr edirəm, o şey üçün ki, Sən onu Öz təvazökar kənizinə əta etdin, Sənin kölən Sənə yalvarıb-yaxarır, çünki Sən həqiqətən, onu Öz aşkar Mələkutuna yönəltdin, bu fani dünyada Sənin uca Nidanı ona eşitdirdin və hər şeyin üzərində qalib olan hakimiyyətinin aşkarlığını sübut edən Əlamətlərini görməsinə səbəb oldun.

İlahi, mən bu bətnimdə olanı Sənə həsr edirəm. Elə isə bunu Sənin Mələkutunda layiqli bir uşaq eylə, Öz lütfün və səxavətinlə onu bəxtiyar biri eylə, Sənin təlim-tərbiyən altında onu inkişaf etdir və böyüt. Həqiqətən, Sən Fəzl Sahibisən! Həqiqətən, Sən Böyük Bəxşiş Mövlasısan.

#4779
- Əbdül-Bəha Abbas

 

Ruhani inkişaf üçün dualar

Məndə təmiz bir ürək yarat, Ey mənim Allahım və sakit bir vicdan oyat, Ey mənim Ümidim! Qüvvət ruhu ilə mənə Əmrində təyid ver, Ey mənim Məhbubum və cəlalının nuru ilə yolunu mənə göstər, Ey mənim Muradım! Hüdudsuz qüdrətinlə məni müqəddəslik səmana yüksəlt, Ey mənim varlığımın Mənbəyi və əbədiyyətinin nəsimləri ilə məni sevindir, Ey mənim Allahım! Əzəli nəğmələrinlə mənə sakitlik ver, Ey mənim Munisim, qədim üzünün zənginliyi ilə məni Səndən başqa hər şeydən qurtar, Ey mənim Mövlam və əbədi Zatının zühuru ilə məni müjdələ, Sən Ey aşkarlardan ən Aşkarı və gizlilərdən ən gizlisi Allah!

#4785
- Bəhaullah

 

Ey mənim Rəbbim! Gözəlliyini ruzim, hüzurunu suyum, razılığını ümidim, tərifini əməlim, zikrini munisim, hökmranlıq qüdrətini köməyim, məkanını isə evim və Səndən pərdələnmişlərin məhdudiyyətlərindən pak olan məskənim eylə.

Sən, həqiqətən, Ən Qüdrətli, Ən Şərəfli, Ən Qüvvətlisən.

#4786
- Bəhaullah

 

Ucalsın Sənin Adın, Ya Rəbb mənim Allahım! Mən Sənin bir bəndənəm ki, Sənin mərhəmət ipindən tutmuşam və Sənin səxavət ətəyindən yapışmışam. Səni and verirəm o Adına ki, onunla görünən və görüməyən bütün yaranmiş şeyləri tabe etdin və onunla bütün xilqətin üzərinə həyat nəsimi əsdi - Özünün göyləri və yeri əhatə edən qüvvətinlə məni gücləndir və məni bütün xəstəlik və bəlalardan qoru. Mən şəhadət verirəm ki, Sən bütün adların Rəbbisən, istədiyində təqdir Sahibisən. Səndən başqa Allah yoxdur, Sən Qüdrətli, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

İlahi, mənə Sənin bütün aləmlərində fayda verən şeyləri nəsib eylə. Sonra yaratdıqların arasında seçilmişlərin üçün yazdıqlarını mənə qismət eylə - o kəslər ki, nə qınayanın qınağı, nə imansızın səs-küyü, nə də Səndən üz döndərənin uzaqlığı Sənə dönməkdən onlara mane ola bilmədi.

Sən, həqiqətən, Öz hökmranlığının gücü ilə Qoruyucusan. Səndən başqa Allah yoxdur, Qüdrətli və Ən Qüvvətli.

#4787
- Bəhaullah

 

Səni and verirəm, Ey mənim Allahım, Sənin Adının ən yüksək cəlalına, Öz sevimlilərini ədalət libasına bürü və onların varlığını etibar işığı ilə nurlandır. Sən O Kəssən ki, istdəyi kimi etməyə qüdrəti var, görünən və görünüməyən bütün şeylərin cilovunu ovcunda saxlar.

#4788
- Bəhaullah

 

Öz əbədiyyətinin şirin sularından mənə içir, ey mənim Allahım və Sənin varlıq ağacının meyvələrindən mənə dadızdır, Ey mənim Ümidim! Məhəbbətinin saf çeşmələrinin sularından mənə doyunca içir, Ey mənim Şərəfim və Sənin əbədi inayətinin kölgəsində mənə məskən ver, Ey mənim Nurum! Sənə yaxınlıq çəmənliyində Öz hüzurunda məni gəzdir, Ey mənim Məhbubum, Sənin mərməhət taxtının sağında məni əyləşdir, Ey mənim Məqsudum! Sevincinin rayihəli nəsimlərini mənim üstümə əsdir, Ey mənim Mətləbim, məni Həqiqət cənnətinin zirvəsinə çatdır, Ey mənim Məbudum! Sənin təklik göyərçininin təranələrini mənə dinlət, Ey Parıldayan! Qüdrət və Qüvvət ruhunla məni canlandır, Ey mənim Pərvərdigarım! Eşqinin ruhunda məni möhkəm saxla, Ey mənim Yardım Edənim, Öz razılıq yolunda addımlarımı qüvvətləndir, Ey mənim Xaliqim! Sənin ölümsüzlük bağında, üzün qarşısında, əbədi məskən ver, Sən Ey mənə Mərhəmətli və Sənin izzət kürsündə məni əyləşdir, Sən Ey mənim Sahibim! İnayət səmana məni ucalt, Ey mənim Canlandıranım, hidayət Günəşinə məni yönəlt, Ey mənim Cəzb Edənim! Sənin görünməz ruhunun təzahürləri qarşısında məni hazır et, Sən Ey mənim Əvvəlim və mənim ən Uca İstəyim və Sənin zahir edəcəyin gözəlliyinin rahiyələrinin cövhərinə məni qaytar, Ey mənim Allahım!

Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, Ən Uca, Ən Cəlallı, Ən Yüksəksən.

#4789
- Bəhaullah

 

O Fəzl Sahibi, Ən Səxavətlidir! Ey Allah, mənim Allahım! Sənin nidan məni cəzb etdi və Şərəf Qələminin səsi məni oyatdı. Müqəddəs bəyanının kövsəri məni məst etdi və ilhamının şərabı məni ovsunladı. Görürsən məni, Ya Rəbb, Səndən başqa hər şeydən inqita etmişəm, Sənin əta ipindən yapışmışam, fəzlinin möcüzələrini diləyirəm. Səni and verirəm Sənin inayət dənizinin əbədi dalğalarına və Sənin nəvaziş və lütfünün parıldayan şəfəqlərinə, mənə o şeyləri bəxş eylə ki, məni Sənə cəzb etsin və Sənin sərvətinlə məni zənginləşdirsin. Mənim dilim, mənim qələmim, mənim bütün varlığım Sənin qüdrətinə, Sənin qüvvətinə şəhadət verir ki, Sən Allahsan, Səndən başqa Allah yoxdur, Qüdrətli və Qadir Allah.

Mən bu anda, Ey mənim Allahım, öz aciziliyimə və Sənin hökmranlığına, öz zəifliyimə və Sənin qüvvətinə şəhadət verirəm. Mən bilmirəm, mənə fayda verən nədir, ziyan vuran nə; Sən, həqiqətən, hər şeyi Bilən və Hikmət Sahibisən. Ya Rəbb, mənim Allahım, Mənim Mövlam, məni Sənin əbədi hökmünlə razı salacaq və Sənin bütün aləmlərində rifaha qovuşduracaq şeyləri mənə nəsib eylə. Sən həqiqətdə, Fəzl Sahibi, Səxavətlisən.

Ya Rəbb! Sənin sərvət dəryandan və mərhəmət səmandan məni qaytarma və bu aləmin və axirətin xeyrini mənə qismət eylə. Həqiqətən, Sənsən ucada qurulan mərhəmət kürsüsünün Sahibi; Səndən başqa Allah yoxdur, Tək, Hər Şeyi Bilən və Ən Hikmətli.

#4790
- Bəhaullah

 

Ey mənim Allahım, kəramət və mərhəmət Allahı! Sən O Sultansan ki, Onun əmr kəlməsilə bütün mövcudat xəlq oldu; Sən O Kəramətli Kəssən ki, bəndələrinin əməlləri Onun fəzlini nümayiş etdirməsinə mane ola bilmədi və Onun səxavətinin aşkara çıxmasının qarşısını ala bilmədi.

İzn ver bu bəndəyə, yalvarıram Sənə, Sənin aləmlərinin hər birində onun xilası olacaq şeyə çatsın. Sən, həqiqətən, Qüdrətli, Ən Qüvvətlisən, Hər Şeyi Bilən, Ən Hikmətlisən.

#4791
- Bəhaullah

 

O duanı Eşidən, ona cavab Verən Allahdır! And olsun cəlalına, Ey Məhbub, Sən Ey aləmi Nurlandıran! Hicran atəşi məni yandırdı, asiliyim ürəyimi əritdi. Sənin Ən Böyük Adına and verirəm, Sən Ey aləmin Məqsudu və bəşərin Məhbubu, izn ver ki, nəfəsinin rahiyəsi mənim ruhumu qidalandırsın, ecazkar Nidan qulağıma yetişsin, gözlərim Sənin adlarının və sifətlərinin məzhərlərində təzahür edən əlamətlərini və Sənin nurunu görsün, Sən Ey ovcunda bütün şeylərin cilovunu Saxlayan!

Ey Rəbbim Allah, Sənə yaxın olanların Səndən ayrılığa görə axıtıqları göz yaşlarını və Sənə sadiq olanların Sənin Müqəddəs Sarayından uzaq düşmək qorxusunu görürsən. Sənin görünən və görünməyən bütün şeyləri idarə edən qüdrətinə and olsun! Şər əhlinin və zalımların möminlərin başına gətirdiklərinə görə, Sənin sevimlilərinin gözlərindən gərək qanlı göz yaşları tökülsün. Görürsən, Ey mənim Allahım, imansızlar Sənin şəhərlərini və məmləkətlərini necə bürüyüblər! Səni and verirəm Sənin Elçilərinə, seçilmişlərinə və O Kəsə ki, Onunla Sənin ilahi birlik bayrağın bəndələrin arasında sancıldı - onları Öz kəramətinlə qoru. Sən, həqiqətən, Fəzilətli və Kəramətlisən.

Və yenə də, Səni and verirəm, Sənin fəzlinin yağışlarına və lütf dənizinin dalğalarına, övliyalarına onları nəsib eylə ki, gözləri təsəlli tapsın və könülləri rahatlıq əldə etsin. Ya Rəbb! Qalxıb Sənə xidmət etmək istəyən kəsi görürsən, bir ölü ki, Sənin səxavət dəryandan əbədi həyat istəyir və Sənin zənginlik səmanda süzmək diləyir, bir qərib ki, Sənin fəzlinin pənahında olan şərəf evinin həsrətini çəkir, bir axtaran ki, Sənin mərhəmətinlə kəramət qapına tələsir, bir günahkar ki, Sənin bağışlama və əfv dəryana üz tutur.

And olsun Sənin hökmranlığına, Sən Ey ürəklərdə Alqışlanan! Öz iradə və istəyimi unudaraq mən Sənə tərəf dönmüşəm ki, Sənin müqəddəs iradən və razılğın məni idarə etsin və Sənin tale və təqdir qələminin mənə yazdığı qismətə uyğun məni yönəltsin. Bu bəndə, İlahi, köməksizdir, amma Sənin Qüdrət üfüqünə dönür, zillətdədir, ancaq Sənin izzət Məşriqinə tələsir, möhtacdır, lakin Sənin fəzl Dəryanı arzulayır. Yalvarıram Sənə, onu Öz lütf və kəramətindən rədd etmə.

Sən həqiqətən, Qüdrətli, Bagışlayan, Şəfqətlisən.

#4792
- Bəhaullah

 

Lütf eylə mənə, Ey mənim Allahım, Sənin məhəbbətindən və Sənin razılığından bol bir pay alım və parlaq işığının cazıbəsi ilə bizim ürəklərimizi məftun eylə, Sən Ey Ən Yüksək Sübut və Ən Şərəfli. Fəzlinin bir nişanəsi kimi, bütün günü və gecəni Sənin həyatverici yellərini mənə göndər, Sən Ey Kəramət Sahibi!

Sənin üzünü görməyi haqq edəcək bir iş görməmişəm, Ey mənim Allahım və yəqin bilirəm ki, dünya durduqca yaşasam da, bu inayəti qazanmaq üçün bir əməl etməyə müvəffəq olmazdım, çünki Sənin Kəramətin mənə çatmayınca, mərhəmətin məni sarmayınca, inayətin məni əhatə etməyincə bu bəndə Sənin müqəddəs məkanına heç vaxt yol tapa bilməz.

Bütün təriflər Sənin olsun, Sən Ey Ondan başqa Allah olmayan Allah. Fəzlinlə məni qabil eylə ki, Sənə yüksəlim, Sənin yaxınlığında məskən salmaq şərəfinə nail olum və yalnız Səninlə ünsiyyət edim. Səndən başqa Allah yoxdur.

Həqiqətən, Sən bir bəndəyə lütf etmək istəsən, Sən onun ürəyinin səmasından yalnız Sənin Özünün zikrindən başqa hər bir zikri və ya həvəsi silərdin və əgər Sən bir bəndəyə bəla nəsib etməli olsan, Sənin siman qarşısında onun əllərinin insafsızlıqla törətdiyi əmələ görə, Sən onu bu dünyanın və o biri dünyanın mənfəəti ilə imtahana çəkərdin ki, o onlarla məşğul olsun və Sənin zikrini tam unutsun.

#4793
- Bab

 

Ey mənim Allahım, Ey mənim Allahım! Təriflər olsun Sənə, çünki Sənin təkliyinə inanmağa Sən mənə kömək etdin, məni Öz vahidlik sözünə cəzb etdin, Öz məhəbbətinin atəşilə məni alovlandırdın, Sənin zikrinlə, Sənin dostlarına və kənizlərinə xidmət etməklə məni məşğul etdin.

İlahi, itaətkar və təvazökar olmaqda mənə kömək et və özümü hər şeydən ayırıb Sənin cəlal libasının ətəyindən tutmaqda məni qüvvətləndir, ta ki, ürəyim Sənin eşqinlə elə dolsun ki, orada dünya sevgisinə və ondakı şeylərə bağlılığa yer qalmasın.

Ey Allah! Özündən başqa hər şeydən məni pak eylə, günah və xəta çirkabından məni təmizlə, ruhani qəlb və vicdan sahibinə çevir.

Həqiqətən, Sən Mərhəmətlisən və həqiqətən Sən Ən Səxavətlisən, hamının kömək dilədiyi Kəssən.

#4794
- Əbdül-Bəha Abbas

 

İlahi! İlahi! Bu bir çıraqdır ki, Sənin məhəbbətinin atəşilə yandırılıb və Sənin mərhəmət ağacında alışan alovdan od tutub. İlahi! Sənin Zühurunun Turunda yanan atəşlə onun odunu, hərarətini və alovunu şölələndir. Həqiqətən, Sən Təyid Edən, Yardımedən, Qüvvətli, Səxavətli və Sevənsən.

#4795
- Əbdül-Bəha Abbas

 

İlahi! İlahi! Sənin bu bəndən, Sənə tərəf gəlib, Sənin məhəbbət səhranda divanə olub, Sənin xidmət yolunda addımlayır, Sənin lütfünü gözləyir, kəramətinə ümid edir, mələkutuna təvəkkül edir və Sənin bəxşiş şərabından məst olub. Ey mənim Allahım! Onun Sənə məhəbbətindəki hərarətini, Səni tərif etməkdə sabitliyini, Sənə eşqindəki vurğunluğunu artır. Həqiqətən, Sən Ən Səxavətlisən, bol fəzl Sahibisən. Səndən başqa Allah yoxdur, Bağışlayan, Mərhəmətli Allah.

#4796
- Əbdül-Bəha Abbas

 

Ey Allah, mənim Allahım! Bu Sənin nurlu bəndən və ruhani köləndir, o kəs ki, Sənin yaxınlığına cəzb olunub və Sənin hüzuruna yaxınlaşıb. Öz üzünü Sənin üzünə tutub, Sənin təkliyini etiraf edib, vahidliyinə iman gətirib, Sənin adınla millətlər arasında səsini ucaldıb, insanları Sənin mərhəmət sularına hidayət edib, Sən Ey Səxavətli Allah! İstəyənlərə O, Sənin sonsuz fəzlinin şərabı ilə dolub-daşan hidayət piyaləsindən içirib.

İlahi, bütün şəraitlərdə ona yardım eylə, qorunan sirlərini ona öyrət və gizli gövhərlərini onun üstünə yağdır. Onu Sənin ilahi köməyinin yelləri ilə uca bürclərdə dalğalanan bayraq eylə, onu saf suların çağladığı çeşmə eylə.

Sən ey mənim Bağışlayan Rəbbim! Öz insanların arasında Sənin lütf etdiklərinə bütün şeylərin həqiqətini açmaqla, şöləsini ətrafa yayan çırağın şuaları ilə ürəkləri nurlandır.

Həqiqətən, Sən Qüdrətlisən, Qüvvətlisən, Qoruyucu, Güclü, Xeyirxahsan! Həqiqətən, Sən mərhəmət Mövlasısan!

#4797
- Əbdül-Bəha Abbas

 

Ey Allah, mənim Allahım! Bunlar Sənin zəif bəndələrindir, bunlar Sənin Uca Bəyanın qarşısında baş əyən, Sənin nurunun Astanasında itaət göstərən, Günəşi ən parlaq zamanında parladan təkliyinə şəhadət verən sadiq qulların və kənizlərindir. Onlar Sənin gizli səltənətindən ucaltdığın nidanı eşitmiş, məhəbbət və məftunluqla vuran ürəklərilə Sənin çağırışına cavab vermişlər.

İlahi, Sənin bütün mərhəmətini onların üzərinə səp, fəzlinin sularını onların üstünə yağdır. Onları gözəl bitkilər kimi cənnət bağçasında böyüt və Sənin bəxşiş buludlarından və Sənin kəramət hovuzundan bu bağçanı çiçəklənən eylə, onu hər zaman yaşıl və təravətli, büsatlı və gözəl saxla.

Sən, həqiqətən, Qüdrətli, Uca, Qüvvətlisən, göylərdə və yerdə dəyişməz qalan yeganə Sənsən. Səndən başqa Allah yoxdur, aşkar əlamətlər və rəmzlər Sahibi!

#4798
- Əbdül-Bəha Abbas

 

Odur Allah! Ey Allah, mənim Allahım! Bunlar Sənin bəndələrindir ki, Sənin nidana səs verməklə, Sənin tərifini söyləməklə, Sənin günlərində Sənin müqəddəslik rahiyələrinlə cəzb olunublar, Sənin müqəddəs ağacından yanan oddan alışıblar, Sənin əlamətlərini müşahidə etməklə, ayələrini dərk etməklə, sözlərini eşitməklə, Vəhyinə inanmaqla və inayətinə əmin olmaqla Sənin nəsimlərinlə oyanıblar və xoş rahiyələrinlə həyəcanlanıblar. Onların gözləri, İlahi, Sənin parlaq cəlalının mələkutuna dikilib və üzləri Sənin yüksək səltənətinə çevrilib, onların ürəkləri Sənin nurlu və parlaq camalının məhəbbətilə döyünür, qəlbləri Sənin eşqinin atəşindən odlanıb, Ey bu dünyanın və axirətin Rəbbi, onların həyatı Sənə can atmaq şövqündən qaynayır və onların Səndən ötrü göz yaşları sel kimi axır.

Onları Sənin müdafiə və mühafizə qalanda qoru, onları Sənin qayğı nəzərində saxla, onlara inayət və mərhəmət gözlərilə bax, onları bütün diyarlarda aşkar olan ilahi birliyinin nişanələri, əzəmət saraylarının üzərində dalğalanan bayraqlar, hidayət çıraqlarında hikmət yağı ilə yanan şamlar, mühafizə cənnətində ən hündür budaqlar üzərində Sənin irfan bağının oxuyan quşları, böyük mərhəmətinlə sonsuz dərinliklərə baş vuran kəramət dəryanın balıqları eylə.

Ya Rəbb! mənim Allahım! Sənin bu bəndələrin mütidirlər, onları Sənin uca mələkutunda yüksəlt; zəifdirlər, onları Öz üstün qüvvətinlə gücləndir. Zillətdədirlər, Özünün ən uca səltənətində onlara Sənin şərəfini əta et. Fəqirdirlər, əzəmətli hökmranlığında onları zəngin eylə. Sonra Sənin görünən və görünməyən aləmlərində müəyyən etdiyin bütün xeyirləri onlara qismət eylə, bu dünyada onları müvəffəq eylə, Öz nəfəsinlə onların könüllərini şad eylə, Sən Ey bütün varlıqların Rəbbi! Sənin cəlallı Məqamından yayılan xoş müjdələrlə onların ürəklərini nurlandır, Ən Böyük Əhdində onların addımlarını möhkəmlət və Sənin Misaqında onların qurşağını bərkit, Ey Rəhmli və Mərhəmətli! Sən, həqiqətən, Fəzilətli, Ən Kəramətlisən.

#4799
- Əbdül-Bəha Abbas

 

Sən Ey Ruzi Verən! Sən Qərbdəki dostların üzərinə Müqəddəs Ruhun rahiyələrini əsdirdin və Sənin ilahi hidayətinin işığı ilə qərb səmasını nurlandırdın. Bir zaman Səndən uzaq olanları Sən Özünə yaxınlaşdırdın; Yadları sevgili dostlara çevirdin; yatanları oyatdın; qafilləri hüşyar etdin.

Sən Ey Ruzi Verən! Bu nəcib dostlarına kömək eylə ki, Sənin razılığını qazansınlar, onları həm yadların və həm də dostların xeyirxahı eylə. Onları əbədi aləmə daxil eylə; İlahi feyz payı ehsan eylə; onları bütünlüklə Allahdan olan əsl bəhailər eylə; onları görüntüdən qoru və həqiqətdə yəqin eylə. Onları Mələkutun nişanələri və rəmzləri eylə, bu heçlik dünyasının üfüqündəki parlaq ulduzlar eylə. Onları bəşəriyyətə bir rahatlıq və təsəlli səbəbi et və dünya sülhünün xidmətçiləri eylə. Öz nəsihətlərinin şərabı ilə onları ruhlandır və izn ver ki, onlar Sənin hökmlərinin yolu ilə addımlasınlar.

Sən Ey Ruzi verən! Sənin Astananın bəndəsinin ən əziz arzusu budur ki, şərqdən və qərbdən olan dostların qucaqlaşdıqlarını görsün; sanki suyun ayrı-ayrı damlaları bir dənizdə qovuşubmuş kimi, insan cəmiyyətinin bütün üzvlərinin böyük bir məclisdə məhəbbətlə toplandıqlarını görsün; onların hamısını bir gülşənin quşları, bir dəryanın inciləri, bir ağacın yarpaqları, bir günəşin şuaları kimi görsün.

Sən Qüdrətlisən, Güclüsən, Sən qüvvət Allahısan, Qadirsən, hər şeyi Görənsən.

#4800
- Əbdül-Bəha Abbas

 

Ey Allah! Mənim ruhumu təravətləndir və sevindir. Mənim ürəyimi pak eylə. Mənim qabiliyyətlərimə işıq sal. Mən bütün işlərimi Sənə buraxıram. Sən mənim Bələdçim və Pənahımsan. Mən daha kədərli və qəmgin olmayacağam; xoşbəxt və şad bir varlıq olacağam. İlahi! Mən bir daha narahat olmayacağam, nə də qoyaram ki, qəm-qüssə məni incitsin. Mən həyatın xoş olmayan şeyləri üzərində daha durmayacağam.

Ey Allah! Sən mənə özümdən də yaxın dostsan. Sənə təslim edirəm özümü, İlahi!

#4801
- Əbdül-Bəha Abbas

 

Sabitlik

Mən Sənin Adını ucaldıram, Ey mənim Allahım və Sənə şükr edirəm, Ey mənim Arzum, çünki Sənin doğru yolunu tapmağa məni qadir etdin, Öz Böyük Müjdəni mənim gözlərim qarşısında izhar etdin və üzümü Sənin Vəhyinin Məşriqinə və Əmrinin Mənbəyinə tutmaqda kömək etdin, o zaman ki, Sənin bəndələrin və xalqların Səndən üz çevirmişdi. Səni and verirəm, Ey əbədiyyət Mələkutunun Rəbbi, Sənin Şərəf Qələminin güclü səsinə, Sənin yaşıl Ağacında Şölələnib Yanan Oda və Sənin xüsusi olaraq Bəha əhli üçün seçdiyin Gəmiyə - lütf eylə ki, Sənə olan məhəbbətimdə mən səbatlı qalım, Kitabında mənim üçün yazdığın hər hansı qismətə qane olum, Sənin və Sənin sevimlilərinin xidmətində möhkəm durum. Sonra Öz bəndələrinə mərhəmətlə yardım eylə ki, Ey mənim Allahım, Sənin Əmrini ucaltmağa xidmət edən işlər görsünlər və Sənin Kitabında nazil etdiklərinə riayət etməyə qadir edən əməl sahibi olsunlar.

Həqiqətən, Sən Qüdrət Sahibisən, istədiyini hökm etməyə Qadirsən və bütün yaranmışların cilovunu Öz ovcunda tutursan. Səndən başqa Allah yoxdur, Sən Qüvvətli, Hər Şeyi Bilən və Hikmət Sahibisən.

#4802
- Bəhaullah

 

Alqış Sənin Adına, Ya Rəbb, mənim Allahım! Səni and verirəm bütün yaranmışları bürüyən qüdrətinə, mövcudat üzərindəki hökmranlığına, hikmətinlə gizli saxladığın, vasitəsilə göyünü və yerini yaratdığın Kəlmənə, bizi qadir eylə ki, Sənə olan məhəbbətimizdə və Sənin razılığına itaətimizdə möhkəm olaq, nəzərlərimizi Sənin üzünə dikək və Sənin tərifini ucaldaq. Bizi gücləndir ki, Ey mənim Allahım, məxluqatın arasında Sənin əlamətlərini yayaq və səltənətində Sənin Dinini qoruyaq. Sən əzəldən yaratdıqlarının zikrindən asılı olmadan var olmusan və əbədiyyətədək də olduğun kimi qalacaqsan.

Bütün inamımı Sənə bağlamışam, üzümü Sənə çevirmişəm, Sənin inayət ipindən yapışmışam və Sənin mərhəmət kölgənə tələsmişəm. Məni məyus halda qapından qovma, Ey mənim Allahım və Öz lütfünü məndən əsirgəmə, çünki mən təkcə Səni axtarıram. Səndən başqa Allah yoxdur, Sən Həmişə Bağışlayan, Ən Kəramətlisən.

Alqış Sənə, Ey Səni tanıyanların Məhbubu!

#4803
- Bəhaullah

 

Sən Ey yaxınlığı muradım, vüsalı ümidim, zikri diləyim, əzəmət dərgahı məqsədim, məkanı mətləbim, adı dərmanım, məhəbbəti könlümün nuru, xidmətində durmaq ən yüksək arzum! And verirəm Sənin o Adına ki, Sən onunla Səni tanıyanları Öz irfanının ən yüksək zirvələrinə uçurdun və sədaqətlə Sənə sitayiş edənləri müqəddəs lütflərinin sarayına yüksəlmələrinə yardım etdin - kömək eylə, üzümü Sənin üzünə çevirim, gözlərimi Sənə dikim və Sənin cəlalını vəsf edim.

Mən o kəsəm ki, İlahi, Səndən başqa hər şeyi unudub, Sənin fəzlinin Məşriqinə yönəlib, Sənin dərgahına yaxınlaşmaq ümidi ilə hər şeyi tərk edib. İndi mənə nəzər sal, Sənin üzünün nurunun şəfəqləri ilə parıldayan Taxta üz tutmuşam. Ey mənim Məhbubum, məni Sənin Əmrində möhkəmlədən şeyləri nazil eylə ki, imansızların şübhələri Sənə dönməkdən məni saxlamasın.

Sən, həqiqətən, Qadir Allahsan, Əzəmətli, Ən Cəllalı, Qüdrətlisən.

#4804
- Bəhaullah

 

Ey Allah, mənim Allahım! Günahlarımı etiraf edərək peşimançılıqla Sənə üz tutdum və həqiqətən, Sən Əfv Edən, Şəfqətlisən.

Ey Allah, mənim Allahım! Mən Sənə döndüm və həqiqətən, Sən həmişə Bağışlayan, Fəzl Sahibisən.

Ey Allah, mənim Allahım! Mən Sənin kəramət ipindən yapışdım, yerdə və göydə olanların xəzinələri Sənin yanındadır.

Ey Allah, mənim Allahım! Mən Sənə doğru tələsdim və həqiqitən, Sən Bağışlayan, bol Fəzl Sahibisən.

Ey Allah, mənim Allahım! Mən Sənin fəzilinin səmavi şərabına susamışam, həqiqətən, Sən Verici, Kəramətli, Fəzil Sahibi, Qüdrətlisən.

Ey Allah, mənim Allahım! Şəhadət verirəm, Sən Öz Əmrini izhar etdin, Vədini yerinə yetirdin, fəzlinin səmasından onu nazil etdin ki, Sənin sevimli bəndələrinin ürəyini Sənə cəzb etdi. Xoş o kəsin halına ki, Sənin möhkəm ipindən bərk yapışdı və Sənin nurlu ətəyindən tutdu!

Səni and verirəm, ey bütün varlığın Rəbbi, görünən və görüməyənlərin Sultanı, Sənin qüdrətinə, əzəmətinə və hökmranlığına - izn ver, mənim adım Sənin şərəf qələminlə Sənin sadiq bəndələrin arasında yazılsın, o kəslər ki, günahkarların namələri onların Sənin üzünün nurlarına üz tutmasına mane ola bilmədi, Sən Ey duanı Eşidən və cavab Verən Allah!

#4805
- Bəhaullah

 

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Səni and verirəm O Kəsə ki, Sənin Ən Böyük Adındır, O Kəs ki, Sənin həqiqətini inkar edənlərin əlindən cəfalara məruz qalıb və O Kəs ki, bəyana sığmayacaq sıxıntılarla əhatə olunub, hamının Sənin Gözəlliyindən üz çevirdiyi, Sənə etriaz etdiyi və Sənin Əmrini İzhar Edən Kəsə xor baxıb üz döndərdiyi bu günlərdə izn ver, Səni anım, Sənin tərifini ucaldım. Sənin Özündən başqa bir kimsə yoxdur ki, İlahi, Sənə kömək etsin, Öz qüvvəndən başqa bir qüvvə yoxdur ki, Sənə yardım etsin.

Yalvarıram Sənə, məni qadir eylə ki, Sənin məhəbbətindən və zikrindən möhkəm yapışım. Gücüm yetən, həqiqətən, yalnız budur və Sən O Kəssən ki, məndə olan hər şeyi bilirsən. Sən, həqiqətən, hər şeyi Bilən və hər şeydən Xəbərdarsan. İlahi, Sənin şəfəqi bütün dünyanı işıqlandıran üzünün nurunun parıltısından məni məhrum etmə. Səndən başqa Allah yoxdur, Ən Qüdrətli, Ən Cəlallı və Həmişə Bağışlayan.

#4806
- Bəhaullah

 

Təriflər olsun Sənə, Ya Rəbb, mənim Məhbubum! Əmrində məni sabit eylə, məni Əhdini pozmayan və öz şəkk-şübhə bütlərinin arxasınca getməyənlərin arasında say. Sonra məni qadir eylə ki, Sənin hüzurunda həqiqət taxtına çatım, Öz mərhəmət nişanələrini mənə əta eylə və qoy Sənin o bəndələrinə qoşulum ki, nə qorxu bilərlər, nə də qəmə düşərlər. Məni öz nəfsimin ixtiyarına buraxma, İlahi və Sənin Özünün Zühurun Olan Kəsi tanımaqdan mərhum etmə. Sənin müqəddəs hüzurundan üz döndərənlərin sırasına yazma, məni o kəslərin arasında say ki, Ey mənim Allahım, nəzərlərini Sənin Camalına dikməklə şərəflənmişlər və bundan elə həzz alırlar ki, bunun bir anını belə göylərin və yerin səltənətinə və ya bütün mövcudata dəyişməzlər. Ya Rəbb, yer üzü insanlarının bədbəxtcəsinə yollarını azdığı bu günlərdə mənə rəhm eylə, sonra, Ey mənim Allahım, nəzərində yaxşı və layiqli olanları mənə qismət eylə. Sən, həqiqətən, Ən Qüdrətli, Fəzl Sahibi, Kəramətli, həmişə Bağışlayansan.

Ey mənim Allahım, məni o kəslərdən sayma ki, qulaqları kar, gözləri kor, dilləri laldır və qəlbləri anlamağa qadir deyil. Ya Rəbb, məni cəhalət odundan və xudbinlik ehtirasından qurtar, yüksək mərhəmətinin fəzasına daxil eylə və seçilmişlərinə nəsib etdiklərini mənə də bəxş eylə.

Sən istdəyini etməyə Qadirsən. Həqiqətən, Sən Əzəmətli və Qəyyumsan.

#4807
- Bab

 

Alqış və təriflər olsun Sənə, Ey Allah! Sənin müqəddəs hüzuruna yetişmək gününü tez yaxınlaşdır. Öz məhəbbətinin və razılığının qüdrəti ilə qəlblərimizi sevindir və bizə sabitlik bəxş eylə ki, Sənin İradənə və Sənin Hökmünə razılıqla tabe olaq. Həqiqətən, Sənin elmin yaratdığın və yaradacağın bütün şeyləri əhatə edir və Sənin İlahi qüdrətin xəlq etdiyin və ya edəcəyin hər şeyin fövqündədir. Səndən başqa pərəstiş olunan, Səndən başqa məqsud, Səndən qeyri məbud, Sənin razılığından özgə seviləcək bir şey yoxdur.

Həqiqətən, Sən Ali Hökmdar, Haqq Sultanı, Əzəmətli və Qəyyumsan

#4808
- Bab

 

Ya Rəbb, mənim Allahım! Sevimlilərinə Öz Dinində mətin olmaqda, Sənin yolunda getməkdə, Əmrində sabit olmaqda yardım eylə. Onlara Öz fəzlini əta eylə ki, nəfs və ehtirasın hücumlarına müqavimət göstərsinlər, İlahi hidayət nurunun arxasınca getsinlər. Sən Qüvvətli, Səxavətli, Qəyyum, Bəxşedən, Şəfqətli, Qüdrətli və Kəramətlisən.

#4809
- Əbdül-Bəha Abbas

 

Sən Ey mənim Allahım, Ey axtaranları doğru yola Yönəldən, Ey sərgərdanları və korları həlakolma biyabanından Xilas Edən, Sən Ey səmimi olanlara böyük bəxşişlər və nemət Əta Edən, Ey qorxudulmuşları Öz alınmaz sığınacağında Qoruyan, Səni göz yaşları içində çağıranlara Öz uca üfüqündən Cavab Verən. Həmd olsun Sənə, Ya Rəbb! Sən azdırılmışları imansızlığın ölüm səhrasından dogru yola yönəltdin, Sənə yaxın olanları səfərlərinin mənzilinə yetirdin, bəndələrin arasında yəqinliyə çatanları ən böyük arzularına qovuşdurmaqla sevindirdin və Gözəllik Səltənətindən Sənin həsrətini çəkənlərin üzünə vüsal qapılarını açdın və onları məhrumiyyət və binəsiblik odundan xilas etdin - belə ki, onlar Sənə dogru tələsdilər, Sənin hüzuruna yetişdilər, Sənin qonaqpərvər qapına çatdılar və bol-bol bəxşişlər aldılar.

Ya Rəbb, onlar susamış idilər, Sən onların qurumuş dodaqlarına vüsal suyunu yaxınlaşdırdın. Ey Nəvazişli, Ey Ətaedən! Sən kərəm və fəzl məlhəminlə onların ağrısını sakitləşdirdin, Öz şəfqətinin kəsərli dərmanı ilə onların xəstəliyini sağaltdın. İlahi, onların qədəmlərini doğru yolda möhkəm eylə, onlar üçün iynə gözünü genişləndir və şahanə libasa bürünmüş halda əbədi olaraq şərəf haləsi içində gəzmələrinə imkan ver.

Həqiqətən, Sən Səxavətli, həmişə Bəxşedən, Əziz, Ən Kərimsən.

Səndən başqa Allah yoxdur, Qüdrətli, Qüvvətli, Uca və Qabiliyyətli.

#4810
- Əbdül-Bəha Abbas

 

Şəfa duaları

Ey Allah, mənim Allahım! Sənin şəfaverici dəryanla, fəzl Günəşinin parıltısı ilə, Öz bəndələrini tabe etdiyin Adınla, Uca Kəlamının nüfuzedən qüvvətilə, Sənin ən müqəddəs Qələminin Qüdrətilə və göydə və yerdə olan bütün məxluqatın üstündə olan mərhəmətinlə – diləyirəm Səndən – məni hər bir qəm-qüssədən və xəstəlikdən, hər bir zəiflik və acizlikdən Öz kəramət sularınla pak eylə.

Sən Görürsən, Ey mənim Allahım, Sənə yalvaran Sənin kəramət qapının önündə dayanıb və Sənin səxavət ipindən yapışaraq ümidlərini Sənə bağlayıb. Yalvarıram Sənə, fəzl dənizindən və inayət Günəşindən istədiyi şeylərdə onu rədd etmə.

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Həmişə Bağışlayan və Ən Səxavətli.

#4826
- Bəhaullah

 

Sənin adın mənim şəfamdır, Ey mənim Allahım, Səni zikr etmək mənim dərmanımdır. Sənə yaxınlıq mənim ümidim və Sənə məhəbbət mənim munisimdir. Sənin mənə mərhəmətin həm bu, həm də o biri dünyada mənim şəfam və yardımımdır. Sən, həqiqətən, ən Kəramətli, ən çох Bilən və ən Hikmətlisən.

#4827
- Bəhaullah

 

Alqış Sənə, Ey mənim Rəbbim Allah! And verirəm Sənin o adına ki, onunla Sən hidayət bayraqlarını ucaltdın, inayət şəfəqlərini saçdın, Öz İlahi hökmranlıq səltənətini aşkar etdin; onunla Sənin adlarının çırağı Sənin sifətlərinin taxçasında zahir oldu və Sənin Birlik Məbədin və inqita Məzhəri olan Kəs parladı; onunla Sənin hidayət yolların bilindi, razılıq yolların nişanlandı; onunla azğınlıq sütunları titrədi, zülm və haqsızlıq əlamətləri aradan qalxdı; onunla hikmət çeşmələri qaynadı və səma nemətləri nazil oldu; onunla Sən Öz bəndələrini qorudun və şəfanı bəxş eylədin; onunla Sən bəndələrinə mərhəmətini göstərdin və əfvini məxluqatına aşkar etdin - yalvarıram Sənə, Sənə bərk-bərk yapışanı və Sənə dönəni, Sənin mərhəmətindən və Sənin məhəbbət ətəyindən tutanı hifz eylə. Sonra ona Öz şəfanı nazil eylə, onu salamat eylə, ona səbr və dözüm əta eylə və Öz ucalığından ona sakitlik bəxş eylə.

Sən, həqiqətən, Şəfaverən, Qoruyan, Kömək Edən, Qüdrətli, Qüvvətli, Ən Cəlallı, Hər şeyi Bilənsən.

#4828
- Bəhaullah

 

Təriflər olsun Sənə, Ey mənim Rəbbim Allah! Sənin ən Böyük Adına and verirəm ki, onunla Sən bəndələrini hərəkətə gətirdin, şəhərlərini inşa etdin və Səni and verirəm ən ali adlarına və ən uca sifətlərinə, Öz xalqına yardım eylə ki, Sənin bol kəramətinə tərəf dönsünlər və üzlərini Sənin hikmət Məbədinə çevirsinlər. O xəstəlikləri sağalt ki, canları hər tərəfdən bürüyüb və onları, nəzərlərini Sənin himayədar Adının sığınacağında olan Cənnətə yönəlməkdən məhrum edib, O Adın ki, Sən onu göydə və yerdə olanlar üçün adların Sultanı təyin etmisən. Sən istədiyini etməyə Qadirsən. Bütün adların səltənəti Sənin əlindədir. Səndən başqa Allah yoxdur, Qüdrət və Hikmət Sahibi.

Mən ancaq fəqir bir məxluqam, İlahi, Sənin zənginlik ətəyindən tutmuşam. Ağrılı bir xəstəyəm; Sənin şəfa ipindən bərk yapışmışam. Məni saran xəstəliklərdən məni qurtar, fəzl və mərhəmət sularınla məni yu, Öz əfvin və kəramətinlə məni sağlamlıq libası ilə bəzə. Sonra məni qadir eylə ki, gözlərimi Sənə dikim və məni Səndən başqa hər bir bağlılıqdan xilas eylə. Sənin istədiyini etməkdə və razı qaldıqlarını həyata keçirməkdə mənə yardım eylə.

Sən, həqiqətən, bu aləmin və o biri aləmin Rəbbisən. Sən, həqiqətən, Həmişə Bağışlayan və Ən Mərhəmətlisən.

#4829
- Bəhaullah

 

Səhər duaları

Ey mənim Allahım və mənim Mövlam! Mən Sənin bəndənəm və bəndənin oğluyam. Mən bu sübh çağı yatağımdan qalxmışam, o zaman ki, Sənin təklik şəfəqin Sənin iradənin günəşindən parladı və Sənin Hökm Kitablarında əmr etdiyin kimi, Öz işığını bütün dünyaya saldı.

Təriflər olsun Sənə, Ey mənim Allahım, biz Sənin irfan nurunun parıltısına oyanmışıq. İndi bizə, İlahi, onu nazil eylə ki, bizi Səndən başqa heç kəsə möhtac qoymasın, Səndən savayı bütün şeylərə bağlılıqdan azad etsin. Sonra mənə, mənim əzizlərimə, istər kişi, istərsə qadın, qohumlarıma bu dünyanın və o dünyanın xeyir-bərəkətlərini yaz. Sonra da, Öz böyük himayənlə bizi insanların sinələrinə vəsvəsə salan şeytan təhrikçidən qoru, Sən ey bütün varlığın Məhbubu və kainatın Məqsudu. Sən istədyini etməyə Qadirsən. Sən, həqiqətən, Qüdrətli, Əzəmətli və Qəyyumsan.

Mübarək eylə, Ey Rəbbim, mənim Allahım, O Kəsi ki, Ona ən uca və ali adlarını verdin, O Kəs ki, Onun vasitəsilə mömini günahkardan ayırdın. Sənin bəyəndiyin və razı qaldıqlarını etməkdə bizə lütfünlə kömək eylə. Bundan başqa, Sənin Kəlmən və Hərflərin olan Kəsləri mübarək eylə, Ey mənim Allahım, və o kəsləri mübarək eylə ki, üzlərini Sənə tutdular, nəzərlərini Sənin üzünə dikdilər və Sənin Çağırışına qulaq asdılar.

Sən, həqiqətən, bütün insanların Rəbbi və Sultanısan və hər şeyin üzərində Hakimsən.

#4811
- Bəhaullah

 

Sənin sığınacağında yuxudan qalxmışam, Ey mənim Allahım və o sığınacağı axtarana yaraşır ki, yalnız Sənin himayə Məbədində və mühafizə Qalanda sakin olsun. Mənim zahiri varlığımı Öz bəxşiş səhərinin nuru ilə işıqlandırdığın kimi, batini varlığımı da, İlahi, Zühurunun Şəfəqinin nuru ilə aydınlat.

#4812
- Bəhaullah

 

Sənin mərhəmətinlə bu səhər yuxudan qalxmışam, Ey mənim Allahım. Bütünlüklə Sənə təvəkkül edərək və özümü Sənin himayənə təslim edərək evimdən çıxmışam. İndi Öz mərhəmət göylərindən Sənin yanında olan xeyr-bərəkətləri mənim üzərimə göndər və fikrimdə yalnız Sən olmaqla məni Öz hifzin altında evdən çıxardığın kimi, sağ-salamat da evimə qaytar.

Səndən başqa Allah yoxdur, Sən Tək, Bərabəri Olmayan, Hər Şeyi Bilən və Hikmət Sahibisən.

#4813
- Bəhaullah

 

Sənə şükr edirəm, Ey mənim Allahım! Sən məni yuxudan oyatdın, yoxluğumdan aşkara çıxardın və qəflətimdən qaldırdın. Mən bu səhər oyanmışam və Sənin əlamətlərini qəbul edərək, Kitabına iman gətirərək, Sənin ipindən möhkəm yapışaraq üzümü Sənin qüvvət və əzəmət səmalarını nurlandırmış Zühur Günəşinin şəfəqlərinə çevirmişəm.

İradənin qüdrətinə və istəyinin nüfuzuna and verirəm, yuxuda mənə göstərdiklərini Sənin sevimlilərinin ürəklərindəki məhəbbətinin sarayları üçün möhkəm bünövrə eylə və Sənin fəzl və inayət nişanələrinin aşkar olması üçün ən gözəl vasitə eylə.

Uca Qələminlə, İlahi, bu dünyanın və o biri dünyanın xeyr-bərəkətini mənə yaz. Şəhadət verirəm ki, bütün şeylərin cilovu Sənin əlindədir. Sən onları istədiyin kimi dəyişdirirsən. Səndən başqa Allah yoxdur, Güclü və Vəfalı.

Əmri ilə zilləti izzətə, zəifliyi gücə, acizliyi qüdrətə, qorxunu sakitliyə, şübhəni yəqinliyə çevirən Kəs Sənsən. Səndən başqa Allah yoxdur, Qüdrətli, Rəhmli.

Səni axtaranı Sən məyus etmirsən, nə də Səni arzulayanı uzaq tutursan. Sənin səxavət səmana və kəramət dəryana yaraşanları mənə qismət eylə. Həqiqətən, Sənsən Müqtədir və Ən Qüvvətil.

#4814
- Bəhaullah

 

Səmavi bəxşiş duaları

Sən görürsən, Ey mənim Allahım, Sənin sevimlilərin Sənin məxluqların arasında asilərlə və Sənin xalqın arasında şər adamlarla necə əhatə olunmuşlar. Bir torpaq qalmayıb ki, orada Sənin aşiqlərinin fəryadı və seçilmişlərinin ah-naləsi ucalmasın. Səni and verirəm Sənin Ən Böyük Adına, qüvvət əlini Özünün qüdrət qoynundan çıxar və onunla Səni sevənlərə yardım eylə.

Sən görürsən, Ey mənim Allahım, onların gözləri Sənə yönəlib, nəzərləri Sənin qüdrətinin və mehriban inayətinin Məşriqinə dikilib. İlahi, onların zillətini izzətə, fəqirliyini zənginliyə və zəifliyini Səndən gələn gücə çevir.

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Hər Şeyi Bilən, Hər Şeydən Xəbərdarsan.

#4697
- Bəhaullah

 

Alqış Sənə, Ya Rəbb mənim Allahım! Sənin hökmran qüdrətinin çaylarını aşkar eylə ki, Sənin Birliyinin suları bütün şeylərin zatından axsın, elə axsın ki, Sənin qüsursuz hidayətinin bayrağı Sənin əmr səltənətində ucalsın və Sənin ilahi şəfəqinin ulduzları Sənin əzəmət göyündə parlaq işıq saçsın.

Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, Əzəmətli və Qəyyumsan

#4698
- Bəhaullah

 

İzn vermə, Ey Allah, mənim Allahım, Sənin nemət səmandan və Sənin bəxşiş günəşindən məhrum qalım. Səni and verirəm o Kəlama ki, onunla görünən və görünməyən bütün şeyləri tabe etdin, mənə və Sənin seçilmişlərinə yardım eylə ki, Sənin Əmrini Sənin bəndələrin arasında və Sənin diyarlarında ucaldan şeylərə nail olaq. Sonra Öz Kitabında nazil etdiyin bütün xeyir-bərəkətləri mənə qismət eylə.

Həqiqətən, Sən Qüdrətli, Həmişə Bağışlayan, Ən Səxavətlisən.

#4699
- Bəhaullah

 

Ya Rəbb! Sənin ilahi Birlik Ağacının tez böyüməsinin qayğısına qal; sonra, Sənin razılığının axar suları ilə onu sula, Ya Rəbb, Sənin ilahi təminatının təzahürləri qarşısında izn ver ki, Səni alqışlamaq və vəsf etmək, Səni tərif etmək və Sənə şükr etmək, Sənin Adını ucaltmaq, Sənin Zatının vahidliyini yüksəltmək və Sənə pərəstiş etmək üçün Sənin istədiyin meyvələri versin, çünki bütün bunlar Sənin əlindədir və başqa hec kəsin əlində deyil.

Qanları ilə Sənin müqəddəs və sabit Sözünü ucaltmaq üçün seçdiyin kəslərin xoş halına!

#4700
- Bab

 

Ya Rəbb! Sənin günlərində səbrli olan bəndələrinə layiqli qələbələrlə zəfər bəxş eylə, cünki onlar Sənin yolunda şəhidlik istədilər. Onlara o şeyləri nazil eylə ki, ürəklərinə rahatlıq gətirsin, könüllərini sevindirsin, qəlblərinə arxayınlıq və bədənlərinə sakitlik versin, onların qəlblərini Allahın, Ən Uca Olanın hüzuruna yüksəlməyə qabil etsin və onlar uca Cənnətə və elə şərəf məkanına yetişsinlər ki, sən onu irfan və mərifət sahibiləri üçün müəyyən etmisən. Həqiqətən, Sən hər şeyi bilirsən, bizsə yalnız Sənin bəndələrin, qulların, kölələrin və fəqirlərinik. Səndən başqa bir Rəbb çağırmırıq, Ey Allah, bizim Rəbbimiz, nə də Səndən özgə bir kəsdən xeyir-bərəkət və fəzl istəyib yalvarırıq, Sən Ey bu dünyanın və axirətin mərhəmət Rəbbi. Biz yoxsulluq, fanilik, köməksizlik və heçlik təcəssümüyük, Sənin bütün Varlığın isə zəngilik, müstəqillik, cəlal, əzəmət, sonsuz fəzilət mücəssəməsidir.

Ya Rəbb, həm bu dünyanın, həm də o biri dünyanın xeyrindən və göydən yerədək olan kəramətindən Sənə layiq şeyləri bizim mükafatımız eylə.

Həqiqətən, Sən bizim Rəbbimizsən və hər şeyin Rəbbisən. Biz özümüzü Sənin əllərinə təslim edirik və Sənə məxsus olan şeyləri istəyirik.

#4701
- Bab

 

Ya Rəbb! Yer üzünün bütün xalqlarını Sənin Dininin Cənnətinə daxil olmağa qadir eylə, belə ki, heç bir yaradılmış varlıq Sənin razılığının hüdudlarından kənarda qalmasın.

Əzəldən Sən istədiyini etməyə qadir olmusan və istədiyinin fövqündə əlçatmaz olmusan.

#4702
- Bab

 

Alqış Sənə, Ya Rəbb, Sən Ey bütün yaranmış şeyləri Öz əmrinin qüdrəti ilə xəlq edən Allah!

Ya Rəbb! Səndən başqa hər şeydən imtina etmiş kəslərə yardım eylə və onlara böyük qələbə bəxş eylə! Göydə, yerdə və onların arasında olan mələklər qoşununu, İlahi, onlara göndər ki, Sənin bəndələrinə kömək etsinlər, onlara yardım göstərsinlər, onları gücləndirsinlər, onları uğur qazanmağa qabil etsinlər, onlara dayaq dursunlar, onlara izzət əta etsinlər, şərəf və ucalıq bəxş etsinlər, onları zəngin etsinlər və ecazkar zəfərlərlə qalib etsinlər.

Sən onların Rəbbisən, göylərin və yerin Rəbbisən, bütün aləmlərin Rəbbisən. Bu bəndələrin gücü ilə bu Əmri qüvvətləndir, İlahi və onları qadir eylə ki, bütün dünyanın insanlarına üstün gəlsinlər; çünki onlar, doğrudan, Sənin o bəndələrindir ki, Səndən başqa hər şeydən özlərini ayırıblar və Sən, həqiqətən, həqiqi möminlərin Qoruyucususan.

İzn ver ki, İlahi, onların ürəkləri, Sənin bu sarsılmaz Əmrinə sədaqətli olmaqla, hər şeydən, yerdə və göydə və onların arasında olanlardan daha güclü olsun və Sənin ecazkar qüdrətinin əlamətləri ilə, Ya Rəbb, onların əllərini gücləndir ki, onlar Sənin qüdrətini bütün bəşərin gözü qarşısında zahir etsinlər.

#4703
- Bab

 

Ey Allah, mənim Allahım! Təriflər olsun Sənə, cünki Sən ən uca dağın zirvəsində Müqəddəs Ağacda ilahi məhəbbət atəşini yandırdın: o Ağac ki, “nə Şərqdəndir, nə də Qərbdən. 1” o atəş ki, onun alovu qalxıb Səma sakinlərinə yetişdi və bundan o varlıqlar hidayət işığı əldə etdilər və söylədilər: “Həqiqətən, biz Tur Dağının yamacında bir od gördük.” 12

Ey Allah, mənim Allahım! Günlər bir-birini əvəz etdikcə, bu odun alovunu artır, o vaxtadək ki, onun alovu bütün yer kürəsini hərəkətə gətirsin. Sən Ey mənim Rəbbim! Öz məhəbbətinin işığını hər bir ürəkdə yandır, elminin ruhunu insanların qəlbinə üfür, onların könüllərini Sənin birlik ayələrinlə sevindir. Qəbirlərində onlanları həyata gətir, təkəbbür əhlini ayılt, xoşbəxtliyi bütün dünyaya yay, Sənin saf sularını yağdır və aşkar təcəlli toplantılarında “kafur çeşməsində hazırlanmış” pialəni əldən-ələ ötür. 3(Quran 76-5)

Həqiqətən, Sənsən Bəxşedən, Bağışlayan, Ətaedən. Həqiqətən, Sənsən Mərhəmətli, Şəfqətli.

#4704
- Əbdül-Bəha Abbas

 

Odur Allah! Ya Rəbb, mənim Allahım, mənim Məhbubum! Bunlar Sənin o bəndələrindir ki, Sənin Səsini eşidiblər, Sözünə qulaq veriblər və Çağırışını dinləyiblər. Onlar Sənə iman gətirib, möcüzələrinə şahid olublar, Sənin sübütlarını etiraf edib, dəlillərinə şəhadət veriblər. Onlar Sənin yollarında addımlayıblar, Sənin hidayətinə tabe olublar, Sənin sirlərini açıblar, Sənin Kitabının, Sənin Səhifələrinin ayələrinin, Sənin Namələrinin və Lövhlərinin müjdələrinin gizli sirlərini anlayıblar. Onlar Sənin libasını ətəyindən yapışıblar, Sənin nurunun və əzəmətinin əbasından möhkəm tutublar. Onların qədəmləri sənin Əhdində möhkəmlənib və onların ürəkləri Sənin Peymanında qətiyyət əldə edib. Ya Rəbb! Onların ürəklərində Sənin ilahi cazibənin odunu yandır və izn ver ki, eşq və anlayış quşu onların ürəklərində oxusun. Onları sarsılmaz əlamətlərə, parlaq nümunələrə çevir və Öz Sözünü kimi onları kamil eylə. Onların vasitəsilə Öz Əmrini ucalt, bayraqlarını dalğalandır və möcüzələrini hər yana aşkar eylə. Sözünü onlara qalib eylə və sevimlilərinin qurşaqlarını bərkit. Onların dillərini azad et ki, Sənin Adını ucaltsınlar və onları Sənin müqəddəs iradən və razılığına uyğun olan əməllərə ruhlandır. Sənin müqəddəslik səltənətində onların üzünü nurlandır və Əmrinin zəfəri naminə ayağa qalxmaqa kömək etməklə onların sevincini tamamla.

Ya Rəbb! Biz zəifik, bizi gücləndir ki, Sənin müqəddəslik rayihələrini yayaq; biz fəqirik, bizi Sənin İlahi Birlik xəzinələrindən zəngin eylə; üryanıq, bizi Sənin kəramətinin libasına bürü; günahkarıq, Öz fəzlinlə, Sənin lütfün və əfvinlə günahlarımızı bağışla. Sən, həqiqətən, Yardımçı, Köməkedən, Fəzl Sahıbi, Güdrətli və Qüvvətlisən.

Səbatlı və möhkəm olanların üzərinə Bəha olsun.

#4705
- Əbdül-Bəha Abbas

 

Sinaq və çətinliklərdə oxunan dualar

Sən Ey sınağı, Sənə yaxın olanların dərmanı; qılıncı, aşiqlərinin coşqun istəyi; oxu, həsrətini çəkən könüllərin ən əziz arzusu; hökmü, Sənin həqiqətini tanıyanların yeganə ümidi! Səni and verirəm İlahi gözəlliyinə və üzünün nurunun parıltısına – Sənin yüksək təklik məkanından bizi Sənə yaxınlaşdıran şeyləri nazil eylə. Və sonra, bizim addımlarımızı Öz Əmrində möhkəmləndir, Ey mənim Allahım, ürəklərimizi Sənin irfanının şəfəqi ilə işıqlandır və adlarının parıltısı ilə qəlblərimizi nurlandır.

#4815
- Bəhaullah

 

Alqış Sənə, Ey mənim Allahım! Yolunda çəkilən bəlalar olmasaydı, Sənin həqiqi aşiqlərin necə tanınardı; Eşqindən doğan müsibətlər olmasaydı, Sənin həsrətini çəkənlərin məqamı necə bilinərdi? Sənin qüdrətin mənə şəhadət verir! Sənə sitayiş edənlərin həmdəmi göz yaşlarıdır, Səni axtaranların təsəllisi könüllərin naləsidir və Səni görməyə tələsənlərin qidası onların sınmış ürəklərinin parçalarıdır.

Necə də şirin dadır, Sənin yolunda çəkilmiş ölüm acısı və nə qədər əzizdir, Sənin sözünü ucaldarkən qarşılaşdığım düşmən oxları! Sənin Əmrində, Ey Mənim Allahım, Sən nəyi arzu etdinsə, qoy onu içim və Sənin məhəbbətində mənə qismət etdiyini nazil eylə. İzzətinə and olsun! Mən yalnız Sənin istədiyini istəyir, ancaq Sənin sevdiyini sevirəm. Bütün təvəkkül və inamımı hər vaxt Sənə bağlamışam.

Yalvarıram Sənə, Ey mənim Allahım, bu Zühura Sənin adına və hökmranlığına layiq köməkçilər meydana çıxar ki, onlar yaratdıqların arasında Səni xatırlasınlar və torpağında Sənin zəfər bayraqlarını ucaltsınlar.

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Əzəmətli və Qəyyum Allah!

#4816
- Bəhaullah

 

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Hər bir bəsirət sahibi Sənin səltənətini və hökmranlığını etiraf edir, hər bir görən göz Sənin əzəmətinin böyüklüyünü və Sənin qüdrətinin yenilməz qüvvətini anlayır. Sınaq tufanları gücsüzdür ki, Sənə yaxınlıqdan həzz alanların üzlərini Sənin cəlal üfüqünə tutmasına mane olsun; imtahan fırtınaları acizdir ki, Sənə vəfalı olanları Sənin dərgahına yaxınlaşmaqdan uzaq salsın və mane olsun.

Çünki Sənin məhəbbətinin çırağı onların ürəklərində, Sənin mehribanlıq məşəlin onların sinələrində alışıb. Bəlalar onları Sənin Əmrindən ayırmaqda acizdir və talenin tərs dövranı onları Sənin razılığından heç vaxt uzaqlaşdıra bilməz.

Səni and verirəm, Ey mənim Allahım, onlara və ürəklərinin Səndən ayrılıqdan çəkdikləri ah-naləyə - onları Sənin düşmənlərinin şərindən hifz eylə və Öz sevimlilərinə təyin etdiklərinlə onların qəlblərini bəslə, o kəslər ki, onlara qorxu gəlməz və kədərə düşməzlər.

#4817
- Bəhaullah

 

Ey Allah, mənim Allahım! Öz səxavətin və bəxşişinlə mənim kədərimi dağıt və hökmranlığın və qüdrətinlə mənim həyəcanımı qov. Görürsən, İlahi, məni hər tərəfdən kədər bürüdüyü bir zamanda üzümü Sənə tutmuşam. Ey bütün mövcudatın Rəbbi, görünən və görünməyən bütün şeylərə kölgə Salan, Səni and verirəm insanların ürəyini və qəlbini fəth etdiyin Adına, Sənin mərhəmət dəryanın dalğalarına və səxavət Günəşinin şualarına – məni o kəslərin sırasına yaz ki, heç nə onların üzünü Sənə tərəf tutmalarına mane ola bilmədi, Sən Ey bütün adların Rəbbi və göylərin Qurucusu!

İlahi, Sənin günlərində mənim başıma gələnləri görürsən. Səni and verirəm adlarının Məşriqinə və sifətlərinin Məzhərinə, mənə onu qismət eylə ki, Sənə xidmətə qalxmağa və Sənin tərifini söyləməyə məni qadir etsin. Sən, həqiqətən, Qüdrətli, Ən Qüvvətlisən, bütün insanların dualarına həmişə Cavab Verənsən!

Və sonda, Sənin üzünün nuruna iltimas edirəm, mənim işlərimə xeyir-bərəkət ver, məni borclarımdan qurtar və ehtiyaclarımı təmin eylə. Sən O Kəssən ki, Onun qüdrətinə və Onun səltənətinə hər bir dil şəhadət verib, Onun əzəmətini və hökmranlığını hər bir anlayışı olan qəlb etiraf edib. Səndən başqa Allah Yoxdur, eşidən və cavab verməyə hazır olan Allah.

#4818
- Bəhaullah

 

Varmıdır Allahdan başqa çətinliklərdən Qurtaran? Söylə: Sübhandır Allah! Odur Allah! Hamı Onun bəndələridir və hamı Onun hökmünü yerinə yetirir.

#4819
- Bab

 

Sən yaxşı bilirsən, Ey mənim Allahım, bəlalar hər tərəfdən mənim üstümə yağır və Səndən başqa heç kim onları nə qova, nə də dəf edə bilər. Mənsə Sənə olan eşqimin gücü ilə yəqin bilirəm ki, Sən bir kəsin məqamını Öz səmavi Cənnətində yüksəltmək və onun qəlbini bu dünyada Öz yenilməz qüdrətinin dayağı ilə möhkəmləndirmək istəməsən, onun heç vaxt bəlaya düşməsinə izn verməzsən, ta ki, o bu dünyanın bihudəliyinə meyl etməsin. Doğrudan da, Sən yaxşı bilirsən ki, bütün şəraitlərdə mənim üçün Sənin zikrin göylərdə və yerdə olanlara sahib olmaqdan nə qədər əzizdir.

Ey mənim Allahım, Sənə itaətdə və Sənin məhəbbətində mənim ürəyimi gücləndir və məni düşmənlərindən uzaq tut. Həqiqətən, Sənin cəlalına and içirəm ki, mən Səndən başqa heç nə diləmirəm, nə Sənin mərhəmətindən özgə bir şey arzulayıram, nə də ki, Sənin ədalətindən qeyri qorxduğum bir şey var. Yalvarıram Sənə, Öz istədiyin kimi məni və Öz sevdiklərini bağışla. Həqiqətən, Sən Qüdrətli, Kəramətlisən.

Bütün insanlarin tərifindən son dərəcə Ucasan Sən, Ey göylərin və yerin Rəbbi! Salam olsun Sənin vəfalı bəndələrinə və alqış olsun Allaha, aləmlərin Rəbbinə.

#4820
- Bab

 

Sənin Qüdrətinə and verirəm, Ey mənim Allahım! Qoyma sınaqlar zamanı mənə zərər toxunsun və Öz ilhamınla qafil olduğum anlarda addımlarımı doğru yola yönəlt. Sən Allahsan, Sən Öz istədiyini etməyə Qadirsən. Heç kəs Sənin İradənə qarşı dura və Məqsədini poza bilməz.

#4821
- Bab

 

Ya Rəbb! Sənsən hər bir dərdi Qaldıran və hər bir kədəri Dağıdan. Sənsən hər bir qəm-qüssəni Aparan, hər bir qulu azad Edən və Sənsən hər bir ruhu Xilas Edən. İlahi! Öz mərhəmətinlə nicat ver və məni xilas olmuş bəndələrin sırasına yaz.

#4822
- Bab

 

Alqiş və tərif Sənə, Ey mənim Allahım! And verirəm Sənin aşiqlərinin ahına və Səninlə görüşün həsrətini çəkənlərin göz yaşlarına, Sənin Günündə Öz mərhəmətindən məni məhrum etmə və Sənin üzündən saçılan nurların qarşısında Sənin təkliyini tərənnüm edən Göyərçinin nəğmələrindən məni binəsib qoyma. Mən miskinlik içində olan bir kəsəm, İlahi! Mənə nəzər sal, Sənin “Hər Şeyə Malik” Adından yapışmışam. Mən şübhəsiz fani olasıyam, İlahi! Mənə nəzər sal, Sənin “Əbədi” Adından tutmuşam. Ona görə də, Səni and verirəm Sənin Uca, Ən Yüksək Zatına, məni nəfsimin və ehtirasımın ixtıyarına buraxma. Öz qüdrət əlinlə mənim əlimdən tut, zənn və şəkk-şübhə burulğanından məni qurtar və bəyənmədiyin bütün şeylərdən məni təmizlə.

Sonra elə et ki, üzümü bütünlüklə Sənə tutum, tamamilə Sənə təvəkkül edim, Sənə pənah gətirim, Sənin üzünə sığınım. Sən o Kəssən ki, Qüdrətinin gücü ilə istədiyini edir və iradəsinin qüvvəsi ilə seçdiyinə hökm verir. Sənin fərmanına qarşı heç kəs dura bilməz və Sənin təyin olunmuş istiqamətini kimsə dəyişə bilməz. Sən həqiqətən də, Qüdrətli, Cəlal Sahibi, Ən Kəramətlisən.

#4823
- Əbdül-Bəha Abbas

 

Süfrə duasi

Odur Allah! Sən bizi görürsən, ey mənim Allahım, bu süfrə ətrafında toplaşmışıq, Sənin kərəmini tərif edir və nəzərimizi Sənin Mələkutuna dikmişik. Ya Rəbb! Sənin səmavi ruzini nazil eylə və bizə nemətlərini əta et.

Sən, həqiqətən, Bəxşedən, Rəhmli və Rəhmansan.

#4824
- Əbdül-Bəha Abbas

 

Odur Allah! Biz Sənə necə şükr edə bilərik, İlahi? Sənin nemətlərin hüdudsuz, bizi şükrlərimiz isə məhduddur. Məhdud qeyri-məhduda necə şükr edə bilər? Sənin lütflərinə şükr etməkdə acizik və tam zəifliklə Sənin Mələkutuna üz tutb bəxşiş və nemətlərini artırmanı diləyirik.

Sən Verici, Bəxşedən və Qüdrətlisən.

#4825
- Əbdül-Bəha Abbas

 

Şükr və minnətdarlıq duaları

Bütün təriflər, Ey mənim Allahım, Sənə olsun, Ey cəlal və möhtəşəmlik, əzəmət və şərəf, hökmranlıq və səltənət, ucalıq və fəzl, həşəmət və hakimiyyət Mənbəyi. Sən kimi istəsən, Ən Böyük Dəryaya yaxınlaşdırırsan və kimə arzu etsən, ona Sənin ən Qədim Adını tanımaq şərəfi əta edirsən. Göydə və yerdə olanlardan heç kəs Sənin hökmran iradənə qarşı dura bilməz. Əzəldən Sən bütün xilqəti idarə etmisən və əbədiyyətə qədər də Sənin hökmranlığın bütün mövcudat üzərində qalacaq. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Uca, Ən Qüvvətli, Ən Hikmətli Allah.

Ya Rəbb, Sənin bəndələrinin üzlərini nurlandır ki, onlar Sənə baxsınlar; onların ürəklərini pak et ki, Sənin səmavi nemətlərinə tərəf dönsünlər və Sənin Özünün Məzhərin və Sənin Zatının Məşriqi olan Kəsi tanısınlar. Həqiqətən, Sən bütün aləmlərin Rəbbisən. Səndən başqa Allah yoxdur, Sən İxtiyar Sahibi və Qalibiyyətlisən.

#4830
- Bəhaullah

 

Ən Uca Allahın adı ilə! Uca və Şanlısan Sən, Ya Rəbb, Qüdrətli Allah! Sənin hikmətin qarşısında aqillər aciz qaldılar və Sənin elmin qarşısında ariflər öz cahilliklərini etiraf etdilər, Sənin qüdrətin önündə güclülər zəifliklərinə, zənginliyin qarşısında varlılar yoxsulluqlarına şəhadət verdilər, Sənin nurun qarşısında nurlanmışlar zülmətdə itib-batmışlar, Sənin biliyinə doğru anlayış cövhərinin özü dönür, hüzurunuн məbədi ətrafında isə bütün bəşərin ruhu təvaf edir.

O halda Sənin Zatını mən necə tərif və ya tərənnüm edə bilərəm, Onu müdrikin hikməti və alimin elmi dərk etməkdə aciz qaldı, çünki heç kəs dərk etmədiyini vəsf edə bilməz, nə də yetişmədiyi şeyi tərif edə bilər, Sən isə əzəldən əlçatmaz, dərk edilməz olmusan. Sənin şərəf səmana qalxmağa gücüm yetməz, Səni tanımağın fəzasına uça bilmərəm, fəqət Sənin gözəl işlərinin nişanələrindən bəhs edə bilərəm.

Sənin cəlalına and olsun! Ey ürəklərin Məhbubu, Ey Sənin həsrətinin iztirabını yalnız Özü sakitləşdirən! Hətta göyün və yerin sakinləri birləşib Sənin əlamətlərinin ən cüzisini belə - nədə və nəyin vasitəsilə ki, Sən Özünü aşkar etmisən – tərif etməkdə aciz qalarlar, o ki qaldı Sənin bütün əlamətlərinin yaradıcısı olan müqəddəs Kəlamını tərif etsinlər.

Bütün tərif və alqış Sənə olsun, O Kəs ki, bütün şeylər şəhadət verib ki, Sən təksən və Səndən başqa Allah yoxdur, O Kəs ki, əzəldən bütün bənzərlik və oxşarlıqdan uca olub və əbədiyyətədək də belə qalacaq. Bütün sultanlar ancaq Sənin bəndələrindir, görünən və görünməyən bütün varlıqlar Sənin qarşında bir heçdir. Səndən başqa Allah yoxdur, Fəzl Sahibi, Qüvvətli, Ən Uca Аllаh.

#4831
- Bəhaullah

 

Sübhansan Sən, Ya Rəbb, mənim Allahım! Şükr edirəm Sənə, çünki məni qabil etdin ki, Zatının Məzhərini tanıyım və Sənin düşmənlərindən məni ayırdın, Öz günlərində mənim gözüm qarşısında onların bəd əməllərini və şər işlərini açdın, onlara olan bütün bağlılıqlardan məni qurtardın, məni tamamilə Öz fəzlinə və bol nemətlərinə doğru döndərdin. Yenə Sənə şükr edirəm ki, Öz iradə buludlarından məni imansızların eyhamından və kafirlərin kinayəsindən pak edən şeyləri nazil etdin və beləcə mən ürəyimi Sənə bağladım və Sənin üzünün nurunu dananlardan uzaqlaşdım. Yenə də Sənə şükr edirəm ki, Sənin məhəbbətində sabit olmaqda, Səni tərif etməkdə və sifətlərini ucaltmaqda mənə qüvvə verdin, görünən və görünməyən hər şeyi saran mərhəmətinin piyaləsindən mənə içirdin.

Sən Qüdrətli, Ən Uca, Ən Cəlallı, Ən Mehribansan.

#4832
- Bəhaullah

 

Bütün əzəmət və bəha, Ey mənim Allahım, bütün hökmranlıq və nur, ehtişam və cəlal Sənin üzərinə olsun. Sən kimə istəsən, ona sultanlıq əta edirsən və kimi istəsən, ondan məhrum qoyursan. Səndən başqa Allah yoxdur, Hər şeyə Malik, Ən Uca. Sən O Kəssən ki, yoxdan kainatı və onda olan bütün məxluqatı yaradıb. Sənin özündən başqa heç nə Sənə layiq deyil, Səndən başqa hər şey Sənin müqəddəs hüzurunda səfildir və Sənin Öz Varlığının cəlalı ilə müqayisədə bir heçdir.

Mən Sənin sifətlərini heç vəchlə tərif edə bilmərəm, məgər onunla ki, Sən Özün Öz Mötəbər Kitabında onları tərif etmisən, harada ki, Sən buyurursan, "Gözlər onu dərk etməz, O isə gözləri dərk edər. O, Lətif və Xəbərdardır." 1(Quran, 6:103) , Alqış Sənə, Ey mənim Allahım, həqiqətən, heç bir ağıl və ya göz, nə qədər iti və ya bəsirətli olsa da, Sənin əlamətlərindən ən cüzi olanın təbiətini anlaya bilməz. Həqiqətən, Sən Allahsan, Səndən başqa Allah yoxdur. Mən şəhadət verirəm ki, təkcə Sən Özün Öz sifətlərinin yeganə ifadəsisən. Səndən başqa heç kəsin tərifi Sənin müqəddəs dərgahına çata bilməz, Sənin sifətlərini isə Səndən özgə kimsə dərk edə bilməz.

Alqış Sənə, Sən Özündən başqa hər kəsin vəsfindən yüksəksən, çünki bu insan anlayışından kənardır ki, Sənin məziyyətlərini tərif etsin, ya da Sənin Zatının batini маhiyyətini dərk edə bilsin. Bu Sənin şərəfindən çox uzaqdır ki, Sənin yaratdıqların Səni vəsf etsinlər, ya da Səndən özgə kimsə Səni nə vaxtsa tanıya bilsin. Mən Səni, Ey mənim Allahım, ona görə tanıdım ki, Özün Özünü mənə tanıtdırdın, çünki əgər Özünü mənə zahir etməsəydin, mən Səni tanımazdım. Məni Özünə çağırdığın üçün mən Sənə sitayiş edirəm, çünki Sənin çağırışın olmasaydı, mən Sənə sitayiş etməzdim.

#4833
- Bab

 

Toplantılarda oxunan dualar

Ucasan Sən, Ya Rəbb, mənim Allahım! Səni and verirəm Sənin fəzl yellərinə və Sənin məqsədinin Məşriqləri və İlhamının Məzhərləri olan Kəslərə - mənə və Sənin üzünü axtaran Kəslərə, Sənin bol fəzlinə yaraşanları, bəxşiş və lütflərinə layiq olanları nazil eylə; mən yoxsul və tənhayam, İlahi! Öz zənginlik dəryanda məni qərq eylə; təşnəyəm, mənə Öz inayətinin dirilik suyundan içir.

Səni and verirəm Sənin Özünə, göydə və yerdə olanların hamısına Öz Zatının Zühuru və fərqləndirici Sözü təyin etdiyin Kəsə, Öz bəndələrini Sənin inayət ağacının kölgəsində topla. Sonra onlara kömək eylə ki, o ağacın meyvələrindən dadsınlar, onun yarpaqlarının xışıltısına və onun budaqlarında ötən bu Quşun şirin nəğmələrinə qulaq versinlər. Sən, həqiqətən, Qəyyum, Əlçatmaz, Qüdrətli, Ən Kəramətlisən.

#4853
- Bəhaullah

 

Sən Ey Mərhəmətli Allah! Sən Ey Qüdrətli və Qüvvətli! Sən Ey Ən Mehriban Ata! Bu bəndələr bir yerə toplaşıblar, Sənə dönüblər, Sənin astanana yalvarırlar, Sənin böyük vədindən sonsuz nemətlərini arzulayırlar. Sənin razılığından başqa məqsədləri, insanlıq aləminə xidmətdən savayı niyyətləri yoxdur.

Ey Allah! Bu toplantını işıqsaçan eylə. Ürəkləri mərhəmətli eylə. Müqəddəs Ruhun bəxşişlərini əta eylə. Onlara Səmadan güc ver. Onlara cənnət düşüncəsi bəxş eylə. Onların səmimiyyətini yüksəlt ki, tam mütilik və peşmanlıqla Sənin Mələkutuna dönsünlər və insan aləminə xidmətlə məşğul olsunlar. Qoy hər biri şölə saçan bir şam olsun. Qoy hər biri parlaq bir ulduz olsun. Qoy hər biri Sənin mələkutunda rəngarəng, xoş ətirli rahiyə saçan bir çiçək olsun.

Ey Mehriban Ata! Lütflərini əta et, qüsurlarımıza baxma. Himayəndə bizə pənah ver. Günahlarımızı anma. Şəfqətinlə bizə şəfa ver. Biz zəifik; Sən Qüdrətlisən. Biz fəqirik; Sən Zənginsən. Biz xəstəyik; Sən Həkimsən. Biz möhtacıq; Sən Kərimsən.

Ey Allah! Bizə Öz inayətini əta eylə. Sən Qüvvətlisən. Sən Bəxşedənsən. Sən Şəfqətlisən.

#4854
- Əbdül-Bəha Abbas

 

Sən Ey Mehriban Rəbb! Bunlar Sənin bəndələrindir ki, bu məclisdə toplaşıblar, Sənin mələkutuna yönəliblər, Sənin bəxşiş və nemətlərinə möhtacdırlar. Ey Allah! Həyatın bütün gerçəkliklərində gizli qalmış birlik nişanələrini açıb göstər. İnsan zatında saxladığın mübhəm qüvvələri zahir eylə.

Ey Allah! Biz bitki kimiyik, Sənin kərəmin isə bir yağışa bənzər; Öz bəxşişlərinlə bu bitkiləri təravətləndir və böyüt. Biz Sənin bəndələrinik; bizi maddi həyatın qandallarından qurtar. Nadanıq; hikmət bağışla. Ölüyük; bizi dirilt. Maddiyik, ruh əta eylə. Məhrumuq; bizə Öz sirlərini aç. Möhtacıq; bizi zənginləşdir və bizə Sənin sonsuz xəzinələrindən xeyir-bərəkət ver. İlahi! bizi dirilt; bizə bəsirət ver; bizi eşidən eylə; həyatın sirlərindən bizi vaqif eylə ki, Sənin mələkutunun sirləri bizə bu dünyada aşkar olsun və biz Sənin təkliyini etiraf edək. Hər bir bəxşiş Səndən gəlir; hər bir xeyir-bərəkət Sənindir.

Sənsən Qüdrətli, Sənsən Qüvvətli, Sənsən Bəxşedən, Sənsən həmişə Kəramətli.

#4855
- Əbdül-Bəha Abbas

 

Ey mənim Allahım, Ey mənim Allahım! Həqiqətən, bu bəndələr Sənə üz tuturlar, Sənin mərhəmət səltənətinə yalvarırlar. Həqiqətən, onlar Sənin müqəddəsliyinə cəlb olunublar, məhəbbət odunla alovlanıblar, ecazkar mələkutundan kömək diləyirlər, səmavi aləminə yetişməyi arzulayırlar. Həqiqətən, onlar Sənin bəxşişlərinin enməsinin həsrətini çəkir və Həqiqət Günəşindən bir nur arzu edirlər. Ya Rəbb! Onları şöləsaçan çıraqlar, mərhəmət nişanələri, barlı-bəhrəli ağaclar və parlayan ulduzlar eylə. Qoy onlar Sənin xidmətində irəli gəlsinlər, Səninlə Sənin məhəbbət bağların və tellərinlə birləşsinlər, Sənin lütfünün nurları onların muradı olsun. Ya Rəbb! Onları hidayət nişanələri, əbədi səltənətinin nümunələri, mərhəmət dənizinin dalğaları və Sənin əzəmət işıqlarını əks etdirən güzgülər eylə.

Həqiqətən, Sən Səxavətlisən. Həqiqətən, Sən Mərhəmətlisən. Həqiqətən, Sən Əziz və Sevgilisən.

#4856
- Əbdül-Bəha Abbas

 

Sən Ey Bağışlayan Allah! Bu bəndələr Sənin Mələkutuna üz tutublar, Sənin fəzl və kəramətini diləyirlər. İlahi! Onların ürəklərini saf və təmiz eylə ki, Sənin məhəbbətinə layiq olsunlar. Ruhlarını pak və təmiz eylə ki, Həqiqət Günəşi onların üzərinə saçsın. Gözlərini pak və təmiz eylə ki, Sənin işığını görə bilsinlər. Qulaqlarını pak və təmiz eylə ki, Sənin mələkutunun nidasını eşidə bilsinlər.

İlahi! Həqiqətən, biz zəifik, amma Sən Qüdrətlisən. Həqiqətən, biz yoxsuluq, lakin Sən Zənginsən. Biz axtaranlarıq, Sən isə Axtarılansan. Ya Rəbb! Rəhm eylə və bizi əfv et; bizə elə bir qabiliyyət və istedad əta et ki, Sənin lütflərinə layiq olaq və səltənətinə cəzb olunaq, dirilik suyundan doyunca içək, Sənin eşq odundan alovlanaq və bu nurlu əsrdə Müqəddəs Ruhun nəfəsi ilə dirçələk.

Ey Allah, mənim Allahım! Bu məclisə inayət nəzərilə bax. Onların hər birini Öz mühafizən və müdafiən altında qoru. Bu canlara Sənin səmavi xeyir-bərəkətlərini nazil eylə. Onları Öz mərhəmət dənizində qərq eylə və Müqəddəs Ruhun nəfəsi ilə onları dirilt.

Ya Rəbb! Bu adil hökumətə uğur və təyid bəxş eylə. Bu ölkə Sənin himayənin kölgəsindədir və bu xalq Sənin xidmətindədir. Ya Rəbb! Onlara Sənin səmavi inayətini bəxş eylə və Öz sonsuz fəzl və bol lütflərini onların üzərinə yağdır. Bu möhtərəm milləti şərəfli saxla, mələkutuna daxil olmağa qabil eylə.

Sən Qüvvətlisən, Qadirsən, Mərhəmətlisən və Sən Səxavətlisən, Rəhmlisən və sonsuz Fəzl Sahibisən.

#4857
- Əbdül-Bəha Abbas

 

Sən Ey hidayət Edən İlahi Qüvvə! Bu məclis Sənin sevimli dostlarından ibarətdir ki, Sənin Camalına cəlb olunublar və Sənin eşqinin atəşindən alovlanıblar. Bu ruhları Səmavi mələklər eylə, onları Müqəddəs Ruhun nəfəsi ilə dirçəlt, onlara bəlağətli dil və əzmli qəlb bağışla, səmavi güc və rəhmani həssasiyyət əta eylə, onları bəşəriyyətin birliyinin carçıları və insan aləmində sevgi və ahəng yaradan eylə, ta ki, təhlükəli cəhalət təəssübkeşliyinin zülməti Həqiqət Günəşinin nurları ilə məhv olsun, bu tutqun dünya işıqlansın, bu maddi dünya ruhani aləmin Şəfəqlərinə bürünsün, bu müxtəlif rənglər bir rəngə çevrilsin və alqış və tərif nəğmələri Sənin müqəddəslik mələkutuna ucalsın.

Həqiqətən, Sən Qüdrətli və Qüvvətlisən!

#4858
- Əbdül-Bəha Abbas

 

Sən Ey mehriban Pərvərdigar! Bu ruhlar Mələkutun nidasını eşitmiş və gözlərini Həqiqət Günəşinin cəlalına dikmişlər. Onlar məhəbbətin təravətləndirici səmasına yüksəlmişlər; onlar Sənin təbiətinə məftun olmuşlar və Sənin camalına sitayiş edirlər. Özlərini Sənə tərəf çevirmişlər, bir-birilə Səndən danışırlar, Sənin məkanını axtarırlar və Sənin səma səltənətindən axan sular üçün susamışlar.

Sənsən Bəxşedən, Ətaedən və həmişə Sevən.

#4859
- Əbdül-Bəha Abbas

 

Uşaqlar üçün dualar

Ey Rəbbim, mənim Allahım! Bu bir uşaqdır ki, Sənin bəndələrinin birindən törəyib, o kimsə ki, Sən onun üçün Özünün tale Lövhələrində və təqdir səhifələrində yüksək məqamlardan birini müəyyən etmisən.

Səni and verirəm O adına ki, Onun vasitəsilə bütün insanlar öz arzularının məqsədinə yetişərlər - bu uşağı Öz bəndənlərinin arasında kamil bir ruh kimi yetişdir; Öz adının gücü ilə onu parlat; onu Sənin vəsfini söyləməyə, üzünü Sənə tərəf çevirməyə və Sənə yaxınlaşmağa qabil eylə.

Həqiqətən, Sən əzəldən istədiyini etməyə qadir olmusan və əbədiyyətə qədər də istədiyinə qadir olacaqsan. Səndən başqa Allah yoxdur, Sən Uca, Əzim, Qalibiyyətli, Qüdrətli, Tabe Edən və İxtiyar Sahibisən.

#4860
- Bəhaullah

 

Alqış Sənə, Ey mənim Rəbbim Allah! Bu körpəni Öz mərhəmət və inayət döşündən qidalandır və onu Öz səmavi ağacının meyvələri ilə bəslə. Onu Səndən başqa bir kimsənin himayəsinə buraxma, çünki Sən Özün onu Öz iradə və qüdrətinin hökmü ilə yaratmısan və həyata gətirmisən. Səndən başqa Allah yoxdur, Sən Ən Qüdrətli və Hər Şeyi Bilənsən.

Sən Sübhansan, Ey mənim Məhbubum, onun üzərinə Sənin fövqəl səxavətinin nəsimlərini və Sənin müqəddəs lütflərinin ətirlərini əsdir. Sonra onu Sənin uca adının kölgəsinə sığınmağa qadir eylə, Ey sifətlər və adlar səltənətini Öz ovcunda Saxlayan. Həqiqətən, Sən istədiyini etməyə Qadirsən, Sən həqiqətən, Qüdrətli, Uca, Həmişə Bağışlayan, Fəzl Sahibi, Səxavətli və Mərhəmətlisən.

#4871
- Bəhaullah

 

İlahi! Bu uşaqları tərbiyə eylə. Bu uşaqlar Sənin bağının bitkiləri, Sənin Çəmənliyinin gülləri, Sənin bağçanın çiçəkləridir. Qoy Sənin yağışın onların üzərinə yağsın; qoy Sənin həqiqət Günəşin Sənin məhəbbətinlə onları nurlandırsın; qoy Sənin nəsimin onları təravətləndirsin ki, tərbiyə alsınlar, böyüsünlər, inkişaf etsinlər və kamil bir gözəlliklə meydana çıxsınlar. Sən Əta Edənsən, Sən Mərhəmətlisən.

#4861
- Əbdül-Bəha Abbas

 

Sən Ey mehriban Rəbb! Bu nazənin uşaqlar Sənin qüdrət barmaqlarının əsərləri, əzəmətinin ecazkar nişanəsidirlər. Ey Allah! Bu uşaqları hifz eylə, onlara elm öyrənməkdə kərəminlə kömək eylə və bəşəriyyət aləminə xidmət etməkdə onlara yardım eylə. Ey Allah! Bu uşaqlar dürr dənəsidirlər, onları Öz inayət sədəfinin qoynunda bəslə. Sən Kəramətli, Ən Mehribansan.

#4862
- Əbdül-Bəha Abbas

 

Ya Rəbb! Bu uşaqları ən gözəl fidanlar eylə. Onları Öz Əhdi-Peyman bağçanda böyüt və yetişdir, Əbha Mələkutunun feyz yağışları ilə onlara gözəllik və lətafət bəxş eylə.

Sən Ey Mehriban Allah! Mən kiçik bir uşağam, Öz mələkutuna qəbul etməklə məni ucalt; dünyəviyəm, məni səmavi eylə; aşağı aləmdənəm, məni uca səltənətə aid eylə; tutqunam, işıq saçan eylə; maddiyəm, məni ruhani eylə və mənə yardım eylə ki, Sənin tükənməz feyzlərini aşkar edə bilim.

Sən Qüvvətli və Ən Mehribansan.

#4863
- Əbdül-Bəha Abbas

 

Odur Allah! Ey Allah, mənim Allahım! Mənə dürr təkin saf bir qəlb əta eylə.

#4864
- Əbdül-Bəha Abbas

 

Ey Allah, mənə yol göstər, məni qoru, məni şölə saçan bir çıraq və parlaq bir ulduz eylə. Sən Qüdrətli və Qüvvətlisən.

#4865
- Əbdül-Bəha Abbas

 

İlahi, İlahi! Mən kiçicik bir körpəyəm. Öz mərhəmət döşündən bəslə məni, Sənin məhəbbət ağuşunda böyüt məni, Sənin tərbiyə məktəbində mənə təlim ver, kəramətinin kölgəsində yetişdir məni. Qaranlıqdan qurtar, parlaq bir işıq eylə məni; qəmginlikdən xilas eylə, gülşənin gülü eylə məni; Sənin astananda bəndəlik etmək üçün mənə izn ver, pak möminlərin xasiyyət və əxlaqını bağışla mənə. Məni insan aləminə xeyir verən eylə və əbədi həyat tacı ilə başımı şərəfləndir.

Həqiqətən, Sənsən Qüvvətli, Qüdrətli, Görən və Eşidən.

#4866
- Əbdül-Bəha Abbas

 

Ey Bənzərsiz Allah! Bu yazıq uşağa pənah ol. Bu xətalı və qəmgin ruha bağışlayan və mehriban Mövla ol. İlahi, faydasız bitkilər də olsaq, Sənin gülşənindənik. Yarpaqsız və çiçəksiz fidanlar da olsaq, amma Sənin bağındanıq. Elə isə bu bitkini Sənin inayət buludunun yağışları ilə bəslə, ruhani baharın nəsimi ilə bu solmuş fidana canlılıq və təravət bağışla. Onu ayılt, nəcib böyüt, huşyar eylə və ona əbədi həyat bəxş eylə ki, Sənin Mələkutunda daim yaşasın.

#4867
- Əbdül-Bəha Abbas

 

Ey mənim Allahım, Ey mənim Allahım! Sən bu uşaqları görürsən – onlar həyat ağacının budaqları, nicat bağçasının quşları, Sənin mərhəmət dənizinin gövhərləri və hidayət bağının qızılgülləridir.

Ey Allah, bizim Rəbbimiz! Biz Sənə alqış oxuyur, Sənin müqəddəsliyinə şəhadət verir və Sənin mərhəmət səmana üz tutub ürəkdən, atəşlə yalvarırıq - bizi hidayət çıraqları eylə, insanlar arasında əbədi cəlal üfüqündə parlayan ulduzlar eylə və bizə Səndən gələn bir elm öyrət. Ya Bəha-ül-Əbha!

#4868
- Əbdül-Bəha Abbas

 

Ya Rəbb! Mən bir uşağam; Məni Öz inayət kölgəndə böyüt. Mən zərif bir bitkiyəm, məni Öz feyz buludlarının yağışları ilə bəslə. Mən məhəbbət bağının fidanıyam, məni bəhrəli bir ağac eylə.

Sən Qüdrətli və Qüvvətlisən. Sən Mehribansan, Sən hər şeyi Bilən və hər şeyi Görənsən Əbdül-Bəha Abbas

#4869
- Əbdül-Bəha Abbas

 

Sən Ey mənim Cəlallı Rəbbim! Özünün bu balaca kənizini xoşhal və bəxtəvər bir gız eylə; Öz vahidlik dərgahında onu əziz tut və qoy o Sənin məhhəbətinin piyaləsindən doyunca içsin ki, şövq və vəcdlə dolsun, müşk və ətir saçsın. Sən Qüdrətli və Qüvvətlisən, Sən Hər Şeyi Bilən və Hər Şeyi Görənsən.

Sən Ey mənim Cəlallı Rəbbim! Özünün bu balaca kənizini xoşhal və bəxtəvər bir gız eylə; Öz vahidlik dərgahında onu əziz tut və qoy o Sənin məhhəbətinin piyaləsindən doyunca içsin ki, şövq və vəcdlə dolsun, müşk və ətir saçsın. Sən Qüdrətli və Qüvvətlisən, Sən Hər Şeyi Bilən və Hər Şeyi Görənsən.

#4870
- Əbdül-Bəha Abbas

 

Vəfat edənlər üçün namaz və dualar

Vəfat edənlər üçün qılınan namaz yeganə Bəhai namazıdır ki, cəm halında oxunur, digər iştirakçılar isə sükutda dayanirlar. Həzrət Bəhaullah buruymuşdur ki, bu namaz vəfat edən on beş yaşdan yuxarı olduqda qılınır və dəfndən qabaq oxunmalıdır. Namaz oxuyan zaman üzü qibləyə durmaq məcburi deyildir. Bir dəfə Allahu-Əbha deyilir; sonra altı ayədən birincisi on doqquz dəfə oxunur. Sonra on doqquz dəfə oxunan ikinci ayədən əvvəl yenə “Allahu-Əbha” deyilir və belə davam etdirilir. Əgər rəhmətə gedən qadın olarsa, bu zaman duadakı “bəndən və bəndənin oğlu” ifadəsi əvəzinə “kənizin və kənizinin qızı” deyilir.

Ey mənim Allahım! Bu Sənin bəndən və bəndənin oğludur ** ki, Sənə və Sənin nişanələrinə iman gətirmişdi və Səndən başqa hər şeydən tam əlini ürək üzünü Sənə çevirmişdi. Sən, həqiqətən, rəhmlilərin Rəhimlisisən.

Sən Ey insanların günahlarıni Bağışlayan və eyiblərini Örtən, Öz mərhəmət dənizinə və səxavət səmana layiq tərzdə ona yanaş və izn ver ki, Sənin sonsuz mərhəmətin hüdudlarına daxil olsun, o yer ki, əvvəllər yerin və göyün təməli idi. Səndən başqa Allah yoxdur. Sən əzəldən Bağışlayan, Ən Səxavətlisən.

(Qoy namazı qılan şəxs hər bir ayəni oxumazdan əvvəl bir dəfə “Allahu-Əbha” söyləsin və sonra ayəni on doqquz dəfə oxusun.)

Biz hamımız, həqiqətən, Allaha ibadət edənlərik.

Biz hamımız, həqiqətən, Allaha səcdə edənlərik.

Biz hamımız, həqiqətən, Allaha itaət edənlərik.

Biz hamımız, həqiqətən, Allahı zikr edənlərik.

Biz hamımız, həqiqətən, Allaha şükr edənlərik.

Biz hamımız, həqiqətən, Allah xatirinə səbr edənlərik.

Əgər rəhmətə gedən qadın olarsa, bu zaman duadakı “bəndən və bəndənin oğlu” ifadəsi əvəzinə “kənizin və kənizinin qızı” deyilir.

#4872
- Bəhaullah

 

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Öz əzəli hökmranlığının ğücü ilə ucaltdıgın kəsi həqir etmə və Sənin əbədiyyət çadırina daxil etdiyin kimsəni Özündən uzaqlaşdırma. Qovarsanmı, Ey mənim Allahım, o kəsi ki, onu Öz Rəbliyinlə himayə etmisən, rədd edərsənmi o kəsi ki, Ey mənim Məqsudum, ona Özün sığınacaq olmusan, xar edərsənmi o kəsi ki, Özün şərəfləndirmisən, ya unudarsanmı o kəsi ki, Səni xatırlamağa Özün qadir etmisən?

Ucasan Sən, sonsuz Ucasan! Sən o Kəssən ki, əzəldən bütün məxluqatın Sultanı və İlkin Hərəkətvercisi olmusan və əbədiyyətədək bütün yaranmışların Mövlası və Hökmdarı olaraq qalacaqsan. Ucasan Sən, Ey mənim Allahım! Əgər Sən bəndələrinə rəhm etməsən, onda kim onlara mərhəmət göstərər; əgər Sən Öz sevimlilərinin əlini tutmasan, kim onların əlindən tutar!

Ucasan Sən, sonsuz Ucasan! Sən Öz həqiqətində sitayiş olunansan və Sənə bizim hamımız, həqiqətən, sitayiş edirik; Sən Öz ədalətinlə aşkarsan, Sənə biz hamımız, həqiqətən, şəhadət veririk, Sən, həqiqətən, fəzlinlə Məhbubsan. Səndən başqa Allah yoxdur, Sən Əzəmətli və Qəyyumsan.

#4873
- Bəhaullah

 

Odur Allah, Ucadır O, İnayət və kəramət Mövlası Odur! Sübhansan, Sən, Ey mənim Allhım, Qüdrətli Rəbb! Sənin qüdrətinə və qüvvətinə, səltənətinə və inayətinə, fəzlinə və iqtidarına, Sənin Varlığının vahidliyinə və Zatının birliyinə, paklığına və məxluqat aləmindən və onda olan hər şeydən müqəddəs və pak olmağına şəhadət verirəm.

Ey mənim Allahım! Sən məni görürsən. Səndən başqa hər şeydən əlimi üzərək Sənə möhkəm yapışmışam və Sənin bəxşiş dənizinə, səxavət səmana və mərhəmət Günəşinə üz tutmuşam.

İlahi! Şəhadət verirəm ki, Sən Əmanətini Öz bəndəndə qoymusan və bu həmin Ruhdur ki, onunla aləmə həyat bəxş etmisən. And verirəm Sənin Vəhy Günəşinin təcəllilərinə, Sənin günlərində onun etdiklərini lütfünlə qəbul eylə. Sonra izn ver, qoy o Sənin razılığının şərəfinə bürünsün və Sənin qəbulunla zinətlənsin.

Ey mənim Rəbbim! Mənim özüm və bütün yaranmışlar Sənin Qüdrətinə şəhadət veririk və Səndən rica edirəm ki, Sənə, Sənin səmavi məskəninə, Sənin uca Cənnətinə və Sənə yaxınlıq məqamına yuksələn bu ruhu özündən uzaqlaşdırmayasan, Ey bütün bəşərin Mövlası! Sonra isə lütf eylə, Ey mənim Allahım, qoy bu bəndən Sənin seçilmişlərinlə, Sənin övliyaların və Elçilərinlə qələmin təsvir edə və dilin söyləyə bilmədiyi səmavi məkanda ünsiyyət etsin.

Ey mənim Rəbbim, bu fəqir, həqiqətən, Sənin zənginlik Mələkutuna və bu qərib Sənin yaxınlığındakı vətəninə tələsdi, o kəs ki, Sənin bəxşişinin səmavi çeşməsi üçün susamışdı. İlahi, Sənin fəzlinin nemətlərindən və kəramətinin lütflərindən ona düşən paydan onu məhrum etmə. Sən, həqiqətən, Qüdrətli, Fəzl və Kərəm Sahibisən.

Ey mənim Allahım, Sənin Əmanətin Sənə qayıtdı. Sənin Mülk və Mələkutu bürüyən kərəm və fəzlinə layiqdir ki, Öz təzə qonağın ücün nemətini, bəxşişini və fəzl ağacının meyvələrini nazil eyləyəsən! Sən istədiyini etməyə Qadirsən, Səndən başqa Allah yoxdur. Yalnız Sən Fəzl Sahibi, Kəramətli, Şəfqətli, Əta Edən, Əfv Edən, Əziz və Hər Şeyi Bilənsən.

Şəhadət verirəm ki, Ey mənim Allahım, Sən insanlara qonaqpərvərliyi əmr etmisən, və o kəs ki, Sənin yanına yüksəldi, o həqiqətən, Sənə yetişdi. İndi onunla Öz fəzlinə və kərəminə layiq olan tərzdə rəftar eylə! And olsun Sənin izzətinə, mən yəqin bilirəm ki, Sən Özünü bəndələrinə əmr etdiyindən kənar tutmazsan və Sənin kərəm ipindən yapışanı və zənginlik üfüqünə yüksələni məyus etməzsən.

Səndən başqa Allah yoxdur, Tək, Vahid, Qadir, Hər Şeyi Bilən və Kəramətli Allah.

#4874
- Bəhaullah

 

Ey mənim Allahım! Sən Ey günahları Bağışlayan, bəxşişlər Əta Edən, qəm-qüssəni Dağıdan!

Həqiqətən, yalvarıram Sənə, cismani libaslarını tərk edib, ruhani aləmə yüksələnlərin günahlarını bağışla.

Ey Mənim Rəbbim! Onları günahlardan pak eylə, kədərlərini dağıt və zülmətini nura çevir. Onları ruhani şadlıq bağına daxil eylə, hamısını ən saf su ilə pak eylə və ən uca zirvədə Sənin şəfəqlərini görməyi onlara nəsib eylə.

#4875
- Əbdül-Bəha Abbas

 

Sən Ey Bağışlayan Allah! Baxmayarq ki, bəzi ruhlar öz həyatlarını qəflətdə keçirib, biganə və itaətsiz olublar, amma Sənin əfv dənizinin bir dalğası ilə o günahlara batanların hamısı azad olar. Sən kimi istəsən, onu məhrəm edirsən və kimsə Sənin seçiminə düşməsə, o günahkar sayılar. Əgər Sən Öz ədalətinə yanaşsan, biz hamımız günahkarıq və binəsibliyə layiqik, amma mərhəmətlə yanaşsan, hər günahkar pak olar və hər bir yad yaxın dost olar. Elə isə əfv və bağışlamanı əta et və Öz mərhəmətini hamıya bəxş eylə.

Sən Bağışlayan, Nurlandıran və Qüdrətlisən.

#4876
- Əbdül-Bəha Abbas

 

Ey mənim Allahım, Ey günahları Bağışlayan və qəm-qüssəni Dağıdan! Sən ey Əfv Edən və Mərhəmətli! Mən titrəyən əllərimi Sənə doğru açmışam, Sənin İlahi Zatının dərgahında göz yaşlarımla yalvarıram, Öz rəhmin və əfvinlə Sənin haqq dərgahına yüksəlmiş bu kənizini bağışla. Ya Rəbb! Onun üstünə fəzl və kəramət buludlarının kölgəsini sal, onu rəhmət və bağışlama dəryanda qərq eylə və onu müqəddəs məkana, Sənin səmavi Cənnətinə daxil eylə.

Sən həqiqqətən, Qüdrətli, Şəfqətli, Səxavətli və Mərhəmətlisən.

#4877
- Əbdül-Bəha Abbas

 

Ya Rəbb! Sən Ey mərhəməti hamını saran, rəhmi böyük, kəraməti yüksək, əfvi və səxavətli hamını burüyən, bağışının işığı bütün dünyanı tutan! Ey Cəlal Sahibi! Hərarət və göz yaşlarımla Sənə yalvarıram, Sənə doğru yüksəlmiş bu kənizinə mərhəmət gözü ilə bax; Ona Uca Cənnətin zinətləri ilə parlayan mərhəmət xalatı geyindir və vahidlik ağacının kölgəsində sığınacaq verməklə onun üzünü mərhəmət nuru ilə işıqlandır.

Sənin səmavi kənizini, İlahi, Öz əfvinin ruhundan doğan müqəddəs rayihələrə qovuşdur, onu mübarək məskəndə sakin eylə, dərdlərinə Sənin vüsal məlhəminlə əlac eylə və Sənin iradənlə ona Sənin müqəddəs Cənnətinə daxil olmağa izin ver. Öz inəyətinin mələklərini daim onun üstünə endir və üzərinə mübarək ağacın kölgəsinə sal. Sənsən, həqiqətən, Həmişə Bağışlayan, Ən Səxavətli və Ən Kəramətli.

#4878
- Əbdül-Bəha Abbas

 

Sən Ey mehriban Allah! Bu əziz kənizin Sənə cəzb olunmuşdu, ağıl və fəhmi ilə Sənin görüşünə yetişməyə və Sənin səltənətinə daxil olmağa müştaq idi. Gözləri yaşlı, üzünü sirlər səltənətinə tutmuşdu. Neçə-neçə gecələr sənə dua və münacatla məşğul idi, neçə-neçə gündüzlər Sənin zikrinlə həmdəm və munis olmuşdu. Hec bir səhər Səndən qafil olmamış, hec bir axşam Səni fikrindən çıxarmamışdı. Xoş avazlı bülbül kimi, o Sənin müqəddəs ayələrini oxuyurdu və bir ayna kimi, Sənin işığını əks etdirmək istəyirdi.

Sən Ey günahları Bağışlayan! Bu ayılmış bəndənə yol aç ki, Sənin Mələkutuna daxil olsun və Sənin əlinlə yetişmiş bu quş əbədi gülüstanda pərvaz etməyə qadir olsun. O Sənə yaxınlaşmaq arzusu ilə alışıb yanır; onu Sənin hüzuruna yetişməyə qabil eylə. O Sənin hicranından divanə və pərişan olub, onu Özünün səmavi Sarayına daxil eylə.

İlahi! Biz günahakarıq, Sən isə Bağışlayansan. Biz qüsurlar dəryasında batmışıq, amma Sən Əfv Edən və Mehribansan. Günahlarımızı bağışla, və hədsiz fəzlinlə bizləri bəxtəvər eylə. Sənin Camalını seyr etmək şərəfi ver və bizə sevinc və səadət şərabı içir. Biz xətalarımızın əsiriyik, Sən səxavətli feyz Sultanısan. Biz insafsızlıq dənizində batmışıq, Sən sonsuz mərhəmət Allahısan. Əta Edən, Cəlallı, Əbədi və Kəramətli Sənsən; Və Sən Ən Səxavətli, Ən Mərhəmətli, Qüdrətlisən, O Kəs ki, bəxşişlər Ehsan Edən və günahları Bağışlayandır. Həqiqətən, Sən bizim səhvlərimizi Bağışlayansan. Rəblərin Rəbbisən.

#4879
- Əbdül-Bəha Abbas

 

Occasional

Azərbaycan Haqqında Dualar

Bakı Bəhailərinin-Allahın nuru üzərlərinə olsun-nəzərinə!

Ey Əbha Camalının dostları! Bilmirəm ki, hansı dil ilə söyləyim və nə cür yazım ki, az da olsa mənim ürəyimin dərinliyində Allahın dostlarına olan məhəbbəti bəyan edim. Allaha and olsun! Qələmlər bunu bəyan etməkdə acizdir və aqillər isə onu dərk edə bilməzlər. Ona görə də yaxşısı budur ki, bunu münacat dili ilə dua kimi söyləyim:

Rəbbim, Rəbbim! Bunlar Sənin bəndələrindir ki, Sən bəxş etdiyin sığınacağa pənah gətiriblər. Və Sənin əzəmətli Əmrinin yanında pənah axtarmaq üçün gəliblər. Sənin dövründə əta dənizinin sahilinə can atıblar. Ya Rəbb! Onlara lütf və mərhəmət badələrini bəxş eylə. Comərdlik və bəxşiş buludlarını onların üzərinə yağdır. Onları fəzl və ehsan buludlarının kölgəsinə daxil et. Əhd və Misaq yolunda qədəmlərini möhkəmləndir. Ruh və bəxşiş nəsimlərini onlara göndər. Onları Öz varlıq və cəlal üfüqünə yüksəlt. Onların ürəklərini Öz tövhid nurunla ilhamlandır. Ruhlarını Sənin Camalını görməkdən məhrum edən şeylərdən pak et və qəlblərinə Öz münacatının ruhu ilə həyat ver. Və Öz müqəddəs rahiyələrini onlara duydur. Ey Allahım, onları bu dünyada Özünün tovhid nişanələrin və vəsfetmə bayraqların eylə. Həqiqətən, Sən Ən Əziz və Ən Qüdrətlisən.

#4899
- Əbdül-Bəha Abbas

 

Hüvəllah! Ey Ələst piyaləsindən məst

Hüvəllah! Ey Ələst piyaləsindən məst olmuşlar! Şükr olsun Qəyyum Tanrıya ki, əzəmətli çadırın kölgəsində və Əbha Cənnətindəsiniz və Ən nurlu bağa daxil olmusunuz. Ələst badəsindən heyrətdəsiniz. Və Allahın məhəbbət odunun hərarətindən həyəcana gəlmisiniz. Camalı-Əbhanın fəzl və lütflərindən ümid edirəm ki, azad insanların başçısı və nəcib adamların öndəri olasınız. Qəyyum Allahın varlığının nişanəsi olasınız və Aşkar Allahın dan yerinin şəfəqləri olasınız. Tovhid nişanələri və təcrid məqamında parlaq ulduzlar olasınız. Cahanın qəlbində və dünyanın özəyində eşqin atəşindən yanan bir çıraq olasınız və elə nur saçasınız ki, hər yan nurlansın və müqəddəs rahiyələr irfan gülşənindən Qafqazın hər tərəfinə yayılsın.

Ey mənim Allahım! Bu o şəhərdir ki, orada Sənin məhəbbətinin atəşi şölələndi və Sənin mərifətinin işığı buradan saçdı. Elə isə onları hər tərəfi və hər yeri işıqlandıran və ətirləndirən eylə. Və qoy onlar o üfüqlərdən Sənin tovhid nurunun yayılması nəticəsində səadət və xoşbəxtlik fəzasının genişlənməsinə səbəb olsunlar. Onları Öz əhədiyyət dənizinin dalğalarından, Öz mərifət ordunun dəstələrindən, Öz bəxşiş bağının ağaclarından və Öz inayət ağacının meyvələrindən ən sevimliləri eylə. Həqiqətən Sən Ən Kərim və Ən Ucasan.

#4900
- Əbdül-Bəha Abbas

 

Naxçıvanın Artuz kəndi

Ey mənim Allahım, Ey mənim Allahım! Bunlar Sənin o bəndələrindir ki, onların batinləri xalisdir və onların niyyətləri pakdır. Və Sənin məhəbbətinin atəşi onların sinələrində alovlanıb və Sənin müqqəddəs ayələrini oxuyarkən onların nalələri Sənin Mələyi-Əlana və Sənin Əbha – Mələkutuna yüksəlir və onların ürəklərində Sənin məftunluq alovun şölələnib və onun hərarəti yüksəkliklərə və göyün ortasına çatıb. Ey mənim Allahım, Ey mənim Allahım, Bunlar həqiqətən, səqirdirlər, onları Öz Mələkutunda kübar, eylə, həqiqətən, onlar zəifdirlər, Öz Cəbərutunun gücü ilə onları güclü eylə, həqiqətən, onlar fəqirdirlər, Öz Lahut feyzinlə onları zəngin eylə.... Ey mənim Allahım! Ey mənim Allahım! Onları bu dünyada Öz tövhid nişanələrin eylə və Sənin təyid nəsiminlə zirvədə dalğalanan tərif bayraqların eylə. Onları bu aləmdə töhidin dan yerinin şəfəqləri, təcridin təzahürləri və Öz sifətlərinin nurunun məşriqləri eylə, ta ki, elə bir əxlaqa malik olsunlar ki, Şərq və Qərb onların pak nəfəslərindən ətirlənsin. Və onların üzünün nurundan yer kürəsinin cənubu və şimalı nurlansın. Həqiqətən, Sən İqtidar sahibi, Əziz, Güclü və Qadirsən.

Ey benim sevgili Yaranım! Şəmsi-həqiqət nöqteyi-ehtirağdadır. Afaqe fəcre sate həqiqəte mühəmmədidən işraq buyurmuşdur. Və mahe taban üfüqi-əhədiyyətdən ləman buyurub. Xətti-estevadə intisafi-kürəvidə vaqe olub. Cənub və Şimala nazir olduqdan iki cəhətə mütəsavi Qütbü-Cənubi və Qütbü-Şimali bərabərinə mühazi olub, kəşf öltməqətə bulunduqdan leyl və nəhar mütesavi və hərarəti şədid və qüvveyi embatiyyəsi bişəbih və məsildir. Bunun kibi əhli-həqiqət xətti-estevai intixab edərək və hər cəhətcə fiyuzati-ilahiyyəyə istedad və istehqaqi olan məntəqeyi-etidaliyə daxil olarlar, pəhan əleyhə. Əhibbayi-rəhmani bər nöqte və məqame təhərri buyurmaları lazımdır ki, hər zaman Mələkuti-Əbhadan və İşraqati-Şəmsi-Həqiqətdən bəhremən olsunlar. O məqam isə eşq və məhəbbət, fəna və məhviyyət, incizab və işteal, inqita və ictinab, müxalifəti-müqtəziyati-nəfs və həvadır.

Ey dərgahi-əhədiyyətə müqərrib olanlar! Həmd olsun ki, bu bahari-ruhaniyyədə fiyuzati-rəhmaniyyədən nəsibi-möfurə və əvatefe-rəhmaniyyei-həzrəti-qəfurə nail ola bildiniz. Riyazi-əhədiyyətə həmd olsun, nəxle bazeqsiniz. Üfüqi-məhəbbəti İlahiyə şükr olsun, mətləi-irfanda nuri-bariqsiniz. Rəbbim müvəffəq buyursun, sübhi-sadiqsiniz. Artıq bu necə neəm cəlileyi-ilaheyeyə məzhər olduğunuz halda şövq və tərəb etməli, fərəh və şadmani etməli, məssərrət və kamrani buyurmalı və gecə-gündüz nəğmeyi cansuz eylə, ahəng və təranə eylə, ta ki, oməme şərqiyye və meləle qərbiyye, bəlkə bütün cahaniyan heyrət və vələhə müstəqrəq olsunlar və ya buşar və ya tuba və ya fərəha və ya sürura, ahəng və həvası iyuğa çıxıb, ta ki, Mələyi-Əla zövq və tərəblə gülsünlər. Şad olasınız. Var olasınız. Yar olasınız.

Ey Allahın dostları! Deyilir ki, Qafqaz əslində Qaf dağıdır və Qaf dağı ilahi və səmavi Simurğun yuvasıdır. Allahın dostları gərək cəhd etsinlər və fədakarlıq göstərsinlər ki, həqiqətən, o ölkə Camalı-Əbhanın məhəbbət Simurğunun və uca üfüqün mərifət Ənqasının yuvası olsun. Və Salam və Səna sizin üzərinizə olsun.

#4901
- Əbdül-Bəha Abbas

 

Osmanli Türkcəsində nazil olmuş dualar

Hüvəl-Əbha! İlahi! Zülməte-firğət afaqı qapladı və atəşe-həsrət şölələndi və şəme-hirğət parladı və pərvanəye-məhəbbət bal və pəriyandı. Və yandı, ürəyi yandı. İnayətə müstəhəqqdir, rəhmətə möhtac və ehtiyace-mərhəmətdir, əfv ümid eylər, vəsl ümid eylər, fəzl ümid eylər.

#4898
- Əbdül-Bəha Abbas

 

Ruhani Məhfildə oxunan dualar

Məşvərət otağına daxil olan zaman, bu duanı Allah sevgisi ilə döyünən bir ürəklə və Onun zikrindən başqa hər şeydən pak olmuş bir dillə oxuyun ki, Qüvvət Sahibi Sizə ən uca qələbə qazanmaqda kömək etsin.

Ey Allah, Ey mənim Allahım! Biz Sənin bəndələrinik ki, bu əzəmətli Gündə üzümüzü sədaqətlə Sənin Müqəddəs üzünə tərəf döndərmişik və Səndən başqa hər şeydən inqita etmişik. Biz bu Ruhani Məhfildə vahid baxış və fikirlə, eyni bir məqsədlə Sənin kəlamını insanlar arasında ucaltmaq üçün toplanmışıq. Ey Rəbbimiz və Allahımız! Bizi xalqın içində İlahi Hidayət nişanələri, Ulu Əmrinin Bayraqları və Əzəmətli Əhdinin xadimləri, Əbha Mələkutunda İlahi Birlik məzhərləri və bütün diyarlara şəfəq salan parlaq ulduzlar eylə, Ey Uca Rəbbimiz. İlahi! Sənin ecazkar Fəzl dalğalarınla təlatümə gələn dənizlər, Əbha Dağlarından axan çaylar, ilahi Əmrinin Ağacında olan gözəl meyvələr və səmavi Bağçanda Sənin Bəxşiş yellərinlə əsən ağaclar olmaqda bizə kömək eylə. Ey Allah! Ruhlarımızı Sənin İlahi Birlik Ayələrinə tabe eylə və qəlblərimizi Öz Fəzl bəxşişlərinlə sevindir, ta ki biz bir dənizin dalğaları kimi birləşək və Sənin parlaq İşığının şüaları tək qovuşaq ki, fikirlərimiz, baxışlarımız, hisslərimiz bütün aləmdə birlik ruhu zahir edən vahid həqiqət olsun. Sən Fəzl Sahibi, Kəramətli, Ətaedən, Ən Qüdrətli, Mərhəmətli və Şəfqətlisən.

#4890
- Əbdül-Bəha Abbas

 

Həqiqi sevinc və şadlıqla bir yerə toplaşın və görüşün əvvəlində bu münacatı oxuyun:

Sən Ey Mələkutun Rəbbi! Hərçənd biz cismən bir yerdə toplaşmışıq, lakin bizim məftun ürəklərimiz Sənin Məhəbbətindən ovsunlanmışdır və Sənin parlaq üzünün şüaları bizi heyran etmişdir. Zəif də olsaq, Sənin qüdrət və qüvvətinin zühurlarını gözləyirik; heç bir imkanı və vəsаiti olmayan fəqir də olsaq, yenə də Sənin Səmavi xəzinəndən sərvət alırıq; qətrə də olsaq, yenə də Sənə məxsus dəryalar dəryasından bəhrələnirik; zərrə də olsaq, yenə Sənin ən işıqlı Günəşinin cəlalı içində parıldayırıq.

Sən Ey bizim Pərvərdigarımız! Özün kömək ol ki, buraya toplanmış hər kəs yanan bir şam, hər kəs bir cazibə mərkəzi, hər kəs Sənin Mələkutunun bir carçısı olsun, ta ki, nəhayətdə, biz bu fani dünyanı Sənin Cənnətinin aynadakı əksinə çevirək.

#4891
- Əbdül-Bəha Abbas

 

Bu münacat Ruhani Məhfilin görüşünün sonunda oxunur.

İlahi! İlahi! Öz birliyinin gizli səltənətindən bizə nəzər sal, Sənə iman gətirmişik, Sənin əlamətlərinə əmin olmuşuq, Sənin Əhd-Peymanında möhkəm, Sənə cəzb olunmuşuq, Sənin məhəbbət oduna qalanmışıq və Sənin əmrində sədaqətli olmaqla bu ruhani yığıncaqda toplaşmışıq. Biz Sənin üzümlüyünün xadimləriyik, Sənin dinini yayanlarıq, Sənin üzünə sədaqətlə sitayiş edənlərik və Sənin dostların qarşısında müti, Sənin qapın önündə baş əymiş halda Sənə yalvarırıq - Sənin seçilmişlərinə xidmət etməkdə bizi müvəffəq eylə, görünməz qoşunlarınla bizə dayaq dur, Sənə bəndəlikdə belimizə qüvvət ver və bizi təslim olmuş, Sənə sitayiş edən və Səninlə ünsiyyət edən bəndələr eylə.

Ey Rəbbimiz! Biz zəifik, Sən isə Qüdrətlisən, Qüvvətlisən. Biz ölüyük, Sən isə ən böyük həyatverən Ruhsan. Biz möhtacıq, Sən isə Ruzi Verən və Qüvvətlisən.

Ey Rəbbimiz! Bizim üzümüzü Öz mərhəmətli üzünə çevir, Öz tükənməz fəzlinlə bizi Sənin səma süfrəndən qidalandır, uca mələklərinin qoşunu ilə bizə yardım eylə və Əbha Mələkutundakı müqəddəslərlə bizə dəstək ver.

Həqiqətən, Sən Səxavətli və Mərhəmətlisən. Sən böyük kəramət Sahibisən və həqiqətən, Sən Rəhmli və Fəzl Sahibisən.

#4892
- Əbdül-Bəha Abbas

 

Şəhidlər üçün dualar

Odur Allah! Ya Rəbb mənim Allahım! Sən Ey Sənə üz tutan zəiflərin Köməyi, fəqirlərin Yardımçısı, çarəsizlərin Nicatı!

Sonsuz mütiliklə mən yalvaran əllərimi sızıltı ilə Sənin gözəllik səltənətinə doğru açaraq və hal dili ilə hərarətlə Sənə yalvarıram: Ey Allah, mənim Allahım! Kömək et mənə, Sənə sitayiş edim; qurşağımı bərkit ki, Sənə xidmət edim; öz fəzlinlə Sənə bəndəlikdə mənə yardım eylə; lütf eylə, Sənə itaətdə səbatlı olum; kəramətinin bol yağmurlarını üstümə yağdır; məni öz inayət nəzərində saxla və əfv dənizinə qərq eylə. Lütf eylə ki, Sənin Dininə sədaqətim möhkəm olsun və mənə yəqinlik və əminliyin bol payını bəxş eylə ki, mən dünyadan tamam üzülüm, üzümü tam sədaqətlə Sənin üzünə tutum, dəlil və sübutların qəti gücü ilə qüvvətlənim, əzəmət və qüdrətə malik olmaqla göyün və yerin hüdudlarını aşım. Həqiqətən, Sən Mərhəmətlisən, Ən Cəlallı, Mehriban, Şəfqətlisən.

Ya Rəbb! Bunlar şəhidlərin, o mübarək ruhların sağ qalan varisləridir. Onlar hər cür bəlalara sinə gərdilər, ağır zülmlər qarşısında səbr göstərdilər. Onlar bütün rahatlıq və rifahı tərk etdilər, könüllü olaraq Sənin məhəbbətin yolunda şiddətli əzab və məşəqqətlərə məruz qaldılar və indi də zalım düşmənlərinin caynağında əsir qalıblar, bu düşmənlər onlara davamlı olaraq ağır işgəncə verir və Sənin doğru yolunda dönmədən irəlilədikləri üçün onlara zülm edirlər. Bir kimsə yoxdur ki, onlara kömək etsin, bir kəs yoxdur ki, onların dostu olsun. Rəzil və şər adamlardan başqa bir kimsə yoxdur ki, onlarla ünsiyyət və yoldaşlıq etsin.

Ya Rəbb! Bu ruhlar bu yer həyatında böyük acılar dadıblar və Sənin üzünün parlaq gözəlliyinə məhəbbətlərinin bir əlaməti olaraq və Sənin səmavi səltənətinə yetişmək şövqü ilə, zülm əhlinin hər cür həqarətinə dözüblər.

Ya Rəbb! Onların qulaqlarını ilahi yardım və yaxın qələbə səsləri ilə doldur, qəddar güc sahiblərinin zülmündən onları qurtar. İmansızların əllərini saxla, bu ruhları vəhşi yırtıcıların caynaqlarında və dişlərində parçalanmağa qoyma, çünki onlar Sənə olan məhəbbətlərinin əsiridirlər, Sənin müqəddəsliyinin sirlərinə vaqif olublar, Sənin qapında itaətlə durublar və Sənin uca dərgahına yetişiblər.

Ya Rəbb! Onları yeni ruhla qüvvətləndir; gecənin qaranlığında Sənin ecazkar dəlillərini görmək üçün onların gözlərini işıqlandır; Sənin əbədiyyət sirləri Səltənətindəki bol xeyirləri onlara qismət eylə; onları bütün diyarlarda parlaq ulduzlar və meyvəli, qollu-budaqlı, səhər yelləri ilə titrəşən büsatlı ağaclar eylə.

Həqiqətən, Sən Kəramətlisən, Qüdrətlisən, hər şeyə Qadirsən, İxtiyar Sahibisən. Səndən başqa Allah yoxdur, məhəbbət və inayət Allahı, Ən Cəlallı, Həmişə Bağışlayan Allah.

#4889
- Əbdül-Bəha Abbas

 

Tablets

Atəş Lövhü, Əhməd Lövhü, Müqəddəs Dənizçi lövhü

Hər şeyi Bilən və Hər şeydən Xəbərdar Olan Allahın Kitabında Vəd olunmuş Kəsin Adı ilə! Orucluq günləri yetişdi, o günlər ki, Sənin Taxtın ətrafında təvaf edən və Sənin hüzuruna yetişən bəndələrin oruc tutublar. Söylə: Ey adların Allahı, göyün və yerin Yaradanı! Səni and verirəm ən Nurlu Adına - Sənə məhəbbət naminə və Sənin razılığın xatirinə oruc tutanların və Sənin Kitablarında və Lövhlərində onlara hökm etdiklərini yerinə yetirənlərin orucunu qəbul eylə. Səni and verirəm onlara, Sənin əmrini irəlilətməkdə mənə kömək eylə və Sənə məhəbbətimdə məni sabit eylə ki, ayaqlarım Sənin məxluqlarının etirazından sürüşməsin. Həqiqətən, istədiyin hər şeyin üzərində Sən Hakimsən. Səndən başqa Allah yoxdur, Dirildən, Ən Qüvvətli, Ən Kəramətli, Günlərin Qədimi.

#4882
- Bəhaullah

 

Təriflər olsun Sənə, Ey Allah, mənim Allahım! Bu o günlərdir ki, Sən Öz seçilmişlərinə, sevimlilərinə və bəndələrinə Oruc tutmağı hökm etmisən və namazı Sənin birliyini tanıyanlara yüksəliş nərdivanı etdiyin kimi, onu səltənətinin adamlarına bir işıq etmisən. Səni and veriəm, Ey mənim Allahım, bütün bəşəriyyətə izzət və şərəf kimi müəyyən etdiyin bu iki qüdrətli sütuna - Öz dinini imansızların fitnəsindən və şər adamların pis niyyətlərindən hifz eylə. Ya Rəbb, Öz gücün və qüdrətinlə nazil etdiyin o işığı gizlətmə. Sonra Sənin əmrin və hökmranlığınla görünən və görünməyən qoşunlarla Sənə həqiqətən iman gətirənlərə kömək eylə. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Qüvvətli.

#4883
- Bəhaullah

 

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Bunlar o günlərdir ki, Sən bütün insanlara Oruc tutmağı hökm etmisən, ta ki, bununla onlar öz qəlblərini təmizləsinlər, Səndən başqa hər şeyə bağlılıqdan qurtulsunlar və onların ürəklərindən elə şeylər yüksəlsin ki, Sənin əzəmət sarayına layiq olsun və Sənin birliyinin təzahürünün taxtına yaraşsın. İzn ver, İlahi, qoy bu oruc abi-həyat çeşməsi olsun və Sənin ona əta etdiyin bəhrəni versin. Bununla Sən bəndələrinin ürəklərini təmizlə, o bəndələr ki, dünyanın şəri onların Sənin Əbha Adına yönəlməsinə mane ola bilmədi, o kəslər ki, Sənin Öz hökmranlığını, qüdrətini, əzəmətini və şərəfini əta etdiyin Zühurunun gəlişini müşayiət edən Sənə məxsus ən parlaq əlamətləri inkar edənlərin çaxnaşması və hay-küyü onları sarsıda bilmədi. Bunlar o bəndələrdir ki, Sənin nidan onlara yetişən kimi, Sənin mərhəmətinə doğru tələsdilər və bu dünyanın qəzavü-qədəri və ya bəşəri məhdudiyyətləri onları Səndən saxlaya bilmədi.

Mən o kəsəm ki, Ey mənim Allahım, Sənin birliyinə şəhadət verir, Sənin təkliyini iqrar edir, Sənin əzəmətinin təzahürləri qarşısında itaətlə baş əyir, o kəsəm ki, tutqun üzlə Sənin ən ali cəlalının işığının təcəllilərini etiraf edir. Sənin Özünü tanımaq üçün məni qabil etdikdən sonra Sənə iman gətirdim, O Kəs ki, Sən Onu Öz hökmranlığının və qüdrətinin gücü ilə insanların gözü qarşısında zühur etdirdin. Mən Ona dönmüşəm, hər şeydən büsbütün ayrılmışam, Sənin bəxşiş və lütflərinin ipindən möhkəm yapışmışam. Mən Onun həqiqətini və Ona nazil olan bütün ecazkar qanunların və hökmlərin həqiqətini qəbul etmişəm. Mən Sənin məhəbbətin üçün oruc tutmuşam və Sənin göstərişinə əməl edərək dilimdə Sənin zikrin və Sənin razılığınla iftarımı açmışam. Izn vermə, Ilahi, o kəslərin arasında sayılım ki, gündüzlər oruc tutublar, gecələr Sənin üzün qarşısında səcdə ediblər, amma Sənin həqiqətini inkar ediblər, Sənin əlamətlərinə inanmayıblar, Sənin sübutunu rədd ediblər və Sənin bəyanını təhrif ediblər.

İlahi, mənim gözlərimi və Səni axtaranların hamısının gözlərini aç ki, biz Səni Sənin Öz gözlərinlə tanıyaq. Bu, Öz əmrinlə seçdiyin, bütün məxluqatının üzərində lütfün üçün ayırdığın, Öz hökmranlığını əta edərək xüsusi iltiafat göstərdiyin və insanlarına Müraciətini etibar etdiyin Kəsə göndərdiyin Kitabda bizlərə verdiyin əmrindir. Təriflər olsun Sənə, ona görə də, Ey mənim Allahım, çünki Sən fəzlinlə bizi Onu tanımağa və Ona nazil olan hər şeyi qəbul etməyə qabil etdin və bizə Kitabında və Lövhlərində vədini verdiyin Kəsin hüzuruna yetişmək şərəfi verdin.

Sən məni görürsən, Ey mənim Allahım, üzümü Sənə tərəf çevirmişəm, Sənin təqdir və səxavət ipindən yapışmış, mərhəmət və kərəminin ətəyindən tutmuşam. Yalvarıram Sənə, Sənin dərgahının həndəvərinə və hüzurunun məbədinə üzünü tutan və Sənə məhəbbət xatirinə oruc tutan bəndələrinə qismət etdiklərinə yetişmək ümidlərimi puça çıxarma. Mən etiraf edirəm, Ey mənim Allahım, mənim bütün etdiklərim Sənin hökmranlığına və əzəmətinə əsla layiq deyil. Bununla belə, ən parlaq Adınla öz gözəlliyini aşkara çıxardığın bu Zühurda mükəmməl adlarının şərəfi ilə bütün yaranmış şeylərə izhar etdiyin o Adına and verirəm ki, Sənin iradənin sağ əlindən axan şərbətindən mənə içir, ta ki, mən nəzərlərimi Sənə elə dikim və Səndən başqa hər şeydən elə ayrılım ki, dünya və onda yaradılan hər şeyə yaratmağa layiq bilmədiyin ani bir gün kimi baxım.

Mən bir daha Sənə yalvarıram, Ey mənim Allahım, Sənin iradə göyündən və mərhəməт buludlarından onları yağdır ki, bizi xətalarımızın qoxusundan təmizləsin, Sən Ey Özünü Mərhəmət Allahı adlandıran Kəs! Sən, həqiqətən, Ən Qüvvətli, Ən Nurlu, Xeyirxahsan.

İlahi, Sənə dönən kəsi rədd etmə, Sənə yaxınlaşmış kəsi dərgahından uzaq tutma, Sənin fəzlin və lütfün üçün yanğı ilə əllərini uzadıb yalvaran kəsin ümidlərini puça çıxarma və səmimi bəndələrini Öz mərhəmət və inayətinin möcüzələrindən məhrum etmə. Sən Bağışlayan və Kəramətlisən, İlahi! İstədiyini etməyə Sənin qüdrətin var. Səndən başqaları Sənin qüdrətinin təzahürləri qarşısında gücsüzdür və Sənin zənginliyinin dəlilləri qarşısında səfildir, Sənin fövqəl hökmranlığının təzahürləri ilə müqayisədə bir heçdir və Sənin qüdrət əlamətlərin və nişanələrin qarşısında gücdən tam məhrumdur. Səndən başqa sığınacaq varmıdır ki, İlahi, mən ona sığınım, haradadır o pənah yeri ki, mən ona tələsim. Xeyr, Sənin qüdrətinin qüvvəti mənə şahidlik edir! Səndən özgə mühafizəçi yoxdur, Səndən qeyri pənah yeri yoxdur, Səndən başqa axtarılası sığınacaq yoxdur. Mənə Sənin zikrinin və tərifinin ilahi şirinliyini dadızdır. Sənin qüdrətinə and olsun! Kimsə bunun şirinliyini dadsa, dünyada və onda olanlara olan bütün bağlılıqlardan özünü qurtarar və Səndən başqa hər kəsin zikrindən təmizlənərək üzünü Sənə tutаr.

Sonra, Ey mənim Allahım, Sənin ecazkar zikrinlə mənim qəlbimi ruhlandır, ta ki, mən Sənin adını vəsf edim. Məni o kəslərdən etmə ki, Sənin sözlərini oxuyurlar, lakin Sənin hökm etdiyin kimi, onlarda gizli olan və Sənin məxluqlarının qəblərini və bəndələrinin ürəklərini canlandıran bəxşişləri tapa bilmirlər. İlahi, məni o kəslərin arasında say ki, Sənin günlərində əsən şirin rayihələrdən vəcdə gəldilər və həyatlarını Sənə qurban verdilər, Sənin camalını görmək arzusu və Sənin hüzuruna yetişmək eşqi ilə ölüm səhnəsinə tələsdilər. Onların yolu üstündə kimsə sorsaydı ki, "Hara gedirsiniz", onlar deyədrilər, "Allaha doğru, Hər Şeyə Malik, Əzəmətli və Qəyyum Allaha!"

Səndən üz çevirənlərin və Sənə təkəbbür göztərənlərin törətdiyi zülm onları Səni sevməkdən, Sənə yönəlməkdən və üzlərini Sənin mərhəmətinə tutmaqdan saxlaya bilmədi. Bunlar o kəslərdir ki, Mələy`i-Əladan xeyir-dua alıblar, əbədi Şəhərlərin sakinləri, daha sonra, o kəslər onları alqışlayıb ki, Sənin ən uca qələmin onların alnına yazıb: "Bunlar onlardır! Bəha əhli! Onların vasitəsilə hidayət nurlarının şəfəqləri yayılıb". Sənin əmrin və Sənin iradənlə, Sənin dəfedilməz təqdir Lövhündə belə yazılıb.

Ona görə də, Ey mənim Allahım, onların və o kəslərin böyüklüyünü bəyan et ki, yaşayarkən və ya dünyalarını dəyişdikdən sonra onların ətrafına dolanırlar. Onlara Öz məxluqatın arasında insaflı olanlara qismət etdiklərini nəsib eylə. Sən hər şey etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Ən Qüvvətli, Əzəmətli, Ən Qüdrətli və Ən Kəramətli.

Bizim oruclarımızı bu orucla bitirmə, İlahi, nə də ki, bu bizim Səninlə son əhdimiz olsun. Sənin məhəbbətin xatirinə və Sənin razılığın üçün etdiyimiz hər şeyi və öz nəfsimiz və ehtirasımıza tabe olduğumuzdan edə bilmədiklərimizi bizdən qəbul eylə. Sonra bizi qadir eylə ki, Sənin məhəbbətinə və razılığına möhkəm bağlanaq, Səni inkar edənlərin və Sənin ən parlaq əlamətlərini rədd edənlərin şərindən bizi hifz eylə. Sən, həqiqətdə, bu dünyanın və o biri dünyanın Rəbbisən. Səndən başqa Allah yoxdur, Sən Uca və Ən Yüksəksən.

Ya Rəbb, mənim Allahım, O Kəsi ucalt ki, İlkin Nöqtədir, İlahi Sirdir, Görünməz Zatdır, İlahilik Məşriqi, Rəblik Məzhəridir, O Kəs ki, Onunla keçmişin və gələcəyin bütün elmləri aydın oldu, Onunla pünhan hikmət gövhərləri aşkara çıxdı, Sənin gizli saxlanmış adının sirri açıldı, O Kəs ki, Onu Sən O Kəsin Müjdəçisi təyin etdin ki, Onun adıyla "O" və "L" hərfləri birləşdi və qovuşdu, Onunla Sənin əzəmətin, hökmranlığın və Sənin qüdrətin aşkar oldu, Onunla Sənin sözlərin nazil oldu və Sənin qanunların aydınlığı ilə məlum oldu, Sənin əlamətlərin hər yana yayıldı, Sənin Sözün bərqərar oldu, Onunla Sənin seçilmişlərinin ürəklərindəkilər açıldı, göydə və yerdə olanların hamısı bir yerə toplaşdı, O Kəs ki, Sən Onu Öz adlarının səltənətində "Əli-Məhəmməd", Sənin dəyişməz hökmünün Lövhlərində "Ruhlar Ruhu" adlandırdın, O kəs ki, Sən Ona Öz adını verdin, O Kəs ki, Sənin hökmün və Sənin Qüdrətinin qüvvəsi ilə bütün adlar Onun adına qayıtdı, O Kəs ki, Onda Sən özünün bütün əlamət və adlarını son həddinə çatdırdın. Ona həm də o adlar məxsusdur ki, Sənin pak çadırlarında, Sənin qeyb aləmində və pak şəhərlərində gizlədilib.

Bundan başqa, Onun Sonrakı Zühurunda Sənin birliyini tanıyanların arasından Ona və Onun əlamətlərinə iman gətirənləri, Ona tərəf dönənləri ucalt, O Zühur ki, Onun barəsində O Öz Lövhlərində, Kitablarında, Səhifələrində və Ona nazil olan bütün ecazkar ayələrində və gövhər kimi bəyanlarında xatırlatmışdı. Bu həmin o Zühurdur ki, Onun əhdini Sən Ona Öz əhdini bağlayandan əvvəl bərqərar etməyi hökm etmişdin. Bu O Kəsdir ki, Bəyan Onun tərifini ucaldıb. Bunda (Bəyanda) Onun aliliyi vəsf olunub, Onun həqiqəti təsbit olunub, Onun hökmranlığı bəyan edilib və Onun Əmri təkmil olub. Xoş o kəsin halına ki, Ona tərəf dönüb, Onun hökm etdiklərini yerinə yetirib, Sən ey bu dünyanın Rəbbi və Səni tanıyanların Məqsudu!

Təriflər olsun Sənə, Ey mənim Allahım, çünki Sən bizə kömək etdin ki, Onu tanıyaq və sevək. Ona görə də, Səni and verirəm, Ona və O Kəslərə ki, Sənin Allahlığının Məşriqləri və Sənin Rəbliyinin Məzhərləri, Sənin Vəhyinin Xəzinələri və ilhamının Dəfinələridir – bizi qabil et ki, Ona xidmət edək və Ona itaət edək, bizi qadir et ki, Onun əmrinin köməkçiləri olaq və Onun düşmənlərini pərən-pərən salaq. Sən istədiyin bütün şeyləri etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Cəlallıl, O Allah ki, hamı Onun köməyini diləyir!

#4884
- Bəhaullah

 

Bunlar, Ey mənim Allahım, Öz bəndələrinə oruc tutmağı fərz buyurduğun günlərdir. Bununla Sən yaratdıqlarına nazil olmuş Qanunlar Kitabının müqəddiməsini bəzədin, göydə və yerdə olanların gözləri qarşısında hökmlərinin Xəzinələrini zinətləndirdin. Sən bu günlərin hər saatına Səndən, elmi bütün yaranmış şeyləri əhatə edən Kəsdən başqa heç kəsin dərk edə bilmədiyi xüsusi bir fəzilət əta etmisən. Sən həm də hər bir ruha bu fəzilətdən Sənin əmr Lövhünə və Sənin qəti hökm Kitablarına uyğun olaraq bir pay ayırmısan. Bundan başqa, bu Kitabların və bu Lövhlərin hər bir vərəqini yerdə olan xalqların və tayfaların hər birinə həsr etmisən.

Öz odlu aşiqlərin üçün, hökmünə uyğun olaraq, Sən hər səhər Sənin zikrinin piyaləsini saxlamısan, Sən Ey Hakimlərin Hakimi! Bunlar o kəslərdir ki, Sənin saysız hikmətlərinin şərabından elə məst olublar ki, Sənin tərifini söyləmək və fəzilətini ucaltmaq şövqündən öz yataqlarını tərk ediblər və Sənin hüzuruna yaxınlaşmaq və Sənin nemətindən pay almaq üçün yuxudan qaçırlar. Onların gözləri hər zaman Sənin inayətinin Məşriqinə dikilib, üzləri isə Sənin ilhamının çeşməsinə yönəlib. Elə isə, bizim və onların üstünə Sənin mərhəmət buludlarından Sənin kəramət və fəzl səmana yaraşan şeyləri yağdır.

Ucalsın Sənin adın, Ey mənim Allahım! Bu o saatdır ki, Sən onda məxluqatın qarşısında səxavət qapılarını açdın və Sənin yerin üzündə yaşayanların üzünə mərhəmət darvazalarını taybatay açdın. Səni and verirəm, bütün o kəslərə ki, Sənin yolunda qanları töküldü, Səninlə görüşün şövqü ilə özlərini Sənin hər bir məxluquna bağlılıqdan azad etdilər, Sənin ilhamının xoş rayihələrilə elə vəcdə gəldilər ki, onların bədəninin hər bir əzası Sənin tərifini oxudu və Sənin zikrin üçün titrədi - bizi bu Zühurda hökm etdiklərindən məhrum qoyma, O Zühur ki, onun qüdrətindən hər bir ağac, Sidrənin əvvəllər Səninlə danışan Musaya söylədiklərini söyləyir, O Zühur ki, Sənin Dostun Məhəmmədin günlərində daşların Səni təriflədiyi kimi, xırda çınqıllara Sənin tərifini söylətdirir.

Bunlar o kəslərdir ki, Ey mənim Allahım, Sən onları fəzlindən qabil etmisən ki, Səninlə həmdəm olsunlar və Sənin Özünün Məzhərin Olan Kəslə munis olsunlar. Sənin iradənin nəsimləri onları hər tərəfə səpələmişdi, o vaxtadək ki, Sən onları öz kölgənə topladın və Sənin sarayının həndəvərinə daxil olmağa qabil etdin. İndi ki Sən onları Öz mərhəmətinin çadırının altına daxil etmisən, onda onlara kömək et ki, bu uca məqama yaraşan şeylərə nail olsunlar.

İzn vermə, İlahi, onlar o kəslərin arasında sayılsınlar ki, hətta Sənin yanında olsalar da, Sənin üzünü tanıya bilməyiblər, Səninlə görüşsələr də, amma Sənin hüzurundan məhrum qalıblar.

Bunlar Sənin o bəndələrindir ki, İlahi, Səninlə birlikdə, bu Ən Böyük Məhbəsə giriblər, onun divarları arasında Sənin əmr Lövhlərində və hökm Kitablarında əmr etdiklərinə uyğun olaraq oruclarını tutublar. Ona görə də, o şeyləri nazil eylə ki, onları Sənin xoşlanmadığın bütün şeylərdən tamamilə təmizləsin, ta ki, onlar özlərini bütünlüklə Sənə həsr etsinlər və Səndən başqa hər şeydən büsbütün özlərin ayırsınlar.

Sonra, Ey mənim Allahım, Sənin fəzlinə layiq olan və kəramətinə yaraşan şeyləri bizim üstümüzə yağdır. Sonra bizi, Ey mənim Allahım qabil et ki, Sənin zikrinlə yaşayaq, Sənin məhəbbətinlə ölək və bizə Sənin bundan sonrakı aləmlərində Öz hüzurunun bəxşişlərini nəsib eylə - o aləmlər ki, Səndən başqa heç kəs onlara vaqif deyil. Sən bizim Rəbbimizsən və bütün aləmlərin Rəbbisən, göydə və yerdə olanların hamısının Allahısan.

Sən görürsən, Ey mənim Allahım, Sənin günlərində Sənin əzizlərinin başlarına nələr gəlib. Sənin cəlalın mənə şəhadət verir. Sənin seçilmişlərinin nalə səsləri Sənin asimanın boyunca qalxıb. Onlardan bəziləri Sənin torpağında imansızlar tərəfindən əsir edilib və Sənin yanına gəlməkdən və Sənin əzəmət dərgahına yetişməkdən məhrum ediliblər. Digərləri isə Sənə yaxınlaşa biliblər, amma onları Sənin üzünü görməyə qoymayıblar. Bəzilərinə də, Sənə baxmaq şövqündən icazə verilmişdi ki, Sənin dərgahının hədəvərin daxil olsunlar, lakin onlar da Sənin məxluqatının boş təsəvvürlərinə və Sənin insanların arasında zalımların törətdiyi zülmə Səninlə onların arasında pərdə olmağa imkan verdilər.

Bu saat, İlahi, Sənin hər saatdan üstün etdiyin saatdır və onu Sənin məxluqatın arasında ən seçilmişlərinə aid etmisən. Səni and verirəm, Ey mənim Allahım, Sənin Özünə və onlara - bu il Sənin sevimlilərinu ucaldan şeyləri nəsib eylə. Bundan başqa, bu ilin ərzində o şeyləri hökm ver ki, Sənin iqtidar Günəşini cəlal üfüqündə parlaq şəfəq saçmağa və Sənin hökmran qüdrətnlə bütün dünyanı işıqlandırmağa qadir etsin.

Öz Əmrini müzəffər eylə, İlahi, Sənin düşmənlərini isə tabe et. Sonra bizə bu dünyanın və o biri dünyanın xeyirlərini yaz. Sən bütün gizli şeyləri bilən Haqqsan. Səndən başqa Allah yoxdur, Həmişə Bağışlayan, Kəramət Sahibi.

#4885
- Bəhaullah

 

Novruz, 20 və bəzi illər 21 Martda başlanır və Azərbaycan bəhailəri üçün yeni ilin birinci günüdür

Alqış Sənə, Ey mənim Allahım, Sən Novruzu Sənə məhəbbət xatirinə Oruc tutanlar və Sənin bəyənmədiyin şeylərdən çəkinənlər üçün bayram təyin etdin. Lütf eylə, İlahi, Sənin məhəbbətinin odu və Sənə hökm olunan Orucun törətdiyi hərarət onları Sənin əmrində alovlandırsın, Sənin tərifin və zikrinlə məşğul etsin.

Ey mənim Rəbbim, Sən ki onları Özün əmr etdiyin Orucla bəzəmisən, onları həm də bol bəxşişlərin və fəzlin vasitəsilə Sənin qəbul zinətinlə bəzə, çünki insanların bütün əməlləri Sənin razılığından asılıdır və Sənin hökmün altındadır. Əgər Sən Orucu pozan bir kimsəni ona riayət edən kəs kimi qəbul etsən, belə bir şəxs əzəldən Oruc tutanlar arasında sayılar. Əgər Sən Oruc tutanı onu pozmuş kəs kimi qərar versən, o şəxs Sənin Məzhərinin ətəyini ləkələyən və bu Həyat çeşməsinin şəffaf sularından uzaqlaşdırılmış kəslərin cərgəsində sayılar.

Sən O Allahsan ki, Onunla "Sən Öz əməllərində Tərifəlayiqsən" rəmzi yüksəlmiş, və "Sən Öz əmrində itaət Olunansan" bayrağı açılmışdır. Özünün bu məqamını, Ey mənim Allahım, öz bəndələrinə tanıtdır, ta ki, onlar yaxşı anlasınlar ki, bütün şeylərin aliliyi Sənin əmrin və kəlməndən asılıdır və hər bir əməlin yaxşlılğı Sənin iznin və razılığınla şərtlənir və bilsinlər ki, insanların əməllərinin cilovu Sənin qəbul və hökmün ovcundadır. Bunu onlara bildir ki, heç nə onları Sənin Camalından ayıra bilməz, o günlərdə ki, isa Məsih səsini ucaldır: "Bütün hökmranlıq Sənindir, Sən Ey Ruhu (İsanı) Yaradan"; və Sənin Sevimli Dostun (Məhəmməd) səslənir: "Alqış Sənə, Sən Ey Məhbub, çünki Sən öz Camalını açdın və Öz seçilmişlərinə Sənin ən Böyük Adının zühur taxtına yetişməyə səbəb olanları yazdın, O Ad ki, Onunla Səndən başqa hər şeydən inqita edən və Sənin Özünün Zühurun və Sənin sifətlərinin Məzhəri olan Kəsə üz tutanlardan başqa bütün ümmətlər ah-nalə etmişlər."

Sənin Budağın Olan Kəs və Sənin ətrafında olanlar, Ey mənim Rəbbim, bu gün öz oruclarını Sənin sarayının həndəvərində ona riayət etdikdən sonra və Səni razı salmaq şövqü ilə açmışlar. Ona və həm də onlara və o günlərdə Sənin hüzuruna yetişənlərə, Öz Kitabında qismət kimi yazdığın xeyirləri nəsib eylə. Sonra, bu dünyada və axirətdə onlara fayda verən şeylərdən ruzi ver.

Sən, həqiqətən, Hər şeyi Bilən, Ən Hikmətlisən.

#4886
- Bəhaullah

 

Ən Qədim, Ən Böyük Allahın Adı ilə!

Həqiqətən, sadiqlərin ürəkləri hicran odunda yandı: Haradadır Sənin liqanın parıltısı, Ey aləmlərin Məhbubu?

Sənə yaxın olanlar tənhalıq zülmətində qaldılar: Haradadır Sənin vüsal səhərinin şəfəqləri, Ey aləmlərin Məqsudu?

Seçilmiş bəndələrinin cəsədləri uzaq torpaqlar üstündə çırpındı: Haradadır Sənin Hüzurunun dəryası, Ey aləmlərin Ovsunçusu?

Həsrət əlləri Sənin fəzl və səxavət səmana uzanıb: Haradadır Sənin kərəm yağışların, Ey aləmlərin dualarına Cavabverən?

Müşriklər hər tərəfdən zülmkarlıqla qalxıblar: Haradadır Sənin təqdir qələminin yenilməz qüdrəti, Ey aləmlərin Fatehi?

Köpəklərin hürüşü hər tərəfdən ucaldı: Haradadır Sənin qüdrət meşənin aslanı, Ey aləmlərin Cəzaverəni?

Soyuqluq bütün insanlığı bürüyüb: Haradadır Sənin məhəbbətinin hərarəti, Ey aləmlərin Atəşi?

Bəla son həddə çatıb: Haradadır Sənin köməyinin nişanələri, Ey aləmlərin Nicatı?

Bəşərin çoxunu zülmət bürüyüb: Haradadır Sənin şölənin parıltısı, Ey aləmlərin Ziyası?

Boyunlar nifaqla uzanıb: Haradadır Sənin intiqam qılıncların, Ey aləmlərin Qənimi?

Zillət son həddə çatıb: Haradadır Sənin izzət nişanələrin, Ey aləmlərin İzzəti?

Sənin Rəhman adının Məzhərini hüzn tutub: Haradadır Sənin Zühur Məşriqinin sevinci, Ey aləmlərin Fərəhi?

İztirab yer üzü insanlarını bürüyüb: Haradadır Sənin şadlıq bayraqların, Ey aləmlərin Sevinci?

Görürsən, nişanələrinin Məşriqi pis niyyətli təlqinlərlə pərdələnib: Haradadır Sənin Qüdrət barmaqların, Ey aləmlərin İqtidarı?

Susuzluq iztirabı bütün aləm əhlini üzüb: Haradadır Sənin inayət çeşmələrin, Ey aləmlərin Mərhəməti?

Hərislik bütün bəşəri əsir edib: Haradadır Sənin inqita təcəssümlərin, Ey aləmlərin Mövlası?

Görürsən, bu Məzlum sürgündə yalqız qalıb: Haradadır Sənin əmr səmanın orduları, Ey aləmlərin Hökmdarı?

Qürbət diyarda tərk edilib, tənha qalmışam: Haradadır Sənin vəfa nişanələrin, Ey aləmlərin Vəfası?

Aləm əhlini ölüm əzabı bürüdü: Haradadır Sənin dirilik dənizinin damlaları, Ey aləmlərin Həyatı?

Şeytan vəsvəsələri bütün yaranmışları əhatə edib: Haradadır Sənin atəşinin şahabı, Ey aləmlərin Nuru ?

Aləm əhlinin çoxu nəfsi-həva məstliyindən korlanıb: Haradadır Sənin saflıq məşriqlərin, Ey aləmlərin Məqsudu?

Görürsən, bu Məzlum Şam əhlinin arasında zülmət pərdəsi içindədir: Haradadır Sənin Sübh şəfəqlərinin parıltısı, Ey aləmlərin İşığı?

Görürüsən, Mənə söz söyləməyi qadağan ediblər: Bəs onda haradan çağlayacaq Sənin nəğmələrin, Ey aləmlərin Bülbülü?

Xalqın çoxunu şəkk-şübhə və boş xəyallar pərdələyib: Haradadır Sənin yəqinlik məşriqlərin, Ey aləmlərin Güvənci?

Bəha bəla dənizində qərq olur: Haradadır Sənin xilas gəmin, Ey aləmlərin Xilaskarı?

Görürsən, Sənin bəyan Məşriqin aləmin zülmətindədir: Haradadır Sənin fəzl səmanın günəşi, Ey aləmləri Aydınladan?

Doğruluq və saflıq, sədaqət və şərəf çıraqları söndürülüb: Haradadır Sənin qisas qəzəbinin nişanələri, Ey aləmləri Hərəkətə Gətirən?

Bir kəsi görürsənmi ki, Səni müdafiə etsin, ya Sənin məhəbbətin yolunda Onun başına gələnlər barədə düşünsün? Burda Mənim qələmim dayanır, Ey aləmlərin Məhbubu.

Sidrətül-Müntəhanın budaqları qəzavü-qədər tufanlarından sınıb: Haradadır Sənin imdad bayraqların, Ey aləmlərin Müdafiəçisi?

Bu Üz iftira tozları ilə örtülüb: Haradadır Sənin şəfqət nəsimlərin, Ey aləmlərin Şəfqəti?

Müqəddəslik ətəyi hiylə əhlinin əlindən ləkələnib: Haradadır Sənin paklıq zinətin, Ey aləmləri Bəzəyən?

Fəzl dənizi insanların törətdiklərindən sükut edib: Haradadır Sənin kəramət dalğaların, Ey aləmlərin Muradı?

Liqa qapısı Sənin düşmənlərinin zülmündən bağlanıb: Haradadır Sənin comərdlik açarın, Ey aləmlərin Fəttahı?

Nifaqın zəhərli küləyindən yarpaqlar saralıb: Haradadır Sənin kəramət buludunun yağışı, Ey aləmlərin Ətaedəni?

Günah tozundan bütün aləm qaralıb: Haradadır Sənin əfv nəsimlərin, Ey aləmləri Bağışlayan?

Bu Gənc biyabanda tək-tənha qalıb: Haradadır Sənin fəzl səmanın yağışı, Ey aləmlərin Pənahı?

Ey Ulu Qələm, Sənin şirin nidanı əbədi Cəbərutda eşitdik: Qulaq ver, gör əzəmət Dili nə söyləyir, Ey aləmlərin Məzlumu.

Əgər soyuq olmasaydı, Sənin bəyanının hərarəti necə zəfər çalardı, Ey aləmlərin Şərhedəni.

Əgər bəlalar olmasaydı, Sənin səbr günəşin necə parlaya bilərdi, Ey aləmlərin İşığı.

Ah-nalə etmə, şər adamlara görə. Sən dözmək və tab gətirmək üçün yaranmısan, Ey aləmlərin Səbri.

Necə şirin idi, nifaq əhli arasında Sənin Misaq üfüqündən parlamağın və Sənin Allaha iştiyaqın, Ey aləmlərin Eşqi.

Sənin vasitənlə istiqlal bayrağı ən yüksək zirvədə sancıldı və fəzl dənizi Səninlə təlatümə gəldi, Ey aləmlərin Valehi.

Sənin yalqızlığınla Tovhid Günəşi çıxdı və Sənin qəribliyinlə Birlik torpağı zinətləndi, Ey aləmlərin Qəribi.

Biz zilləti izzət köynəyi və bəlanı Sənin heykəlinə zinət etmişik, Ey aləmlərin Fəxri.

Görürsən, qəlblər nifrətlə dolub, Sən göz yum, Ey aləmlərin Səttarı.

Qılınclar parlayanda, irəli çıx! Oxlar süzəndə, sinəni ver! Sən Ey aləmlərin Fədası.

Sənmi ağlayırsan, yoxsa Mən! Xeyr, Sənin tərəfdarlarının azlığından Mən ağlaram, Ey aləmləri Ağladan.

Həqiqətən, eşitdim Sənin nidanı, Ey Əbhanın Məhbubu; və indi Bəhanın üzü dərd-bəlaların hərarətindən və Sənin nurani kəlmələrinin atəşindən alovlanır və fəda meydanında O, Sənin razılığından ötrü vəfa ilə qalxdı, Ey aləmlərin Müqəddiri.

Ey Əli-Əkbər! Bu lövhə görə öz Rəbbinə şükr eylə ki, Mənim məzlumiyyətimin ətrini ondan duyasan və aləmlərin Məbudu Allahın yolunda Bizim başımıza gələnlərdən agah olasan.

Əgər bütün bəndələr bu lövhü oxusalar və üzərində düşünsələr, onların damarlarında elə atəş yanar ki, aləmləri oda qalayar.

#4893
- Bəhaullah

 

"Bu gündəlik namazlara, şəfa Duası, Əhməd Lövhü kimi digər bir neçə xüsusi dualarla yanaşı, Həzrət Bəhaullah tərəfindən fövqəladə güc və əhəmiyyət əta edilmişdir və ona görə də onları belə qəbul etmək lazımdır. Möminlər onları şübhəsiz iman və inamla oxumalıdırlar ki, onların vasitəsilə Allahla daha yaxın ünsiyyətə girə bilsinlər və özlərini Onun qanun və hökmləri ilə daha tam uyğunlaşdırsınlar.

Odur Sultan, hər şeyi Bilən və Hikmətli!

Budur, Cənnət Bülbülü Əbədiyyət Ağacının budaqları üzərində müqəddəs və şirin avazla oxuyur. Тəmiz qəlblilərə Allahın yaxınlığından müjdə verir, Allahın Birliyinə inananları Səxavətli Allahın Hüzurunа çağırır, inqitа еdənlərə Sultan, Cəlallı, Bənzərsiz Allahın nazil etdiyi bu müraciətdən xəbər verir və aşiqləri Müqəddəslik Məqamına və bu nurlu Camala doğru yönəldir.

Həqiqətən, bu həmin O Ən Böyük Camaldır ki, Peyğəmbərlərin Kitablarında öncədən xəbər verilmişdi, Onun vasitəsilə haqq nahaqdan ayrılar, hər bir əmrin hikməti Onunla sınanar. Həqiqətən, O, bir Həyat Ağacıdır ki, onun barı Uca, Güclü və Ulu Allahın meyvələridir.

Ey Əhməd! Sən buna şəhadət ver ki, həqiqətən, Odur Allah və Ondan başqa Allah yoxdur, O Sultan, Hifz Edən, Misilsiz və Qüdrətlidir, və "Əli" adı ilə göndərilən O şəxs haqdır və biz hamımız Onun əmrlərinə əməl edənlərik.

Söylə: Ey insanlar, Cəlallı və Hikmətli Allahın Bəyanda hökm etdiklərinə itaət edin. Həqiqətən, O, Elçilərin Padşahı və Onun Kitabı Ana Kitabdır, kaş ki, bilənlərdən olardınız.

Bu Bülbül sizə bu məhbəsdən belə səslənir. O, ancaq bu aydın müraciəti sizə çatdırmalıdır. Kim istəyir, qoy bu nəsihətdən üz çevirsin, kim istəyirsə, qoy öz Rəbbinə gedən yolu seçsin.

Ey qövm, əgər siz bu ayələri inkar etsəniz, onda Allaha hansı dəlil ilə iman gətirmişdiniz? Göstərin dəlilinizi, ey yalançılar zümrəsi.

Xeyr, mənim canım əlində Olana and olsun, onlar bunu edə bilməyəcəklər və heç vaxt da buna qadir olmayacaqlar, hətta bir-birlərilə köməkləşsələr də.

Ey Əhməd! Mən olmayanda fəzlimi unutma. Sənin günlərində, Mənimlə olan günləri və bu uzaq məhbəsdə hüznümü və qəribliyimi xatırla. Sevgimdə elə möhkəm dur ki, hətta başına düşmən qılıncları ensə və bütün yer-göy əleyhinə qalxsa, ürəyin əsla tərəddüd etməsin.

Düşmənlərimə bir yanar od, dostlarıma isə əbədi həyat çeşməsi ol və şübhə edənlərdən olma.

Və əgər yolumda bir bəlaya düşsən və ya Adımdan ötrü bir zillətə uğrasan, üzülmə.

Allaha təvəkkül eylə, sənin Allahın və atalarının Rəbbi olan Allaha. Zira, xalq yanlış yolda sərgərdandır və Allahı öz gözləri ilə görmək və Onun Nəğmələrini öz qulaqları ilə eşitmək bəsirətindən məhrumdurlar. Biz onları belə gördük, sən də buna şahidsən.

Onların xurafatı onlarla qəlbləri arasında beləcə pərdəyə çevrilmiş və onlar Uca və Ulu Allahın yolundan beləcə kənarda qalmışlar.

Sən öz qəlbində buna əmin ol ki, bu Camaldan üz çevirmiş olan bir kimsə, bundan öncə gələn bütün Elçilərdən də üz çevirmiş və əzəldən əbədiyyətədək Allaha təkəbbür göstərmiş olur.

Yaxşı öyrən bu lövhü, ey Əhməd. Öz günlərində onu avazla oxu və özünü ondan məhrum etmə. Çünki həqiqətən, Allah onu oxuyana yüz şəhidin və hər iki dünyada ibadət edənlərin mükafatını müəyyən etmişdir. Biz Öz tərəfimizdən sənə bir fəzlimiz və hüzurumuzdan bir mərhəmət olaraq bu iltifatı göstərdik ki, sən şükr edənlərdən olasan.

Allaha and olsun! Çətinliyə və ya qəm-qüssəyə düşən bir kimsə bu Lövhü sidq ürəklə oxusa, Allah onun kədərini dağıdar, çətinliyini qaldırar və dərdini yox edər.

Həqiqətən, O Rəhmlidir, Şəfqətlidir. Alqış olsun Allaha, aləmlərin Rəbbinə.

#4894
- Bəhaullah

 

"Müqəddəs Dənizçi Lövhünü öyrən ki, sən həqiqəti biləsən və görəsən ki, Camal-i Mübarək gələcək hadisələri bütünlüklə öncədən xəbər vermişdir. Qoy bəsirəti olanlar bundan ibrət alsınlar." -Əbdül-Bəha Abbas

Odur Kəramətli, Sevgili Məhbub! Ey Müqəddəs Dənizçi! Öz əbədiyyət gəmini Mələyi-Əlanın qarşısına sür;

Sübhandır mənim Əbha Rəbbim!

Sonra burax onu qədim dənizə, Onun Ən Ecazkar Adıyla;

Sübhandır mənim Əbha Rəbbim!

Və məlaikə ruhları ona mindir, Allahın Ən Uca Adıyla;

Sübhandır mənim Əbha Rəbbim!

Sonra onu lövbərdən azad et ki, əzəmət dəryasına üzsün;

Sübhandır mənim Əbha Rəbbim!

Bəlkə onun sərnişinləri ölümsüzlük diyarında yaxınlıq köşklərinə yan alalar;

Sübhandır mənim Əbha Rəbbim!

Müqəddəs sahilə, qırmızı dənizin kənarına çatanda;

Sübhandır mənim Əbha Rəbbim!

Onları endir ki, bu görünməz səmavi məqama çatsınlar;

Sübhandır mənim Əbha Rəbbim!

O məqam ki, orada Rəbb öz Camalının Alovu ilə ölümsüzlük ağacında işıq saçmışdı ;

Sübhandır mənim Əbha Rəbbim!

Harada ki, Onun Əmrinin mücəssəmələri özlərini nəfs və ehtirasdan təmizlədilər;

Sübhandır mənim Əbha Rəbbim!

O məqam ki, ətrafına ölümsüz qoşunlarla Musanın şərəfi dolanır;

Sübhandır mənim Əbha Rəbbim!

Harada ki, Allahın Əli Onun Əzəmət qoynundan çıxmışdır;

Sübhandır mənim Əbha Rəbbim!

Harada ki, Əmrin gəmisi hərəkətsiz qalır, hətta onun sərnişinlərinə bütün ilahi sifətlər izhar olunsa da;

Sübhandır mənim Əbha Rəbbim!

Ey Dənizçi! Gəmi əhlinə bizim Sənə sirr pərdəsi arxasında öyrətdiklərimizi öyrət;

Sübhandır mənim Əbha Rəbbim!

Bəlkə onlar müqəddəs, bəmbəyaz yerdə gecikməyələr;

Sübhandır mənim Əbha Rəbbim!

Və ruh qanadları üzərində Rəbbin aşağı dünyalardakı bütün sözlərdən daha uca etdiyi o məqama yüksələlər;

Sübhandır mənim Əbha Rəbbim!

Əbədi vüsal səmasındakı sevimli quşlar kimi fəzada qanad açalar;

Sübhandır mənim Əbha Rəbbim!

Nur Dənizlərində gizli qalmış sirlərdən agah olalar;

Sübhandır mənim Əbha Rəbbim!

Onlar dünyəvi hüdudları aşdılar və tovhid məqamına, səmavi hidayət mərkəzinə yetişdilər;

Sübhandır mənim Əbha Rəbbim!

Onlar Rəbbin onların məqamlarından üstün buyurduğu o məqama yüksəlmək istədilər;

Sübhandır mənim Əbha Rəbbim!

Onda Onun Hüzur Səltənətində sakin olanların yanından yanar bir şahab onları qovdu;

Sübhandır mənim Əbha Rəbbim!

Və onlar Cəlal Zirvəsindəki görünməz çadırın arxasından əzəmət Səsini eşitdilər;

Sübhandır mənim Əbha Rəbbim!

“Ey qoruyucu mələklər! Qaytarın onları aşağı aləmdəki yerlərinə;

Sübhandır mənim Əbha Rəbbim!

Çünki, onlar cənnət göyərçininin heç vaxt yetişmədiyi o fəzaya qalxmaq istəyirlər;

Sübhandır mənim Əbha Rəbbim!

Ki, orada zənn gəmisi hərəkətsiz qalar və idrak sahibləri onu dərk edə bilməz;”

Sübhandır mənim Əbha Rəbbim!

Sonra səma hurisi özünün uca köşkündən boylandı;

Sübhandır mənim Əbha Rəbbim!

Və qaşı ilə Səma Qoşunlarina işarə etdi;

Sübhandır mənim Əbha Rəbbim!

Üzünün nuru göyü və yeri doldurdu;

Sübhandır mənim Əbha Rəbbim!

Və onun gözəlliyinin işığı torpaqdan yaranmışların üzərinə düşüncə;

Sübhandır mənim Əbha Rəbbim!

Bütün varlıqlar fanilik qəbirlərində titrədilər;

Sübhandır mənim Əbha Rəbbim!

Sonra o elə bir nida ucaltdı ki, əzəldən bəri bir qulaq bunu eşitməmişdi;

Sübhandır mənim Əbha Rəbbim!

Və belə söylədi: “Rəbbə and olsun! Ürəyində uca və nurlu Ərəb Gəncinin məhəbbət ətri olmayan kəs,

Sübhandır mənim Əbha Rəbbim!

Uca cənnətin zirvəsinə əsla yüksələ bilməz;”

Sübhandır mənim Əbha Rəbbim!

Sonra o öz kənizlərindən bir hurini çağırdı,

Sübhandır mənim Əbha Rəbbim!

Və ona əmr etdi: “Əbədiyyət imarətlərindən aşağı en,

Sübhandır mənim Əbha Rəbbim!

Onların ürəklərinin ən dərinliklərində gizlətdikləri şeylərə üz tut,

Sübhandır mənim Əbha Rəbbim!

Zülm əhlinin əllərinin törətdikləri üzündən nur çadırında gizlədilmiş Gəncin köynəyinin ətrini duysan;

Sübhandır mənim Əbha Rəbbim!

Köksündən elə bir nida qaldır ki, Cənnətin xanəgahındakı əbədi zənginlik mücəssəmələri olan bütün sakinlər anlasınlar və eşitsinlər;

Sübhandır mənim Əbha Rəbbim!

Ta ki, onların hamısı özlərinin əbədi köşklərindən aşağı ensinlər və titrəsinlər;

Sübhandır mənim Əbha Rəbbim!

Və vəfa zirvələrinə uçduqları üçün onların əllərini və ayaqlarını öpsünlər;

Sübhandır mənim Əbha Rəbbim!

Bəlkə Məhbubun ətrini onların köynəklərindən duyalar.”

Sübhandır mənim Əbha Rəbbim!

Bu zaman, necə ki, Gəncin üzünün nuru Özünün fani bədəni üzərində parlayırdı, sevimli hurinin üzü səmavi köşklərin üzərində parladı;

Sübhandır mənim Əbha Rəbbim!

Sonra o belə bir zinətlə aşağı endi ki, bütün göyləri və orada olan hər şeyi işıqlandırdı;

Sübhandır mənim Əbha Rəbbim!

O tərpəndi, müqəddəslik və cəlal diyarlarındakı bütün şeyləri ətirləndirdi;

Sübhandır mənim Əbha Rəbbim!

O yerə çatanda o, yaradılışın düz ürəyində boy verib qalxdı;

Sübhandır mənim Əbha Rəbbim!

Və nə əvvəli, nə sonu bilinməyən bir zamanda onların ətrini duymaq istədi;

Sübhandır mənim Əbha Rəbbim!

Ancaq onlarda axtardığını tapmadı və bu, həqiqətən Onun heyrətamiz rəvayətlərindən biridir;

Sübhandır mənim Əbha Rəbbim!

Onda o fəryad qopardı, nalə etdi və Özünün Ən Uca Məkanındakı məqamına qayıtdı;

Sübhandır mənim Əbha Rəbbim!

Sonra isə yavaşca pıçıldadığı, sirli bir söz çıxdı dilindən;

Sübhandır mənim Əbha Rəbbim!

Və Səma Qoşunları və cənnətin ölməz huriləri arasında belə səsləndi:

Sübhandır mənim Əbha Rəbbim!

“Allaha and olsun! Mən bu bihudə iddiaçılardan Vəfa nəsimləri duymadım.”

Sübhandır mənim Əbha Rəbbim!

“Allaha and olsun! Bu Gənc bu qərib yerlərdə imansızların əlində tək-tənha qalıb.”

Sübhandır mənim Əbha Rəbbim!

Sonra o köksündən elə bir fəryad qopardı ki, Mələyi-Əla nalə etdi və titrədi;

Sübhandır mənim Əbha Rəbbim!

Sonra o, torpağa düşdü və canını tapşırdı. Sanki, onu Uca Səltənətə çağıran Kəsi eşitmiş və o çağırışa qulaq vermişdi;

Sübhandır mənim Əbha Rəbbim!

Alqış olsun O Kəsə ki Özünün uca cənnətinin düz ortasında onu məhəbbət cövhərindən yaratdı!

Sübhandır mənim Əbha Rəbbim!

Bu zaman səma huriləri öz köşklərindən yüyürək çıxdılar ki, onların üzlərinə ən uca cənnətin sakinlərinin gözü heç vaxt dəyməmişdi.

Sübhandır mənim Əbha Rəbbim!

Onların hamısı onun ətrafına toplandı və bir də gördülər ki, heyhat! Onun bədəni torpağa düşüb;

Sübhandır mənim Əbha Rəbbim!

Və onlar onun bu halını görüb Gəncin danışdığı rəvayətdəki sözü başa düşəndə başlarını açdılar, paltarlarını cırdılar, üzlərinə döydülər, sevinclərini unutdular, göz yaşları tökdülər, yanaqlarına vurdular; və budur, həqiqətən, əsrarəngiz və ağır bir müsibət.

Sübhandır Ucalar Ucası Rəbbimiz!

#4895
- Bəhaullah

 

Həzrət Bəhaullahın və Həzrət Babın Ziyarətnaməsi

Bu Lövh Həzrət Bəhaullahın və Həzrət Babın Məqamlarında, habelə Onların süud ildönümlərində istifadə olunur.

Otərif ki, Sənin ən uca Zatından doğdu və o nur ki, Sənin ən cəlallı Camalından parladı, Sənin üzərinə olsun, Sən Ey əzəmət Məzhəri və əbədiyyət Sultanı, göydə və yerdə olanların Rəbbi. Mən şəhadət verirəm ki, Sənin vasitənlə Allahın səltənəti və Onun hökmranlığı, Allahın böyüklüyü və Onun əzəməti aşkar oldu, qədim cəlalın Günəşi öz şüalarını Sənin dəyişməz əmrinin səmasına saçdı və Gözəgörünməzin Camalı xilqətin üfüqündə parladı. Daha sonra şəhadət verirəm ki, Qələminin tək bir hərəkəti ilə Sənin "Ol" əmrin yerinə yetdi, Allahın gizli Sirri açıldı, bütün varlıqlar yaranmağa başladı və bütün Vəhylər nazil oldu.

Bundan başqa şəhadət verirəm ki, Sənin camalınla Pərəstiş Olunanın camalı göründü, Sənin üzünlə Məqsudun üzü parladı və ona şəhadət verirəm ki, Sənin tərəfindən gələn bir kəlmə ilə Sən bütün məxluqat arasında qərar verirsən, Sənə sədaqətli olanları şərəf zirvəsinə ucaldırsan, inanmayanları isə uçurumun dibinə salırsan.

Mən şəhadət verirəm ki, hər kəs ki, Səni tanıdı, o, Allahı tanıdı və hər kəs ki, Sənin hüzuruna yetişdi, Allahın hüzuruna yetişdi. Ona görə də, xoş o kəsin halına ki, Sənə və Sənin əlamətlərinə iman gətirdi, Sənin hökmranlığına baş əydi, Səninlə görüşmək şərəfinə nail oldu, Sənin razılığını əldə etdi, Sənin dövrənə dolandı və Sənin taxtının önündə dayandı. Vay o kəsin halına ki, Sənə qarşı günah etdi, Səni dandı, Sənin əlamətlərini inkar etdi, Səni hökmranlığına qarşı çıxdı, Sənin əleyhinə qalxdı və Sənin üzünün qarşısında lovğalandı, Sənin dəlillərinlə mübahisə etdi, Sənin hökmranlığından və qüdrətindən qaçdı və Sənin əmr barmaqlarınla Sənin Müqəddəs Lövhlərində imansızlar sırasına yazıldı.

Sonra, Ey mənim Allahım və mənim Məhbubum, Öz mərhəmətinin və inayətinin sağ əlindən Öz lütflərinin müqəddəs nəsimini mənim üstümə əsdir ki, onlar məni öz nəfsimdən və bu dünyadan ayırıb Sənin yaxınlıq dərgahına və Sənin Hüzuruna cəzb etsin. Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, hər şeyin üzərində hakimsən.

Allahın zikri və Onun tərifi, Allahın Cəlalı və Onun nuru Sənin üzərinə olsun, Sən Ey Allahın Camalı! Mən şəhadət verirəm ki, məxluqatın gözü Sənin kimi Məzlum görməyib. Sən bütün ömrün boyu bəlalar dəryasında qərq olmusan. Bir zaman Sən zəncir və qandal altında idin; başqa bir vaxt düşmənlərinin qılıncları Səni təhdid edirdi. Bununla belə, Alim və Hikmət Sahibi Allahın Sənə buyurduqlarını bütün insanlara çatdırdın ki, onlara əməl etsinlər.

Ruhum Sənin çəkdiyin məzlumiyyətlərə fəda olsun və canım Sənin məruz qaldığın bəlaların qurbanı olsun. Səninlə və Sənin üzünün nuru ilə üzləri işıqlanan və Sənə məhəbbət naminə onlara əmr olunanları yerinə yetirən kəslərlə Allaha and verirəm ki, Səninlə Sənin yaratdıqların arasında maneə yaradan pərdələri aradan qaldırsın və mənə bu dünyanın və o biri dünyanın nemətini versin. Sən, həqiqətən, Qüdrətli, Ən Uca, Ən Cəlallı, həmişə Bağışlayan və Ən Şəfqətlisən.

Ey mənim Rəbbim Allah, İlahi Sidrəyə, onun yarpaqlarına, budaqlarına, pöhrələrinə, onun gövdələrinə və onun qol-budaqlarına, Sənin ən yüksək adların durduqca və Sənin ən uca sifətlərin qaldıqca xeyir-dua ver. Sonra onu, təcavüzkarın şərindən və zülmün qoşunlarından hifz eylə. Sən, həqiqətən, Qüdrətli və ən Qüvvətlisən. Ey mənim Rəbbim Allah, Sənin hüzuruna yetişən bəndələrinə və kənizlərinə də xeyir-dua ver. Sən, həqiqətən, Kəramət Sahibisən ki, fəzli sonsuzdur. Səndən başqa Allah yoxdur, Sən həmişə Bağışlayan və Ən Səxavətlisən.

#4896
- Bəhaullah

 

Həzrət Əbdül -Bəhanın Ziyarətnaməsi

Həzrət Əbdül-Bəha tərəfindən nazil olmuş bu dua, Onun Astanasında oxunur. Bu həmçinin şəxsi dua kimi də oxuna bilər.

Hər kim bu duanı mütilik və şövq ilə oxusa, bu Bəndənin ürəyinə şadlıq və sevinc gətirər; bu isə Onunla üz-üzə görüşmək kimidir.

O Nurluların Nurlusudur!

Ey Allah, mənim Allahım! Mütilik və göz yaşları içində yalvarış əllərimi Sənə tərəf qaldırır və üzümü aqillərin biliyindən və Səni tərif edənlərin tərifindən uca Astananın torpağına sürtürəm. Sənin qapında baş əyən və təzim edən bu bəndəyə mərhəmət gözlərinlə bax və onu əbədi fəzl Dəryanda qərq eylə.

Ya Rəbb! O, Sənin yazıq və müti bir bəndəndir, Sənin kölən olaraq Sənə yalvarır, Sənin əlində əsir olaraq, Sənə atəşin dua edir, Sənə inanır, Sənin üzün qarşısında göz yaşları içində, Səni çağırır və Sənə yalvararaq iltimas edir:

Ya Rəbb, mənim Allahım! Fəzlini mənə bağışla ki, Sənin sevimlilərinə xidmət edim, Sənə bəndəlikdə məni gücləndir, Sənin müqəddəslik sarayında sitayiş nuru və Sənin əzəmət səltənətinə yönələn duaların işığı ilə alnımı işıqlandır. Mənə kömək eylə, Sənin qapının səmavi astanasında təmənnasız olum və mənə yardım eylə, Sənin müqəddəslik dövrəndə olan hər bir şeydən inqita edim. İlahi! Mənə fənalıq piyaləsindən içir; mənə fənalıq libası geyindir və məni fənalıq dəryasında qərq eylə. Məni, öz sevimlilərinin keçdiyi yolun tozu eylə və Sənin yolunda seçilmişlərinin addımları ilə şərəflənmiş torpağa fəda olmağı əta eylə, Ey İzzət və Ülviyyət Mövlası.

Bu münacat ilə Sənin bu bəndən səhər və axşam Sənə üz tutur. Onun ürəyinin arzusunu yerinə yetir, İlahi! Onun ürəyini nurlandır, könlünü sevindir və çırağını yandır ki, Sənin Əmrinə və Sənin bəndələrinə xidmət etsin.

Sən Bəxşedən, Mərhəmətli, Kəramətli, Fəzl Sahibi, Rəhmli və Şəfqətlisən.

#4897
- Əbdül-Bəha Abbas