Return   Facebook   Zip File

Arabic

1

EY RUH OĞLU!

Mənim ilk nəsihətim budur: pak, gözəl və nurlu bir ürəyə malik ol ki, əzəli, əbədi, daimi və qədim bir səltənətə sahib olasan.

2

EY RUH OĞLU!

Mənim nəzərimdə ən sevimli şey insafdır; Məni istəyirsənsə, ondan üz çevirmə. Ondan qafil olma ki, Mənim yanımda əmin tanınasan. Bunun köməyi ilə sən bir şeyi başqalarının gözü ilə deyil, öz gözünlə görərsən və heç kəsin biliyi ilə deyil, öz biliyinlə tanıyarsan. Bunu özün düşün, sənə yaraşan nədir. Həqiqətən, insaf Mənim sənə bir bəxşişim və sənə inayətimin bir əlamətidir. Onu gözünün önündə saxla.

3

EY İNSAN OĞLU!

Zatımın qədimliyində və varlığımın əzəliyyətində idim. Öz məhəbbətimi səndə gördüm, səni yaratdım. Və səni Öz surətimdə yaratdım və Öz Camalımı sənə açdım.

4

EY İNSAN OĞLU!

Yaradılışını sevdim, odur ki, səni yaratdım! İndi Məni sev ki, səni anım və qəlbini həyat ruhu ilə doldurum.

5

EY VARLIQ OĞLU!

Məni sev ki, Mən də səni sevim. Sən Məni sevməsən, Mənim məhəbbətim sənə heç vəchlə çatmaz. Bunu bil, ey bəndə!

6

EY VARLIQ OĞLU!

Sənin Cənnətin Mənim məhəbbətimdir. Sənin səmavi məkanın Mənimlə vüsalındır. Oraya daxil ol, gecikmə. Uca Mələkutda və Ali Cəbərutda sənin üçün təqdir olunan budur!

7

EY BƏŞƏR OĞLU!

Məni sevirsənsə, özündən üz çevir. Mənim razılığımı istəyirsənsə, öz istəyinə göz yum. Beləcə, sən Məndə fani ol ki, Mən də səndə əbədi yaşayım.

8

EY RUH OĞLU!

Özündən üz çevirib Mənə dönməyincə, sənə rahatlıq təyin olunmayıb. Çünki sənə yaraşan öz adınla deyil, Mənim adımla şərəflənməkdir, özünə deyil, Mənə təvəkkül etməkdir. Çünki hər şeydən əvvəl Mən, tək Mən sevilmək istəyirəm.

9

EY VARLIQ OĞLU!

Sevgim Mənim qalamdır. Oraya daxil olan kəs nicat tapar və əmin-amanlıqda olar; ondan üz çevirən kəs isə yolunu azar və həlak olar.

10

EY BƏYAN OĞLU!

Mənim qalam sənsən: ona daxil ol ki, salamat olasan. Mənim məhəbbətim səndədir: onu özündə duy ki, Məni yaxınlığında tapasan!

11

EY VARLIQ OĞLU!

Sən Mənim çırağımsan və Mənim işığım səndədir. Ondan nur al və Məndən başqasını axtarma. Çünki Mən səni zəngin yaratmışam və nemətlərimi sənə tam vermişəm.

12

EY VARLIQ OĞLU!

Səni qüvvət əllərilə yaratdım, qüdrət barmaqları ilə xəlq etdim. Nurumun cövhərini səndə əmanət qoydum. Buna razı ol və başqa bir şey axtarma. Mənim əsərim kamil və hökmüm nü- fuzludur. Ona şəkk etmə və şübhə ilə yanaşma.

13

EY RUH OĞLU!

Səni zəngin yaratdım, nə üçün yoxsulluğa yuvarlanırsan? Səni əziz yaratdım, nə üçün özünü zəlil tutursan? Səni elm cövhərindən zahir etdim, nə üçün məndə deyil, başqasında elm axtarırsan? Səni məhəbbət gilindən yoğurdum, necə Məndən başqası ilə məşğulsan? İndi dön özünə bax ki, Məni özündə qüvvətli, qüdrətli və qəyyum tapasan.

14

EY İNSAN OĞLU!

Sən Mənim mülkümsən, Mənim mülküm fani olmaz, nə üçün fani olmağından qorxursan? Sən Mənim nurumsan və Mənim nurum sönməz, nə üçün öz sönməyindən üzülürsən? Sən Mənim Cəlalımsan, Mənim Cəlalım heç vaxt solmaz. Sən Mənim köynəyimsən, Mənim köynəyim heç vaxt köhnəlməz. İndi Mənim Məhəbbətimin kölgəsində dincəl ki, Məni Ən Uca Üfüqdə tapasan.

15

EY BƏYAN OĞLU!

Üzünü Üzümə çevir, Məndən başqa hər kəsdən üz döndər; çünki Mənim səltənətim əbədidir və heç vaxt dağılmaz. Mənim mülküm daimidir, əsla dəyişilməz. Kainatı başdan başa axtarsan da, Məndən başqasını tapa bilməzsən.

16

EY NUR OĞLU!

Məndən başqasını unut və Mənim ruhumla ünsiyyətdə ol. Bu Mənim Əmrimin cövhəridir, ona tərəf dön.

17

EY İNSAN OĞLU!

Mənimlə kifayətlən və başqa yardımçı axtarma. Çünki Məndən başqası sənə əsla kifayət etməz!

18

EY RUH OĞLU!

Sənin üçün istəmədiyimizi Bizdən istəmə. Elə isə sənin üçün müəyyən etdiyimizə razı ol. Çünki bununla razı olsan, bu sənə fayda verər.

19

EY ECAZKAR MƏNZƏRƏNİN OĞLU!

Sənə öz Ruhumdan bir nəfəs üfürdüm ki, Mənə aşiq olasan. Nə üçün Məni tərk edib başqa bir sevgili axtardın!

20

EY RUH OĞLU!

Sənə haqqım böyükdür, unudula bilməz. Sənə fəzlim boldur, örtülə bilməz. Məhəbbətim səndə məskən salıb, gizlədilə bilməz. Nurum səndə aşkardır, pünhan qala bilməz.

21

EY BƏŞƏR OĞLU!

Sənin üçün Əbha ağacından nəfis meyvələr asmışam, nə üçün üz döndərdin və əskiyinə razı oldun. Uca Üfüqdə sənin üçün daha faydalı olanlara qayıt.

22

EY RUH OĞLU!

Mən səni ali yaratdım, sən isə özünü alçaltdın. Elə isə yaradıldığına yüksəl.

23

EY UCA MƏQAM OĞLU!

Mən Səni əbədiliyə çağırıram, sən isə faniliyə meyl edirsən. Nədir səni Bizim sevdiyimizdən uzaqlaşdırıb öz istədiyinə cəlb edən?

24

EY İNSAN OĞLU!

Həddini aşma, sənə yaraşmayana iddia etmə. Qüdrət və iqtidar sahibi olan Allah-Təalanın hüzurunda səcdə et!

25

EY RUH OĞLU!

Öz məqamınla fəqir qarşısında lovğalanma, çünki Mən onun önündə gedir və sənin pis halını görüb səni həmişəlik lənətləyirəm.

26

EY VARLIQ OĞLU!

Necə oldu öz qüsurlarını unudaraq Mənim bəndələrimin qüsurları ilə məşğul oldun? Kim belə etsə, rəhmətimdən məhrum olsun.

27

EY İNSAN OĞLU!

Öz günahın olduğu halda, heç kimin günahı barədə nəfəs belə çəkmə! Əgər bu əmrdən çıxsan, rəhmətimdən məhrum olarsan və Mən də buna şahidəm.

28

EY RUH OĞLU!

Yəqin bil, insanlara ədaləti əmr edib, özü isə rəzalət törədən Adımı daşısa da, Məndən deyil!

29

EY VARLIQ OĞLU!

Özünə rəva görmədiyini başqasına da rəva görmə. Eləməyəcəyin işi demə. Bu Mənim sənə əmrimdir, ona əməl et!

30

EY İNSAN OĞLU!

Mənim bəndələrimdən biri sənə üz tutub bir şey istəsə, onu rədd etmə. Çünki onun üzü Mənim üzümdür; Məndən utan.

31

EY VARLIQ OĞLU!

Hesabata çəkilməmiş, hər gün özünə hesabat ver, çünki ölüm səni qəflətən haqlayar və əməllərinin hesabını verməli olarsan.

32

EY UCA MƏQAM OĞLU!

Ölümü sənin üçün bir şadlıq müjdəçisi etdim, nə üçün ondan hüznlənirsən? İşığı, öz şəfəqlərini sənin üzərinə səpmək üçün yaratdım, nə üçün ondan pərdələnirsən?

33

EY RUH OĞLU!

Nurun xoş müjdəsi ilə səni salamlayıram, fərəhlən! Səni Müqəddəslik dərgahına səsləyirəm, oraya pənah apar ki, əbədi rahatlıq tapasan.

34

EY RUH OĞLU!

Müqəddəs Ruh sənə vüsalın şad müjdəsini verir, nə üçün kədərlənirsən?! Hökm ruhu səni Öz əmrində möhkəmləndirir, nə üçün ondan pərdələnirsən?! Onun üzünün nuru səni yönəldir, necə aza bilərsən?

35

EY İNSAN OĞLU!

Bizdən ayrılıqdan başqa heç nəyə kədərlənmə. Bizə yaxınlaşmaqdan və yanımıza qayıtmaqdan başqa heç nəyə fərəhlənmə!

36

EY İNSAN OĞLU!

Könlünün süruru ilə şadlan ki, liqama layiq olasan və gözəlliyimi əks etdirəsən.

37

EY İNSAN OĞLU!

Özünü Mənim gözəl libasımdan məhrum etmə və ecazkar bulağımdan nəsibini itirmə! Ta ki, Mənim Zatımın Əbədiyyəti boyunca səni susuzluq tutmasın.

38

EY VARLIQ OĞLU!

Qanunlarıma Mənə məhəbbətin xatirinə əməl et. Razılığımı axtarırsansa, öz nəfsinin istəklərindən imtina et.

39

EY İNSAN OĞLU!

Camalımı sevirsənsə, hökmlərimə etinasız yanaşma! Razılığıma nail olmaq istəyirsənsə, nəsihətlərimi unutma!

40

EY İNSAN OĞLU!

Sonsuz kainat boyunca qaçsan, göylərin ənginliklərində dolaşsan belə, əmrimizə baş əyib, Üzümüz qarşısında təzim etməyincə, rahatlıq tapa bilməzsən.

41

EY İNSAN OĞLU!

Əmrimi yüksəlt ki, Əzəmətimin sirlərini sənə açım və əzəliyyət nuru ilə səni işıqlandırım.

42

EY İNSAN OĞLU!

Mənim qarşımda müti ol ki, sənə qarşı mütəvaze olum. Əmrimin zəfərinə qalx ki, bu dünyada ikən qalib olasan.

43

EY VARLIQ OĞLU!

Məni Yerimdə zikr et ki, səni göyümdə xatırlayım. Beləcə həm Mənim, həm sənin gözlərin aydın olsun.

44

EY ƏRŞ OĞLU!

Qulağın qulağımdır, onunla eşit. Gözün gözümdür, onunla gör, ta ki öz içində Mənim Ali Müqəddəsliyimə şəhadət verəsən. Mən isə Özlüyümdə sənin uca Məqamına şəhadət verim.

45

EY VARLIQ OĞLU!

Məndən razı olaraq və hökmümə şükr edərək yolumda şəhidlik ara ki, izzət çadırının arxasında əzəmət gümbəzinin altında Mənimlə dincələsən.

46

EY İNSAN OĞLU!

Fikirləş və düşün: yatağındamı ölmək istəyirsən, yoxsa yolumda torpaq üzərində qan tökməklə şəhid olaraq Ən Uca Cənnətdə Əmrimin məşriqi və nurumun məzhəri olmaq istəyirsən? İnsafla düşün, ey bəndə!

47

EY İNSAN OĞLU!

Camalıma and olsun! Saçlarının qanına boyanması Mənim nəzərimdə kainatın yaranmasından və iki dünyanın ziyasından daha böyükdür. Buna çalış, ey bəndə!

48

EY İNSAN OĞLU!

Hər şeyin bir əlaməti var, məhəbbətin əlaməti də hökmümə səbr etmək və mənim bəlalarıma dözməkdir.

49

EY İNSAN OĞLU!

Günahkar bağışlanmasını necə istərsə və təqsirkar mərhəməti necə umarsa, həqiqi aşiq də bəlaları o cür istər.

50

EY İNSAN OĞLU!

Yolumda başına bəlalar gəlməsə, Mənim rizayətimlə razı olanların yolu ilə necə gedə bilərsən? Mənim hüzuruma yetişmək şövqü ilə məşəqqətə düşməsən, Camalıma məhəbbətdə necə nura yetişə bilərsən?

51

EY İNSAN OĞLU!

Bəlam inayətimdir – zahirdə oddur, cəzadır, batində isə nurdur və mərhəmətdir. Ona tərəf qaç ki, əzəli bir nur və əbədi bir ruh olasan. Bu Mənim əmrimdir, ona əməl et!

52

EY BƏŞƏR OĞLU!

Sənə nemət qismət olarsa, sevinmə və zillətə düçar olsan, üzülmə, bunların hər ikisi gəlib keçər.

53

EY VARLIQ OĞLU!

Yoxsulluğa düşsən, qəm yemə, vaxt olar, dövlət quşu başına qonar. Zillətdən qorxma, gün gələr, sənə izzət nəsib olar.

54

EY VARLIQ OĞLU!

Əgər sənin ürəyin bu əbədi və daimi səltənətə, bu əzəli və qədimi həyata könül veribsə, bu fani və ani səltənəti tərk et.

55

EY VARLIQ OĞLU!

Özünü bu dünya ilə məşğul etmə, çünki Biz qızılı atəşlə, bəndələri isə qızılla sınayırıq.

56

EY İNSAN OĞLU!

Sən qızılı arzulayırsan, Mən isə sənin ondan azad olmağını istəyirəm. Sən öz zənginliyini onda görürsən, Mən isə sənin zənginliyini ondan arınmağında görürəm. Həyatıma and olsun! Bu mənim elmimdir, o isə sənin zənnindir. Mənim istəyimlə səninki necə bir yerdə ola bilər?

57

EY İNSAN OĞLU!

Mənim malımı Mənim yoxsullarıma ver ki, göydəki bitməz şərəf dəfinələrindən və tükənməz şöhrət xəzinələrindən bəhrələnəsən. Lakin həyatıma and olsun! Mənim gözümlə baxsan, ruhu fəda etmək daha gözəldir.

58

EY BƏŞƏR OĞLU!

Varlıq heykəli Mənim taxtımdır; üzərində yerləşib qərar tutmağım üçün onu hər şeydən təmizlə.

59

EY VARLIQ OĞLU!

Ürəyin mənim məkanımdır; nazil olmağım üçün onu təmizlə. Ruhun nəzərgahımdır, Zühurum üçün onu pak et.

60

EY İNSAN OĞLU!

Əlini Mənim qoynuma sal ki, bəyaz işıqlar saçaraq sənin üzərində ucalım.

61

EY İNSAN OĞLU!

Göyümə yüksəl ki, vüsalımın sevincinə qovuşasan və ölümsüz şərəf piyaləsindən misilsiz şərab içəsən!

62

EY İNSAN OĞLU!

Neçə günlər keçdi və sən nəfsinin xəyal və gümanları ilə məşğul oldun. Nə vaxtadək yatağında qalacaqsan? Başını yuxudan qaldır, çünki Günəş üfüqə çatmışdır, qaldır ki, bəlkə Camalın Nuru sənin üzərinə saçıla.

63

EY İNSAN OĞLU!

Tur dağının üfüqundən sənə nur saçıldı və ürəyinin Sinasına ziya ruhu üfürüldü. Elə isə özünü güman pərdələrindən xilas et və dərgahıma daxil ol ki, əbədi həyata qabil və liqama layiq olasan, ta ki, sənə nə ölüm nəsib olsun, nə də üzüntü və əziyyət.

64

EY İNSAN OĞLU!

Əzəliyyətim Mənim icadımdır, onu sənin üçün yaratdım, onu heykəlinə libas et. Birliyim Mənim əsərimdir, onu sənin üçün yaratdım, özünü ona bürü ki, sən əbədi olaraq Mənim qəyyumluq məşriqim olarsan.

65

EY İNSAN OĞLU!

Əzəmətim Mənim sənə bəxşişim, böyüklüyüm rəhmətimdir. Mənə layiq olanı kimsə anlamaz, kimsə anlatmaz. Həqiqətən, bəndələrimə lütf və yaratdıqlarıma mərhəmətimin əlaməti olaraq Mən onu gizli xəzinələrimdə və hökm dəfinələrimdə gizlətdim.

66

EY İLAHİ VƏ GÖRÜNMƏZ CÖVHƏRİN UŞAQLARI!

Məni sevməkdən məhrum qalarsız, ruhlar isə Məni zikr edəndə iztiraba düşərlər, çünki ağıllar Məni dərk edə bilməz, qəlblər isə Məni sığdırmaz.

67

EY CAMAL OĞLU!

Ruhuma və inayətimə and olsun! Rəhmətimə və Camalıma and olsun! Qüdrət dili ilə sənə nazil etdiyim və qüvvət qələmi ilə yazdıqlarım Mənim şənimə və ləhnimə görə deyil, sənin dərkinə və istedadına görədir.

68

EY İNSAN ÖVLADLARI!

Bilirsinizmi, sizi nə üçün bir torpaqdan yaratdıq? Ki, heç kəs özünü başqasından üstün tutmasın. Hər an ürəyinizdə necə yaradıldığınızı düşünün. Bir halda ki, Biz sizi bir ünsürdən yaratmışıq, siz də bir ruh kimi olmalısınız, bir ayaqla yeriməli, bir ağızla yeməli və bir yerdə sakin olmalısınız. Ta ki, sizin zatınızdan hərəkətlərinizlə, əməllərinizlə tövhid nişanələri və inqita cövhərləri aşkar olsun. Sizə nəsihətim budur, ey nur əhli! Bu nəsihətə qulaq asın ki, ecazkar İzzət ağacından müqəddəs meyvələr dərəsiniz.

69

EY RUH OĞULLARI!

Siz Mənim xəzinələrimsiniz, çünki sizdə sirlərimin incilərini və elmimin cəvahirlərini gizlətmişəm. Onu Mənim bəndələrim arasındakı yadlardan və yaratdıqlarım sırasındakı şər adamlardan qoruyun.

70

EY NƏFSİNİN MƏLƏKUTUNDA ÖZ ZATI İLƏ QALANIN OĞLU!

Bil ki, Mən səni müqəddəslik ətirləri ilə bürüdüm, Öz sözlərimi sənə tamamilə açdım və Öz nemətimi səninlə tamamladım və Özümə razı olduğumu sənə də razı oldum. Onda Mənim rizayətimlə məmnun ol və Mənə şükr et!

71

EY İNSAN OĞLU!

Sənə bütün bu açdıqlarımızı nur mürəkkəbi ilə ruhunun lövhəsi üzərinə yaz. Əgər buna qadir olmasan, qəlbinin cövhərindən mürəkkəb düzəlt. Əgər bunu da bacarmasan, onda Mənim yolumda tökülən al mürəkkəblə yaz. Həqiqətən, bu Mənə hər şeydən şirindir. Çünki onun nuru əbədi olaraq qalacaq.

Persian

1

EY HUŞ VƏ QULAQ SAHİBLƏRİ!

Məhbubun ilk nəğməsi budur: Ey mənəvi bülbül! Yuvan ancaq ruhun gül bağçası olsun! Ey eşq Süleymanının Şanapipiyi! Yurdun ancaq Cananın Səbası olsun. Ey ölümsüz Simurğ! Məskənin ancaq Vəfanın Qafı olsun. Ruh qanadı ilə sonsuzluq səltənətinə uçmaq və öz məqsədinə nail olmaq istəsən, sənin məkanın buradır.

2

EY RUH OĞLU!

Hər quşun gözü öz yuvasında və hər bülbülün həvəsi gülün camalında. Fani torpağa qane olub əbədi yuvalarından uzaq düşən, uzaqlıq palçığına bataraq yaxınlıq güllərindən məhrum qalan yalnız bəndələrin könül quşlarıdır. Əfsus! Heyrət və heyf! Bir piyalə su xatirinə Yüksək Məqamın dalğalı dəryasından üz döndərmişlər və Əbha Üfüqündən uzaq düşmüşlər.

3

EY DOST!

Könül bağında eşq gülündən başqa bir gül əkmə. Sevgi və şövq bülbülünün ətəyindən əlini çəkmə. Yaxşı adamlarla dostluğu qənimət bil və şər adamlarla yoldaşlıqdan əlini və ürəyini üz.

4

EY İNSAF OĞLU!

Hansı aşiq sevgilisinin vətənindən başqa bir yerdə qala bilər? Hansı axtaran axtardığını tapmayınca rahat ola bilər? Əsl aşiq üçün həyat sevgilinin vüsalı, ölüm isə ayrılığıdır. Onun könlündə səbr, qəlbində rahatlıq yoxdur. Sevgilinin diyarına çatmaqdan ötrü o, yüz min canından keçər.

5

EY TORPAQ OĞLU!

Həqiqətən, sənə söyləyirəm: İnsanların ən qafili o kəsdir ki, mübahisə edər və özünü qardaşından üstün tutmaq istər. Söylə: Ey qardaşlar! Özünüzü sözlə deyil, əməl ilə bəzəyin.

6

EY TORPAQ OĞLU!

Həqiqətən, bilin: O qəlbdə ki bir zərrə həsəd qala, əlbəttə, mənim əbədi Cəbərutuma çata bilməz və Mənim pak Mələkutumdan müqəddəslik rayihələrini duya bilməz.

7

EY MƏHƏBBƏT OĞLU!

Səninlə ən yüksək yaxınlıq məqamı və ən ülvi eşq ağacı arasında bir addım var. Birinci addımı at və ikincisini ölümsüzlük aləminə qoy və əbədiyyət çadırına gir. Elə isə, İzzət Qələmindən nazil olanı eşit.

8

EY İZZƏT OĞLU!

Müqəddəslik yolunda çevik ol və Mənimlə Ünsiyyət göylərinə qədəm qoy, ürəyini ruhun cilası ilə təmizlə və Ən Yüksək dərgaha doğru tələs.

9

EY ANİ KÖLGƏ!

Aşağı şübhə dərəcələrini öt və yəqinliyin uca zirvələrinə çıx. Haqq gözünü aç ki, pərdəsiz Camalı görüb, “Mübarəkdir Allah, Yaradanların ən gözəli”deyəsən.

10

EY NƏFSİ-HƏVA OĞLU!

Bunu dinlə: Fani göz əbədi gözəlliyi tanıya bilməz, cansız könül isə solmuş çiçəkdən başqa heç nə ilə məşğul olmaz, çünki tay tayını axtarır və özü kimilərlə ünsiyyət edir.

11

EY TORPAQ OĞLU!

Kor ol ki, Gözəlliyimi görəsən; kar ol ki, məlahətli avazımı eşidəsən; cahil ol ki, elmimdən nəsib alasan və fəqir ol ki, əbədi zənginlik dənizimdən daimi pay alasan. Kor ol, yəni Mənim Gözəlliyimdən başqa hər şeyə; kar ol, yəni Mənim Kəlamımdan başqa hər kəlama; cahil ol, yəni Mənim elmimdən başqa hər elmdə, ta ki, aydın bir gözlə, pak bir ürəklə, lətif bir qulaqla Mənim müqəddəslik dərgahıma gələsən.

12

EY İKİ GÖZÜN SAHİBİ!

Bir gözünü yum və bir gözünü aç: yum, dünyaya və dünyada olanlara. Aç, Cananın müqəddəs Camalına.

13

EY MƏNİM OĞULLARIM!

Qorxuram ki, Səmavi Göyərçinin nəğmələrindən feyz almamış, fənalıq diyarına qayıdasınız və Gülün Camalını görməmiş suya və torpağa dönəsiniz.

14

EY DOSTLAR!

Əbədi Gözəlliyi fani gözəlliyə dəyişməyin və bu torpaq dünyasına könül bağlamayın.

15

EY RUH OĞLU!

Bir zaman gələcək ki, mənəvi Müqəddəslik Bülbülü məna sirlərini daha sizə bəyan etməyəcək; Və siz hamınız Rəhmanın Nəğməsindən və Sübhanın Nidasından məhrum olacaqsınız.

16

EY QƏFLƏTİN CÖVHƏRİ!

Yüz min mənəvi dil bir dildə danışır və yüz min görünməz mənalar bir avazda izhar olur, amma heyf ki, nə eşidən bir qulaq var, nə də anlayan bir qəlb.

17

EY YOLDAŞLAR!

Məkansızlıq qapıları açılmış və Məşuqun ölkəsi aşiqlərin qanı ilə zinətlənmişdir. Çox az istisna ilə, hamı bu Ruhani Şəhərdən məhrum qalmışdır. Hətta o azın da ancaq bir azı pak qəlb və müqəddəs nəfsli idilər.

18

EY ƏN UCA CƏNNƏTİN SAKİNLƏRİ!

Yəqinlik əhlinə xəbər verin ki, səmavi cənnətin yaxınlığındakı Müqəddəs Fəzada yeni bir Bağ zahir olmuşdur və Uca ölkənin sakinləri ilə Ən Uca Cənnətin ölümsüz əhli onun ətrafına dolanırlar. Elə isə, bu yüksək məqama çatmağa cəhd edin ki, eşqin sirlərini onun lalələrində aşkarlayasınız, ilahi kamillik hikmətlərini onun əbədi meyvələrindən dadasınız. Oraya daxil olub güvən içində oturanların gözləri aydın!

19

EY MƏNİM DOSTLARIM!

Bu Ən Uca Cənnətdə əkilmiş Ənisa ağacının kölgəsində, hamınızın o mübarək və müqəddəs çevrədə Mənim yanımda hazır olduğunuz o aydın və doğru səhəri unutmusunuzmu? Mən o zaman üç pak kəlmə buyurdum. Siz hamınız onları eşidən kimi huşunuzu itirdiniz. O kəlmələr bunlardır: “Ey dostlar, öz razılığınızı mənim razılığımdan üstün tutmayın. Sizin üçün istəmədiyimi heç vaxt məndən istəməyin. Dünyəvi arzu və həvəsə bulaşmış ölü qəlblərlə yanıma gəlməyin”. Ürəklərinizi təmizləsəniz, o çölü və çevrəni xatırlayarsınız və o zaman dediklərim hamınıza aydın olar. Cənnətin beşinci Lövhünün səkkizinci müqəddəs sətrində belə buyururlar:

20

EY QƏFLƏT YATAĞINDA ÖLÜ KİMİ YATANLAR!

Bir çox əsrlər keçdi və qiymətli ömrünüzü sona çatdırdınız, lakin sizdən təmiz bir nəfəs bizim müqəddəs dərgahımıza gəlmədi. Şirk dənizlərində qərq olduğunuz halda Tövhid kəlməsini dilə gətirirsiniz. Mənim sevmədiklərimi sevib, düşmənlərimi dost tutmusunuz, mənim yerimdə şadlana-şadlana və sevinə-sevinə gəzirsiniz. Amma bilmirsiniz ki, Mənim torpağım sizdən bezardır və onun üzərindəki hər şey sizdən qaçır. Əgər gözünüzü açsanız, gerçəkdən, yüz min qəm-qüssəni bu sevincdən xoş bilər və ölümü bu həyatdan üstün tutarsınız.

21

EY HƏRƏKƏT EDƏN TORPAQ!

Mən sənə munisəm, amma sən məndən məyussan. Günah qılıncı sənin ümid ağacını kəsib. Mən hər bir halda sənə yaxınam, Sən isə bütün hallarda Məndən uzaqsan. Mən səndən ötrü tükənməz izzət seçdim, sən isə özün üçün nəhayətsiz zillət bəyəndin. Nə qədər ki, vaxt var, qayıt və fürsəti əldən vermə.

22

EY HƏVƏS OĞLU!

Müdrik və alim adamlar illərlə çalışdılar, Cəlal Sahibinin vüsalına yetişmədilər, ömürləri boyu qaçdılar, Camal Sahibinin liqasına çatmadılar, lakin sən qaçmadan mənzilə vardın və aramadan mətləbinə yetişdin. Bütün bu məqam və mərtəbələrə çatdıqdan sonra nəfsinin pərdəsi ilə elə pərdələndin ki, gözün Dostun Gözəlliyini görmədi və əlin Yarın ətəyinə çatmadı. Bundan təəccüblənin, ey bəsirət sahibləri!

23

EY EŞQ DİYARININ SAKİNLƏRİ!

Fani küləklər baqi Şamı əhatə edib və Ruhani Qulamın camalı toz-dumandan örtülüb. Eşq Sultanlarının Sultanı zalımların əlində məzlum qalıb və Müqəddəs Göyərçin bayquşların caynağında giriftardır. Bütün Əbha çadırının və Ali Məqamın sakinləri buna ağlayır və sızlayırlar. Siz isə qəflət yerində rahat-rahat oturmusunuz və özünüzü xalis dostlardan hesab edirsiniz. Sizin zənn etdiyiniz necə də əbəsdir!

24

EY ELMLİ TANINAN NADANLAR!

Nə üçün zahirdə çobanlıq iddiası edirsiniz, lakin batində qoyunlarıma canavar olursunuz. Siz parlaqlığı və işığı ilə Mənim şəhər və diyarımın karvanlarını yoldan azdırıb, ölümə sürükləyən yalançı dan ulduzuna bənzəyirsiniz.

25

EY ZAHİRDƏ BƏZƏNMİŞ, BATİNDƏ ƏSGİKLƏR!

Siz duru, lakin acı suya bənzəyirsiniz ki, zahirdə çox lətif və gözəl görünür, lakin ilahi dad sərrafı onun bir damlasını belə qəbul etməz. Bəli, Günəş işığı həm torpaqda, həm də aynada təcəlli edir, lakin bu təcəllinin fərqi yerdən ta Fərqidan ulduzuna qədərdir, bəlkə də bu fərq intəhasızdır.

26

EY MƏNİM DİLDƏ DOSTUM!

Bir az düşün: dost ilə düşmənin bir könülə sığışmasını heç eşitmisənmi? Elə isə düşməni qov ki, Dost öz evinə girə bilsin.

27

EY TORPAQ OĞLU!

Cəlal və Camalımın təcəllisinin nazil olan yeri təyin etdiyim qəlblərdən başqa göydə və yerdə olan hər şeyi sənin üçün müəyyən etdim. Sən isə mənim yurdumu və yuvamı başqasına verdin. Müqəddəs Zühurum nə zaman ki, Öz məkanına gəlmək istədi, orada əğyarı gördü. Yersiz-yurdsuz qalıb, yenidən Cananın müqəddəs məkanına döndü. Bununla belə, bunu gizlətdim və sirri açmadım, sənin xəcalətini istəmədim.

28

EY HƏVƏSİN CÖVHƏRİ!

Neçə səhərlər Laməkanın məşriqindən sənin mənzilinə gəldim və səni rahatlıq yatağında Mənimlə deyil, başqası ilə məşğul gördüm. Onda bir ruh şimşəyi kimi İzzət Səltənətinə qayıtdım. Və öz yaxınımdakı gizli yerlərdə olan müqəddəslik qoşunlarına bir şey söyləmədim.

29

EY SƏXAVƏT OĞLU!

Yoxluq çöllərində idin. Əmr torpağının köməyi ilə səni zahir etdim və mövcudiyyətin hər zərrəsini və bütün yaradılmışların cövhərini sənin tərbiyən üçün təyin etdim. Belə ki, anadan olmamışdan əvvəl sənin üçün iki nurlu süd bulağı qərar verdim. Səni qorumağa gözlər təyin etdim. Sənin məhəbbətini ürəklərə saldım. Öz Səxavətimlə səni Rəhmətimin kölgəsində bəslədim. Fəzl və rəhmət cövhərimlə səni hifz etdim. Bütün bunlarda məqsədim bu idi ki, Mənim həmişəlik Cəbərutuma gələsən və görünməz bəxşişimə layiq olasan. Sən qafil isə yetişən kimi, Mənim bütün nemətlərimə etinasız oldun, öz batil xəyallarına elə qapıldın ki, hər şeyi tamamilə unutdun, Dostun qapısından keçib düşmənin eyvanında yer tutdun və məskən saldın.

30

EY DÜNYA KÖLƏSİ!

Çox səhərlər İnayətimin nəsimi sənin üzərinə əsdi. Səni qəflət yatağında yatmış gördü. Sənin bu halına ağlayaraq geri döndü.

31

EY YER OĞLU!

Məni istəyirsənsə, Məndən başqasını istəmə. Camalımı görmək istəyirsənsə, bütün dünyaya gözünü yum. Çünki Mənim iradəmlə başqasının iradəsi su ilə atəş kimidir, bir könülə və bir qəlbə sığmaz.

32

EY DOSTA BİGANƏ!

Ürəyinin şamını Mənim Qüdrət əlim yandırıb. Onu nəfsi-həvanın müxalif küləkləri ilə söndürmə. Sənin bütün xəstəliklərinin təbibi Mənim zikrimdir - onu unutma. Məhəbbətimi özün üçün sərmayə bil, onu göz bəbəyin və canın kimi əziz saxla.

33

EY MƏNİM QARDAŞIM!

Şirin dilimdən nazənin sözlərimi eşit. Bal Dodağımın mənəvi müqəddəslik çeşməsindən iç, yəni mənim İlahi hikmətimin toxumlarını qəlbinin pak torpağına səp və onu yəqinlik suyu ilə sula ki, Mənim Elm və Hikmətimin sünbülləri sənin qəlbinin pak şəhərində cücərib yaşıllaşsın.

34

EY CƏNNƏTİMİN SAKİNLƏRİ!

Sizin sevgi və dostluq fidanınızı müqəddəs cənnətimin bağında lütf əllərimlə əkdim və onu Mərhəmət leysanı ilə suladım. İndi bar vermə vaxtı yaxınlaşıb, çalışın ki, qorunsun, arzu və şəhvət atəşində yanmasın.

35

EY DOSTLARIM!

Zəlalət çırağını söndürün və hidayətin əbədi məşəllərini öz könüllərinizdə yandırın, çünki çox keçmədən varlıq sərrafları Məbudun hüzurunda xalis möminlikdən və pak əməldən başqa heç nə qəbul etməyəcəklər.

36

EY TORPAQ OĞLU!

Hikmətli insanlar o şəxslərdir ki, dinləyən olmasa, danışmazlar, necə ki, istəyən olmasa, saqi piyalə verməz və aşiq məşuqun Camalına çatmasa, ürəkdən coşmaz. İndi elm və hikmət toxumlarını qəlbinizin təmiz torpağına səpib örtün ki, ilahi hikmətin sünbül gülləri torpaqda deyil, könüllərdə göyərsin. Lövhün birinci sətrində zəbt olunub və yazılıb və Allahın mühafizə Çadırında saxlanılır:

37

EY BƏNDƏM!

Fani şeylər naminə Əbədi səltənəti əldən vermə. Cənnət şahənşahlığını şəhvət üzündən qaçırma. Bu, Rəhimli Allahın Qələm çeşməsindən axan həyat suyudur. İçənlərin xoş halına!

38

EY RUH OĞLU!

Qəfəsi sındır və eşqin humay quşu kimi müqəddəs səmada uç, nəfsindən keç və Rəbbin müqəddəs səmasında rəhmani nəfəslə rahat ol.

39

EY KÜL OĞLU!

Bir günlük rahatlığa qane olub əbədi rahatlığı əldən vermə, əbədi səfa gülüstanını fani torpaq yığınına dəyişmə. Zindandan çıxıb canın xoş çöllərinə uç. Fani qəfəsdən Laməkanın könül oxşayan cənnətinə uç.

40

EY MƏNİM BƏNDƏM!

Dünya zəncirindən özünü qurtar və nəfs zindanından özünü azad et. Fürsəti yaxala. Çünki bu vaxtı bir daha görməyəcəksən və bu zamanı heç vaxt tapa bilməyəcəksən!

41

EY KƏNİZİMİN ÖVLADI!

Əbədiyyət Səltənətini görsən, əlbəttə, bu fani dünyanı tərk etməyə can atarsan. Lakin o aləmi gizlətməyin, bu aləmi isə gözəl göstərməyin hikmətləri var ki, bunu təmiz ürəklilərdən başqa heç kim anlaya bilməz.

42

EY MƏNİM BƏNDƏM!

Ürəyini kindən təmizlə və həsəddən pak bir halda ilahi müqəddəslik dərgahına daxil ol.

43

EY DOSTLARIM!

Dostun razılığı yolu ilə gedin. Onun razılığı onun yaratdıqlarının razılığınGİZLİ KƏLAMLAR dadır. Yəni dost dostun razılığı olmadan onun evinə girməz, mallarına əl qoymaz, öz razılığını dostun razılığından üstün tutmaz və heç bir işdə özünü ondan üstün saymaz. Ey bəsirət sahibləri, bunun üzərində düşünün.

44

EY ƏRŞ DOSTUM!

Pis eşitmə və pis görmə, özünü zəlil etmə və ağlayıb sızlama. Yəni pis demə ki, pis eşitməyəsən, camaatın eybini böyütmə ki, sənin də eybin böyük görünməsin, heç kəsə zillət arzulama ki, sənində zillətin üzə çıxmasın. İndi təmiz bir ürək, pak bir könül, müqəddəs qəlb və təmiz bir fikirlə bir andan daha qısa sayılan ömrünü yaşa ki, azad və məsud bir halda, bu fani cəsəddən mənalar Cənnətinə qayıdasan və daimi Mələkutda yer tutasan.

45

VAY! VAY! EY NƏFSİ-HƏVA AŞİQLƏRİ!

Ruhani Sevgilinin yanından şimşək kimi keçmiş və şeytani xəyallara könül vermisiniz. Xəyala səcdə edərək adını haqq qoymusunuz. Tikana baxırsınız, adını isə gül qoymusunuz. Sizdən nə bir təmiz nəfəs gəldi, nə də könül bağçalarından bir inqita rüzgarı əsdi. Sevgilinin şəfqətli nəsihətlərini yelə verərək könlünüzdən büsbütün silmisiniz və heyvanlar kimi, şəhvət və arzu otlağında eyş-işrətlə məşğulsunuz.

46

EY YOL YOLDAŞLARI!

Nə üçün Nigarın zikrindən qafil oldunuz və Yarın yaxınlığından uzaq qaldınız? Gözəllik cövhəri misilsiz çadırda cəlal taxtında əyləşib, siz isə öz nəfsi-həvanız üzündən boş mücadilə ilə məşğulsunuz. Müqəddəs rayihələr və səxavət nəsimləri əsməkdədir, lakin siz zökəmə tutularaq bunlardan məhrum qalmısınız. Yazıqlar olsun sizə, arxanızca gələnlərə və izinizlə gedənlərə!

47

EY ARZU UŞAQLARI!

Qürur paltarını çıxarın və təkəbbür libasını soyunub atın. Gizli bir qələmlə Yaqut Lövhündə olan Müqəddəs sətirlərin üçüncü sətrində yazılan budur:

48

EY QARDAŞLAR!

Bir-birinizlə müdara edin və dünyadan əl götürün. İzzətlə öyünməyin, zillətdən də utanmayın. Camalıma and olsun ki, hamını torpaqdan yaratmışam və torpağa da qaytaracağam.

49

EY TORPAQ UŞAQLARI!

Zənginləri yoxsulların gecəyarısı ahlarından xəbərdar edin. Məbada, qəflətdən həlak olalar və Sərvət Ağacından binəsib qalalar. Səxavətlilik və comərdlik Mənim xasiyyətlərimdəndir. Özünü Mənim xasiyyətimlə bəzəyənin xoş halına.

50

EY NƏFSİ HƏVANIN CÖVHƏRİ!

Hərislikdən əl çək, qənaətcil ol, çünki həris həmişə məhrum olmuş, qənaətcil isə sevilmiş və qəbul edilmişdir.

51

EY KƏNİZİMİN OĞLU!

Yoxsulluğa üzülmə, zənginliyə güvənmə: zira hər yoxsulluqdan sonra zənginlik, hər zənginlikdən sonra yoxsulluq gəlir. Fəqət Allahdan başqa hər şeydə yoxsul olmaq böyük nemətdir, bunu həqirlik bilmə. Çünki nəhayətdə İlahi zənginlik sənə tərəf dönər. Bu məqamda “Siz həqiqətdə yoxsullarsınız” bəyanının mənasını bilərsiniz və “Zəngin olan ancaq Allahdır” mübarək sözü doğru bir səhər kimi cəlal parlaqlığı ilə aşiqin qəlbinin üfüqündən doğar və zənginlik taxtında qərar tutar.

52

EY QƏFLƏT VƏ NƏFSİ-HƏVA UŞAQLARI!

Düşmənimi evimə buraxmısınız, dostumu özünüzdən uzaqlaşdırmısınız: belə ki, Mənim deyil, özgəsinin məhəbbətinə ürəyinizdə yer vermisiniz. Dostun sözünü eşidin və Onun cənnətinə üz tutun. Üzdə dost olanlar mənafeləri xatirinə bir-birilərini sevərlər, lakin mənəvi Dost sizi özünüzə görə sevmiş və sevir. Həqiqətən, O, sizi hidayət etməkdən ötrü saysız bəlalara qatlanmışdır. Belə bir Dosta xəyanət etməyin, Onun yanına tələsin. Adlar Malikinin qələminin üfüqündən çıxan vəfa və həqiqət kəlməsinin günəşi budur. Mühəymin və Qəyyum Allahın kəlməsini eşitmək üçün qulaqlarınızı açın!

53

EY FANİ VAR-DÖVLƏTLƏ QÜRURLANANLAR!

Biliniz ki, zənginlik axtaranla Axtarılan, aşiq ilə Məşuq arasında möhkəm bir səddir. Zəngin, çox az bir istisna ilə, heç vəchlə Allaha yaxınlıq dərgahına varid ola bilməz, razılıq və təslimiyyət şəhərinə girə bilməz. Elə isə, xoş o zənginin halına ki, sərvət onun əbədi mələkuta girməsinə mane olmamış və onu əbədi səltənətdən məhrum etməmişdir. İsmi-Əzəmə and olsun ki, Günəş yer əhlini işıqlandırdığı kimi, o zənginin də şəfəqləri göy əhlini işıqlandırar.

54

EY YER ÜZÜNÜN ZƏNGİNLƏRİ!

Aranızdakı yoxsullar mənim əmanətimdir. Əmanətimi yaxşı saxlayın. Yalnız öz rahatlığınıza can atmayın.

55

EY NƏFSİ-HƏVA OĞLU!

Zənginlik çirkindən arın və tam bir asayişlə yoxsulluq göylərinə qədəm qoy ki, əbədilik şərabını fanilik çeşməsindən içəsən.

56

EY MƏNİM OĞLUM!

Şər adamların ünsiyyəti qəmi artırır, dürüst adamlarla yoldaşlıq qəlbin pasını təmizləyir. "Hər kim Allah ilə ünsiyyət etmək istəyirsə, Onun dostları ilə ünsiyyət etsin və hər kim Allahın kəlamını eşitmək istəyirsə, Onun seçilmişlərinin kəlamlarını eşitsin".

57

EY TORPAQ OĞLU!

Məbada, şər adamlarla ülfət edəsən, onlarla yoldaş olasan. Çünki bu yoldaşlıq canın nurunu cəhənnəm oduna çevirər.

58

EY KƏNİZİMİN OĞLU!

Ruhül-Qüds feyzi istəyirsənsə, möminlərlə ünsiyyətdə ol, çünki möminlər Əbədiyyət şərabını Ölməz Saqinin əlindən içmişlər. Onlar ölülərin ürəklərini doğru səhər kimi canlandırır və nurlandırırlar.

59

EY QAFİLLƏR!

Güman etməyin ki, ürəklərinizin sirləri örtülüdür. Hətta yəqin bilin ki, onlar aydın xətlə yazılmış olmaqla müqəddəs Hüzurda açıq-aşkardır.

60

EY DOSTLAR!

Həqiqətən, deyirəm, ürəklərinizdə gizlətdiyiniz bütün şeylər Bizim yanımızda gün kimi aydın və aşkardır. Lakin onların örtülməsi sizin ləyaqətinizə görə deyil, Bizim fəzl və lütfümüzdəndir.

61

EY İNSAN OĞLU!

Rəhmət dənizimin dərinliklərindən bir şəbnəm alıb aləmdəkilərə səpdim, amma ona tərəf dönən bir kimsə görmədim. Çünki hamı Tövhidin əbədi və lətif şərabını qoyub, kəsif suya üz tutublar və Əbədi Camalımın şərabını kənara qoyaraq fani piyaləyə qane olublar. Nə iyrəncdir qane olduqları!

62

EY TORPAQ OĞLU!

Ölümsüz Sevgilinin misilsiz şərabına göz yumma, fani və bulanıq şəraba nəzər salma. Əhədiyyət Saqisinin əlindən əbədilik piyaləsini al ki, tamamilə huşyar olasan və qeyb aləmindən mənəvi səsi eşidəsən. De: Ey alçaq təbiətlilər! Nə üçün Mənim ölümsüz müqəddəs şərabımdan üz çevirib fani suya dönmüsünüz?

63

EY YER ÜZÜ SAKİNLƏRİ!

Yəqin bilin ki, qəfil bir bəla arxanızca gəlir və ağır bir cəza sizi gözləyir. Güman etməyin ki, pis əməlləriniz gözdən yayınıb. Camalıma and olsun ki, sizin bütün əməlləriniz Zəbərcəd lövhündə aydın xətlə həkk olunmuşdur.

64

EY YER ÜZÜNÜN ZALIMLARI!

Zülmkarlıqdan əl çəkin! Zira and içmişəm, heç kəsin etdiyi zülmdən keçməyəcəyəm. Bu bir Əhddir ki, onu Lövhi-Məhfuzda yazmış və İzzət Möhürü ilə möhürləmişəm.

65

EY ASİLƏR!

Dözümüm sizi o qədər cürətləndirmiş, səbrim sizi elə qəflətə gətirmişdir ki, nəfsinizin qızğın atını minərək xətərli və təhlükəli yollarda qayğısız çapırsınız. Məgər Məni qafil və xəbərsizmi sanırsınız?!

66

EY MÜHACİRLƏR!

Dil Məni zikr etmək üçündür; onu qeybətlə bulaşdırmayın. Əgər odlu nəfsiniz sizə üstün gəlsə, onda Mənim yaratdıqlarımın eyiblərini deyil, öz eyiblərinizi xatırlayın. Çünki sizin hər biriniz özünüzü Mənim bəndələrimdən daha yaxşı tanıyırsınız.

67

EY GÜMAN UŞAQLARI!

Bilin ki, əbədi müqəddəslik üfüqündən dan yeri ağaranda, sizin qaranlıq gecədə törətdiyiniz şeytani əməllərin sirləri açılaçaq və aləmə aşkar olacaqdır.

68

EY TORPAQ BİTKİSİ!

Necə olur ki, şəkərə bulaşmış əlini öz paltarına vurmaq istəmirsən, amma arzu və şəhvət çirkinə bulaşmış könüllə Mənimlə ünsiyyət axtarır və Mənim Müqəddəs ölkələrimə yol tapmaq istəyirsən? Heyhat, heyhat! İstədiyindən nə qədər uzaqsan!

69

EY ADƏM ÖVLADLARI!

Müqəddəs sözlər, pak və gözəl əməllər Allahın İzzət səmasına yüksələr; çalışın ki, əməlləriniz riya tozlarından və nəfsin bulantısından təmizlənsin və Allahın dərgahında qəbul olunsun, çünki yaxın vaxtlarda insanlığın sərrafları Məbudun hüzurunda xalis təqva və təmiz əməldən başqa heç bir şey qəbul etməyəcəklər. Rəbbin İradə üfüqündən parlayan hikmət və məna Günəşi budur. Ona üz tutanların xoş halına!

70

EY EYŞ-İŞRƏT OĞLU Varlıq aləmi xoş bir aləm, əgər daxil olsan; əbədiyyət meydanı ecazkar bir meydan, əgər fani dünyadan yüksəlsən; məstlik nəşəsi şirin bir nəşə, əgər məna qədəhini İlahi Qulamın əlindən içsən. Əgər bu mərtəbələrə nail ola bilsən, onda yoxluqdan və fanilikdən, möhnətdən və xətadan azad olarsan.

71

EY DOSTLARIM!

Mübarək Zaman çevrəsində Faran dağında Mənimlə bağladığınız o Əhdi xatırlayın. Mələyi-Əla və Bəqa Şəhərinin əshabələrini o Əhdə şahid tutmuşdum. İndi bu Əhdə sadiq qalan bir nəfər də görmürəm, əlbəttə, qürur və üsyan onu qəlblərdən elə silib ki, ondan bir iz belə qalmayıb. Bunları bilsəm də, səbr etdim və üstünü açmadım.

72

EY BƏNDƏM!

Sən qaranlıq qında gizləndiyi üçün dəyəri sərrafların yanında örtülü qalmış cəvahirli bir qılınca bənzəyirsən. Elə isə, nəfsi-həvanın qınından çıx ki, sənin cövhərin aləm əhlinə məlum və aydın olsun.

73

EY DOSTUM!

Sən Mənim Müqəddəs Səmamın günəşisən, özünü dünyanın qara pərdəsinə bürümə. Qəflət hicabını yırt ki, örtüksüz və pərdəsiz halda, buludlar arxasından çıxıb bütün varlıqları həyat donu ilə bəzəyəsən.

74

EY QÜRUR UŞAQLARI!

Fani səltənət xatirinə baqi Cəbərutumdan keçmisiniz və al-sarı əşyalarla özünüzü bəzəyərək, bunlarla öyünürsünüz. Camalıma and olsun! Hamınızı torpağın bir rəngli çadırına yığaraq, bütün bu müxtəlif rəngləri aradan qaldıracağam. Mənim rəngimə boyananlar istisnadır, bu isə hər cür rəngdən arınmaqdır.

75

EY QƏFLƏT UŞAQLARI!

Fani səltənətə könül verib ona sevinməyin. Siz bir bağçada budaq üzərinə qonub arxayınlıqla ötən qafil quşa bənzəyirsiniz ki, qəflətən Əcəl ovçusu onu vurub yerə salar. Onda onun nəğməsindən, vücudundan və rəngindən heç bir əsər qalmaz. Odur ki, ey ehtiras qulları, ibrət alın!

76

EY KƏNİZİMİN OĞLU!

Hidayət indiyə kimi sözlə idi, indi əməllədir. Yəni gərək insan övladından gözəl əməllər zahir olsun, çünki sözə hamı şərikdir, təmiz və gözəl əməllər isə Bizim dostlarımıza məxsusdur. İndi cani-dildən çalışın ki, əməllərinizlə seçiləsiniz. Müqəddəs və Nurlu lövhədə sizə bu nəsihəti veririk.

77

EY İNSAF OĞLU!

Gecə çağı bəqa Heykəlinin Camalı zümrüdü vəfa zirvəsindən SidrətülMüntəhaya tərəf yönəldi və elə ağladı ki, Uca Göylərin sakinləri və mələklər də Onun naləsindən ağlaşdılar. Sonra ağlamağın və sızlamağın səbəbi soruşuldu. Cavab verdi: “Aldığım əmrə görə vəfa zirvəsində gözləyirdim, amma yer əhlindən vəfa rayihəsi duymadım. Geriyə dönməyim istənildi və bu zaman bir neçə müqəddəslik göyərçininin yer köpəklərinin pəncəsində çırpındığını gördüm.” Bu zaman İlahi Huri örtüksüz və hicabsız halda ruhani qəsrindən qaçaraq çıxdı və onların adlarını soruşdu. Birindən başqa hamısının adı deyildi. İsrar edildikdə, onun da adının ilk hərfi dildən çağlayınca səma hücrələrinin sakinləri öz izzət məkanlarından bayıra çıxıb qaçdılar. O adın ikinci hərfi söylənəndə, hamı birdən torpağa düşdü. Bu zaman Yaxınlıq Məkanından nida gəldi: “Yetər, bundan artığı caiz deyil”. Biz, həqiqətən, onların etdiklərinə və etməkdə olduqlarına şahidik.

78

EY KƏNİZİMİN OĞLU!

Rəhmanın dilindən çağlayan mənalar çeşməsindən iç. Sübhanın Bəyan Məşriqindən çıxan dəlil Günəşinin nurlarının şəfəqlərini açıq və pərdəsiz gör. İlahi hikmətimin toxumlarını qəlbin pak torpağına səp və yəqinlik suyu ilə sula ki, mənim elm və hikmət sünbüllərim o pak şəhərdən cücərib yaşıllaşsın.

79

EY NƏFSİ-HƏVA OĞLU!

Nə vaxtadək nəfsani havada uçacaqsan?! Qanad inayət etdim ki, şeytani xəyal fəzalarında deyil, müqəddəs məna havasında uçasan. Darağı sənə boğazımı cızmaq üçün deyil, zil qara zülfümü daramaq üçün verdim!

80

EY BƏNDƏLƏRİM!

Siz Mənim bağımın ağaclarısınız. Gərək gözəl və nəfis meyvələr verəsiniz ki, həm özünüz, həm də başqaları faydalansınlar. Beləliklə, hamıya iş və ya sənətlə məşğul olmaq lazımdır. Budur zənginliyin yolu, ey anlayış sahibləri! Çünki nəticə səbəbə bağlıdır. Allahın fəzli sizə kifayətdir. Barsız ağac həmişə oda layiq olub və olacaqdır.

81

EY BƏNDƏM!

İnsanların ən zəlili yer üzündə bir səmərə verməyəndir. Onlar, həqiqətən, ölü sayılırlar. Xeyr, Allahın yanında ölülər belə bu ətalətli və dəyərsiz adamlardan üstündür.

82

EY BƏNDƏM!

İnsanların ən yaxşısı o kəslərdir ki, öz sənətlərilə qazanırlar, özlərinə və aləmlərin Rəbbinin sevgisi xatirinə yaxınlarına xərcləyirlər. Bəyan pərdələrinin arxasında gizli qalmış sirli və ecazkar Gəlin Allahın inayəti və Onun fəzli ilə Sevgilinin camalından saçan parlaq işıq kimi zahir oldu. Ey dostlar, şəhadət verirəm ki, nemət tamam, sübut kamil, bürhan zahir və dəlil sabit oldu. Görək səyləriniz inqita yolunda ortalığa nə çıxaracaqdır. Beləcə sizə, göydə və yerdə olanlara ilahi nemət tamam oldu. Aləmlərin Rəbbi Allaha həmd olsun.

Bəhaullah

Windows / Mac