Həmd-səna olsun Sənə, Ya Rəbb, mənim Allahım! Səni and verirəm Öz Seçilmişlərinə, Sənin Əmanətini Daşıyanlara və Öz Peyğəmbərlərinin və Elçilərinin Möhürü etdiyin Kəsə - izn ver ki, Sənin zikrin mənim munisim olsun, məhəbbətin məqsədim, Üzün mətləbim, Adın çırağım olsun, istədiyin muradım və Razılığın mənim fərəhim olsun.
Mən günahkaram, İlahi, Sənsə Uca Bağışlayansan. Mən Səni tanıyan kimi, Sənin İnayətinin uca Sarayına çatmağa tələsdim. İlahi, mənim o günahlarımı əfv et ki, Sənin razılığını qazanmaq yolu ilə getməyimə və Sənin vahidlik dənizinin sahilinə çatmağıma mane oldu.
Bir kəs yoxdur ki, İlahi, mənimlə comərd davransın, o kəs ki, üzümü ona tuta bilərəm. Nə də mənə şəfqətli olacaq bir kəs var ki, onun mərhəmətini diləyim. Yalvarıram Sənə, məni Öz fəzlinin qapısından qovma və məni Öz səxavət və kəramət yağışlarından məhrum etmə. İlahi, mənə Səni sevənlərə nəsib etdiklərini nəsib eylə və Öz seçilmişlərinə yazdıqlarını mənə də yaz. Baxışlarım hər zaman Sənin İnayətinin üfüqünə dikilib və gözlərim Sənin lütflərinin sarayına baxır. Sənə layiq olan tərzdə mənimlə rəftar eylə. Səndən başqa Allah yoxdur, Qüvvətli Allah, Cəlallı Allah ki, bütün insanlar Onun köməyini diləyirlər.
- Bahá'u'lláh
Ey mənim Allahım, Məhbubum, məni hərəkətə Gətirən, Qütb Ulduzum, qəlbimdə car Çəkən, Ey mənim Sirdaşım! Həmd olsun Sənə ki, üzümü Sənə tutmağıma, Sənin zikrinlə alovlanmağıma, Sənin adını ucaltmağıma və tərifini söyləməyimə kömək etdin.
Ya Rəbb! Ya Rəbb! Əgər qəflət olmasaydı, Sənin mərhəmət sancağın sancılardımı və səxavət bayrağın ucalardımı? Əgər xəta olmasaydı, Sənin eyibləri Örtən, günahları Bağışlayan, hər şeyi Bilən və hikmət Sahibi olmağın necə bilinərdi? Mənim canım Səndən qafil olanların qəflətinə fəda olsun, çünki onun ardınca Sənin “Rəhman” və “Rəhim” adının mərhəmət nəsimləri əsər. Mənim həyatım Sənə qarşı günah işlədənlərin günahına fəda olsun, çünki onun sayəsində Sənin fəzlinin ətri duyular və Sənin lütflərinin müşkü ətrafa səpilər. Mənim zatım Sənə asi olanların asiliyinə fəda olsun, çünki onun vasitəsilə Sənin əta üfüqündən inayət Günəşin parlayar və Sənin səxavət yağışların bütün məxluqatın üstünə tökülər.
Ya Rəbb, mən bütün günahlarımı boynuma aldım və heç bir insanın etiraf etmədiyi şeyləri etiraf etdim. Mən Sənin əfv dənizinin sahilinə tələsdim və Sənin kəramət çadırının kölgəsində məskən saldım. Ey Əzəl Sultanı və aləmi Qoruyan Kəs, Səndən rica edirəm, mənə elə bir keyfiyyət bəxş et ki, onun aşkara çıxması ilə ruhlar Sənə məhəbbətin səmasında və könüllər Sənin Ruhunla ünsiyyətin fəzasında uçsunlar. Mənə Öz qüdrətindən elə bir güc ver ki, onunla bütün məxluqatı Sənin Zühurunun Şəfəqinə və Sənin Vəhyinin Məşriqinə doğru döndərim.
Ya Rəbb! Mənim bütünlüklə Sənin İradənə təslim olmağıma və xidmətində durmağıma kömək eylə, çünki mən bu həyatı yalnız ondan ötrü sevirəm ki, Sənin Vəhy Çadırının və Cəlal Taxtının ətrafına dolanım. İlahi, görürsən ki, mən Səndən ötrü hər şeydən əlimi üzmüşəm və Sənin qarşında boyun əymişəm. Mənimlə istədiyin kimi, Sənin cəlalına yaraşan və Həzrətinə layiq olan tərzdə rəftar eylə!
- Bahá'u'lláh
Mən o kəsəm ki, İlahi, üzünü Sənə tutub, ümidini Sənin fəzlinin möcüzələrinə və kəramətinin təzəhürlərinə bağlayıb. Səndən diləyim budur ki, məni mərhəmət qapından peşiman qaytarmayasan və Əmrini inkar edənlərin ixtiyarına buraxmayasan.
Mən Sənin bəndənəm, Ey mənim Allahım və bəndənin oğluyam. Sənin günlərində Sənin həqqaniyətinini tanımışam və Sənin təkliyini etiraf edərək, Sənin birliyini qəbul edərək və Sənin əfv və bağışlamana ümid edərək addımlarımı Sənin təkliyinin sahilinə yönəltmişəm. Sən istədiyini etməyə qadirsən. Səndən başqa Allah yoxdur, Sən nurluların Nurlusu, Həmişə Bağışlayansan.
- Bahá'u'lláh
Sən görürsən məni, İlahi, Səndən başqa hər şeydən uzaqlaşaraq üzümü Sənin səxavət və əta dəryana tutmuşam. Rica edirəm, Sənin Turdakı Zühur Nurunun parıltıları və Həmişə Bağışlayan Adının üfüqündən doğan fəzl Günəşinin şuaları xatirinə, Öz əfvini mənə qismət et və mənə onu yaz ki, Sənin Adınla məni xilqət aləmində ucaltsın. Yardım et mənə, İlahi, üzümü Sənə tutum və Sənin övliyalarının nidasını eşidim, o kəslər ki, dünyanın gücləri onları zəiflədə bilmədi, ümmətlərin hökmranlığı onları Səndən uzaq saxlamaqda aciz qaldı, o kəslər ki, Sənə tərəf gələrək söyləmişlər: “Allah bizim Rəbbimizdir, göydə və yerdə olanların Rəbbidir.”
- Bahá'u'lláh
Alqış olsun Sənə, Ey Allah, mənim Allahım! Hər dəfə mən Səni zikr etməyə cəsarət edəndə Sənə qarşı işlətdiyim böyük günahlarım və ağır xətalarım mənə mane olur və mən özümün Səndən məhrum olduğumu və Səni zikr etməkdə acız olduğumu görürəm. Lakin Sənin kəramətınə mənim böyük inamım mənim ümidimi yenidən canlandırır və mənimlə iltifatla davranacağına yəqinliyim məni cürətləndirir ki, Səni tərif edim və Sənin malik olduqlarını Səndən rica edim.
Səni and verirəm, Ey mənim Allahım, Sənin o mərhəmətinə ki, bütün şeyləri bürüyüb və Sənin adlarının dəryasına qərq olanlar ona şəhadət verir – məni öz nəfsimə buraxma, çünki mənim nəfsim xətaya meyllidir. Sonra isə məni Öz himayənin qalasında və ismətinin sığınacağında hifz eylə. Mənim yeganə arzum odur ki, İlahi, onu Sən Öz qüdrət və qüvvətinlə müəyyən etmisən. Özüm üçün seçdiyim yalnız odur ki, Sənin səxavətli qismət payından və iradənin hidayətindən kömək alım və Sənin fərman və mühakimənin nişanələrindən yardım alım.
Yalvarıram sənə, Ey müştaq qəlblərin Məhbubu! Sənin Əmrinin Məzhərləri, İlhamının Məşriqləri, Qüdrətinin Təzahürləri və Elminin Xəzinələri xatirinə, məni Sənin Mübarək Sarayından, Sənin Məbəd və Məqamından məhrum qoyma. Kömək eylə mənə, İlahi, Onun müqəddəs sarayına daxil olum və Onun camalının ətrafında təvaf edim və Onun qapısında itaətkarlıqla dayanım.
Sən o Kəssən ki, qüdrəti əzəldən ədəbiyyətə qədərdir. Heç bir şey Sənin elmindən gizli qala bilməz. Sən həqiqətən, qüdrət Allahı, cəlal və hikmət Allahısan.
Şükrlər olsun Allaha – aləmlərin Rəbbinə!
- Bahá'u'lláh
Ucalsın Sənin adın, Ey mənim Allahım və bütün şeylərin Allahı, mənim Şərəfim və bütün şeylərin Şərəfi, mənim Məqsudum və bütün şeylərin Məqsudu, mənim Qüvvətim və bütün şeyləri Qüvvəti, mənim Sultanım və bütün şeylərin Sultanı, mənim Sahibim və bütün şeylərin Sahibi, mənim Mətləbim və bütün şeylərin Mətləbi, mənim Hərəkətə Gətirənim və bütün şeylərin Hərəkətə Gətirəni! Diləyirəm səndən, Öz mərhəmət dəryandan məni mərhum etmə və Sənə yaxınlıq sahilindən məni uzaq salma.
Səndən başqası, İlahi, mənə fayda verməz və Səndən özgəsinə yaxın olmağın mənə köməyi yoxdur. Səndən rica edirəm, Sənin o sərvətinin zənginliyi xatirinə ki, onunla Sən Özündən savayı hər kəsdən ehtiyacsız oldun – məni üzünü Sənə tutanların və Sənin xidmətinə qalxanların cərgəsinə daxil eylə.
Sonra, İlahi, Öz bəndələrini və kənizlərini bağışla. Sən, həqiqətən, Həmişə Bağışlayan və Ən Şəfqətlisən.
- Bahá'u'lláh
Sən, Ey Bağışlayan Rəbb! Sənsən bütün bu bəndələrin sığınacağı. Sən bütün sirlərdən agahsan və hər şeydən xəbərdarsan. Biz hamımız acizik, Sən isə Qüdrətli və Qüvvətlisən. Biz hamımız günahkarıq, Sən isə günahları Bağışlayan, Mərhəmətli və Şəfqətlisən. İlahi! Bizim qüsurlarımıza baxma. Öz fəzl və bəxşişinlə bizimlə rəftar eylə. Bizim qüsurlarımız çoxdur, amma Sənin əfv dənizin tükənməzdir. Bizim acizliyimiz böyükdür, lakin Sənin kömək və yardımın bəllidir. Ona görə də yardımınla bizi müvəffəq eylə və qüvvətləndir. Bizi Sənin Müqəddəs Astanana layiq olan əməllər etməyə qadir eylə. Ürəklərimizi nurlandır, bizə bəsirət gözləri bağışla və eşidən qulaqlar əta eylə. Ölülərə həyat ver və xəstələrə şəfa bağışla. Yoxsullara zənginlik və qorxaqlara əmin-amanlıq ver. Bizi Öz Mələkutuna qəbul eylə və hidayət nuru ilə işıqlandır. Sən Qüdrətli və Qüvvətlisən. Sən Səxavətlisən. Sən Rəhmlisən. Sən Mehribansan.
- Bahá'u'lláh
Ey bizim Rəbbimiz Allah! Sənin razı qalmadığın hər şeydən Öz fəzlinlə bizi qoru və bizə sənə layiq olanı bəxş eylə. Öz kərəmindən bizə bol pay ver və bizi bəxtiyar eylə. Törətdiklərimizə görə bizi əfv et, günahlarımızı sil və bağışlayıcılığınla günahımızdan keç. Həqiqətən Sən Ən Uca və Qəyyumsan.
Sənin inayətin göydə və yerdə olan bütün yaranmışları əhatə edib və Sənin əfvin bütün yaradılışı bürüyüb. Hökmranlıq Sənə məxsusdur; əmr və xilqət aləmləri Sənin əlindədir; bütün yaradılışı Sən sağ əlində saxlayırsan və əfvin təyin olunmuş mizanı Sənin ovcundadır. Bəndələrin arasından kimi istəsən, Sən bağışlayırsan. Həqiqətən, Sən həmişə Bağışlayan və Mehribansan. Hec bir şey Sənin elmindən qaça bilməz və heç nə yoxdur ki, Səndən gizli olsun.
Ey bizim Rəbbimiz Allah! Öz qüdrətinin gücü ilə bizi qoru, bizi Sənin ecazkar, təlatümlü dənizinə daxil olmağa qadir eylə və Sənə yaraşanı bizə əta eylə.
Sənsən Hökmran Hakim, Qüdrətli Xaliq, Uca və Ən Sevimli.
- The Báb
Şükrlər olsun Sənə, Ya Rəbb! Bizim günahlarımızı əfv et, bizə rəhm eylə və Sənə qayıtmağa qadir eylə. İzn vermə ki, Səndən başqasına bel bağlayaq və Öz kəramətinlə bizə bəyəndiyin, razı qaldığın şeyləri və Sənə yaraşanları qismət eylə. Sənə həqiqətən inananların məqamını ucalt və Öz bağışlayıcılıq fəzlinlə onları əfv eylə. Həqiqətən, Sən Əzəmətli və Qəyyumsan.
- The Báb
Yalvarıram Sənə, İlahi, bağışla məni, Sənin zikrindən başqa hər bir zikr üçün, Sənin tərifindən başqa hər bir tərif üçün, Sənə yaxınlıq həzzindən başqa hər bir həzz üçün, Səninlə ünsiyyət zövqündən başqa hər bir zövq üçün, Sənin məhəbbət və razılığının sevincindən başqa hər bir sevinc üçün və mənə aid olan, lakin Səninlə əlaqəsi olmayan hər bir şey üçün, Sən Ey rəblərin Rəbbi, Ruzi Verən və Qapıları Açan.
- The Báb
Şükrlər olsun sənə, Ey Allah! Sən bütün aləm əhlinin zikrindən uca ikən, mən səni necə zikr edə bilərəm. Alqış Sənin Adına, İlahi, Sən Sultansan, Əbədi Həqiqətsən; göylərdə və yerdə olanlar Sənə agahdır və hamı Sənə qayıdacaqdır. Sən Öz İlahi Əmrini müəyyən və aydın bir ölçü ilə nazil etmisən. Alqış Sənə, Ya Rəbb! Sən istədiyin kəsi Öz əmrinlə, göyün bə yerin qoşunları və onların arasındakı hər şeylə qalib edirsən. Sən Hökmran, Əbədi Həqiqət və yenilməz qüdrət Rəbbisən.
Təriflər olsun Sənə, İlahi! Sən Öz bəndələrin arasından Səni əfvin üçün yalvaranların günahından həmişə keçirsən. Mənim və sübh çağı Sənin əfvini diləyənlərin, gecə-gündüz dua edənlərin, Allahdan başqa heç nəyin şövqündə olmayanların, Allahın Öz fəzli ilə onlara ehsan etdiyini ianə edənlərin, gecə-gündüz Sənin tərifini ucaldanların və öz borclarına laqeyd qalmayanların günahlarını sil.
- The Báb
Anlayiram mən, Ya Rəbb, xətalarım Sənin hüzurunda üzümü xəcalətlə qaraldıb, Sənin qarşında belimi əyib, mənimlə Sənin camalın arasında pərdəyə çevrilib, hər yandan məni əhatə edərək və hər tərəfdən məni bürüyərək, Sənin qüdrətinin təzahürlərinə yetişməyimə mane olub.
İlahi! Əgər Sən məni bağışlamasan, onda kim məni əfv edər və əgər Sən mənə rəhm etməsən, onda kim mənə şəfqət göstərər? Alqış Sənə, Sən məni yox ikən yaratdın, heş nə analamadığım vaxt məni bəslədin. Təriflər olsun sənə, kəramətin hər bir təzahürü Sənin tərəfindən gəlir və hər bir fəzilət rəmzi Sənin fərman xəzinələrindən qaynaqlanır.
- The Báb