Bahá'í Prayers

Azərbaycan : İlahi təyid duaları

Permanent Link

 

Ey Allah, Ey bütün Zühurları Yaradan, bütün Mənbələrin Mənbəyi, bütün Vəhylərin Qaynağı, bütün Nurların Çeşməsi! Mən şəhadət verirəm ki, Sənin Adınla irfan səması zinətləndi, bəyan dəryası təlatümə gəldi və Sənin Əmrin bütün dinlərin ardıcılarına bəyan oldu.

Yalvarıram Sənə, məni elə zəngin eylə ki, Səndən başqa heç kəsə möhtac olmayım və Səndən özgə heç kəsdən asılı olmayım. Sonra Öz kəramət buludlarından Sənin bütün aləmlərində mənə fayda verən şeyləri üstümə yağdır. Daha sonra Öz gücləndirici fəzlinlə mənə yardim eylə, Əmrinə bəndələrin arasında elə xidmət edim ki, səltənətin durduqca və mələkutun davam etdikcə məni xatırladacaq şeyləri nümayiş etdirim.

Bu Sənin bəndəndir, İlahi, bütün varlığı ilə Sənin kəramət üfüqünə, lütf dəryana və Sənin bəxşiş səmana dönüb. Sənin əzəmətinə və şanına, Sənin kərəminə və fəzlinə yaraşan tərzdə mənimlə rəftar eylə.

Sən, həqiqətən, qüvvət və qüdrət Allahısan, Sənə dua edənlərə cavab verməyə hazırsan. Səndən başqa Allah yoxdur, Hər Şeyi Bilən, Ən Hikmətli.

 

Permanent Link

 

Söylə: Ucalsın Sənin Adın, Ya Rəbb, mənim Allahım. Səni and verirəm o Adına ki, onunla müdriklik işığının şüaları parladı, o zaman ki, İlahi bəyan göyləri bəşərin arasında hərəkətə gətirildi – Öz səmavi təyidinlə mənə kömək eylə və bəndələrin arasında Sənin Adını ucaltmağa məni qadir eylə.

Ya Rəbb! Üzümü Sənə tərəf tutmuşam, Səndən başqa hər şeydən inqita etmişəm və Sənin saysız-hesabsız nemətlərinin libasının ətəyindən bərk yapışmışam. Ona görə də mənim dilimi aç, onları söyləyim ki, insanların ağlını məftun etsin, onların qəlbini və ruhunu şadlandırsın. Sənin Əmrində məni gücləndir ki, nə Sənin xilqətin arasında zalımların iqtidarı mənə mane olsun, nə də Sənin səltənətində sakin olanlar arasında imansızların hücumları məni saxlasın. Məni Sənin diyarlarında şölə saçan bir çıraq eylə ki, ürəklərində Sənin tanımağın işığı yanan və Sənin məhəbbətinin həsrəti qalan kəslər onun şöləsi ilə hidayət olunsunlar.

Həqiqətən, Sən hər nə iradə etsən, onu yerinə yetirməyə Qadirsən, Sən bütün xilqət aləmini Öz ovcunda tutursan. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Hikmətli.

 

Permanent Link

 

Ucalsın Sənin Adın, Ey mənim Allahım, çünki Sən o günü aşkar etdin ki, Günlərin Sultanıdır, O Gün ki, Onu Sən Öz seçilmişlərinə və Peyğəmbərlərinə Sənin ən uca Lövhələrində müjdəsini verdin, O Gün ki, onda Sən bütün adlarının cəlalının nurlarını yaradılmış şeylərin üzərinə səpdin. Xoş o kəsin halına ki, Sənə doğru yönəldi, Sənin hüzuruna nail oldu və Sənin nidanın şirinliyini eşitdi.

Səni and verirəm, Ey mənim Allahım, O Kəsin adına ki, Onun ətrafında bütün adların səltənəti təvaf edir - Sənə əziz olanlara kömək et ki, Sənin kəlamını Sənin bəndələrin arasında ucaltsınlar, yaratdıqların arasında Sənin tərifini yaysınlar, ta ki, vəhyinin şövqü Sənin yerinin sakinlərinin qəlblərini doldursun.

İndi ki Sən onları, İlahi, fəzlinin dirilik suyuna hidayət etmisən, kəramətinlə əta et ki, onlar Səndən aralı qalmasınlar; indi ki Sən onları Taxtının həndəvərinə səsləmisən, Öz hüzurundan inayətinlə onları qovma. O şeyləri nazil eylə ki, onları Səndən başqa hər şeydən tamamilə ayırsın və onları Sənə yaxınlıq fəzasında uçmağa qabil etsin, elə ki, nə zalımların iqtidarı, nə də Sənin ən uca və ən əzəmətli Varlığına inanmayanların eyhamı onları Səndən uzaqlaşdıra bilməsin.

 

Permanent Link

 

Təriflər olsun Sənə, Ya Rəbb mənim Allahım! And verirəm Sənin o adına ki, Onu heç kəs layiqincə tanıya bilməyib, mahiyyətini heç kim dərk edə bilməyib; Səni and verirəm, Vəhyinin Çeşməsi və əlamətlərinin Günəşi olan Kəsə - mənim ürəyimi Sənin məhəbbətinin və Sənin zikrinin xəzinəsi eylə. Sonra onu Sənin ən böyük Dəryana qovuşdur, ta ki, ondan Sənin hikmətinin dirilik suları və Sənin tərifinin və alqışının saf fəvvarələri çağlasın.

Mənim bədənimin əzaları Sənin birliyinə şəhadət verir və başımın tükləri Sənin hökmranlıq və əzəmətinin gücünü bəyan edir. Sənin fəzl qapında mən müti və tam itaətkarlıqla durmuşam və Sənin kəramətinin ətəyindən yapışmışam, baxışlarımı Sənin bəxşişlərinin üfüqünə dikmişəm.

Ey mənim Allahım, əzəmətinin böyüklüyünə yaraşan şeyləri mənə qismət eylə, gücləndirici fəzlinlə mənə kömək et, Sənin Əmrini elə təşviq edim ki, ölülər qəbirdən qalxsın və Sənə tərəf yürüsünlər, tamamilə Sənə təvəkkül etsinlər və nəzərlərini Sənin Əmrinin üfüqünə və Vəhyinin məşriqinə diksinlər.

Sən, həqiqətən, Qüdrət Sahibi, Ən Uca, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

 

Permanent Link

 

Alqış Sənə, Ey aləmin Rəbbi və millətlərin Məqsudu, Sən Ey Ən Böyük Adla zühur edən, o Ad ki, Onunla hikmət və bəyan gövhərləri Sənin irfan dənizinin sədəflərindən aşkara çıxdı və Sənin ilahi vəhy səmaların Sənin üzünün günəşinin şəfəqlərilə zinətləndi.

Səni and verirəm o Sözə ki, onunla Sənin dəlilin məxluqatın arasında tamamlandı və Sənin sübutun bəndələrin arasında yerinə yetdi – Sənin Əmrinin üzünü səltənətində parladacaq, Sənin iqtidar bayraqlarını bəndələrin arasında sancacaq, Sənin hidayət rəmzlərini səltənətlərin boyunca qaldıracaq şeylərdə dostlarını möhkəmləndir.

Ey mənim Rəbbim! Sən onları görürsən, Sənin fəzlinin ipindən tutublar və kərəminin əbasının ətəyindən yapışıblar. Onları Sənin yaxınlığına cəzb edən, Səndən başqa hər şeydən uzaqlaşdıran şeyləri onların nəsibi eylə.

Yalvarıram Sənə, Sən Ey mövcudatın Hökmdarı, görünən və görünməyənlərin Qoruyucusu, Sənin Əmrinə xidmətə qalxan hər kəsi Sənin istəyinlə hərəkətə gələn dənizə çevir, Müqəddəs Ağacının Sənin iradə üfüqündən parlayan odu ilə alovlandır.

Sən, həqiqətən Qüdrətlisən, O Kəssən ki, Onu nə bütün dünyanın qüvvəsi, nə də millətlərin gücü zəiflədə bilər. Səndən başqa Allah yoxdur, Tək Misilsiz, Qoruyan və Qəyyum.

 

Permanent Link

 

Sən bilirsən, ey Allah və şahidsən ki, mənim ürəyimdə Sənin razılığını qazanmaqdan, Sənə bəndəlikdə müvəffəq olmaqdan, özümü Sənin xidmətinə həsr etməkdən, Sənin böyük üzümlüyündə zəhmət çəkməkdən və hər şeyi Sənin yolunda qurban verməkdən başqa bir arzum yoxdur. Sən hər şeyi Bilən və hər şeyi Görənsən. Mənim Sənə olan məhəbbətimdən, yalnız Sənin səltənətinin gəlişini bəyan etmək və bütün insanlar arasında Sənin çağrışını ucaltmaq üçün qədəmlərimi dağlara və düzlərə yönəltməkdən başqa heç bir istəyim yoxdur. Ey Allah! Bu köməksizin yolunu aç, bu xəstəyə Öz ilacını əta eylə və bu dərdliyə Öz şəfanı bəxş eylə. Yanar ürəklə və gözləri yaşlı Sənin Astananda Sənə yalvarıram.

Ey Allah! Sənin yolunda istənilən bəlanı çəkmək üçün hazıram və bütün ürəyim və qəlbimlə istənilən çətinliklə qarşılaşmağı arzu edirəm.

Ey Allah! Məni sınaqlardan qoru. Sən yaxşı bilirsən ki, mən hər şeydən üz döndərmişəm və özümü bütün fikirlərdən azad etmişəm. Mənim Səni zikr etməkdən başqa məşğuliyyətim və Sənə xidmətdən başqa arzum yoxdur.

 

Permanent Link

 

Ey mənim Allahım, Öz bəndənə kömək et ki, Sənin Sözünü ucaltsın, bihudə və uydurma olanı rədd etsin, haqqı bərqərar etsin, müqəddəs ayələri yaysın, təcəlliləri zahir etsin, səhər şəfəqlərinin möminlərin ürəyində doğmasına səbəb olsun.

Sən, həqiqətən, Səxavətlisən, Bağışlayansan.

 

Permanent Link

 

Ey Allah, mənim Allahım! Öz etibarlı bəndələrinə kömək eylə ki, mehriban və incə ürək sahibi olsunlar. Onlara kömək eylə ki, səma Sakinlərindən gələn hidayət nurunu yer üzünün bütün millətləri arasında yaysınlar. Həqiqətən, Sən Güclü, Qüdrətli, Qüvvətli, Qalibiyyətli, Həmişə Bəxşedənsən. Həqiqətən, Sən Səxavətlisən, Rəhmlisən, Şəfqətlisən, Kərimsən.

 

Permanent Link

 

Görürsən məni, Ey mənim Allahım, mütiliklə təzim etmiş, hökmlərin qarşısında boyun əymiş, hökmranlığına təslim olmuşam, səltənətinin qüdrətindən titrəyir, qəzəbindən qaçıram, fəzlini diləyir, əfvinə təvəkkül edir, qeyzindən əsirəm. Döyünən ürəyimlə, sel kimi axan göz yaşlarımla, həsrət dolu qəlbimlə və bütün şeylərdən tam inqita etməklə Sənə yalvarıram - aşiqlərini Özünün bütün səltənətlərin boyunca yayılan işıq şüaları eylə və seçilmiş bəndələrinə Sənin Kəlamını ucaltmaqda yardım eylə ki, üzləri gözəlləşsin və parlaq işıq saçsın, qəlbləri sirlərlə dolsun və çiyinləri günah yükündən azad olsun. Sonra zülmkardan, şər əməl törətmiş utanmazlardan və kafirlərdən onları qoru.

Həqiqətən, Sənin aşiqlərin susuzdur, Ey mənim Allahım; onları fəzl və kəramət çeşməsinə yönəlt; acdırlar, onlara Sənin səmavi süfrəni nazil eylə; üryandırlar, onları irfan və bilik libasına bürü.

Qəhrəmandırlar, İlahi, onları döyüş meydanına götür. Yol göstərəndirlər, qoy dəlil və sübutla danışsınlar. Saqidirlər, qoy iqan şərabı ilə dolu piyaləni əldən ələ ötürsünlər. Ey mənim Allahım, onları gözəl bağçada ötən nəğməkar quş eylə, cəngəllikdə pusan aslan və dərinlərə dalan nəhəng balıq eylə.

Həqiqətən, Sən bol fəzl Sahibsən. Səndən başqa Allah yoxdur. Qüdrətli, Qüvvətli, Daima Ətaedən.

 

Permanent Link

 

Sən Ey Bənzərsiz Allah! Sən Ey Mələkutun Rəbbi! Bu ruhlar Sənin səmavi qoşunundur. Onlara kömək eylə, Uca Səma Sakinlərinin dəstəsi ilə onlara zəfər bəxş eylə, ta ki, onlardan hər biri bir alay olsun və Allahın məhəbbəti və ilahi təlimlərin nuru ilə bu ölkələri fəth etsin.

Ey Allah! Onlara Sən dəstək ol, düzdə, dağda, vadidə, meşədə, çöldə və dənizdə, Sən ol onların köməyi, Sən ol onların dostu – ta ki, onlar Sənin səltənətinin qüdrəti və Müqəddəs Ruhun nəfəsi ilə səslərini ucaltsınlar.

Həqiqətən, Sən Qüdrətlisən, Əzəmətli və Qadirsən və Sən Hikmətli, Eşidən və Görənsən.

 

Permanent Link

 

Ey Allah, mənim Allahım! Sən məni görürsən, Sənin Əbha Mələkutuna məftun halda ona cəzb olunmuşam. Bəşərin arasında Sənin məhəbbətinin atəşindən alovlanmışam, Sənin mələkutunun bu geniş və ucsuz-bucaqsız torpaqlarda carçısıyam, Səndən başqa hər şeydən ayrılmışam, Sənə təvəkkül etmişəm, rahatlıq və dincliyimi tərk etmişəm, doğma evimdən uzaqlarda, bu diyarlarda dolaşıram, üzü üstə torpağa düşən bir qəribəm, Sənin uca Astananda itaətkaram, Sənin qüdrətli cəlalının səmasına təslim olmuşam, gecələrin səssizliyində və dan yeri söküləndə Sənə dua edir, səhərlər və axşamlar Səni çağırır və yalvarıram, Sənin Əmrinə xidmət etmək, Sənin təlimlərini yaymaq, Şərq və Qərb boyunca Sənin Sözünü ucaltmaq üçün mənə kömək eylə.

Ya Rəbb! Mənim belimi gücləndir, mənə kömək eylə ki, Sənə ən güclü səylə xidmət edim, yalqız və köməksiz halda bu diyarlarda məni təkbaşıma buraxma.

Ya Rəbb! Yalnızlığımda Səninlə ünsiyyətə mənə izn ver və bu qərib ellərdə mənim munisim ol.

Həqiqətən, Sən arzu etdiyin hər bir şeydə istədiyin kəsə təyid əta Edənsən və həqiqətən, Sən Qüvvət və Qüdrət Sahibisən.

 

Permanent Link

 

İlahi! İlahi! Sənin yaratdıqların qarşısında mənim zəifliyimi, təvazökarlığımı və mütiliyimi görürsən, bununla belə, Sənə etibar etmişəm. Sənin qüvvət və qüdrətinə təvəkkül edərək, Sənin təlimlərini Sənin güclü bəndələrin arasında yaymaq üçün ayağa qalxmışam.

Ya Rəbb! Mən qanadı sınmış bir quşam və Sənin sonsuz fəzanda uçmaq istəyirəm. Sənin inayət və fəzlin, Sənin təyid və yardımın olmasa, mən bunu necə edə bilərəm.

Ya Rəbb! Mənim zəifliyimə acı, Öz qüvvətinlə məni gücləndir. Ya Rəbb! Mənim acizliyimə yazığın gəlsin, Özünün qüdrət və əzəmətinlə mənə yardım eylə.

Ya Rəbb! Müqəddəs Ruhun nəfəsi ən zəif varlığa kömək etsə, o can atdığı hər şeyə çatar və arzu etdiyi hər şeyi əldə edər. Həqiqətən, Sən Öz bəndələrinə keçmişdə kömək etmisən, onlar Sənin məxluqlarının ən zəifi, bəndələrinin ən fəqiri və yer üzündə nə vaxtsa yaşayanlardan ən önəmsizləri olsa belə, Sənin iznin və qüdrətinlə Sənin insanlarının ən şərəflisindən və bəşərin ən nəcibindən də üstün olmuşlar. Əvvəllər onlar kəpənək idilərsə, indi Sənin bəxşiş və mərhəmətinlə sultan şahini oldular, əvvəllər kiçik çay idilərsə, indi dənizlər oldular. Sənin ən böyük lütfünlə, onlar hidayət üfüqündən parlayan ulduzlar, əbədiyyət gülşənində oxuyan quşlar, elm və hikmət meşələrində nərə çəkən aslan və həyat dəryasında üzən balıqlar oldular.

Həqiqətən, Sən Şəfqətli, Qüdrətli, Əzəmətli və Rəhmlilərin Rəhmlisisən.

 

Permanent Link

 

Ey Allah, mənim Allahım! Sən görürsən, qara zülmət bütün diyarları necə bürüyür. Bütün ölkələr ixtilaf atəşində necə yanırlar, müharibə və qətliyam Şərq və Qərbi necə oda qalayıb. Qanlar tökülür, bədənlər torpağa sərilib, üzülümüş başlar savaş meydanında toz-torpağa düşüb.

Ya Rəbb! Bu nadanlara yazığın gəlsin, onlara əfv və bağış gözlərilə bax. Bu atəşi söndür ki, üfüqləri tutan bu qara buludlar dağılsın, Həqiqət Günəşi barış şualarını saçsın, bu qaranlıq qovulsun və sülhün parlaq nuru öz şəfəqlərini bütün ölkələrin üzərinə yaysın.

Ya Rəbb! Xalqları nifrət və ədavət dəryasının burulğanından çıxar, onları bu qatı zülmətdən qurtar. Ürəklərini birləşdir, sülh və barış nuru ilə gözlərini işıqlandır. Onları savaş və qırğın uçurumundan qurtar, azğınlıq qaranlığından xilas eylə. Onların gözlərindən pərdəni qaldır və ürəklərini hidayət işığı ilə nurlandır. Onlarla inayət və mərhəmətinlə davran, qüdrətliləri titrədən ədalətin və qəzəbinlə onlarla rəftar etmə.

Ya Rəbb! Müharibələr uzanır. Bədbəxtlik və həyəcanlar çoxalıb və hər bir çiçəklənən diyar viran qalıb.

Ya Rəbb! Ürəklər sıxıntıda, qəlblər iztirabdadır. Bu bədbəxtlərə rəhm eylə, onları öz ifrat ehtiraslarına buraxma.

Ya Rəbb! Öz ölkələrində təvazökar və itaətkar ruhlar meydana çıxar, o ruhlar ki, üzləri hidayət şüaları ilə nurlanıb, bu dünyadan əllərini üzüblər, Sənin Adını ucaldır, tərifini söyləyirlər və bəşərin arasında Sənin müqəddəslik ətirlərini yayırlar.

Ya Rəbb! Onların belini gücləndir, kəmərlərini qurşa və ürəklərini Sənin məhəbbətinin ən böyük əlamətləri ilə heyran eylə.

Ya Rəbb! Həqiqətən, onlar zəifdirlər, Sən isə Qüvvətli və Qüdrətlisən; onlar acizdirlər, Sən isə Köməkedən və Mərhəmətlisən.

Ya Rəbb! Asilik dəryaları dalğalanır və bu təlatümlər ancaq Sənin bütün diyarları əhatə edən hüdudsuz fəzlinlə sakitləşə bilər.

Ya Rəbb! Həqiqətən, insanlar ehtiras uçurumuna yuvarlanıblar və Sənin sonsuz kəramətindən başqa heç nə onları xilas edə bilməz.

Ya Rəbb! Bu azmış nəfs qaranlığını qov və Sənin məhəbbətinin tezliklə bütün ölkələri nurlandıracaq çırağıyla ürəkləri nurlandır. Sənin rahiyələrini yaymaq və Sənin Təlimlərini bəyan etmək üçün vətənlərini, ailələrini və uşaqlarını tərk edərək Sənin Camalına məhəbbətləri xatirinə qürbət diyarlara yayılmış dostlarını müvəffəq eylə. Yalqızlıqlarında onların həmdəmi, yad torpaqlarda onların köməyi və kədərlərini dağıdan ol, bəla zamanı isə onların təsəlli verəni ol. Susuzluqlarında sərinləşdirici içkisi, xəstəliklərində şəfaverici dərmanı və ürəklərinin həsrət atəşinə məlhəm ol.

Həqiqətən, Sən Ən Səxavətli, bol fəzl Sahibisən, həqiqətən, Sən Şəfqətli və Mərhəmətlisən.

 

Permanent Link

 

Sən Ey Mehriban Allah! Təriflər olsun Sənə ki, hidayət yollarını bizə göstərdin, mələkut qapılarını açdın və Həqiqət Günəşi vasitəsilə Özünü aşkar etdin. Korlara Sən işıq verdin; karlara Sən eşitmə əta etdin; Sən ölüləri diriltdin; kasıbları varlı etdin; yolunu azanlara Sən yol göstərdin; dodaqları susuzluqdan quruyanları hidayət çeşməsinə yönəltdin; Sən izn verdin ki, yanan balıq həqiqət dəryasına yetsin; sərgərdan quşları fəzl gülşəninə Sən dəvət etdin.

Sən Ey Ən Qüdrətli! Biz Sənin bəndələrinik və Sənin fəqirlərinik; biz uzaq düşmüşük, Sənin hüzurunun həsrətindəyik; Sənin çeşmənin suları üçün susamışıq. Xəstəyik, şəfanı diləyirik. Biz Sənin yolunda gedirik, Sənin ətirlərini yaymaqdan başqa bir məqsədimiz ya bir ümidimiz yoxdur, ta ki, bütün ruhlar qalxıb: “Ey Allah, bizi doğru yola yönəlt” deyə səslənsinlər. Qoy onların gözləri açılsın ki, nuru görsünlər, cahillik zülmətindən azad olsunlar. Qoy onlar hidayət çırağınıın ətrafında toplaşsınlar. Qoy binəsib qalan kəs pay alsın. Qoy məhrum qalanlar Sənin sirlərinə vaqif olsunlar.

Ey Ən Qüdrətli! Bizə mərhəmət nəzərilə bax. Səmavi təyid əta eylə. Bizə Müqəddəs Ruhun nəfəsini bəxş eylə ki, Sənə xidmətdə biz kömək alaq və bu diyarlarda parlaq ulduzlar kimi, Sənin hidayət nurunla şölə saçaq.

Həqiqətən, Sən Qüvvətlisən, Qüdrətlisən, Hikmətli və Görənsən.

 

Permanent Link

 

Ey mənim Allahım! Ey mənim Allahım! Heçliyim və zəifiyimlə Sən məni görürsən, böyük bir məsuliyyət altına girmişəm, kütlələr arasında Sənin sözünü ucaltmaq və Sənin təlimlərini insanlar arasında yaymaq üçün ayağa qalxmaq əzmindəyəm. Əgər Sən Müqəddəs Ruhun nəfəsilə mənə kömək etməsən, mən necə müvəffəq ola bilərəm. Mənə kömək eylə, Sənin cəlal səltənətinin qoşunları ilə qələbə çalım və mənə təyidini nazil eylə ki, o, təkbaşına kiçik bir cücünü qartala, bir damlanı çaylara və dənizlərə, zərrəni isə səyyarə və günəşlərə çevirər!

İlahi! Mənə Sənin müzəffər və güclü qüdrətinlə kömək et ki, dilim Sənin tərifini və əlamətlərini bütün insanlar arasında söyləsin və mənim ruhum Sənin məhəbbət və irfan şərabınla dolub daşsın. Sən Qadir və İstədiyini Edənsən.

 

Permanent Link

 

Ya Rəbb, mənim Allahım! Sənə tərif və şükrlər olsun ki, məni mələkutun geniş yoluna yönəltdin, izn verdin ki, bu dorğu və geniş yolda addımlayım, Sənin nurunun şəfəqlərinə baxmaqla gözümü nurlandırdın, sirlər səltənətindən müqəddəslik quşlarının nəğmələrini mənə eşitdirdin və möminlər arasında Sənin məhəbbətinlə ürəyimi cəzb etdin.

Ya Rəbb! Müqəddəs Ruhla mənə təyid ver ki, Sənin Adınla mən millətlər arasında səsimi ucaldım və bəşərin arasında Sənin səltənətinin aşkar olması müjdəsini verim.

Ya Rəbb! Mən zəifəm, Öz gücün və qüdrətinlə məni qüvvətləndir. Dilim dolaşır, izn ver Səni xatırlayım və tərifini söyləyim. Mən zəliləm, Sənin mələkutuna daxil olmağa izn verməklə məni şərəfləndir. Mən uzağam, qoy Sənin mərhəmət astanana yaxınlaşım.

Ya Rəbb! Məni şölə saçan bir çıraq eylə, parlayan bir ulduz, budaqları bütün diyarlara kölgə salan və meyvələrlə bəzənmiş mübarək bir ağac eylə. Həqiqətən, Sən Qüdrətli, Qüvvətli və İxtiyar Sahibisən.

 

Permanent Link

 

Ey Allah! Ey Allah! Bu qanadı sınıq bir quşdur və onun uçuşu çox zəifdir, ona elə kömək et ki, firavanlıq və xilas zirvəsinə uça bilsin, sonsuz fəza boyunca onun yolunu ən yüksək sevinc və şadlıqla qanadlandır, Sənin Ən Uca Adınla onun nəğmələrini bütün diyarlarda yüksəlt, qulaqları onun səsilə sevindir, gözləri hidayət nişanələrini görməklə işıqlandır.

Ya Rəbb! Mən yalnızam, tək və kimsəsizəm. Səndən başqa mənim dayağım yoxdur, Səndən qeyri mənim köməyim yoxdur, Səndən savayı mənim yardımım yoxdur. Sənə xidmətimdə mənə təyid ver, məlakələrinin qoşunu ilə mənə yardım et, Sözünü Ucaltmaqda məni qalib et və izn ver ki, yaratdıqların arasında Sənin hikmətini söyləyim. Həqiqətən, Sən zəiflərə kömək edən, gücsüzləri himayə edənsən və həqiqətən, Sən Qüvvətli, Qüdrətli və İxtiyar Sahibisən.

 

Permanent Link

 

Təriflər olsun Sənə, Ey mənim Allahım! Bunlar Sənin o bəndələrindir ki, Sənin rəhmani rahiyələrinə cəzb olunublar, Sənin təkliyinin ağacında yanan atəşlə alovlanıblar, o kəslərdir ki, Sənin vahidlik Turunda şölə saçan nurun şəfəqlərinə baxmaqla gözləri işıqlanıb.

Ya Rəbb! Onların dillərini azad et ki, Sənin insanların arasında Səni zikr etsinlər, fəzlin və inayətinlə onlara imkan ver ki, Səni tərif etsinlər, Öz mələklərinin qoşunu ilə onlara yardım et, Sənə xidmətdə onların qurşağını bərkit, Sənin xilqətin arasında onları hidayət nişanələri eylə.

Həqiqətən, Sən Ən Qüvvətlisən, Ən Ucasan, Həmişə Bağışlayan, Ən Mərhəmətlisən.

 

Permanent Link

 

Ey Allah, mənim Allahım! Sən bu zəif kimsəni görürsən ki, səmavi qüvvə üçün yalvarır, bu fəqir varlığı görürsən ki, əbədi həyat çeşməsi diləyir, bu xəstəni görürsən ki, Sənin sonsuz mərhəmətindən vəd etdiyin şəfanı diləyir, o mərhəmət ki, Sən onu Özünün göydəki məlakutunda seçilmiş bəndələrərinə qismət etmisən.

Ya Rəbb! Mənim Səndən başqa köməyim, Səndən özgə pənahım, Səndən qeyri dayağım yoxdur. Öz mələklərinlə mənə kömək eylə ki, Sənin müqəddəs rahiyələrini saçım və Sənin insanlarından seçilmişlər arasında Sənin təlimlərini yayım.

İlahi! İzn ver, Səndən başqa hər şeydən inqita edim, Sənin kəramət ətəyindən möhkəm yapışım, büsbütün Sənin Dininə bağlanım, Sənin məhəbbətində möhkəm və səbatlı qalım və Kitabında yazdıqlarına əməl edim.

Həqiqətən, Sən Qüvvətli, Qüdrətli və Qadirsən.

 

Windows / Mac