The Universal House of Justice
Ridván 2026
To the Bahá’ís of the World
Dearly loved Friends,
İndi Doqquzillik Planın ikinci, daha böyük fazası başlayır. Biz dünya bəhai icmasının götürdüyü istiqamətdə həmahəng, haqlı olaraq əminliklə irəlilədiyini görürük. Onun aydınlığı və inamı şübhəyə yer qoymur. Dünyanın artan çaxnaşmasından sarsılmayaraq, o, öz müqəddəs missiyası üzərində fokuslanmışdır. Biz xüsusilə yenicə möhkəmlənmiş inananların uzun zamanlardan bəri Əmrdə möhkəmlənənlərlə yan-yana xidmət və hərəkət meydanında həvəslə öz yerlərini tutduqlarını görməkdən sevinirik. Üçüncü mildaşı klasterlərin zəngin təcrübənin toplanıb yayılmalı olduğu münbit zəmin olması özünü doğruldur. Və biz hər yerdə dostların dekabr ayında burada toplaşmış Müşavirlərə ünvanladığımız mesaj üzərində düşündüklərini, planlaşdırarkən və hərəkət edərkən onun məzmunundan istifadə etdiklərini görməkdən məmnun olmuşuq.
Bu məqsədyönlü ruh dünya boyunca çağrılmış təsisat görüşlərində xüsusilə aşkar olmuşdur. Bu yığıncaqlardan gələn hesabatlar eyni fenomeni bir daha çatdırır: fərziyyələr və nəzəriyyəyə deyil, canlı icmalar yaratmaqda birbaşa təcrübəyə əsaslanan dərin, bəsirətli bir söhbət. Bu söhbət hər bir yerdə davam edən öyrənmə prosesi ilə canlanır. O, Bəhai icmasının səylərinin əhəmiyyəti və bu səylərin istiqamətə ümidsizcəsinə möhtac olan narahat bir dünya üçün daşıdığı nəticələr barədə daha dərin bir anlayışla yoğrulmuşdur. Məsuliyyət və qətiyyət hissi hər yerdə duyulur və əldəki vəzifənin miqyası barədə iti agahlıq mövcuddur. Bu söhbət çox vaxt icmaların və fərdlərin səylərini sadəcə proqram və layihələrin izlənməsi kimi deyil, ilahi təlimlər əsasında modellənən bir həyat tərzinin bəslənməsi – hərəkətlərin, qarşılıqlı fəaliyyətin və canatmaların bir şəkli – kimi qəbul edən əlavə, tamamlayıcı bir perspektiv açır.
Öyrənmə təəhhüdünü əks edirən həmin bu coşğulu söhbət milli və regional səviyyələrdən tutmuş kənd və qonşuluğa qədər və çeşidli ortamlarda, o cümlədən təsisatlar tərəfindən düzənlənən görüşlər, habelə meydana çıxmaqda olan digər mühitlərdə getməklə icma boyunca irəlilədilməkdədir. Bu, şübhəsiz ki, Milli Qurultayların da bir xüsusiyyəti olacaqdır. Bu söhbət açıldıqca, biz möhkəmləndirilməkdə və genişləndirilməkdə olan fərdi və kollektiv hərəkətin paternlərini görməyi səbirsizliklə gözləyirik. Həmişəki kimi, bu bir söhbətdir ki, dostların, qonşuların və bəşəriyyətin birliyinə əsaslanan ruhani və maddi tərəqqiyə gətirəcək səylərlə özlərini eyniləşdirən bənzər düşüncəli digər insanların daim genişlənən çevrələrinə qədər uzanmalıdır. Bu söhbəti genişləndirmək üçün yaradılmaqda olan mühitlər – istər spontan, istərsə də xeyli əvvəldən planlaşdırılmış olsun – cəmiyyətlə getdikcə dərinləşən bir əlaqənin bir göstəricisidir və biz ümid edirik ki, onlar getdikcə daha da geniş yayılacaq.
Geniş cəmiyyətdə bəhailərin sıravi səviyyədə olan fəaliyyətləri ilə rastlaşan çoxlu insanlar onun fərqləndirici xarakteristikalarından heyrətlənirlər: o hamının rifahı üçün səmimi qayğıdan qaynaqlanır, o birlik və xidmətə yönəlmişdir, o aydın prinsiplərə söykənir, amma hər bir problemə dərhal cavabı olmasına iddia etmir. Bəhailər vahid səy ruhunda başqaları ilə əməkdaşlıq etmək və birlikdə öyrənməyə çalışırlar; cəmiyyətdə səlahiyyət və məsuliyyət mövqeləri tutanlarla yaratdıqları münasibətlərdə onlar səmimi və aydın baxışlıdırlar. Onlar siyasi ambisiya və ya şəxsi mənafe güdmədən sosial dəyişiklik üçün çalışır və etiraf edirlər ki, Əmrin şöhrəti artdıqca onun həqiqi xarakteri və məqsədlərinin düzgün anlaşılmasının təmin edilməsi zərurətə çevrilir. Bir çox yerlərdə icmanın cəmiyyətlə qarşılıqlı fəaliyyətinin artan dərinliyi qaçılmaz olaraq o demək olur ki, istiqamət tutmaq üçün yeni vəziyyətlər, cavab vermək üçün yeni suallar var və bu, icmanı öz qadiriyyətlərini daha da inkişaf etdirməyə vadar edir.
Müşavirlərin bu yaxınlardakı Konfransına ünvanlanmış mesajımızda izah etdiyimiz kimi, son dörd ildəki əhəmiyyətli inkişaf, bəlirli ehtiyacları ödəmək və bəlirli çalışma sahələrini irəlilətmək, əməkdaşlıq xarakterli düzənləmələr vasitəsilə qarşılıqlı dəstək vermək və təkamül edən hərəkət çərçivəsində getdikcə daha effektiv olmağı öyrənmək üçün özünü təşkil edərək icmanın Planın daha da nəzərəçarpan bir protaqonisti kimi meydana çıxması olmuşdur. Bunun çox təsirli bir nümunəsi bir nahiyədə birlikdə işləyən və öz yaşıdlarının da iştirakını təşviq edən gənclər qruplarıdır. Təbii olaraq, onların səyləri təsistaların mehriban təşviq və rəhbərliyindən hədsiz faydalanır, lakin gənclər həm də təşəbbüs göstərmək və məhsuldar xidmət sahələrini müəyyən etmək qabiliyyətlərini də göstərmişlər. Çox hallarda isə onların çalışmaları münaqişə və nizamsızlıq, iqtisadi bərabərsizlik və dərin sosial bölünmələr fonunda həyata keçirilir. Biz gənclərin bu cür şəraitdə üzləşdikləri meydanoxumaları qəbul edirik və onları tənqid və qınama impulsuna müqavimət göstərdikləri, bunun yerinə bu nəhəng maneələrin ətrafında manevr etmək və nəticədə onları aşmaq istiqamətində işləmək üçün konstruktiv yollar tapdıqları üçün təqdir edirik.
Sevgili dostlar, zəmanə nə qədər təlatümlü olsa da, biz sizi əndişəli olmamağa və ruhdan düşməməyə çağırırıq. Həzrət Əbdül-Bəha bizim hamımıza nəsihət edir ki, Allahın kərəminə təvəkkül edək və beləcə “ümidvar” olaq, ümidimizdə “möhkəm” olaq və “ümidsiz ruhlara ümid mənbəyi” olaq. Dünyanın üfüqləri qaralanda, ümid nadir və qiymətli bir qaynağa çevrilir – amma İsmi-Əzəmin icması bəşəriyyətin gələcəyi ilə bağlı inancı və öz təcrübəsindən öyrəndikləri sayəsində onunla bolluca bərəkətlənmişdir. Saysız-hesabsız insan, ürəklərinə sizin gətirə biləcəyiniz ümidin həsrətindədir.
Uzun zamandan bəri ümid alovunu qoruyub saxlayan bir icmanın qızıl bir nümunəsinin axtarışında biz Həzrət Bəhaullahın Onun Əmrinin Beşiyindəki məzlum, amma daim səbirli, daim səbatlı və daim özünü bərpa edən ardıcıllarına dönürük. Baxın, onlar necə intizamlı qalmışlar, onlilliklər boyu amansız zülm altında onlar prinsipə necə sadiq olmuşlar – və başqa ölkələrdə iman yoldaşlarının etdikləri irəliləyişlərdən öyrənmək üçün onlar necə də əzmli, öz ölkələrində vətəndaşlarına xidmət etmək və onlara təsəlli verməkdə necə qərarlı olmuşlar. Nə qədər həmvətənlərinə onlar ümid mayakı, şəfqət və bəsirət qaynağı və xidmət yolunda etibarlı yoldaş olmuşlar və olmaqda davam edirlər. Son həftələr və aylarda bizim o qədər əziz tutduğumuz bu dostlar daim bizim fikrimizdə olmuş, Özünün zərif qayğı ağuşunda tutmasını Həmişə Mehriban Rəbdən diləməyimizlə dualarımızda dəfələrlə xatırlanmışlar və şübhəsiz ki, onlar sizin dualarınızda da eyni şəkildə yer almışlar.
Allahın Əmrini irəlilətmək üçün sizin özünüzün səyləriniz heç də az olmayan dərəcədə
Müqəddəs Astanada bizim etdiyimiz iltimasların mərkəzindədir – xüsusilə indi, Doqquzillik Planda yeni fazanın başlanması ərəfəsində. Hər dəfə Müqəddəs Məqamlara çəkilərkən, sizin səyləriniz üçün İlahi kömək və yardım üçün yalvarır, zəhmətinizdə sizə mətanət və güc diləyirik.
Qoy siz hərəkət etməkdə cəld, öyrənməkdə həvəsli olasınız və qoy səmavi səltənətin bütün bərəkətləri sizin olsun.
- The Universal House of Justice