Return   Facebook

The Universal House of Justice

Ridván 2023

To the Bahá’ís of the World

Dearly loved Friends,

Biz, yüksək təfəkkürü və yüksək qətiyyəti onun yüksək missiyasına layiq olan bir icmaya xitab etməkdən böyük sevinc hissi duyuruq. Bizim sizə sevgimiz necə böyük, necə də çox böyükdür və sizin Həzrət Bəhaullahın Təlimləri vasitəsilə formalaşan həyatı yaşamaq üçün səmimi və fədakar cəhdlərinizi və susuz bir dünyaya Onun Vəhyinin həyatverici sularını təklif etməyinizi görmək bizim ruhumuzu necə də pərvaz etdirir. Sizin güclü məqsəd hissiniz açıq-aşkardır. Genişlənmə və möhkəmləndirmə, sosial fəaliyyət və cəmiyyətin diskurslarında iştirak sürətlə davam edir və klaster səviyyəsində bu öhdəliklərin təbii uzlaşması getdikcə daha da aydın görünür. Bu heç bir yerdə, hər birinin Əmrin cəmiyyətqurucu gücünü azad etmək üçün bir vasitə olduğu bir sıra səylərlə məşğul olanların sayının getdikcə artdığı yerlər qədər aydın deyil.

Doqquz İllik Planın başlanmasından bəri keçən on iki ayda bu qlobal ruhani təşəbbüsün dostları necə şövqləndirdiyini və təşviq etdiyini və konkret fəaliyyət xətlərinə necə təkan verdiyini görməkdən həzz aldıq. Əsas diqqət hər bir ölkə və regionda üçüncü əlamətdar mərhələnin keçildiyi ən azı bir klasterin ortaya çıxmasını təmin edən planlara verildi: o yer ki, orada böyük sayda insanlar bir yerdə işləyir və canlı bir icma həyatına töhfə verirlər. Bununla belə, bu iyirmi beş illik müddətin məqsədinin dünyanın hər bir klasterində intensiv böyümə proqramı qurmaq olduğunu dərk edərək, inananlar həm də yeni klasterləri Əmr üçün açmağa, eləcə də mövcud böyümə proqramları olan yerlərdə səylərini intensivləşdirməyə başladılar. Dünyanın hər bir yerində pionerliyə qalxmaq fürsəti haqqında yüksək agahlıq mövcuddur – bir çox sədaqətli ruhlar bu fürsətə necə cavab verəcəkləri barədə düşünürlər, başqa bir çoxları isə artıq əsas etibarilə daxili, amma həmçinin getdikcə də beynəlxalq sahədə pioner postlarını tutmuşlar. Bu, ümid etdiyimiz kimi, dostlar tərəfindən hər yerdə qarşılıqlı dəstək ruhunun ifadə olunduğu bir neçə yoldan biridir. Güc toplamış icmalar fərqli bir məkanda – başqa klasterdə, regionda, ölkədə və ya hətta qitədə – irəliləyişi dəstəkləmək öhdəliyini götürüblər və uzaqdan təşviq etməyi və təcrübənin birbaşa paylaşılmasını mümkün edən yaradıcı vasitələr tapılıb. Bu arada, başqa yerli şəraitdə və başqa yerlərdə qurulan planları məlumatla təmin etmək məqsədilə klasterdə öyrənilənləri qeydə almaq kimi əsas yanaşma geniş tətbiq olunur. İnstitut tərəfindən təklif edilən təlim-tərbiyə təcrübəsinin keyfiyyətinin necə yüksəldiləcəyini öyrənmək üçün xüsusi diqqət yetirildiyini görməkdən məmnun olduq. İnstitut prosesi bir icmada kök saldığı zaman onun nəticələri çox böyük olur. Məsələn, sakinlərin təlim institutuna özlərinin güclü bir alətləri kimi baxdıqları intensiv fəaliyyət mərkəzlərinə nəzər salın: onlar bu alətin sağlam inkişafı üçün əsas məsuliyyəti üzərlərinə götürmüşlər. Əmrin qapılarının hər zaman taybatay açıq olduğunu yaxşı bilərək, inananlar daxil olmağa hazır olanları necə təşviq etməyi öyrənirlər. Belə ruhlarla yol getmək və onlara astananı keçməkdə kömək etmək bir imtiyaz və xüsusi bir sevincdir; hər bir mədəni kontekstdə bu dərin və vacib etiraf və mənsub olma anının dinamikası haqqında öyrəniləcək çox şey var. Və bu hələ hamısı deyil. Bir çox klasterlərdə sosial transformasiyaya töhfə vermək üçün səylər özlərinin ən erkən mərhələsində olduğu halda, həmişə olduğu kimi Müşavirlər tərəfindən məharətlə dəstəklənən Milli Ruhani Məhfillər bu səylərin icma quruculuğu prosesindən necə ortaya çıxması haqqında öyrənmək üçün fəal axtarışdadır. Bir xalqın sosial və maddi rifahı haqqında müzakirələr ailə qrupları və icmalar daxilində yetişdirilərkən, dostlar da həmçinin yaxın çevrələrində açılan mənalı diskurslarda iştirak etməyin yollarını tapırlar.

Bütün təsvir etdiklərimiz arasında gənclərin fəaliyyətləri işıq saçır. Təsirin xeyirli olub olmamasından asılı olmayaraq, bu təsirin passiv mənimsəyiciləri olmaq əvəzinə, onlar özlərini Planın cəsur və ağıllı protaqonistləri kimi təsdiqləmişlər. Bir icmanın onları bu işıqda gördüyü və onların tərəqqisi üçün şərait yaratdığı yerlərdə gənclər onlara göstərilən etimadı artıqlaması ilə doğrultdular. Onlar dostlarına Əmri təbliğ edir və xidməti daha mənalı dostluqların təməlinə çevirirlər. Çox vaxt belə xidmət özlərindən daha kiçik gənclərin təlim-tərbiyəsi formasını alır – onlara yalnız əxlaqi və ruhani təlim-tərbiyədə deyil, həmçinin təhsillərində də yardım edirlər. İnstitut prosesini gücləndirmək kimi müqəddəs bir məsuliyyət daşımaqla Bəhai gəncləri bizim əziz ümidlərimizi doğruldurlar.

Bütün bu səylər üçün mühit olduqca təbəddülatlı bir çağdır. Cəmiyyətin bugünkü strukturlarının bəşəriyyətin mövcud çətinliklərində onun ehtiyaclarının qarşılanması üçün pis hazırlığı haqqında iqrarlar hər yerdədir. Geniş olaraq müəyyən və sarsılmaz olduğu güman edilən çox şey sorğulanır və ortaya çıxan qarışıqlıq birləşdirici bir baxış üçün bir arzu yaradır. Birliyi, bərabərliyi və ədaləti dəstəkləmək üçün ucalan xor səsləri nə qədər insanın öz cəmiyyətləri üçün bu arzuları paylaşdıqlarını göstərir. Əlbəttə, qəlblərin Onun irəli sürdüyü ruhani ideallara can atmalı olması Camali-Mübarəkin ardıcılı üçün təəccüblü deyil. Buna baxmayaraq bizim üçün çox təsirlidir ki, bəşəriyyətin kollektiv tərəqqisi üçün ümidlərin nadir hallarda bu qədər tutqun göründüyü bir ildə Əmrin işığı, eyni idealları təbliğ edən vasitələrə fokuslanmış bir milyon yarıma yaxın insanın iştirak etdiyi on mindən çox konfransda daha heyrətamiz parlaqlıqla işıq saçdı. Həzrət Bəhaullahın baxışı və Onun bəşəriyyətə, dünyanın yaxşılaşdırılması üçün birlik içində çalışmaq nəsihəti cəmiyyətin müxtəlif elementlərinin şövqlə toplandığı mərkəz idi və təəccüblü deyil ki, Həzrət Əbdül-Bəhanın izah etdiyi kimi “Dünyadakı hər icma İlahi Təlimlərdə özünün ən yüksək arzularının reallaşmasını tapır”. Bəşəriyyətin xeyirxahları əvvəlcə Bəhai icmasına bir pənah yeri, qütbləşmiş və iflic olmuş bir dünyadan bir sığınacaq kimi cəlb edilə bilər. Lakin onlar orada sığınacaqdan başqa yeni bir dünya qurmaq üçün birlikdə çalışan bənzər ruhları da tapırlar.

Konfransların coğrafi yayılması, onların yeni Plana verdiyi fövqəladə təkan və ya iştirakçılarda onun oyatdığı ürəkdən gələn sevinc ifadələri və coşğu barədə çox yazmaq olar. Lakin bu bir neçə sətirdə biz onların Əmrin inkişafı haqqında nə ifadə etdiklərinə diqqəti cəlb etmək istərdik. Onlar fərqi yox, bənzərliyi görən Bəhai icmasının bir yansıması idi. Bu baxış hamının xoş qarşılandığı görüşlərdə Doqquz İllik Planın araşdırılmasının təbii olduğunu göstərdi. Dostlar cəmiyyətləri üçün Planın tətbiqini yalnız fərdlərin və ailələrin deyil, həmçinin yerli liderlər və hakimiyyət nümayəndələrinin olduğu mühitlərdə nəzərdən keçirdilər. O qədər insanı bir yerdə toplamaq dünyanın hər yerində açılmaqda olan sosial və ruhani tərəqqi haqqında transformativ bir söhbət üçün şərait yaratdı. Eyni zamanda açıq, ruhlandırıcı və məqsədyönlü olan belə görüşlərin bir klasterdə genişlənən bir icma inkişafı modelinə verə biləcəyi xüsusi töhfə Bəhai təsisatlarının gələcək üçün yadda saxlamalı olduqları dəyərli bir dərsdir.

Və beləcə vəfadarlar nail olmağa çalışdıqları şeylər barəsində yeni perspektiv və dərin bəsirətlə Planın ikinci ilinə daxil olurlar. Onların azad etdikləri cəmiyyətqurucu gücün işığında baxıldığı zaman müxtəlif fəaliyyətlər necə də fərqli görünür! Bu geniş açılan perspektiv davamlı bir fəaliyyətin təcrid olunmuş bir xidmət fəaliyyəti və ya sadəcə bir məlumat fraqmentindən daha artıq bir şey kimi görünməsinə imkan verir. Bir-birinin ardınca müxtəlif yerlərdə həyata keçirilən təşəbbüslər öz inkişaf yolunu istiqamətləndirmək üçün necə artan məsuliyyət götürməyi öyrənən bir əhalini meydana çıxarır. Bu ortaya çıxan ruhani və sosial transformasiya özünü bir xalqın həyatında müxtəlif yollarla təzahür etdirir. Əvvəlki Planlar silsiləsində bu, ruhani təlim-tərbiyə və kollektiv ibadətin irəlilədilməsində daha aydın görünə bilərdi. Planların bu yeni silsiləsində icma həyatını yüksəltməyə çalışan digər proseslərə, məsələn, səhiyyəni yaxşılaşdırmaq, ətraf mühiti qorumaq və ya incəsənətin gücündən daha səmərəli istifadə etməklə getdikcə daha çox diqqət vermək lazımdır. İcmanın rifahının bütün bu tamamlayıcı aspektlərini irəlilətmək üçün tələb olunan şey, əlbəttə ki, bütün bu sahələrdə sistematik öyrənmə ilə məşğul olmaq üçün qabiliyyətdir – bir qabiliyyət ki, Təlimlərdən çıxan bəsirətlərdən və elmi tədqiqatlar vasitəsilə yaranan insan biliyinin toplanmış bazasından istifadə edir. Bu qabiliyyət inkişaf etdikcə, qarşıdakı onilliklər boyunca daha çox şeyə nail olunacaq.

Bu geniş, cəmiyyət quruculuğu baxışı dərin mənalara malikdir. Hər bir icma onun reallaşması istiqamətində öz yolu ilə gedir. Lakin bir yerdəki tərəqqinin adətən başqa yerdəki ilə ortaq xüsusiyyətləri vardır. Bir xüsusiyyət budur ki, qabiliyyət artdıqca və yerli və ya milli icmanın gücləri dəfələrlə çoxaldıqca, vaxtı gələndə, bizim Rizvan 2012 mesajımızda izhar etdiyimiz Məşriqul-Əzkarın meydana çıxması üçün tələb olunan şərtlər nəhayət yerinə yetiriləcək. Sonuncu Rizvanda sizə göndərdiyimiz mesajda göstərdiyimiz kimi, biz vaxtaşırı Bəhai Məbədinin ucaldılması üçün yerləri müəyyənləşdirəcəyik. Bu dəfə biz Nepalda – Kançanpurda, və Zambiyada – Mvinilunqada yerli İbadət Evlərinin qurulmasına çağırırıq. Bundan başqa, biz Kanadada, Torontoda çoxdan yaradılmış Milli Həzrətül-Qüdsün yaxınlığında Milli İbadət Evinin ucaldılması üçün çağırış edirik. Bu layihələr və gələcəkdə başladılacaq digər layihələr hər bir ölkədəki dostlar tərəfindən Məbədlər Fonduna verilən dəstəkdən faydalanacaq.

Mərhəmətli Rəbbin Öz sevimlilərinə bəxş etmək üçün seçdiyi nemətlər boldur. Missiya ucadır, perspektiv möhtəşəm. Hamımızın xidmətə çağırıldığımız vaxtlar təxirəsalınmazlıq tələb edir. Odur ki, sizin adınızdan və sizin səyləriniz üçün bizim Həzrət Bəhaullahın Astanasında etdiyimiz dualar atəşlidir.

 

Windows / Mac