Return   Facebook

The Universal House of Justice

Ridván 2018

To the Bahá’ís of the World

Dearly loved Friends,

Biz sizi Camali-Mübarəkin anadan olmasının iki yüz illiyini qeyd edən o unudulmaz hadisələrdən qalan ab-hava içərisində salamlayırıq. O zaman və ondan bəri baş verənlər üzərində düşünərkən görürük ki, indi gözlərimiz qarşısındakı dünya bəhai icması cari Planın ilk altı tsiklinə başlayan icma deyil. O, öz missiyasının hər zaman olduğundan daha çox fərqindədir. O, dostlarını və tanışlarını özünün icma həyatı ilə tanış etmək, məhəllə və kəndləri vəhdət təşkil edən səylərə ruhlandırmaq; ruhani həqiqətlərin dayanıqlı praktiki hərəkətlərə necə çevrilməsini ifadə etmək; hər şeydən əvvəl isə, yalnız dünyanı yenidən quracaq təlimlər barədə deyil, həm də onları gətirən şəxs – Həzrət Bəhaullah barədə danışmaq qabiliyyətində misli görünməmiş bir böyümə təcrübəsi yaşamışdır. Onun həyatı və əzabları barədə böyüklər, gənclər və yaşlılar tərəfindən çoxlu dillərdə söylənən hekayələr saysız-hesabsız sayda ürəkləri təsirləndirmişdir. Bəziləri Onun Əmrini araşdırmağı davam etdirməyə hazır olduqlarını göstərmişlər. Digərləri əməkdaşlıq vədi verdilər. Çox sayda həssas qəlblər isə imanlarını etiraf etmək dərəcəsində irəli getmişlər.

Tərəqqinin tutarlı göstəricilərindən biri Əmrin milli səviyyədə qaranlıqdan çıxmasının aydın olduğu çoxsaylı o yerlər idi ki, orada Bəzi hökumət rəhbərləri və qabaqcıl fikir adamları açıq – bəzən də şəxsi söhbətlərdə – bəyan etdilər ki, dünya Həzrət Bəhaullahın baxışına möhtacdır, bəhailərin səyləri heyranlıq doğurur və bu səylər genişləndirilməlidir. Biz məmnuniyyət və fərəhlə qeyd edirik ki, Həzrət Bəhaullaha izzəti-ehtiram göstərən və Onun həyatını tərənnüm edənlər yalnız bəhailər olmadılar – Bəhai icmasından kənar insanlar da xüsusi yığıncaqlar keçirdilər. Əmrə qarşı ədavətin olduğu yerlərdə dostlar ruhdan düşmədilər: heyranedici həyat qabiliyyəti göstərərək onlar həmvətənlərini təşviq etdilər ki, həqiqəti özləri araşdırsınlar, bir çoxları da bayram tədbirlərində iştirak etdilər. İki yüz illik yubiley, həmçinin, bədii ifadənin sanki çiçəklənməsinə gətirdi və bu, çağlayan məhəbbət mənbəyinə gözəl bir sübutdur ki, özü də ondan qaynaqlandı. Bu hadisəyə Bəhai icmasının bütöv yanaşmasının xarakteri, cari silsilə qlobal Planlar başlayandan bəri iyirmi ildən çox bir müddətdə nə qədər şeyin öyrənildiyinin bir təsdiqi idi. Fərdi inanan təşəbbüs göstərdi, icma kollektiv səylərdə ayağa qalxdı, dostlar isə öz yaradıcı enerjilərini təsisatların hazırladıqları planların həyata keçirilməsinə yönəltdilər. İki əsrin keçdiyini qeyd edən mühüm bir yubiley qarşıdan gələn əsrlər üçün icma quruculuğu işinə güclü bir stimul verdi. İkinci iki yüz illik yubileyə aparan dövrdə qoy birinci yubileydə elə mehribanlıq və qayğı ilə səpilmiş hər bir toxum səbrlə bəhrə verənədək bəslənsin.

Cari Planın iki ili içərisində – hərçənd təbii olaraq müxtəlif ölkələrdə tərəqqi eyni formada getmir – dünyada intensiv böyümə proqramlarının sayı cari qlobal səydə nəzərdə tutulan beş minin yarısına yaxınlaşmaqdadır və bu sayın artma tempi daim yüksəlmişdir. Daha yaxından baxdıqda, fərdlərin, icmaların və təsisatların güc və potensiallarının necə aşkara çıxmaqda olmasının vədverici nişanələrini görmək olar. İki yüz illik yubileyin qeyd edilməsi hər yerdə inananlara göstərdi ki, onların ətraflarındakı insanlarla gündəlik ünsiyyətlərinin çoxu təbliğ ruhu ilə dola bilər. Və minlərlə kəndlərdə və məhəllələrdə iş sürət yığarkən, onların hər birində canlı icma həyatı kök salır. Bu fəaliyyət modelini getdikcə daha çox yerlərə yaymaq üçün sistemin daha yaxşı qurulduğu klasterlərin sayı – və bununla dostları inkişaf kontiniumunda üçüncü mərhələni (milestone) keçməyə qabil edərək – nəzərəçarpacaq dərəcədə artmışdır. Məhz burada, Bəhai dünyasının öyrənməsinin ön hüdudlarında, xüsusilə, əhalinin Həzrət Bəhaullahın baxışına hərəkatında, harada ki nəinki Bəhai fəaliyyətləri böyük saylara getdikcə genişlənən qucağını açır, həm də dostlar kifayət qədər böyük saydan ibarət qrupların özlərini necə İsmi-Əzəmin icması ilə eyniləşdirməyə başlamalarını öyrənirlər. Uşaqlar ilbəil sinifdən sinfə rəvan bir şəkildə keçdikcə, yeniyetmələrin ruhani gücləndirilməsi proqramının səviyyəsi bir-birini əvəz etdikcə, biz Əmrin təlim-tərbiyə səylərinin daha formal xarakter aldığını görürük. Təlim institutu bu yerlərdə sayı daim artan uşaqların və yeniyetmələrin ruhani və əxlaqi tərbiyəsi üçün kifayət qədər insan resurslarının yetişdirilməsinin təmin edilməsini öyrənir. Bu cür əsaslı fəaliyyətlərdə iştirak əhalinin mədəniyyətinə elə oturuşur ki, bu, icma həyatının əvəzedilməz bir elementinə çevrilir. Öz inkişafı üçün məsuliyyəti üzərinə götürən bir xalq arasında yeni həyat enerjisi meydana çıxır və onlar cəmiyyətin passivlik doğuran güclərinə qarşı immunitet yaradırlar. Maddi və ruhani tərəqqi üçün imkanlar formalaşır. Sosial gerçəklik dəyişməyə başlayır.

Çox dəyərli dostlar, indi Məhbuba şükr etməyin əsl zamanıdır. Ruhlanmaq üçün çoxlu səbəblər vardır. Amma qalan işin miqyası barədə bizim hələ ancaq ki agahlığımız var. Əslində, bizim əvvəllər də qeyd etdiyimiz kimi, yüzlərlə sayılan çoxlu klasterlərdə, ətraflarındakı insanlarla birlikdə fokuslarını davamlı olaraq böyüməni bəsləmək və qabiliyyət yaratmaqda saxlayan, hərəkət üzərində düşünmək və təcrübədən öyrənmək üçün qabiliyyətləri və intizamları ilə seçilən inananların böyüyən bir qrupu meydana çıxmalıdır. Yalnız klaster səviyyəsində deyil, həm də məhəllə və kənd çərçivəsində – hər bir yerdə fərdlərin genişlənən nüvəsinin yetişdirilməsi və müşayiət olunması eyni zamanda həm nəhəng bir meydanoxuyucu məsələdir, həm də son dərəcə mühüm bir ehtiyacdır. Lakin bunun baş verdiyi yerlərdə nəticələrin özü hər şeyi deyir.

Bu bizi arxayın edir ki, Əmrin təsisatları tərəqqidən doğan bəsirətlərin geniş yayılması üçün səmərəli mexanizmlər quraraq bu ali ehtiyacı öz düşüncələrində ön yerdə tuturlar. Eyni zamanda da, daha böyük təcrübə milli, regional və yerli qurumlara eyni dərəcədə geniş baxış verir. Onlar icmanın inkişafının bütün cəhətləri ilə məşğul olur və əhatəsi formal üzvlüklə məhdudlaşmayan insanların rifahı qayğısına qalırlar. İnsanların inkişafı üçün institut prosesinin malik olduğu dərin nəticələrin fərqində olaraq onlar təlim institutunun necə möhkəmləndirilməsinə xüsusi diqqət ayırırlar. Onlar icmanın fokusunu Planın tələbləri üzərində saxlamaq ehtiyacının fərqindədirlər və əhatəsi daim genişlənən dostların çevrəsini daha və daha yüksək birlik səviyyəsinə çağırırlar. Onlar inzibati və maliyyə sistemlərini təkmilləşdirmək üçün öz vəzifələrini sədaqətlə yerinə yetirirlər ki, genişlənmə və möhkəmlənmə işi lazımınca dəstəklənmiş olsun. Bütün bunları edərkən onlar icmada son nəticədə qüdrətli ruhani güclərin azad olunmasına kömək edən şəraiti bəsləməklə məşğul olurlar.

İcma quruculuğu işi intensivləşdikcə, dostlar inkişaf etdirdikləri yeni qabiliyyətlərini ətraflarındakı cəmiyyətin vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edirlər və onların şövqü ilahi təlimləri öyrənməkdən alışır. Qısa vədəli layihələrin sayı sürətlə artmışdır, formal proqramların əhatə dairəsi genişlənmişdir, və indi təlim-tərbiyə, səhiyyə, kənd təsərrüfatı və digər sahələrlə məşğul olan bəhai ruhlu daha çox inkişaf təşkilatları vardır. İnsanların fərdi və kollektiv həyatlarında görünən transformasiyadan Həzrət Bəhaullahın Əmrinin cəmiyyətqurucu gücünün təzahürlərini açıq-aşkar görmək olar. Ona görə də bu təəccüblü deyil ki, Beynəlxalq Bəhai İcmasının ofisləri ictimai-sosial fəaliyyətin – istər sadə, istər kompleks, yaxud istər müəyyən vaxt daxilində, istərsə də uzun vədəli – bu cür nümunələrindən cəmiyyətdə geniş yayılmış diskurslarda iştirak etmək səylərində getdikcə daha çox ilham alırlar. Bu, Əmr üçün vacib olan digər bir fəaliyyət sahəsidir ki, yaxşı irəli getmişdir. Milli səviyyədə cəmiyyət üçün əhəmiyyətli olan diskurslara – kişi və qadınların bərabərliyi, miqrasiya və inteqrasiya, sosial dəyişikliklərdə gənclərin rolu, dinlərin birgə yaşayışı və digərləri – getdikcə artan inam, peşəkarlıq və bəsirətlə töhfələr verilir. Və harada yaşamaq, işləmək və oxumalarından asılı olmayaraq, bütün yaşlardan və köklərdən olan inananlar, Həzrət Bəhaullahın geniş Vəhyi ilə formalaşan prinsipial baxışı ətraflarında olanların diqqətinə çatdıraraq konkret diskurslara dəyərli töhfələr verirlər.

Diskursların açıldığı müxtəlif məkanlarda Əmrin statusu onun internet şəbəkəsində rəsmi təmsilçiliyi ilə xeyli yüksəlmişdir və bu təmsilçilik bir sıra milli bəhai vebsaytlarının yaradılması və Bahai.org-la bağlı olan saytlar ailəsinin daha da inkişaf etdirilməsi ilə əhəmiyyətli dərəcədə genişlənmişdir. Bu, Əmrin həm təbliği, həm də mühafizəsi baxımından çox böyük dəyərə malikdir. Cəmi bir neçə gün ərzində dünya miqyasında geniş bir auditoriya Əmr haqqında iki yüz illik yubiley saytında təqdim olunan diqqətlə işlənmiş materiala (məzmuna) cəlb olunmuşdur və bu material eyni zamanda doqquz dildə yenilənmiş və hazırda ayrı-ayrı ölkələrin bayram tədbirlərinin müxtəlifliyini göstərən səhifələri ilə genişləndirilmişdir. Bəhai İstinad Kitabxanasına Müqəddəs Yazılardan əvvəllər tərcümə və dərc olunmamış parça və Lövhlərin zaman keçdikcə onlayn yerləşdirilməsinə imkan verən funksiyanın daxil edilməsi planları artıq xeyli irəliləmişdir. Bununla bərabər, qarşıdakı illərdə Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəhanın ingilis dilinə çevrilmiş yeni cildləri təqdim ediləcəkdir.

Çilinin Santyaqo və Kambocanın Batambanq şəhərində dünyanın son vaxtlar açılan İbadət Evləri qəbul olunmuş cazibə mərkəzlərinə, Əmrin nə olması barədə onların cəmiyyətləri üçün mayaka çevrilməkdədirlər. Onların sayı isə çoxalma ərəfəsindədir. Biz fərəhlə elan edirik ki, Norte-del-Kaukada (Kolumbiya) Məbədin açılış mərasimi iyulda baş verəcəkdir. Bundan əlavə, yeni İbadət Evlərinin tikintisi çox da uzaqda deyil. Vanuatuda tikinti üçün icazə alınmaqdadır. Hindistan və Konqo Demokratik Respublikasında çox mürəkkəb və tələbkar bir proses, nəhayət, uğurlu torpaq alışı ilə nəticələnmişdir. Novruzda Papua Yeni Qvineyada ilk milli Məşriqul-Əzkarın dizaynını görərkən yaranan nəşə hələ getməmiş, Kenyada yerli İbadət Evinin dizaynı açıqlandı. Bu arada, bizim gözləntimiz var ki, Məşriqul-Əzkar təsisatı barədə bizim Tədqiqat Departamenti tərəfindən hazırlanmış və bu yaxınlarda təqdim olunan bəyanat və məcmuə icma həyatında sitayişin əhəmiyyəti barədə dostların anlayışlarını daha da gücləndirəcəkdir. Çünki öz xidmət aktlarında, xüsusilə, müntəzəm dua görüşlərində, bəhailər hər yerdə gələcək İbadət Evlərinin ruhani təməllərini qoyurlar.

1996-cı ildə başlamış və yeganə bir məqsəddə: dəstələrlə daxilolmada əhəmiyyətli bir irəliləyişdə fokuslanmış iyirmi beş illik bir səyin sonuna cəmisi üç il qalır. Həzrət Bəhaullahın ardıcılları 2021-ci ilin Rizvanında bircə il sürəcək bir Plana daxil olacaqlar. Qısa, lakin nişanələr daşıyan bu bir illik səy Əmrin gəmisini Bəhai erasının üçüncü əsrinə götürəcək yeni Planlar dalğasını başladacaqdır. Bu əlverişli on iki ay ərzində Həzrət Əbdül-Bəhanın südunun yüzilliyinin Bəhai dünyası tərəfindən qeyd edilməsi Bəhai Dünya Mərkəzində xüsusi bir yığıncağı ehtiva edəcəkdir ki, bu tədbirə hər bir Milli Ruhani Məhfilin və hər bir Regional Bəhai Şurasının nümayəndələri dəvət olunacaqlar. Lakin bu tədbir qarşıdakı onillərin tələbləri üçün inananları hazırlayacaq silsilə hadisələrdən ancaq birincisidir. Bunun ardınca, yanvar ayında Sərkər Ağanın Əhd və Vəsiyyətnaməsinin insanlar qarşısında ilk oxunuşunun yüz illiyinin qeyd edilməsi Müqəddəs Torpaqda Qitə Müşavirlər Heyətlərini, Mühafizə və Təbliğ üzrə bütün Köməkçi Heyətlərin üzvlərini bir konfransda bir araya gətirəcək bir hadisə olacaqdır. Bu iki tarixi yığıncaqda azad olunan ruhani enerji yaşadıqları hər bir ölkədə Allahın dostlarına ötürülməlidir. Bu məqsədlə növbəti aylarda dünya üzrə Birillik Plandan sonra başladılacaq çoxillik təşəbbüslər üçün bir katalizator olacaq silsilə konfranslar çağrılacaqdır.

Beləliklə, Sərkər Ağanın İlahi Planının açılışında yeni bir faza yaxınlaşmaqdadır. Lakin valehedici və daha yaxın perspektiv bilavasitə qarşıdadır. Həzrət Babın mövludunun iki yüz illiyinə cəmi il yarım qalır. Bu o dövrdür ki, bizim Dinimizin Şəhid-Müjdəçisinin qeyri-adi qəhrəmanlığı xatırlanmalıdır, O Kəs ki, dramatik risaləti insanlığı tarixin yeni erasına doğru atmışdır.

Bizi o dövrdən iki əsrlik bir zaman ayırsa da, Həzrət Babın zühur etdiyi cəmiyyət zülm nöqteyi-nəzərindən, qəlbin dərk etmək yanğısını sakitləşdirmək üçün cavablar axtaran çoxsaylı insanların atəşli arzuları nöqteyi-nəzərindən bugünkü dünyanı xatırladır. Bu iki yüz illik yubileyin layiqincə necə qeyd edilməsinə baxarkən biz etiraf edirik ki, bu bayram tədbirlərinin də özünə məxsus bir xarakteri olacaqdır. Bununla belə, biz bir fəaliyyət çiçəklənməsi gözləyirik ki, o, zənginlik və əhatəlilik baxımından yenicə keçmiş ikiyüzlüllik yubileyi müşayiət edən fəaliyyətlərdən geri qalmayacaqdır. Bu bir hadisədir ki, heç şübhəsiz, hər bir icma, hər bir ailə, hər bir ürək onu səbrsizliklə gözləyəcəkdir.

Qarşıdakı aylar, həmçinin, Həzrət Babın cəsur ardıcıllarının həyatlarını yada salmaq vaxtı olacaqdır – o kişi və qadın qəhrəmanlar ki, imanları Əmrin salnaməsini əbədi olaraq bəzəyəcək bənzərsiz, fədakar əməllərdə ifadə olunmuşdur. Onların qorxmazlıq, bağlılıq, Allahdan başqa hər şeydən inqita etmək keyfiyyətləri onların cürətlərindən öyrənən hər kəsi heyran qoyur. Bu da nə qədər sarsıdıcıdır ki, o şirürəkli qəhrəmanlar elə gənc yaşında tarixdə silinməz iz qoydular. Qarşıdan gələn dövrdə, qoy onların nümunəsi bütün vəfadar inananlara cəsarət versin – xüsusilə də, gənclərə ki, onlar bir daha nə az, nə çox, məhz dünyanın dəyişdirilməsinə yönələn hərəkatın önündə getməyə çağırılırlar.

Odur ki, bizim parlaq, parlaq ümidimiz bunadır. Bu Rizvanla növbəti Yubiley arasında olan altı tsikldə – əslində cari Planın qalan üç ilində – qoy Həzrət Babın, həvvarilərini ilahi nuru yaymağa sövq edən o hər şeyi yandırıb yaxan, hər şeyi əhatə edən məhəbbəti sizi böyük əməllərə ilhamlandırsın. Sizin səmavi yardım almağınız Müqəddəs Astanada bizim dualarımızın məqsədidir.

 

Windows / Mac